Bu gün yada salıb ötən günləri
Nakam arzulara bir badə qaldır!
Canlandır yuxulu xatirələri,
Burda tənha qalan bir dünya vardır.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Eşqin ürəyimdə yanan bir ocaq
Sənsiz nəfəs almaq mənə çətindi.
Gəlməsən, sevgimiz yetim qalacaq
Isti nəfəsinə möhtacam indi…
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Söylə, nə etmədim səninçün daha?
Qürurum məhəbbət önündə aciz…
Gecələr sevgidən dönsə sabaha
Nurlu dalğalara qərq olarıq biz.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Həsrət gözlərimin silib nəmini
Qəlbimi ovundur nəvazişinlə.
Sənsiz günlərimin qüssə-qəmini
Sən mənə unutdur öz gəlişinlə.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Qayıt gəl, “əlvida” söyləmə bir də!
Son qoymaq bu qədər asanmı məgər?
Sevgilim, məhəbbət olduğu yerdə
Hər bir çətinliyə dözməyə dəyər.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Gəl, mənim həyatım, barışaq bu gün!
Kədəri, nisgili ürəyindən at!
Yalnız ikimizçün, yalnız bizimçün
Sevincdən əbədi bir dünya yarat!
Cəmi 3037 nəfər oxuyub