Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
Qadınların seksdə xəyanət etmə səbəbləri
Qadınların seksdə xəyanət etmə səbəbləri
Birinci monoloq
Bilmirəm, son vaxtlar təsadüfdəndir, ya cəmiyyəti doğrudan da narahat etdiyindəndir, xəyanətlə bağlı yazılarla tez-tez rastlaşıram. Mövzunun maraqlı və həm də əbədi oduğunu nəzərə alıb mən də bəzi fikirlərimi bölüşmək istəyirəm.
Ondan başlayaq ki, müəyyən anlayışlar cəmiyyətimizdə bir qayda olaraq basmaqəlib reaksiyalar doğurur. Tutaq ki, "xəyanət" kəlməsi cəmiyyətdə dərhal ər, ya arvad xəyanəti ilə assosiasiya olunur.
Hərçənd vətən və dost xəyanəti məfhumu da geniş yayılıb. Amma cəmiyyətdə ər-arvad xəyanəti daha çox polemikalar doğurduğundan məhz bu məsələnin üzərində dayanacağam.
İkinci monoloq
Öncə deyim ki, mənim üçün hər şeydən əvvəl "insanın özünə olan xəyanəti" anlayışı mövcuddur. Pafoslu alındısa, üzr istəyirəm. Yəni insan nəyinsə xatirinə, hansısa merikantil marağına görə, şəraitə uyğun olaraq təbiətinə, prinsiplərinə, əqidəsinə xəyanət edir: içində sıxıla-sıxıla, utana-utana.
"Prinsiplərinə xəyanət etmək" deyəndə əclafları, riyakarları və bu kateqoriyadan olan insanları nəzərə almıram. Çünki xudbin həyat tərzi onların təbiətindən qaynaqlanır. O insanlardan danışıram ki, sonradan "nəyisə" istəmədən etdiyinə görə əzab çəkir, daim tərəddüd keçirir, içində günah hissi daşıyır. Çünki özünə xəyanət etdiyinin fərqindədir, üzdə büruzə verməsə də, gizlində özünü suçlayır, özünə ikrah hiss duyur və s. Amma gəlin məsələni konkretləşdirək və ər-arvad müstəvisinə keçirək.
Bilirik ki, Azərbaycanda maddi, sosial, mental, tənhalıq və digər səbəblərdən nə qədər sifariş üzərində sevgisiz qurulan ailələr var. İndi təsəvvür etməyə çalışaq: qadın sevmədiyi əriylə – bir həyat yoldaşı kimi borcunu yerinə yetirərək intim münasibətə özünü zorlayır. Məgər belə bir məcburi akt xəyanət deyil? Yəni özünə xəyanət! Bəs, kişilər necə? Kişilər də sevmədiyi, ola bilsin hətta heç xoşlanmadığı həyat yoldaşı ilə fizioloji tələbatını və ya öz varisini doğulması üçün eyni yatağı bölüşür. Fahişə bədənini sataraq pul qazanır, ərli qadın həyat yoldaşıyla fiziki borc olaraq yatağa girir, kişi həm arvadı, həm də fahişəylə fizioloji tələbatını ödəmək üçün cinsi akt yaşayır. Pardon, sizi bilmirəm, amma mənim təsəvvürümdə sadaladığım situasiyalar identikdir.
Yadıma düşmüşkən, bir faktı da demək istəyirəm. Qonşuluqda yaşayan, ailəsinin təkidi ilə sevmədiyi kişiyə ərə gedən gənc qadın danışırdı ki, əriylə yatmaq onun üçün işgəncədir və o arzulayırdı ki, tezliklə uşağa qalsın, həyatını övladına həsr etsin, cansıxıcı, rəngsiz dunyasına bir məna qatsın. Əri də istədiyi qadınla intim münasibət qursun, bircə ondan bunu istəməsin.
Üçüncü monoloq
Ər-arvad bir-birinə hansı halda xəyanət edir?
