Boşanmaq qərarı | Evlilik Mərasimi
Geniş Kitabxana
Boşanmaq qərarı
Boşanmış cütlüyün valideynlərinin ailə həyatı necə olub? Boşanma baş vermədən əvvəl cütlük hansı qabaqlayıcı tədbirlərə müraciət ediblər? Boşanmalar hansı səbəblərdən baş verir?

Boşanma ilə bağlı bir çox məsələlərə aydınlıq gətirən "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzi tərəfindən keçirilən araşdırma zamanı Azərbaycan ailələrinin boşanma problemləri ilə bağlı əhəmiyyətli və maraqlı nəticələr əldə edilib.

Araşdırmaların nəticələrini Trend-ə açıqlayan "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, sosiologiya elmləri üzrə fəlsəfə doktoru Əbülfəz Süleymanlının sözlərinə görə, 55 faizi qadın, 45 faizi kişi olmaqla, 19-50 yaş arasında olan 120 respondent arasında aparılmış tədqiqat zamanı məlum olub ki, respondentlərin coxu - 24,6 faizi evləndikdən iki il sonra, 23 faizi evliliyin ilk 6-12 ayında, 21,3 faizi evləndikdən 7-9 il sonra boşanma qərarına gəlib.

Tədqiqatlar nəticəsində boşanma qərarının daha çox qadınlar tərəfindən verildiyi məlum olub. Süleymanlı bildirib ki, bəziləri sonda nəticənin eyni olduğunu nəzərə alıb, bu qərara birinci kimin gəlməsini əhəmiyyətsiz sayırlar. Ancaq bu, çox yanlış mövqedir. Çünki söhbət qadının və yaxud kişinin rədd edilməsindən gedir. Bu sahədə aparılan müşahidələr də göstərir ki, rədd edilmək kişi üçün daha ağırdır. Bu zaman kişinin özünə inamı azalır, cəmiyyətdə dost-tanış arasında özünü təhqir olunmuş, mənən alçalmış sayır.

Boşanmaya qərar verən zaman müəyyən çətinliklərdən keçən respondentlərin çoxuna uşağının olması mane olub. Kişi respondentlər daha çox uşaq faktorunu onları boşanmadan çəkindirən məqam kimi qeyd etdikləri halda, qadınlar daha çox valideyn və qohum faktorunu önə çəkiblər. Cütlərin boşanma qərarında maddi faktor əhəmiyyətli rol oynayıb. Xüsusilə qadınlar bu faktoru daha çox önə çəkiblər.

Sosiloqun fikrincə, istər nikahların bağlanması, istərsə də pozulmasına insanların yaşadıqları dövr, həmin dövrün siyasi, iqtisadi, mənəvi-psixoloji amilləri böyük təsir edir. Məlum olub ki, respondentlərin böyük əksəriyyəti (27,5%) 2004-2007-ci illər arasında və 1987-1990- cı illər arasında (19,2%) ailə həyatı quranlardır. Boşanmalar da 2006-2011-ci illərdə daha çox olub.

Mərkəz rəhbərinin sözlərinə görə, evlilik həyatının uğurunu və uğursuzluğunu səciyyələndirən amillərdən bir də evlilik illəridir. Elmi ədəbiyyatda bütün ölkələr üzrə ailə həyatı üçün dörd dövr təhlükəli hesab olunur. Bunlardan birincisi nikahdan sonrakı ilk aylar, yəni bal ayının sonları, ikincisi, qeyri-sabit olan ailə həyatının üçüncü ilinin sonudur. Ailə həyatı üçün üçüncü təhlükəli dövr problemsiz və monoton keçən 7-ci ilin sonunda, sonuncusu isə evliliyin kifayət qədər inkişaf etmiş bir dövründə - 15-ci ilə təsadüf edir. Mütəxəssislər hər altı cütlükdən birinin bu dövrlərdə ailə problemi ilə üzləşdiyini qeyd edirlər. Tədqiqatın nəticələri zamanı da bu fərziyyənin özünü doğrultduğu görünür. Respondentlərin 36,1 faizi məhz evliliyin ilk üç ilində, 21,3 faizi isə 10-12 ilində nikahlarını pozublar.

Süleymanlı deyib ki, boşanmış cütlüklərin təhsil fərqləri də olur. Boşanmış qadınların keçmiş həyat yoldaşları arasında ali təhsillilərin sayı daha çoxdur.

