Ailə institutumuz: hansı təsirlər var, necə qarşısını almaq olar? - ARAŞDIRMA

Ailə institutumuz: hansı təsirlər var, necə qarşısını almaq olar? - ARAŞDIRMA


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ailə institutumuz: hansı təsirlər var, necə qarşısını almaq olar? - ARAŞDIRMA

Ailə institutumuz: hansı təsirlər var, necə qarşısını almaq olar? - ARAŞDIRMA
Sağlam ailələr sağlam cəmiyyəti, sağlam cəmiyyət isə sağlam dövləti qurur

Azərbaycanın min illərlə davam edən adət-ənənələr, ictimai qaydalar və yazılmamış qanunlar var. Son dövrlərlərdə cəmiyyət yenilik arxasınca yola çıxaraq yaşam tərzinə yeni abı-hava qatmaq istəyir. Bunu çox zaman "müasirlik" adlandırırlar. Son illər əsasən cəmiyyətin gənc hissəsinin "avropalaşmaq" istəyi min illərin köklü dəyərlərinə zidd ab-hava qatmaqdadır. Bu tendensiyanın nəticələri öğzünü bir çox ciddi problemlərin yaranmasına və ya kəskin artmasında biruzə verir. Konkret desək, milli-mənəvi dəyərlərimiz itirilir, ailə institumuz dağılır. Sağlam ailəsi, dərin köklərə malik cəmiyyəti olan Azərbaycanın mənəvi dəyərlərinin dəyişməsinə ehtiyac varmı?

Ailədən cəmiyyətə nə ötürülür?

Ailənin sağlamlığı cəmiyyətin təməlinin sağlam qoyulması deməkdir. Sağlam cəmiyyətin təşəkkülündəki ailələr isə milli-mənəvi dəyərləri dəyər-dəyməzinə "sataraq" yenilik, müasirlik axtarışında olan ailələr olmamalıdır.

Azərbaycanın milli-mənəvi dəyərləri aspektindən sağlam ailə milli-mənəvi dəyərlərinə hörmət edən, ata-babasından aldığı adət-ənənəni övladına ötürən insanların olduğu ailədir. Bizim cəmiyyətin milli dəyər anlayışı ailədən başlayır. Bu səbəbdən hər bir azərbaycanlının ailəsindəki ənənəyə bağlılıq sağlam cəmiyyətin qurulmasına xidmət edir.

Son dövrlərdə Azərbaycanda da gənclərin əksəriyyəti ailə qurandan sonra ailəsindən ayrı yaşamağa can atır. Bundan başqa, ailəsi də eyni şəhərdə yaşadığı halda öz dostları, institut yoldaşları ilə birlikdə yaşamağın həvəsində olan kifayət qədər gənc var.

Bu, yad dəyərlərin təsiri, həmçinin, televiziyaların, internetin bizim cəmiyyətə "töhfə"sidir. Yeniyetmə görür ki, başqa ölkələrdə 16-17 yaşlı yeniyetmələr özü işləyir, pul qazanır, tək yaşayır, pulunu bara, əyləncə məkanlarına xərcləyir, heç kimə hesabat vermir. Bizim gənclərə bu cəzbedici təsir bağışlayır, çoxdandır ayrı yaşamaq, tək qalmaq barədə düşündüklərini reallaşdırmaq istəyir, amma valideynlər imkan vermir.

Tutaq ki, bir ailənin bir oğlu var, o tələbə yoldaşlarının tək yaşadığını görür, həvəslənir. Kəndlərdən, kiçik şəhərlərdən təhsil almaq üçün böyük şəhərlərə gələn gənclərin kirayə evlərdə, yataqxanalarda öz yaşıdları ilə birlikdə qalması valideyni ilə yaşayan gənclərə olduqca maraqlı gəlir və onlar da ayrı yaşamaq istəyirlər. Valideynlər icazə vermir. Ailənin möhkəm təməlinin yavaş-yavaş boşalması da məhz bu kimi səbəblərdən yaranır.

