"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir" | Hekayələr
Geniş Kitabxana
"İnsanın özünü boş yerə xoşbəxt hiss eləməyi şizofreniya əlamətidir"
Əvvəlcədən deyim ki, əsəblərim yerindədi, ruhum sakitdi, özüm də depressiyada-zadda deyiləm. Psixiatr yanına elə-belə, zarafatyana getmişdim. Özkeçmişi psixoloq, psixiatr, nevroloq kimi ağıllı həkimlərlə zəngin olan biri kimi, onları demək olar ki, yaxşı tanıyıram. Və formalaşmaqda olan qənaətimə görə, bizim psixiatrların diaqnozu təxminən yuxuyozmalar kitablarındakı yozumlar qədər absurd, hərdən də gülməli olur. Davranışlarından heç danışmayım, Hippokrat andı içmiş bu peşə sahiblərinin əksəriyyətinə nifrət eləyərsiniz.


İndi olmasın, iki il əvvəl bir psixiatrım vardı – qəbulunda olanda, qarşımda ayağını ayağının üstünə aşırıb, siqaretin tüstüsünü düz üzümə üfürə-üfürə məni danlayırdı. Müalicəsi də bu oldu ki, şəhərin bütün apteklərinin psixotrop ehtiyatını mənə uddurub-qurtarandan sonra yazarınızı başından elədi. «Müalicə kursu» bitəndən sonra, fərqinə vardım ki, illik gəlirimin yarısını konsultasiyaya, psixotroplara və pəhriz ərzaqlarına xərcləyirmişəm. Bundan sonra həmin məbləği xərcləməyəcəyim faktının özündən kefim duruldu, əsəblərim düzəldi – həmən sağaldım. O vaxta qədərki məbləği də keçmiş günlərin xətrinə ona halal elədim - canı sağ olsun, mən itirdiyim çəkidən başqa heç nəyə heyfsilənmirəm.


Uzun sözün qısası, şəxsi klinikası olan bir psixiatra zəng eləyib, konsultasiya təyin eləmək istədim. Bəri başdan kişinin oğlunu lağa qoymaq kimi çıxmasın, amma bütün müqəddəslərə and olsun, onunla niyə görüşmək istədiyimi özünə yarım saat başa sala bilmədim. Aramızdakı dialoq təxminən belə oldu:


- Doktor, bir az problemlərim var. Yanınıza gəlmək istəyirəm. Nə vaxt mümkündü?
- Yanıma niyə gəlmək istəyirsiniz?
- Sizinlə görüşmək istəyirəm.
- Niyə?
- Dedim axı, səhhətimdə bir az problem var.
- Nə problemdi ki?
- Doktor, problemin nə olduğunu bilsəm, yanınıza niyə gəlirdim ki?! Özümü müalicə eləyərdim də.
- Yaxşı, bəs məndən nə istəyirsiniz?
- Konsultasiya!!!


Bu ovqatda davam edən dialoqun sonunda axır ki, ondan bir görüş qopara bildim. Deyilən saatda peyda oldum doktorun kabinetində. Kabinetə keçməzdən əvvəl deyim ki, mən hələ də psixiatr yanına gedəndə təəccüblənirəm. Həmişə düşünürdüm ki, depressiyadan, mənəvi travmadan xəbəri olmayanların belə xəstəlikləri, problemləri də olmur. Səd heyf! Belə deyilmiş. Həmişə psixiatrların qəbuluna girmək üçün dayanmış onlarla xəstə və yaxınlarını görürsən. Xəstələrin əksəriyyəti ən sıradan adamlardı. Psixiatrın özəl klinikası olanda, növbədən canını qurtarırsan: demək olar ki, hamı əvvəlcədən vaxt təyin edir və vaxtında gəlir.