Fərz edək ki, ailə qurandan bir müddət sonra cütlükdən biri (ər və ya qadın) hansısa "A" ilə rastlaşanda qəfil anlayır ki, "aman Tanrım, mənim əsl sevgim bu imiş, evliliyim yanlışmış". İndi bunu necə adlandıraq? Xəyanət? O həqiqətən də vurulursa, həyatının anlamını başqa birisində tapırsa, buna xəyanət demək düzdürmü? Siz necə fikirləşirsiniz?
Təklif edirəm ki, bu vəziyyətə uyğun Meril Strip və Robert de Nironun baş rolları paylaşdıqları "Sevgililər" filmini xatırlayaq. Əslində bu hər kəsin yaşaya biləcəyi adi həyat hekayəsidir. Bu sevgi hekayətinin necə baş verdiyinin seyr edən sıravi tamaşaçı həm də bilavasitə onun iştirakçısına çevrilir, detalları öyrənir, sevgililərin yaşantılarını o da yaşayır, nəticədə, hadisəni qəzəblə, emosional deyil, sakit, anlayışla qəbul edir. Prosesi izlədikcə onları qınamır və vəziyyəti xəyanət kimi dəyərləndirmək çətinləşir.
Dördüncü monoloq
Xəyanət nə zaman başlayır?
Məncə, ər və ya arvad xəyalında xoşladığı birisini arzulayırsa, bu artıq xəyanətin başlanğıcıdır. Yox… artıq xəyanət baş verib. Ola bilsin ki, qadının xoşladığı kişi ilə fiziki təmasa cəsarəti çatmır, amma qəlbinini dərinliyində onu arzulayır. Eyni vəziyyəti ərə də şamil etmək olar.
Kim bilir, bəlkə, yataqda hər ikisi arzuladıqları həmin kəsi düşünürlər (axı hər bir insanın heç kəslə paylaşmadığı gizlinləri var) və bəlkə də ömürlərinin sonunadək həmin xəyalla yaşayır, onunla psixoloji rahatlıq tapırlar. İndi mövcud vəziyyəti xəyanət adlandıraq? Qəliz sualdır. Çünki mürəkkəb insan qəlbini mühakimə etmək çox çətindir.
Digər situasiyaya nəzər salaq: evli kişi və ya qadın elə birisilə rastlaşır ki, həyat yoldaşı ilə alınmayan harmoniyanı, ruhi dincliyi onda tapır, ancaq ətrafın rəyinə, qohum qınağına, ictimai statusuna, uşaqlarına görə boşanmır (Azərbaycanda isə bura milli dəyər və sosial asılılıq amilini də aid etmək olar), əvəzində əksər kişilər və bəzi qadınlar ikili həyat sürməkdə davam edir (xüsusən də şərq ölkələrində), kimisi isə tamamilə sevgisindən imtina edib ailəni seçir. Və ya ola da bilər ki, min cürə subyektiv amildən doğan qorxu, qeyri-müəyyənlik, əminsizlik hissi boşanmaya mane olsun.
Fatih Akının "Divara qarşı" dramında mövzu xəyanət olmasa da (film mühafizəkar türk adət-ənənəsi, düşüncəsi məngənəsində əzilən insanın azadlıq, özünü ifadə məsələlərini çözür), finalda qadın sevgilisindən ərinə görə yox, məhz körpəsinə görə imtina etmək məcburiyyətində qalır. Mən qadının imtinasını onun fədakarlığı kimi dəyərləndirirəm.
Dünyayla harmoniyaya can atan, özünün psixoloji labrinitində çıxış yolu arayan obrazları kinoya gətirən, insan qəlbinin usta tədqiqiatçılarından biri İnqmar Berqmanın "Təmas" filmində qadının qərarı yuxardakı dediyim - min cürə subyektiv amildən doğan qorxu, qeyri-müəyyənlik, əminsizlik hissinə identik sayıla bilər.
