![]() |
Tatli.Biz Əyləncə Portalı | ![]() ![]() ![]() |
Yağış yağsın istəyirəm, elə yağsın ki, rahatlansın içimdəki bütün acılar. Elə yağsın ki, yuyub aparsın bütün pis insanları, onlarla birlikdə gələn şeytanlıqları.
Bəlkə də bəzi insanlar üçün yağış onların içlərini qaraldır, onları ruhən öldürür. Bəziləri isə əksinə yağışdan zövq alır. Mən də yağışdan zövq alanlardanam. Amma hər şeyin çoxunun zərərli olduğu kimi yağışın da çox yağması zərərlidir. Özü ilə birlikdə sellər, leysanlar, daşqınlar gətirir. Bu da məni qorxudur.
Heç unutmaram,bir gün yağış yağırdı, axşam idi. Biz isə həmişəki kimi evdə anam və qardaşlarımla birlikdə oturmuşduq. Birdən yağış getdikcə bərkiməyə başladı və bu məni çox qorxutdu. Bilmirəm niyə, amma yanımızda atam olanda heç nədən qorxmur, onun bizi qoruyacağını düşünürdüm. Amma o yox idi. O getdikdən sonra hər şey bizim üçün daha da qəlizləşdi. Çünki kişisiz ev damsız binaya bənzəyir. Sanki bu həyatda acizləşir insan. Amma biz yıxılmadıq və anamızla birlikdə bütün çətinliklərə sinə gərib böyüdük. Sözün əsl mənasında, həyat bizi yıxıla-yıxıla olsa da böyütdü.
Buna baxmayaraq, çox da yaxşı böyüdüm. İndi isə ayaqlarımın üstündə tək qorxmadan dayanmağı bilmək üçün daha da güclü olmaq, istədiyim hər şeyi əldə etmək üçün böyümək istəyirəm. İnsan hər anını bu prinsiplə keçirsə, məncə çox daha uğurlu olar bu həyatda. Yolum uzundur, hələ yavaş-yavaş irəliləmək, təzə ayaqlanmış körpə kimi bu yolda addımlamaq lazımdır. Ən çox bizə yıxılacaq, ayaq üstə dura bilməyəcək deyənlər üçün bu yolu addımlamaq istəyirəm. Çünki həmin insanlar vaxtında bizə əziləcək bir böcək kimi baxırdılar. İndi isə bizim ailənin və mənim qalxmağımı həzm edə bilmirlər. Bu isə mənə xoş təsir bağışlayır. Mənim anamın ayağına dəyən yüngül bir daş mənim içimdə illərlə yara olaraq qalır. Hər dəfə göynəməkdə olan üstü açıq yara kimi... Bilirəm ki, bu yolda anamın çəkdiyi bunca əziyyətin bəhrəsinə ona verə biləcəyəm. Onun üzünü bundan sonra güldürmək qardaşlarımla birlikdə bizim boynumuzun borcudur...
Qəmər Can