Amma əşhədübillah, dövlət xəstəxanasında çalışan psixiatra işin düşübsə, yandın. Həkimin qapısı şah qapısından betər olacaq. Ona görə bu dəfə mənim bəxtim gətirmişdi.
Ənənəvi arvad deyingənliyimizi bir kənara atıban, həkimin kabinetinə keçək. Orta yaşlı, görünüşündən abırlı və təmkinli adam təsiri bağışlayan həkimin üzündə heç bir təbəssüm, xoşməramlılıq nişanələri müşahidə eləmirəm.
- Keç, otur.


Otağa gözucu nəzər salıb, kürsüdə əyləşirəm.
- Eşidirəm sizi. (Ay allah, müdiri də belə danışır, ağsaqqalı da, həkimi də...bu ifadə niyə belə bərk-bərk bitib bu xalqın dilində).

- Həkim, özümü pis hiss eləyirəm. Deyəsən, depressiyaya düşmüşəm.
Həkimin üzündə heç bir dəyişkənlik görmürəm. Depressiyanı yalandan deyirəm, amma qarşımdakı adamın dərdimə belə laqeyd münasibəti indicə məni depressiyaya salacaq, az qalıb.


Həkim:
- Olur belə şeylər. Sən niyə depressiyadasan ki?
- Bilmirəm. Nəsə mənə elə gəlir ki, daha heç kimə lazım deyiləm.
- Ərin var?
- Yox.


Gülümsəyir:
- Bəs niyə belə? Maşallah, pis qıza oxşamırsan axı...
Saçlarımı düzəldirəm:
- Komplimentə görə sağ olun, doktor. Amma qarşıma sizin kimi fikirləşən çıxmayıb hələ...


Həkimin üzündə şuluq adamlara məxsus bir ifadə əmələ gəlir:
- Bax, məndən də sənə kar aşmaz haa. Mən evliyəm. Sevgilin də yoxdu?
- Yoox.


Yüngülvari narazılıqla:
- Niyə, sənin kişilərlə nə problemin var axı?
- Problemim yoxdu, amma sevə biləcəyim kişilər, adətən sizin kimi evli çıxır)))
- Sən də sağ ol, komplimentə görə. Amma səni danlamalıyam. Ayıb deyil?!
- Niyə doktor?! Neyləmişəm ki.
- Həm ayıbdı, həm də çox zərərlidi. Evli kişini sevmək olmaz! Əvvəlcə ona görə ki, mentalitetimizə yaraşmaz. İkincisi ona görə ki, sən evli kişini sevə-sevə başqasına ərə getsən, çox bədbəxt olacaqsan. Ərinin ən yaxşı keyfiyyətlərini görməyəcəksən. Mehribanlığı belə səni əsəbiləşdirəcək. Sevdiyin adamı isə əksinə - qaldırıb, dağın başına qoyacaqsan. Sənin üçün əlçatmaz olduğuna görə, hər hərəkətinə heyran olacaqsan.
- Doktor, əlçatmaz deyəndə ki, türkün sözü mən hələ əl atmamışam axı...həm də ki, nə bilmək olar, bəlkə heç əlçatmaz olmayacaq?


Başını bulayır.
- Sonra da deyirsən, niyə ayıb olur?
- Bir də ki mən bunları yaşadığım üçün, onsuz da xoşbəxt olmağı bacarıramsa?
- Qızım, sənin ciddi problemlərin var. Nikbinlik yaxşı şeydir. Amma insan həyatında heç nə yaxşı olmadığı halda özünü xoşbəxt hiss eləyirsə, bu, artıq şizofreniyanın ilkin göstəricilərindəndir.
- Nə gözəl!
- Görürsən, mən sənə problemlərindən danışıram, sən özünü şux aparırsan, öz aləmində məni dolamağa çalışırsan. Ciddi problemdir. Gəl, sənin reaksiyanı yoxlayaq. Dur ayağa görüm.


