Gəlinlik seçimi | Tatli.Biz
Gəlinlik seçimi
Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Gəlinlik seçimi

Gəlinlik seçimi
Toy insan həyatının ən unudulmaz anıdır. Bu anı doya-doya yaşamaq isə hər bir xanımın arzusudur. Arzuların gerçəkləşdiyi röya kimi bir toyla yeni həyata qədəm qoyanların həyəcanı da özləri qədər gözəldir. Bütün bu gözəllikləri isə toyun ən vacib detalı - gəlinliklər daha da gözəlləşdirir. Hər kəs öz zövqünə, bədən quruluşuna, dəbə uyğun gəlinlik axtarır, bəlkə də toyda qiymətinin ən sonuncu planda qaldığı məqam da elə gəlinliklərin seçimidir. Hər kəsin xəyalında bir gəlinlik modeli var, xəyalını gerçəkləşdirmək üçünsə hər bir gəlin namizədinə kömək tələb olunur.

Gəlinliyin tarixi çox qədimdir. Gəlinlik əsasən, məsumluq ifadəçisi olan ağ parçadan tikilir. Lakin vaxtilə gəlinlər digər rənglərdə olan parçalardan da istifadə ediblər. O qədər də uzaq olmayan keçmişimizdə gəlinlərin hətta gülməxmər parçadan gəlinlik geyinməsi halları da olub.

Gəlinliyin tarixi qədim Misirə qədər uzanır. 4 min il əvvəl qədim Misirdə gəlinlər qat-qat, ağ rəngli kətan parçadan tikilən paltar geyinərdilər. Qədim Yunanıstanda da ağ rəng şadyanalıq bildirdiyi üçün gəlinlər toyda bu rəngdə paltar geyinirdilər. Şərq ölkələrində isə gəlinilk seçimi zamanı rəngdən daha çox, parçaya diqqət yetirilirdi və gəlinlər bu vasitə ilə fərqlənməyə çalışırdılar.

Qədim Romada gəlinliklər ağ yox, sarı parçadan tikilirmiş. Bunun da təməli gəlinləri subay qızlardan fərqləndirən sarı rəngli üz örtüyündən istifadə edilməsi ilə qoyulub. Sonradan təkcə üz örtüyü ilə yox, həm də toy günündə geyinilən sarı rəngli paltarla gəlinlər fərqləndirilib. Orta əsrlərdə gəlinliklərin parçası öz əhəmiyyətinə görə rəngini arxada buraxıb. Varlı və zadəgan qadınların geyindikləri toy paltarlarının parçası onların hansı təbəqəyə məxsus olduğunu ilk baxışdan nümayiş etdirmək üçün özəlliklə seçilirdi. İlk dəfə olaraq ağ gəlinliyi 1499-cu ildə İngiltərədə Anne adlı qadın geyinib. Lakin hazırda daha çox istifadə edilən gəlinliklərin əsası 19-cu əsrin ikinci yarısında, yəni 1854-cü ildə kraliça Viktoriyanın geyindiyi toy paltarı ilə qoyulub. Kraliçanın geyindiyi gəlinlik rənginə görə fərqlənirdi. Əgər o vaxta qədər kral ailəsində toy günü gümüşü rəngli gəlinlik ənənəsi vardısa, kraliça Viktoriya ağ rəngli və 5 metrdən çox "quyruğu" olan gəlinliyi ilə yeni dövr açdı.

Yalnız bundan sonra ağ rəngin məsumluq əlaməti olduğunu yazarlar öz əsərlərində daha çox təbliğ etməyə başladılar. Ağ gəlinliklərin adət halını aldığı zamana qədər isə gəlinlər toy paltarını elə seçərdilər ki, ondan daha sonra da istifadə edə bilsinlər. Bu, əlbəttə, imkanlı ailələrə aid deyildi. Onlar toy üçün, xüsusilə, qırmızı rəngli paltar tikdirməklə bəzən bir-biri ilə gizli yarışdan zövq alırdılar.

Dünyanın gəlinlik ənənələri

Hazırda da dəb "fırtınasına" düşənlər fərqli rənglərdə gəlinliklər seçməkdən zövq alırlar. Bu sırada qırmızı, hətta narıncı rəngə üstünlük verənlər də var. Dünyanın ayrı-ayrı ölkələrində gəlinlik ənənələri də fərqlidir. Doğrudur, artıq dünyanın "ağ gəlinilk" kim bir ümumi adəti var və əksər ölkələrdə buna riayət olunur, amma yenə də qədim adət-ənənəsini yaşadanlar az deyil. Məsələn, Mərakeşdə gəlin toyda sarı rəngli paltar geyinir. Bunu da belə izah edirlər ki, sarı, parlaq rəngli paltar gəlini uğursuzluqlardan və qısqanc baxışlardan qoruyur. Bu ölkənin gəlinləri arasında yaşıl rəngi seçənlər də var. Bunu isə yaşılın təbiətin rəngi olması və ailəyə şans gətirəcəyi ilə əlaqələndirirlər.

Afrikada hər qəbilənin öz gəlinlik seçimi var. Ona görə də bu ölkə gəlinliklərin modelinə, rənginə görə ən çox olduğu ölkələr siyahısına başçılıq edə bilər. Yəhudilər ağ rəngi məsumluq rəmzi kimi qəbul edirlər. Bununla yanaşı, mavi rəngi də seçənlər var və bunu mavi rəngin mistik gücə malik olması ilə izah edirlər. Çində qırmızı rəng xoşbəxtlik rəngi hesab edilir. Bu ölkənin gəlinləri onlara evlilik həyatında şans və xoşbəxtlik gətirəcəyinə inandıqları qırmızı rəngdən gəlinlik seçimində istifadə edirlər. Yaponiyada gəlinlərin seçimi qırmızı və ağ rəngləri özündə birləşdirən ipək gəlinliklər olur. Yapon düşüncəsinə görə, bu iki rəng birlikdə xoşbəxtliyi və yeni bir başlanğıcı özündə yaşadır. Ona görə də kənarları qırmızı işləməli ağ gəlinliklərdən də istifadə olunur.