Normal ailəsi olan qadın arxeoloqa vurulur (mütləq qeyd etməliyəm ki, ailəli olduğu dövrdə qadının arxeoloqa qədər kənar münasibəti olmur) və anlayır ki, onun nizamlı ailə həyatı əslində özünü aldatmadır, o həmişə cansız, sevgisiz mühitdə yaşayıb. Eşq əhvalatı qadının boz həyatında şimşək kimi çaxsa da, tamamilə yeni, gözəl hisslər aşılasa da, qadın sonda əvvəlki həyatına, ərinə qayıdır. O, sevginin ona yenidən məyusluq gətirəcəyindən, onun nə zamansa bitəcəyindən, yeni həyatın qeyri-müəyyən gələcəyindən qorxur.
Berqman isə film haqda deyir: "Hekayənin özəyində mənim üçün son dərəcə intim olan süjet dayanır: sevgililərin gizli həyatı tədricən reallığa çevrilir, reallıq isə irreallağa".
Bəzən ani ehtirasa təslim olan, təsadüfi cinsi akt və ya qısa müddətli eşq yaşayan kişi (və ya qadın) təkrarən öz əvvəlki sevgilisinə (və ya ərinə- arvadına) qayıdır. Qısa münasibətlərdən sonrakı boşluq, ölmüş duyğular xəyanət edən şəxsin - ərinin və ya arvadının onun üçün nə qədər əhəmiyyətli, vacib olduğunu anladır.
Nümunə kimi insan qəlbinin digər tədqiqtaçısı dahi Antonioninin "Yadlaşma" trilogiyasıdan olan "Macəra" filminə müraciət edək. Rejissor flmində - yer üzündə təyinatının nə olduğunu dərk etməyə çalışan insanın tənhalığını, fərdlərin ekzistensional dünyalarını araşdırır.
Ona görə də mövzuya uyğun olaraq diqqəti finala yönəltmək istəyirəm: qadın sevdiyi kişini fahişəylə yataqda tutur. Film qadın gözlərində qeyri müəyyən ifadə, əlini tərrəddülə kişiyə yaxınlaşdırdığı anda bitir. Tamaşaçı üçün isə qaranlıq qalır: qadın onu bağışladımı yoxsa…?
Antonioni digər filmlərdə olduğu kimi "Macəra"da da sonluğun yozumunu tamaşaçının öhdəsinə buraxır.
Finala ən müxtəlif yozumlar edilə bilər. Məsələn, mən beləsini təklif edirəm: qadın bu əlaqəni kişinin ani ehtirası kimi qəbul edir, gecə baş verən intim aktdan sonra kişinin yenidən ona - sevdiyi qadına can atdığını, onu itirəcəyindən qorxduğunu görür, sevgilisinin üzündəki sonsuz əzab ifadəsi və xəcalət hissinə mərhəmətli, anlayışlı qadın təbiəti biganə qala bilmir.
Göründüyü kimi, hər iki ustad rejissor – Berqman və Antonioni qəhrəmanlarını heç bir halda qınaq obyektinə çevirmir, filmlərdə xəyanət bir motiv olaraq əsas götürülmür. Əsas məsələ - insan təbiətini, psixologiyasını analiz etmək, müxtəlif vəziyyətlərdə davranışlarını, reakiyasını aydınlaşdırmaq, dərk etmək, onun nə istədiyini anlamaqdır.
Doğrudan da. Axı, insan təbiəti hansısa riyazi, fiziki qanunlarla quraşdırılmış robot deyil və o özü də bilmir ki, hansı məqamda hansı addımı atacaq. Yəqin ki, onun təbiətinin bir hissəsi olan xəyanətə qarşı mübarizə aparmaq da absurddur, nəticəsizdir.
Əgər kimsə ərinin, arvadının, sevgilisinin ona xəyanət etdiyini bilirsə, məncə, mühakimə etməyə, dərhal qərar verməyə tələsməsin. Soyuqqanlı olsun, Öncə səbəbləri araşdırsın və anlamağa cəhd göstərsin. Bu nə qədər çətin olsa da.