Ana südü xərçəngin dərmanıdır

Ana südü xərçəngin dərmanıdır


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Ana südü xərçəngin dərmanıdır

Ana südü xərçəngin dərmanıdır
Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur.
Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, yenidoğulmuş körpələr optimal boy, çəki, inkişaf səviyyəsi və səhhəti üçün ilk altı ay ərzində ana südü ilə qidalanmalıdır. Daha sonra körpələr adekvat qidalandırıcı və təhlükəsiz qidalar qəbul etməli, habelə döşdən qidalanma da iki il və daha uzun müddətə davam etməlidir.
Beləcə, ana südü uşaq üçün ilk qida mənbəyidir və erkən yaşlarında onun inkişafı prosesinə əhəmiyyətli dərəcə təsir göstərir. Döşlə qidalanma və uşaq leykozu arasında mümkün əlaqələrlə bağlı tədqiqat aparılıb.
Həmin tədqiqata əsasən, analar döşlə qidalandırma yolu ilə övladlarında leykemiyanın inkişafı riskini əhəmiyyətli dərəcədə azalda bilər. "JAMAPediatrics" jurnalının məlumatına görə, həkim Efrat Amiteyin (Efrat L.Amitay) rəhbərliyi altında Hayfa Universiteti və İsrailin Xəstəliklərə nəzarət və profilaktika mərkəzinin alimlərindən ibarət birgə tətqiqat qrupunun əldə etdiyi nəticələrə əsasən, doğuşdan sonra azı altı ay ərzində ana südü ilə qidalanmış uşaqlar və yeniyetmələrdə (altı aydan az ana südü qəbul etmiş uşaqlarla müqayisədə) leykemiyaya tutulma ehtimalı 19 faiz aşağı olur.
Uşaqlar və 15 yaşdan aşağı yeniyetmələr arasında ən çox can alan ikinci xəstəlik xərçəng xəstəliyi sayılır. Leykemiya isə ən geniş yayılmış uşaq xərçəngi növüdür. Uşaqlar arasında xərçəngdən ölüm hallarının 30 faizi kəskin mieloid leykozun (sümük iliyini həddindən artıq dəyişilmiş qan hüceyrələri yaratmağa məcbur edir) və kəskin limfoblast leykozun (sümük iliyi izafi miqdarda yetkinləşməmiş ağ qan hüceyrəsi ifraz edir) payına düşür.
Leykemiya halları son on il ərzində sabit şəkildə artmaqdadır. Birləşmiş Ştatlarda 1975-2011-ci illərdə illik artım səviyyəsi 0,7 faiz təşkil edib, Avropada isə 1978-1997-ci illər ərzində xəstəliyə tutulma hallarında illik 0,6 faiz artım qeyd alınıb.
Alimlər xəstəliyə tutulma hallarında müşahidə olunan bu artımın nə ilə əlaqədar olduğunu hələ də müəyyən edə bilməyib, ancaq mümkün səbəblərdən biri Qrivs fərziyyəsinə (həmçinin, gigiyena fərziyyəsi adı ilə tanınır) işarə edir. Bu fərziyyəyə görə, döldaxili genetik mutasiya uşaqları leykemiyaya həssas edir, ardınca "infeksion agentlə" təmas doğuşdan sonra xərçəngin inkişafına yol açır.  
Bu fərziyyə doğrudursa, ana südü leykemiyaya qarşı təbii zərdab ola bilər. Uşaq qidalarından fərqli olaraq ana südündə infeksiyalara qarşı mübarizəyə kömək edən antitellər və digər immunoloji aktiv komponentlər olur. Ana südü uşaq bağırsağının mikroflorasının formalaşmasına və beləcə, immun sisteminin möhkəmlənməsinə şərait yaradır.
Alimlər döşlə qidalanma və leykoz arasındakı əlaqəni araşdıran zaman Qrivs fərziyyəsini yoxlamaq qərarına gəliblər. Onlar əvvəllər dərc olunmuş (leykemiya və döşdən qidalanma arasında qarşılıqlı əlaqəni tədqiq etmiş) 18 hesabatın məlumatlarını hərtərəfli təhlil edib.
Araşdırma leykemiya diaqnozu qoyulmuş 10292 uşaq və yeniyetmə və nəzarət qrupu kimi tədqiqata cəlb olunmuş 17517 sağlam uşağın tibbi məlumatlarını ehtiva edir.
Ümumilikdə ana südündən məhrum olmuş və ya lazımi müddət ərzində ana südü ilə qidalanmamış uşaqlarla müqayisədə, döşlə qidalanan uşaqlarda leykemiya inkişafının 19 faiz az olduğunu müəyyən edib.
Alimlər tədqiqat məlumatlarını hərtərəfli şəkildə təhlil edib və hər dəfə döşlə qidalanma ilə leykoz arasında əlaqə olduğu sübuta yetirilib.