İspaniyada roman katolik gəlinləri həyat yoldaşlarına ölənə qədər bağlı olacaqlarını gəlinlikləri ilə də bildirirlər. Belə ki, onlar qara, krujevalarla bəzədilmiş gəlinlik seçirlər. Hindistanda isə qızıl işləməli ipəkdən hazırlanan gəlinliklərdən istifadə olunur. Ancaq bölgələrə görə rəng seçimi fərqli ola bilər. Bəzi bölgələrdə qırmızı ipək, sarı, yaşıl və ağ rəngli parçalardan kombinə olunmuş gəlinliklər seçilir. Koreyada cökə ağacının yarpağı rəngində gəlinliklər ənənəsi var. Bu rəngdə olan gəlinliklərə cənnətin rəmzi olan qırmızı çiçək və kəpənəklərdən bəzəklər vurulur. Burada gəlinlər əllərinə hörmət əlaməti olaraq ağ əlcək taxarlar. Koreyalıların fikrincə, mavi rəng dünyanın, sarı rəng isə insanlığın simvoludur. Amerikada müstəqililk uğrunda gedən müharibələrdə bəzi gəlinlər azadlığı simvolizə edən qırmızı rəngli gəlinilk geyinərdilər. Bəziləri isə cəsarət və şərəf rəmzi hesab etdikləri bənövşəyi rəngə üstünlük verirdilər.

Özünü tanı, gəlinliyini seç

Sürətlə inkişaf edən dəb və dəblə ayaqlaşmaq arzusu gəlinliklərə də sirayət edib. Artıq hər il paltar modası olduğu kimi, hər ilin gəlinilk modası da var. Lakin mütəxəssislər hər bir gəlinin gözəl göründüyü inamını ifadə edərək gəlinilk seçimi zamanı diqqətli olmağı tövsiyə edirlər. Bu tövsiyələrin nəzərə alınmaması isə insanı ən xoşbəxt gününü bərbad etmək üçün yetərlidir. Beləliklə, mütəxəssislərin fikrincə, gəlinlik seçməzdən əvvəl bədən quruluşunu yaxşı tanımaq lazımdır. İncə bel, dar çiyin və geniş sinəyə maliksinizsə, bu zaman beli daha incə göstərən kəmərli modellerdən uzaq durun. Vücud ölçülərinizi daha qabarıq şəkildə ortaya qoyan atlas parçadan tikilən gəlinlik almayın. Əksinə, vücüdunuzun üst hissəsini daha da gözəl göstərəcək uçuşan ətəkli gəlinliklərə diqqət yetirin.

Əgər bədən ölçüləriniz bir-birini tamamlayırsa, geyindiyiniz hər bir model sizə yaraşacaq və bu zaman daha şanslı olduğunuzu bir daha hiss edəcəksiniz. Ona görə də arxası açıq və ya bədəninizin cizgilərini qabarıq şəklidə ortaya çıxaran gəlinlikləri geinməyə də iddialı ola bilərsiniz. Əgər bədəninizin üst hssəsi alt hissəsinə görə daha genişdirsə, o zaman ilk işiniz bu "genişilyi" gizlədə biləcək gəlinlik axtarmaqdır. Vücüdunuzu tamamilə saran, parçaların yerinə daha sərt və qalın parçalardan tikilən gəlinlikləri yoxlayın. Bu bədən quruluşuna ən uyğun tərz bərk parça halındakı A tipli gəlinilklər hesab edilir.

Əgər belinizin, sinənizin ölçüləri bir-birinə yaxındırsa, o zaman əsas diqqət yetməli olduğunuz hissə belinizi daha incə kimi göstərəcək bir kəsimin olmasıdır. Bunun üçün çiyinlərinizi geniş göstərəcək "gəmiçi yaxalığından" istifadə edə bilərsiniz. Belinizi "incəltmək" üçünsə kəmərli modellərə baxın. Əgər atletik bədən quruluşunuz varsa, o zaman klassik cizgili, beldən qabarıq olan gəlinliyi seçin. Bununla yanaşı, bədən boyunca bir cizgi kimi uzanan "qəlib" modellər də uyğun ola bilər.

Boyu gödək və nisbətən kök xanımların qabarıq kəsimlərdən istifadə etməməsi də məsləhət görülür. Sinəsi böyük, beli dar olan gəlinlər şifon parçalara üstünlük verməməlidirlər. Göbək nahiyəsində köklük hiss olunan xanımlar bu "qüsuru" drapla örtə bilərlər. İncə və uzun boylu xanımların isə bədən quruluşlarına uyğun olaraq sinə altından kəsik, uçuşan gəlinliklər geyinmələri məsləhətdir. Nostalgiya hissi doğuran gəlinlikləri almaz və mirvari zinət əşyaları ilə tamamlaya bilərsiniz. Əgər gəlin saçına tac qoyacaqsa, o zaman digər zinət əşyalarının seçimində, xüsusilə, diqqətli olmaq tələb olunur. Bu zaman diqqəti cəlb edəcək kolye, sırğadan istifadə edilməməlidir.

Dostlarınla Paylaş

Saytda 90 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022