Loqoped: Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər

Loqoped: Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Loqoped: Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər

Loqoped: Valideynlərin bu səhvi uşaqlarda qüsur yarada bilər
Tanınmış loqoped, defektoloq Rufa Mirişli Sonxeber.az saytının qonağı olub.
O, uşaqlarda yaranan bir çox nitq qüsurları haqqında suallarımızı cavablandırıb.
Tatli.Biz loqopedlə müsahibəni oxuculara təqdim edir:
- Rufa xanım, istəyərdim ilk öncə uşaqlarda nitqin inkişafına təsir edən amillərdən danışaq. Uşaq böyüdən valideynlər hansı səhvlərə yol verməklə onların danışığında qüsur yaranmasına səbəb ola bilərlər? Hansı nüanslara xüsusi diqqət göstərməliyik?
- Uşaqların inkişafına təsir edən amillər ana bətnindən böyüyənə kimi davam edir. Uşaq məktəbə gedənə, hətta bitirənə kimi, yəni valideynin himayəsində olduğu müddətdə onun bütün inkişaf etaplarına diqqət yetirmək lazımdır. Niyə "ana bətnindən" deyirik? Çünki bəzən elə olur ki, ananın pis vərdişləri bətndəki körpədə kəkələmə, rinolaliya kimi qüsurlar, dizartəriya (serebral iflic) və s. kimi nitq qüsurları yarada bilər. Valideynlər (əsasən də ana) özlərini 9 ay qorumalıdırlar. İstər emosional, istər qidalanma baxımından - hər bir halda ana özünə diqqət etməlidir. Dünyaya gəldikdən sonra uşaqla emosional kontakt qurulmalıdır, onun rejiminə fikir verilməlidir. Yaşını nəzərə alaraq, bərabər iri həcmli kitablar oxumalıdırlar. Valideyn onu oxuduqca uzun cümlələr qurmamalıdır. Qısa, lakonik cümlələr seçməlidir ki, uşaq bunu yadda saxlayıb tətbiq edə bilsin.
- Uşaqlarda kəkələmə problemi anadangəlmə də olur, sonradan da yaranır. Sonradan yaranmasına qorxunun səbəb olduğunu bilirəm. Başqa hansı hallar kəkələməyə səbəb ola bilər? Bu problemin anadangəlmə olmasına nə yol açır?
- Burada genetik faktorun böyük rolu var. Əgər ailədə (ata, ana, baba, nənə, əmi, dayı və s.) kəkələmə varsa, bu uşağa da təsir edə bilir. Bundan əlavə, uşaqda təqlid etmə xüsusiyyəti varsa, bu da kəkələmə problemini yarada biləcək səbəblərdəndir. Mərkəzi sinir sistəmi zəif, həssas olarsa, uşaqda bu qüsur yaranacaq. Təbii ki, onunla yanaşı gedən burun-boğaz, nevroloji xəstəliklər də olur . Nitqin tempinin surətli olması da gələcəkdə kəkələməyə çevrilə bilər. Yenə də valideynin diqqətcil olması, zamanında mütəxəssisə müraciət etməsi və korreksiya aparılması mütləqdir.
- Bəzi insanlar "R" səsini tələffüz edə bilmirlər və ya çətinliklə tələffüz edirlər. Buna uşaqlarda da, böyüklərdə də rast gəlirik. "R" səsinin tələffüzünün pozulmasının yaranma səbəbi nədir? Bildiyimə görə, bu qüsur anadangəlmə olmur, sonradan yaranan problemlərdəndir. Bu problemin həlli nədir?
- Səslərin tələffüzünün pozulmasına loqopediyada "dislaliya" deyilir. Əgər bir uşaqda "d, r, t, s, c, s, ş" və s. kimi səslər pozularsa, dislaliyaya aid olunur. Biz loqopedlər ilk öncə artikulyar aparatın vəziyyətinə diqqət yetiririk. Əgər uşaqda artikulyar aparatda heç bir defekt yoxdursa, bu, mərkəzlə əlaqəli ola bilər. Mərkəzi sinir sisteminin funksional dəyişməsi buna səbəb ola bilər və ya mexaniki olaraq artikulyar aparatın anomaliyasıdır: damaq hündürdür, dilaltı pərdəsi var, dişləm yanlışdır. Uşağın yaşına uyğun problem də ola bilər. 3 yaşı var, "R" deyə bilmirsə, normaldır. Bu 5-6 yaşından sonra qüsur sayılacaq. O zaman da yoxlayırıq ki, anatomik quruluşdur, yoxsa funksional xarakter daşıyır? Aradan qalxma ehtimalının olub-olmamasını müəyyənləşdiririk. Biz loqopedlər müayinə zamanı diqqətlə yaşını, artikulyar aparatını, vəziyyətini, onun hərəkətliliyini nəzərdən keçiririk, bundan əlavə, valideynlərdə bu qüsurun olub-olmamasına baxırıq. Bu müşahidə olunursa, biz düşünə bilərik ki, bəlkə, uşaq valideynini təqlid edir? Uşaq danışıq formasının elə olduğunu normal qəbul etdiyi üçün onu özündə tətbiq edir.