Məsələn, əsas diqqəti inkişaf etmiş ölkələrdə aparılmış tədqiqatlara yönəldən zaman müəyyən edilib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiya inkişafı ehtimalı ana südündən məhrum edilmiş uşaqlarla müqayisədə, 16 faiz aşağıdır. Alim qrupu öz seçimlərinə uyğun dörd ən iri tədqiqatın məlumatlarını təhlil etdikdən sonra da eyni nəticəyə gəliblər. Tədqiqatçılar belə bir nəticəyə gəlib ki, uşağın altı aydan çox təbii qidalanması leykemiya riskini 14 faiz aşağı salır.
Onlar nəticələri hesalayaraq, bir yaşına qədər xərçəng diaqnozu qoyulmuş uşaqların məlumatlarını tədqiqatdan xaric edib: belə ki, alimlərin fikrincə, bir yaşına qədər aşkarlanmış həmin şişlər, böyük ehtimalla, döşlə qidalanma ilə heç bir əlaqəsi olmayan, ananın doğuşdan öncəki vəziyyəti ilə əlaqədar olub.
Aparılan ixtisarlardan sonra tədqiqatçılar müəyyən edib ki, altı aydan çox müddət ərzində ana südü ilə qidalanmış uşaqlarda leykemiyaya tutulma riski ana südündən məhrum olmuş uşaqlarla müqayisədə, 17 faiz daha azdır.
Bəzi tədqiqatlarda kəskin limfoblast leykozu (KLL) olan uşaqlar kəskin mieloid leykozlu (KML) uşaqlarıdan ayırılıb. Bu, alimlərin altı aydan çox ana südü ilə qidalanmış uşaqlarda KLL inkişaf riskinin 18 faiz daha az olduğunu öyrənməsinə imkan verib. Habelə döşlə qidalanma və KML arasında hər hansı qarşılıqlı əlaqə ortaya çıxmayıb.  
18 tədqiqatdan 18-də ana südü ilə qidalanmanın müddəti ilə bağlı informasiya olub. Tədqiqatçılar uşaqların tibbi məlumatlarını bu meyar əsasında təhlil edəndən sonra müəyyən  edib ki, azı bir ay ana südü ilə qidalanmış uşaqlarda, ümumiyyətlə, ana südü qəbul etməmiş və ya cəmi bir neçə həftə ərzində qidalanmış uşaqlarla müqayisədə, leykemiyanın inkişafı riski 11 faiz az olub.
Yeni tədqiqat körpələrin qidalaması ilə onların leykemiyaya həssaslığı arasında açıq-aydın statistik qarşılıqlı əlaqəni üzə çıxrır. "Uşağın altı ay və ya ondan çox müddət ərzində döşlə qidalanması hesabına Uşaq leykozu ilə bağlı bütün halların 14-19 faizinin qarşısını almaq olar", - deyə həkim Amitey bildirib. Alimlərin fikrincə, bu məlumat ana südü ilə qidalanmanın xeyrinə güclü arqument ola bilər.
Qidalanma növü ilə qan xəstəliyi arasındakı qarşılıqlı əlaqənin səbəbləri hələlik müəyyən edilməyib. Ancaq tədqiqatçıların bununla bağlı bir neçə ideyası var. Efrat Amiteyin fikrincə, ana südü "canlı" maddədir. Yəni onun tərkibində zəngin maddələrdən savayı, ananın orqanizminin hasil etdiyi antitellər olur. Həmin antitellər bağırsaq sisteminin sağlam mikroflorasının formalaşmasına və uşağın immun sisteminin inkişafına təsir göstərir.
Digər mümkün səbəb, ana südünün körpənin mədəsində HAMLE zülal kompleksinin formalaşması üçün zəruri olan optimal turşu-qələvi tarazlığı yaratması sayılır. Gəmiricilər üzərində aparılmış sınaqlar bu kompleksin xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu göstərib.
Ana südünün tərkibində kök hüceyrələri olur. Alimlərin fikrincə, onlar da immun sistemini aktivləşdirə bilər.
Tədqiqat qrupu bu elmi araşdırmanın nəticələrin çox faydalı olduğunu düşünür və təkcə anaların yox, ümumilikdə cəmiyyətin ana südünün xeyri ilə bağlı məlumatlılığının artılmasını vacib hesab edir. Həm də o qeyd olunur ki, xərçəngə qarşı profilaktika baxımından döşlə qidalanma "əslində, əlçatan və ucuz vasitədir".
"Döşlə qidalanmanın faydalarını insanların diqqətinə çatdırmaq çox vacibdir. Təbii qidalanmanın sosial baxımdan daha məqbul etmək və geniş kütlələr arasında təbliğ etmək üçün bu proseslə pozitiv münasibət formalaşdırmaq vacibdir", - deyə müəlliflər qeyd edir.
Döşlə qidalanmanın faydaları mövzusu davam etdiriləcək. Belə ki, ana südü qadınlarda döş xərçəngi inkişafının erkən carçısı olur, uşağın intellekt səviyyəsinə müsbət təsir göstərir, hətta bəzi hallarda onu HİV-dən qoruyur. Bu, fərziyyə deyil, elmi faktdır.
Bu materialın orijinalı "Jama Network" portalında dərc olunub.

Dostlarınla Paylaş

Saytda 26 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024