Qeysəriyyə əməliyyatından sonra təbii doğuş etmək mümkündürmü? - HƏKİM RƏYİ

Qeysəriyyə əməliyyatından sonra təbii doğuş etmək mümkündürmü? - HƏKİM RƏYİ


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Qeysəriyyə əməliyyatından sonra təbii doğuş etmək mümkündürmü? - HƏKİM RƏYİ

Qeysəriyyə əməliyyatından sonra təbii doğuş etmək mümkündürmü? - HƏKİM RƏYİ
Son onilliklərdə qeysəriyyə kəsiyi ilə aparılan doğuşların sayı xeyli artıb.
Tibbi göstərişlər istisna olmaqda, bu statistikanın artmasının səbəblərindən biri təbii doğuş ağrısından ehtiyat edən xanımlardır. Bundan əlavə, insanlar arasında belə bir stereotip formalaşıb ki, bir dəfə qeysəriyyə kəsiyi ilə ana olan qadın, sonrakı hamiləliklərini də mütləq eyni şəkildə planlamalıdır. Bu göstərici də, qeysəriyyə əməliyyatlarının sayının çoxalmasına səbəb olub.
Lakin araşdırmamız göstərir ki, bu heç də belə deyil və qeysəriyyə kəsiyindən sonra təbii doğuş etmək müəyyən şərtlər gözlənilməklə mümkündür. Qaynarinfo məsələ ilə bağlı Amerika Birləşmiş Ştatlarının Klivlend klinikasında uzmanlıq təhsili almış, hazırda Baku Medical  Plazanın mama-ginekoloqu, tibb elmləri namizədi Rəxşəndə Aslanova ilə olan müsahibəni sizə təqdim edir.
- Rəxşəndə xanım, qeysəriyyə əməliyyatından sonra təbii yolla uşaq dünyaya gətirmək mümkündürmü?
- Bəli, mümkündür. Əgər hardasa 10 il öncə bu, riskli və hətta mümkünsüz sayılırdısa, hal-hazırda bütün beynəlxalq tibbi təlimatlarda qeysəriyyə sonrası təbii doğuşun həyata keçirilməsi ilə bağlı icazə vardır və ona dair xüsusi göstərişlər tərtib olunub.
- Doktor, dediniz ki, xüsüsi təlimatlar və şərtlər var. Qeysəriyyə sonrası kimlər təbii doğuş edə bilər?
- Elədir. Heç də bütün qeysəriyyə əməliyyatları sonrası təbii yolla uşaq dünyaya gətirmək olmaz. Bununla bağlı beynəlxalq təlimatlar mövcuddur. Amerika Mama-ginekoloqlar Kollecinin (ACOG) təlimatlarına əsasən, təbii doğuş aşağıdakı hallarda mümkündür:
• Əgər qeysəriyyə əməliyyatı zamanı kəsik horizontal şəkildə atılıbsa (klassik QK). Belə ki, T şəkilli qeysəriyyə kəsiyi sonra, təbii doğuş zamanı uşaqlığın yırtılma riski daha çoxdur;
• Uşaqlıqda qeysəriyyə kəsiyi xaricində hər hansı digər əməliyyat aparılmayıbsa (məsələn, miomektamiya intramural);
• Ciddi somatik xəstəliklər yaxud hamiləlik fəsadları yoxdursa (məsələn, cift gəlişi, preeklampsiya diaqnozları və ya uşaqlıqda qiqant ölçülü miomanın olması və s.)
Əlbəttə bütün qeyd olunanalarla yanaşı ən vacib şərt budur ki, doğuş peşəkar həkimlərin çalışdığı və bütün lazımi avadanlıqlarla təchiz olunmuş klinikada planlanmalıdır ki, gözlənilmədən qeysəriyyə əməliyyatın aparılması lazım olarsa, bunu etmək mümkün olsun.
- Ümumiyyətlə, qeysəriyyə sonrası təbii doğuş planlayan xanımlar nəyə diqqət eləməlidirlər?
- Bəzi göstəricilər vardır ki, onlar da qeysəriyyə sonrası təbii doğuşa maneçilik yarada bilərlər. Ona görə əgər pasient qeysəriyyə sonrası təbii doğuş planlayırsa, bəzi göstəricilər nəzarətdə saxlanılmalıdır. Qeysəriyyə sonrası təbii doğuşa mane olan faktorlar bunlardır:
• Hamilənin çəkisi – Əgər hamilə qadının bədən çəki indeksi (BÇİ) əvvəlki qeysəriyyə doğuşundan sonra artıbsa, təbii doğuş ehtimalı azalır. BÇİ 2% artan qadınlarda təbii doğuş etmək ehtimalı 13% aşağı düşür. Ümumiyyətlə, artıq çəki hər bir halda təbii doğuşa mane olan göstəricilərdəndir.
• Körpənin çəkisi – Hamiləliyin son həftələrində körpənin ehtimal olunan çəkisi 4 kq-dan yuxarı görünürsə, bu zaman təbii doğuş məsləhət görülmür. Bu, uşaqlığın yırtılmasına gətirə bilər. Lakin eyni zamanda, bu çəkidə körpənin qeysəriyyə kəsiyi ilə də doğulması uşaqlığın yırtılma ehtimalını artıra bilər. Ona görə də, hamiləlik boyu körpənin çəkisi nəzarətdə saxlanılmalıdır.
• Hamiləlik həftəsi – Əgər ana hamiləliyin 40 və daha yuxarı həftəsindədirsə, qeysəriyyə sonrası təbii doğuş məsləhət görülmür. Adətən hamiləliyin 39-40 həftələrində stimulyasiya etməyi tövsiyə edirik.
• Hamiləliyin erkən planlanması – Əgər bir ana qeysəriyyə sonrası təbii doğuş planlayırsa, bu zaman iki hamiləlik arasında minimum 18 ay fərq olmalıdır. Bu müddət qeysəriyyə əməliyyatından sonra uşaqlığın tam sağalması üçün tələb olunur. Belə ki, əgər əməliyyatdan 6-12 ay müddətində üst tikişlər sağalsa belə, kəsik ətrafı toxumalar ən az 18-24 ay sonra tam bitişir və uşaqlıq elastikliyini bərpa edir.
• Hamilənin yaşı – Yaş faktoru təbii doğuşa mane olan ilk faktor olmasa da, önəmli faktordur. Belə ki, yaşı 35 -dən yuxarı olan qadınların qeysəriyyə sonrası təbii doğuş etmək ehtimalı 40% azalır. Belə ki, yaş artdıqca, qadınlarda uşaqlıq əzələlərinin elastikliyi və möhkəmliyi azalır, bu da həmin qadınlarda təbii doğuş sonrası fəsadlara, hətta uşaqlığın yırtılmasına səbəb ola bilər.
- Təbii doğuşun qeysəriyyə əməliyyatından nə kimi üstünlükləri var?
- Qeysəriyyə sonrası bərpa olunma müddəti təbii doğuşdan daha uzun və daha narahatdır. Bundan başqa, hər bir əməliyyatda olduğu kimi, burada da müəyyən risklərin olma ehtimalı var. Bunlara yüksək qanaxma və ya hətta histerektomiya (uşaqlığın götürülməsi) riski də, əməliyyat sonrası fəsadlar da aid ola bilər. Lakin əlbəttə ki, həkimin səriştəsi də böyük rol oynayır.
Hər bir halda, doğuş üsulu barədə göstəriş həkim tərəfindən pasientlə individual şəkildə görüşdükdən sonra təyin olunmalıdır.

Dostlarınla Paylaş

Saytda 224 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024