Qalxıram. Həkim düz yaxınımda dayanıb, gözlərini gözümə zilləyir.
- Gözlərini oynat. Sağa bax. Axıra qədər. İndi də sola bax. Burnunun ucuna bax.
Çəkici əlinə alır.
- Həkim, bəlkə lazım deyil? Öldürmək üçün daha ağrısız yol seçmək olmaz?
Gülməyini güclə saxlayaraq, çəkici üç dörd dəfə bir dizimə, sonra üç-dörd dəfə o biri dizimə vurur.
- İşləyib-eləyirsən?
- Hə.
- Harda?
- Jurnalistəm.
- Birdən bizdən yazıb-eləyərsən ha?
- Olar, niyə olmasın?
- İşin ağırdı?
- Yox. Yazı yazmaqdı da, bu necə ağır ola bilər?
- Həyat tərzin necədi – işdən çıxıb evə gedirsən, yoxsa başqa nələrsə var?
- Dostlarla görüşürəm, yaxınlarımın qayğısına qalıram. İctimai məsələlər də öz yerində.
- Elə bil, çox oldu axı. Necə çatdırırsan?
- Məncə burada çətin heç nə yoxdu.
- Gözəl, səndə mənasız bir enerji var.
- Necə yəni mənasız?
- Yəni təbii enerji deyil. Qazanılmadı. Özünə təlqin eləmisən ki, enerjin həddən artıq çoxdu. Hər yerə qaça, hər yerə çatdıra bilərsən. Yəqin sənin nəsə komplekslərin var. Ya özünü kimlərəsə göstərmək istəyirsən, ya da özün-özünə nəsə sübut etməyə çalışırsan. Özünü inandırmısan buna. Başa düşürsən, ruhunun enerjisi ilə bədəninin enerjisi uyğun deyil bir-birinə.
- Bunun nəyi pisdi ki?
- Necə yəni, nəyi pisdi? Sən özünü enerjili hesab eləyirsən, bədənin məcbur eləyirsən bu enerjiyə tabe olsun. Bədən də çatdırmır axı.
- Həkim, elə bil, mənim bədənimdən çox danışdız axı...bəs, bu ayıb deyil?
- Dedim də, sən mənimlə məzələnməyə çalışırsan, amma nəzərinə çatdırım ki, mən psixiatram.
- Tanışlığımıza çox şad oldum. Mən elə bilirdim ki, kosmetoloqun qəbuluna gəlmişəm.


Deyəsən, bu ağ oldu. Həkim duruxub, eynəyinin üstündən üzümə xeyli baxdı. Axır ki, asta-asta, təəssüflənərcəsinə:
- Qızım, sənə ilkin olaraq, bu dərmanları yazıram. Amma sən bunlara ümid olma. Sənin böyük qardaş-bacından, ata-anadan kimin var?
- Evin böyük uşağı özüməm. Ata-anam var amma.
- Ay sağ ol. Uyğun bir vaxtda yanıma onlarla gəl.
- Doktor, psixiatrlar da valideyn iclası keçirir?
Həkim hövsələsinin son damlalarını xərcləyir...mənsə kişini dəli eləməyi qarşıma məqsəd qoymuşam:
- Həkim, bu dərmanları atandan sonra spirtli içki içmək olar?
- Nə?! Sən spirtli içki də içirsən?!
- Eşşək kimi)))
Həkim bir neçə dəqiqə duruxur.
- Sənin hələ ciddi tərbiyə problemin də varmış. Nə danışığını bilirsən, nə hərəkətlərini.
- Doktor, məni danlamayın! Bura ona görə gəlməmişəm.
Yumşalır:
- Yaxşı, incimə. Görürəm yaxşı qızsan, ərk eləyirəm. Valideynlərin bilir?
- Əlbəttə.
Həkimin gözləri bir az da irilir:
- Bəs, bunu necə qarşılayırlar?
- Əşi, normal!
- Qızım, sən gəl, belə elə. Valideynlərini gətirmə. Özünə də indi bir həkim nömrəsi verəcəm.