Sosioloqun fikrincə, ər-arvadın təhsil fərqi istər-istəməz bu amilin sonrakı dövrdə anlaşmazlığın bir səbəbi kimi ortaya çıxma ehtimalını gücləndirir. Boşananlar arasında Bakıda doğulanların sayı çoxluq təşkil edir. Bu isə onu göstərir ki, şəhər mühitində böyüyən insanların problemlərə dözümlülüyü nisbətən zəif olur. Eyni zamanda, şəhərdə əyalətlərlə müqayisədə ictimai nəzarətin zəif, stress hallarının yüksək olması və işləyən qadınların sayının daha çox olması boşanmaya səbəb olan amillər sırasındadır.

Rayonlara gəlincə isə, burada boşanma arzu olunmayan bir hadisə kimi qəbul olunsa da, artıq bu stereotiplər getdikcə dəyişməkdədir. Rayonlarda boşanma ilə bağlı düşüncə tərzinin dəyişməsində yeni informasiya məkanı - televiziya, radio, internet vasitəsilə ötürülən informasiyalar təsir göstərir. Diqqət çəkən məqamlardan biri də boşanmış respondentlər arasında internet yolu ilə tanış olub evlənənlərin olmasıdır. Bu da virtual aləmdə tanış olub evlənənlərin arasında gələcəkdə boşanma hallarının sayının arta biləcəyini göstərir.

Nəticələrdən məlum olur ki, respondentlərin böyük əksəriyyəti keçmiş həyat yoldaşları ilə "məsləhət yolu ilə" ailə qurub. Bu sırada daha sonrakı yeri qohum olduğu üçün ailə həyatı quranlar tutur.

Araşdırmalardan o da məlum olur ki, boşanmış kişilərin çoxunun həyat yoldaşı evdar qadın olub. Bu da onların boşanmadan sonrakı dövrdə iqtisadi baxımdan bir çox problemlərlə üzləşmə ehtimalını artırır. Müəllimə, həkim və tibb bacısı kimi nisbətən sabit iş sahələri təmsilçiləri üçün bu problemin nisbətən az hiss olunacağını proqnozlaşdırmaq olar. Qadınlar boşandıqdan sonrakı dövrdə iş həyatına daha çox qoşulurlar.

Araşdırma zamanı o da məlum olub ki, ər-arvadın boşanması ilə onların valideynlərinin və yaxın qohumlarının boşanması arasında müəyyən əlaqə var. Respondentlər boşanmanın səbəbi kimi ilk sırada qohumların təzyiqini və müdaxiləsini, ikinci sırada keçmiş həyat yoldaşlarının ailəyə qarşı laqeyd olmasını, üçüncü sırada dünya görüşü və təhsil fərqini qeyd ediblər. Bundan başqa, ailədəki davamlı münaqişələr, xəyanət faktoru, maddi problemlər, sonsuzluq, içki aludəçiliyi, xarakter uyğunsuzluğu boşanmaya səbəb olan faktorlardandır.

Tədqiqatın nəticələri belə bir fikir deməyə əsas verir ki, cütlüklərin yarıya yaxın hissəsində boşanmaya səbəb olan məqamlar hələ evlənmədən əvvəl rüşeym halında mövcud olub. Lakin onlar bunun evləndikdən sonra düzələcəyinə ümid ediblər. Bu məqamlar evlilik həyatı boyunca da artaraq davam edib və nəticədə arzu olunmayan sonluq baş verib.
Cemi 1039 nefer oxuyub
Beyen(380) | Beyenme(122)
Paylaş:
Evlilik Mərasimi

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Sevgi Smsleri, Dostluq Smsleri, Tebrik Smsleri, Ayrılıq Smsleri, Ad Gunu Smsleri,Prikol Smsler, Turkce Smsler, Qarışıq Smsler, Letifeler, Xoruz ili Haqqında, Ulduzlar bu ilə nə deyir?, Xoruz ilində bizi nə gozləyir?, Xoruz 2017-ci ildə nə gətirəcək?, Bu ildə doġulan insanların xasiyyətləri, Bu ildə doġulan insanların xarakterləri, Bu ildə doġulan insanların xususiyyətləri, Xoruz ilinə dair Mayya qoroskopu, Xoruz ilində bu burclər Varlanacaq, Xoruz ilində doġulan məşhurlar

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018