Ailədə və cəmiyyətdə ahəng möhkəmlik yaradır

Sosioloq və psixoloqlar sağlam ailə üçün mənəvi dəyərlərin fiziki sağlamlıq qədər vacib olduğunu deyirlər. Əksər sosioloqlar hesab edir ki, azərbaycanlı psixologiyasında ailə faktoru digər xalqlarla nisbətdə daha dərin və uzunömürlüdür. Çünki daha çox gənclərin "geridəqalmışlıq" hesab etdiyi adətlər sayəsində yüz illərdir ölkəmizdə sağlam cəmiyyət, sağlam ailə yaratmaq mümkün olub. Azərbaycan ailələrində valideyn hətta övladını evləndirdikdən sonra belə öz yanından ayırmır, bir evdə yaşamaq istəyir. Bu da sevgidən, qayğıdan irəli gəlir.

Amma bir çox ölkədə uşağın 16 və ya 18 yaşı olan kimi valideyn tələb edir ki, get işlə, özünə ev tut, ayrıca yaşa. Onlar üçün doğmalıq anlayışı yoxdur, ailədə də hər kəs öz qazancı ilə yaşayır. Ona görə də, mənəvi dəyərləri möhkəm deyil, ailə cəmiyyətdə 2-ci dərəcəli plana keçir. Dolayısı ilə həm ailə, həm də cəmiyyət möhkəm olmur. Çünki ailə cəmiyyətə mənəvi sağlam fərd verə bilmir.

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, ailə cəmiyyətin sosial mərkəzidir və o mərkəzin idarəsində ahəng önəmlidir: "Bu ahəngi ailədə yarada biliriksə, cəmiyyətimizdə də ahəng, uyğunluq və möhkəm təməl olur. Azərbaycanın ailə modeli, ailə institutu ölkənin ən böyük mənəvi dəyərlərindən biridir. Gərək bilək ki, ən böyük mənəvi dəyərimiz ailə institutudur və onu qorumalıyıq.

İndi dünyada elə proseslər gedir ki, mənəvi problemlər arxa plana keçməkdə və maddi dəyərlər önə çıxmaqdadır. Bu bizim cəmiyyətdə də baş verir. Ən xoşagəlməz hal budur ki, maddi dəyərlərə üstünlük verdiyimiz halda, mənəvi dəyərlərimiz çox güclü təzyiqə məruz qalır, bundan da ailə və cəmiyyət zərər görür. Çalışmaq lazımdır ki, ailədə mənəvi dəyərlər ön sırada saxlayaq. Bu ailənin cəmiyyətdə sağlam yer qazanmasına kömək edəcək".

Ailənin təməlini möhkəm qursaq...

Sağlam ailənin təməli həm də sağlam evliliklə qoyulur. Gələcək ailənin hər iki fərdi bir-birini anlamaqla yanaşı mənəvi xüsusiyyətlərinə görə də uyğun olsa yaxşıdır. Ailədəki hər xırda narazılıqdan böyük problem yaradan tərəflərin sağlam ailə qurmaq şansı az olur ki, bunun zərərini də cəmiyyət çəkir.

Psixoloq-pedaqoq İbrahim Cəfərov deyir ki, altruist təfəkkürdən eqoist təfəkkürə keçmə prosesi problemlər yaradır: "Sağlam ailə qurmaq istəyində olan bəzi kişilər, gələcək uşaqlarını yaxşı tərbiyə edə biləcək qadın axtarır, bəzisi bir ömür boyu güvənəcəyi, sirdaş olacağı qadın axtarır, bəzisi isə ömür boyu aşiq ola biləcəyi bir qadınla evlənmək istəyirlər. Həyat yoldaşını yalnız gözəlliyinə, fiziki formasına görə seçənlər də var. Bu eqoist yanaşmadır və yaxşı nəticə vermir".

Müsahibimiz deyir ki, sağlam ailənin qurulmasında əsas amillərdən biri də ailədə gender problemlərinə yer verməməkdir: "Cəmiyyətin bütün problemləri də məhz bu cür gender bərabərsizliyi olan ailələrdən qaynaqlanır. Bir çox ailədə söz sahibi olmaq üçün dava olur. Ya qadın hər dediyinin olmasını istəyir, ya da kişi. Qarşılıqlı anlaşaraq, məsələni müzakirə edərək həll etmək istəmirlər, heç kim güzəştə getmir. Belə olduqda isə narazılıq böyüyür. Ailələrdə narazılıqların çoxalması cəmiyyətə də yansıyır. Sağlam ailəsi olmayan cəmiyyətin sağlam formalaşması mümkün deyil. Gender probleminin əsası da məhz ailələrdə qoyurlur, cəmiyyətdə böyüyür".

