Saytımızda yerləşən Aforizmlər aşağıdakı hərflərə görə qruplaşdırılıb
"Fəlsəfə" haqqında aforizmlər
• Alim yaratdıqca özgələşir, filosof – özünü tanımış olur. (Əbu Turxan)
• Alimin yaradıcılığı özünü istisna etmək, özündən uzaqlaşmaq, filosofun yaradıcılığı – özünü təsdiq etmək, özünə yaxınlaşmaq sayəsində mümkün olur. (Əbu Turxan)
• Alimin yaradıcılığı universal zəkanın məhsuludur, filosofun yaradıcılığı isə onun öz məninin açılışıdır. (Əbu Turxan)
• Alimlik səviyyəsi nə qədər yüksək olursa olsun, bədii-estetik təfəkkürlə birləşmədən filosofluq məqamına çatmaq mümkün deyil. (Əbu Turxan)
• Atalar sözü – qədim fəlsəfənin sağ qalmış parçasıdır. (Aristotel)
• Bir sufidən Diogenə tövsiyə: Həqiqi filosofun kənar təsirlərdən azad olmaq üçün çəlləyə girməyə ehtiyacı yoxdur. (Əbu Turxan)
• Böyük fəlsəfə dünyası elm məbədinə yerləşsəydi, alimlər filosoflara yanlarında yer vermək üçün məmnuniyyətlə onun qanadlarını kəsərdilər. (Əbu Turxan)
• Böyük filosoflarla tanış olmaq üçün keçmişə – tarixin dərinliyinə yox, ideya dünyasının dərinliklərinə baş vurmaq lazımdır. (Əbu Turxan)
• Bütün böyük sənətkarlar həm də ona görə filosofdurlar ki, onların əsərlərində mahiyyətlərin də təhkiyəsi var. (Əbu Turxan)
• Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. (Əbu Turxan)
• Duyğuların həqiqi siması və əxlaqi-mənəvi yönü ancaq onların fəlsəfi şərhi sayəsində açılır. (Əbu Turxan)
• Əbədi suallara adətən müvəqqəti cavablar verilir. (Leşek Kumor)
• Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. (Tur Xander)
• Əlbəttə, fəlsəfə ağlın qüdrəti, Bir də ürəklərin saf məhəbbəti! (Səməd Vurğun)
• Elm insanı dünya ilə vəhdətdən ayırır, fəlsəfə itirilmiş vəhdəti bərpa edir. (Əbu Turxan)
• Elm insanın barışmalı olduğu reallığı, fəlsəfə insanın yüksəlməli olduğu idealı ifadə edir. (Əbu Turxan)
• Elm klassikləri keçmişdə qalmışdır, fəlsəfə klassikləri isə bizim müasirlərimizdir. (Əbu Turxan)
• Elm soyuq ağlın, tarix ilıq xatirələrin, fəlsəfə yanar zəkanın məhsuludur. (Əbu Turxan)
• Elmdə biliklər Mənin müdaxiləsindən qorunur, fəlsəfədə isə Mən özü bilik mənbəyinə çevrilir. (Əbu Turxan)
• Fəlsəfə – insanın dünyalaşması, dünyanın insaniləşməsidir. (Əbu Turxan)
• Fəlsəfə – ruhun özünüdərkidir. (Əbu Turxan)
• Fəlsəfə dünyadan ayrılmış insanın dünya ilə təmasıdır. Dünyadan ayrıla bilməyənlərin fəlsəfəsi yoxdur. (Əbu Turxan)
• Fəlsəfə dünyaya yol göstərə bilməz. O bunu etmək istədikdə gerçəklikdə proses artıq başa çatmış olur. (Georq Vilhelm Fridrix Hegel)
• Fəlsəfə düşüncənin zirvəsi olduğuna görə qadın və kişi düşüncəsinə bölünmür. (Əbu Turxan)
• Fəlsəfə düşünən duyğu və qanad açan düşüncədir. (Əbu Turxan)
• Fəlsəfə əqlin gücü ilə sonsuzluğu ehtiva etmək cəhdidir. (Əbu Turxan)
• Fəlsəfə heyrətdən başlayır. (Platon)
• Fəlsəfə ilə xeyirxahlıq bir-biri ilə ayrılmaz surətdə bağlıdır. (Kiçik Seneka)
• Fəlsəfə insansızlaşmış dünya ilə insan dünyasının əlaqəsini öyrənmək ehtiyacından yaranmışdır. (Əbu Turxan)
• Fəlsəfə kimin üçünsə dünya ilə görüş, kimin üçün isə dünya ilə mübarizədir. (Əbu Turxan)
• Fəlsəfə mücərrədliyin elə yüksək səviyyəsində fikir yürüdür ki, burada canlı həyatın ürək çırpıntıları eşidilməz olur. (Əbu Turxan)
• Fəlsəfə öz dövrünün sinxron tərcüməçisi olmalıdır. (Haydegger)