Masanın üstündəki hazır kağızlardan birini götürüb, həkimin adını, soyadını, ünvanı və nömrəsini yazır. Təəssüf və istehzalı baxışlarını üzümə zilləyib, kağızı mənə uzadır.
- Al, zəngləş, get onun yanına. O, belə vəziyyətlər üzrə ixtisaslaşıb. Özün də bu dərmanları atanda, heç nə içmə. Bir həkim kimi sənə məsləhətim - heç içmə. Birincisi olan-qalan ağlın da başından çıxar. İkincisi nəzər al ki, biz rus, alman, fransız deyilik, azərbaycanlıyıq.
- Doktor, xəstəliyin də milləti olur. Bunun məsələyə nə dəxli var?
- Özünü çox ağıllı hesab eləyirsən? Ruslar, nə bilim sizin kimi gənclərin müasir dediyi o millətlər içən qadınlara normal baxırlar. Ona görə də orada içən qadın rahat olur. Heç kim onu qınamır, ittiham eləmir. Amma bizdə özün bilirsən, vəziyyət necədi. Sağlamlığın bir yana, içki içdiyinə görə səni qınayanlar elə əsəblərinin sıradan çıxmasına bəsdi. Bir də deyirəm, nəzərə al, bu çox təhlükəlidi.
- Doktor, bəs uşaqlığım barədə sual verməyəcəksiz?
- O nəyimə lazımdı?
- Nə bilim, bəlkə uşaqlıqda travma almışam?
- Belə rahat danışa bilirsənsə, deməli travma-zad almamısan. Özün də kinolara az bax. «Uşaqlığımdan danışım» - hələ bir mənə işimi öyrədir. Xəstəm olmayaydın, əməlli-başlı döyərdim səni. Get, qızım, get...o biri həkimlə də, mənnən danışdığı kimi danışma. Ağlın mənə getməsin, o belə üzüyumşaq deyil.


Gülürəm:
- Yaxşı, bəs məni qəzəbli adamın yanına niyə göndərirsiz?
- Sənin bu dəqiqə mərhəmətdən daha çox, qəzəbə ehtiyacın var, bala.
- Doktor, siz həm də filosofsuz?
- Bəs nə, elə bilirdin ağıllı təkcə sənsən?


Kabinetdən çıxıram. Növbəti xəstə artıq burdadır, öz saatını gözləyir. Psixiatr qəbuluna gələnlərin hamısının üzündə adətən eyni ifadə olur. Həkimin yanına gələn, üzünə baxmalı olduğu başqa xəstələrə bir az utana-utana, bir az qarşısındakının da halına yana-yana, bir az da gizlədə bilmədiyi maraqla baxır. Ürəkli olanlar, marağını boğa bilməyənlər dərdini soruşur, çəkingənlər isə sual dolu gözlərlə baxmağa davam eləyir.


Yadıma qəfildən İlyas Ərnəfəs düşür. Onun üzündəki ifadəni xatırlayıram: bu, hər şeyi bilən adamlara xas ifadədir.
Sağalmaq üçün bəzən həkimlərin yox, xəstələrin sözünə baxmaq lazımdır. Amma heyf ki, hərdən onlar da söz demir.
Resepti açıb oxumadan tullayıram: daha adını bilmədiyim psixotrop yoxdur.
Cemi 590 nefer oxuyub
Beyen(122) | Beyenme(184)
Paylaş:
Hekayələr

Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri, Tatli.Biz

Islam Aləmi, Qurani Kerim, Online Xəritə, Rəsədxana, Oxu zalı, Hazır Smslər, Ilimiz 2017, Gundəlik, Futbol Nəticələri, Idman Xəbərləri, Gundəlik Burclər, Valyuta Məzənnəsi, Qarışıq Bolmələr, Online Tərcumə, Adların Mənası

Sitemap:[1][2][3][html][ror][txt]
©Tatli.Biz 2010-2018