Boşanmalar sağlam cəmiyyəti hədələyir

Adət-ənənələrin gündəlik yaşayış tərzimizdən uzaqlaşdırılması sonda ailə institunun deformasiyaya uğramasına və ailələrin dağılmasına gətirib çıxarır. Əlbəttə, Azərbaycan qədim xalq adət-ənənələri, milli-mənəvi dəyərləri əsasında formalaşmış cəmiyyət və dövlətdir. Amma bu və ya digər səbəblər üzündən cəmiyyətin bəzi üzvləri tərəfindən bu dəyərlər nəzərə alınmır və sonda xoşagəlməz hallar baş verir. Bu hallar isə, ilk növbədə ailələrə, daha sonra isə cəmiyyətə təsir göstərir.

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da boşananların sayı artır. Hüquqşünas Leyla Məhərrəmova deyir ki, ölkəmizdə boşanma halları müxtəlif səbəblərdən baş verir: "İnsanlar daha çox münasibətlərin yolunda getməməsi, xasiyyətin uyğun gəlməməsi səbəbindən boşanır. Ailə quranda fikir vermədikləri amillər sonradan onları narahat edir, boşanmaya qədər gətirib çıxarır. Cəmiyyətdə boşanma halları artırsa, bu dövlət üçün də ciddi problemdir.

Bir çox hallarda boşanmaların artmasını sosial problemlərlə əlaqələndirməyə çalışır. Lakin müətəxəssis bununla razılamır: "Statistikaya nəzər saldıqda görürük ki, ailələrin dağılması heç də əsasən sosial-iqtisadi amillərlə bağlı deyil. Çünki, imkansız ailələrdə boşanma halları azdır, imkanlılarda daha çoxdur. Statistika göstərir ki, ölkəmizdə boşanmaların əksəriyyəti sosial yox, mənəvi-psixoloji problemlərin payına düşür. Mənəvi cəhətdən sağlam fərdlərdən ibarət ailələrdə boşanma faizi sion dərəcə aşağıdır".

Sağlam ailə və cəmiyyət dövlətin marağındadır

Ümumiyyətlə, ailə dəyərlərinin qorunmasında cəmiyyətin və dövlətin bütün institutları aktiv və məsuliyyətli olmalıdır. Əgər ailəni sağlam qursaq cəmiyyətə də sağlam fərdlər vermiş olarıq. Düzdür, Azərbaycanda boşanmalar, müxtəlif ailə problemlərinin səviyyəsi digər ölkələrdən dəfələrlə aşağıdır, lakin son illərdə bu halların artması müşahidə olunur ki, bu qlobal təsirlərlə bağlıdır.

Bu gün ailələrin möhkəm, sağlam olması Azərbaycan dövlətinin də marağındadır. Axı sağlam cəmiyyəti sağlam ailə yaradır, sağlam dövləti isə sağlam cəmiyyət qurur. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələrlə bağlı dövlət siyasətinin təmin edilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirir. Komitə tərəfindən gənc nəsil arasında ailə dəyərlərinin qorunub saxlanılması, uşaq və yeniyetmələrin milli mənəvi ruhda tərbiyə edilməsi, onlara sağlam həyat tərzinin aşılanması istiqamətində mütəmadi olaraq maarifləndirmə kampaniyası reallaşdırılır.

Lakin, bu istiqamətdə Komitənin gördüyü işlər qənaətbəxş deyil. Azərbaycanda ailə siyasətinin əsas prinsipləri mənəvi dəyərlərə söykənməlidir. Bu, güclü, sağlam cəmiyyətin təməl daşlarının uzun müddət sarsılmayacağını təmin edə bilər.

"Sağlam ailə, sağlam cəmiyyət, sağlam dövlət" prinsipi Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən birini təşkil edir. "Azərbaycan cəmiyyəti milli-mənəvi dəyərlər üzərində inkişaf etməlidir" deyən dövlət başçısı öz siyasətində də buna üstünlük verir. Bu siyasət isə sağlam cəmiyyət, güclü dövlət proqramının əsas prinsipidir.

Lalə Mehralı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Dostlarınla Paylaş

Saytda 166 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024