• Fəlsəfə qütbləri ortaq məxrəcə gətirmək sənətidir. (Əbu Turxan)
• Fəlsəfə ruhun əql məqamında açılışıdır. (Əbu Turxan)
• Fəlsəfə ümumbəşəri ruhun milli ifadəsidir. (Əbu Turxan)
• Fəlsəfə uzağa getmək istəyəndə elm qatarına əyləşir. (Əbu Turxan)
• Fəlsəfədən ayrılıb çox uzaqlara gedən elm özünü dərk etmək üçün gec-tez yenə fəlsəfənin bətninə qayıtmağa möhtacdır. (Əbu Turxan)
• Fəlsəfənin əli göylərdə, ayağı yerdə olmalıdır. (Əbu Turxan)
• Fəlsəfənin məqsədi dünyanın ahəngini duymaq, dərk etmək və bu ümumi ahəngdən doğan həqiqət ziyası ilə hadisələr dünyasını işıqlandırmaqdan ibarətdir. (Əbu Turxan)
• Fəlsəfi düşüncə Mənin xalis mənəvi tərəf kimi yetişməsi, təmizlənməsi və bütün dünyaya sığınacaq hazırlaması ilə başlanır. (Əbu Turxan)
• Fəlsəfi düşüncəni elm və sənətdən fərqləndirən daha bir cəhət fikrin ətaləti və ləngəridir. (Əbu Turxan)
• Fəlsəfi təfəkkür qadın və ya kişi düşüncəsinin fövqündədir. (Əbu Turxan)
• Fəlsəfi təlimlərin dəyəri filosofların dəyəri qədərdir. İnsan nə qədər kamil olsa, onun fəlsəfəsində həqiqət də bir o qədər çox olar. (Alber Kamyu)
• Fəlsəfi vəcd ona görə uzun sürə bilir ki, o, idrakla birləşir. Soyuq ağlın sərinliyi ilham qığılcımını tez alışıb tez sönməyə qoymur. (Əbu Turxan)
• Fikirləşmək faydalı hərəkət doğurur, ağlı aydınlaşdırır və nəfsi təmizləyir. (Əmin ər-Reyhani)
• Filosoflar heç də həmişə fəlsəfi yaradıcılıq məqamında olmurlar. Lakin bircə dəfə də bu məqama yüksəlmiş adam ömrü boyu filosof adlandırılmağa layiqdir. (Əbu Turxan)
• Filosofluq həyatdan sərf-nəzər edir, müdriklik həyatla iç-içədir. (Əbu Turxan)
• Filosofun ruhu onun düşüncələrindədir, şairin ruhu – ürəyində!... (Cübran)
• Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. (Əbu Turxan)
• Həqiqi fəlsəfi fikir heç vaxt tarixə çevrilmir, o həmişə müasir qalır. (Əbu Turxan)
• Həqiqi jurnalist fəlsəfi fikirlə kütləvi şüur arasında vasitəçi kimi çıxış etməyi bacarmalıdır. (Tur Xander)
• Həyat onun qəlbini oxumağı bacaran müğənni tapa bilməyəndə, onun dərrakəsi ilə danışan filosof yaradır. (Cübran)
• İnsan yaddan çıxan yerdə fəlsəfədən danışmaq sadəlövhlükdür. (Əbu Turxan)
• Keçmiş nəsillər bizim üçün sualların hazır həllini deyil, özünü qoyub gediblər. (Kiçik Seneka)
• Millətin fəlsəfi fikri onun hər bir üzvünün fəlsəfi fikrindən toplanmayaraq, milləti təmsil etməyə mənəvi səlahiyyəti olan, milli ruhun daşıyıcısı olan tək-tək şəxsiyyətlərin fəlsəfi konsepsiyalarından ibarət olur. (Əbu Turxan)
• Milli ruh özünü milli fəlsəfi fikirdə tanıyır. (Əbu Turxan)
• Müxtəlif xalqların atalar sözləri eyni bir hikmət toxumunun müxtəlif torpaqlarda cücərməsidir. (Əbu Turxan)
• Pis adamdan yaxşı alim bəlkə də çıxar, amma yaxşı filosof çıxmaz. (Əbu Turxan)
• Qədim fəlsəfələr bu gün də elmin yoluna çıraq tutmaqda davam edir. (Əbu Turxan)
• Tarix nasiranə, elm soyuqqanlı, fəlsəfə poetikdir. (Əbu Turxan)
• Tarix olanı, elm mümkün olanı, fəlsəfə olmalı olanı öyrənir. (Əbu Turxan)
• Təxəyyül! Bunsuz nə şair, nə filosof, nə aqil insan, nə düşünən varlıq, nə də sadəcə insan olmaq mümkün deyil. (Deni Didro)
• Xalqı fəlsəfəsiz qoymaq məbədi kahinsiz qoymaq kimi bir şeydir. (Alber Kamyu)
• Yaxşı filosof düşündüklərini öncə öz həyatında yaşayır. (Əbu Turxan)