Biz diqqət yetirməliyik ki, hansı nüansa görə uşaq "R" hərfini deyə bilmir. "R" səsinin koorreksiyası adətən 5 yaşdan sonra aparılır. Ola bilsin ki, bu, həftədə 2 və ya 3 dəfə olacaq. Zondlardan istifadə edərək və ya təqlid etdirərək bu səsi qoymaq olar. Amma zondlar iş prosesini daha da sürətləndirir. Çünki bu uşaq məktəbə getməlidir. Məktəbdə səsləri düzgün tələffüz etsin ki, hərfləri düzgün oxuya bilsin. Çünki gələcəkdə bizdə disqrafiya, disleksiya yarana bilər. Bu isə artıq oxu vərdişinə mane olar. Ona görə sürətləndirmək üçün mexaniki üsul daha əlverişlidir.
- Müasir dövrdə aktual olan autizmli uşaqlarda nitq qüsurlarının həlli üçün nələr edilir? Bu uşaqlarla məşğul olmaq, məncə, daha çox diqqət və qayğı tələb edir.
- Əfsuslar olsun ki, müasir dövrdə bu, ən çox hazırda rast gəldiyimiz problemlərdən biridir. Belə halların son zamanlar nə üçün artdığı haqqında tədqiqatlar, araşdırmalar aparılır. Loqopedlər, psixoloqlar, psixopedaqoqlar, reflektoloqlar müalicəvi idmanları, masajları autizm sindromlu uşaqlarla kompleksli şəkildə işləyir, onların davranışı, emosiyası, kommunikasiya bərpası üzərində çalışırlar. Bir loqoped yalnız uşağın nitqi üzərində yox, eyni zamanda onun emosiyası, əqli bacarığının artırılması ilə də işləyir. Yəni bir loqoped tək olaraq deyil, kompleksli yanaşma edir. Fərdi şəkildə başlayır, kiçik qruplar, sonra böyük qruplarla davam edir. Valideynin dəstəyi ilə üçlü piramida kimi iş prosesi gedir: uşaq, mütəxəssis və valideyn. Bu formada bizim korreksiyamıza kompleksli təsir olur. Məqsəd autizm sindromlu uşaqları sağaltmaq deyil. Onlar fərqlidirlər. Biz fərqliliyi başa düşərək onların cəmiyyətə uyğunlaşmasını istəyirik. Çox təəssüf ki, bəzi autizmli uşaqların potensialı aşağı olduğuna görə, onların nitqi formalaşmır. Amma o demək deyil ki, biz orada dayanırıq. Bu zaman kartlardan, jestikadan istifadə edirik. Xüsusi kartlarla, jest dili ilə bir gün ərzində uşağa nəsə öyrədilmir, o özü də bir təlimdir. Çünki bu, uşaqlarda birmənalı deyil, sistemli problemlərdir.
- Eşitmə qüsurlu uşaqlarda loqopedik işin məqsədindən bir az bəhs etmənizi istərdim.
- Dünyaya gələrkən biz danışmaqdan öncə eşidirik, hətta bu, ana bətnindən başlayır. Eşitmənin danışıqda rolu böyükdür. Bizim bu aparatımız passiv orqandır. Aktiv olan nitqin anlamasıdır. Biz eşidə-eşidə, görə-görə anlayırıq. Beləliklə, 1 yaşdan sonra biz gördüklərimizi, eşitdiklərimizi tətbiq edib sözlə ifadə edirik. Ona görə də eşitmənin insan həyatında rolu böyükdür. Xarici qıcıqlanmanı alır, eşidir, reaksiya verir, cavablandırır. Əgər uşaqda anadangəlmə, sonradan qazanılma kimi ağır eşitmə, ikitərəfli və ya birtərəfli eşitmə qüsuru müşahidə olunarsa, Biz loqopedlər onlarla səslərin deyilişi, söz ehtiyatının artırılması, cümlənin qurulması üzərində işləyir, nitqi formalaşdıraraq onların söz ehtiyatını artırırıq. Biz onlara suallar verərkən anlayıb, düzgün məqsədyönlü şəkildə cavablanmasını formalaşdırırıq. Loqopedin ən önəmli işi nitqlə bağlıdır. Loqopedlər 1 yaşdan sonra da, 3 yaşdan sonra da işləyə bilərlər. O, uşağa taxılan aparata baxır. Məsələn, koklear implant kimi bu uşaqlarla əməliyyatdan sonraki vəziyyətdə sudrapedaqoq işləyir. Əgər sudrapedaqoq nitqin anlamasının, eşitmənin dəyişdiyini görərsə, o, loqopedi məsləhət görür. Amma ola bilər ki, loqoped dəstəyi bir müddət sonra da olsun.
- Bir loqoped kimi valideynlərə nə tövsiyə edərdiz?
- Tövsiyəm odur ki, uşaqlarını sevsinlər. Övladlarına qarşı münasibətləri fərqli olsun. Əgər evdə 2-3 uşaq varsa, onlara eyni cür münasibət göstərsinlər. Emosional inkişaf olan yerdə IQ inkişaf edir. Belə olduqda nitq də inkişaf edir və uşaq cəmiyyətdə özünə fərqli yer tapır, özünü doğruldur. Bu doğrultma da gələcəkdə uşağın inkişafına böyük təkan verir. Əgər uşaqda qüsur varsa, o uşağın qüsurlarını yox, onun uğurunu görməyi sevin. Onda həyat sizin üçün daha fərqli, daha gözəl olacaq. Uşaqlarınızı sevin!

Dostlarınla Paylaş

Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023