Sağılmış ağuz südü - süni qida alternativi

Sağılmış ağuz südü - süni qida alternativi


Tərbiyənin sirri övlada olan hörmətlə başlayır

Sağılmış ağuz südü - süni qida alternativi

Sağılmış ağuz südü - süni qida alternativi
Dünyada artıq bir neçə ölkənin doğuş evlərində istifadə olunan maraqlı bir təcrübə var. Bu prosedur doğuşdan öncə hamilə qadınların ağüz südünü sağaraq saxlamasıdır.
Ağuz südü (həmçinin ona "bulama" da deyirlər) hamiləliyin təxminən 16-cı həftəsindən etibarən qadının döş vəzində formalaşmağa başlayır. Ağuz südü qatı, sarı rəngli, şirəyə bənzər, imuniteti gücləndirən zülallarla zəngin olan maddədir.
UNİCEF və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən körpə ilk 6 ay ərzində yalnız ana südü ilə qidalanmalıdır. Bu tövsiyələrə eyni zamanda körpənin ilk günlərində yalnız ağüz südü ilə bəslənməsi də aiddir.
Ağuz südünün körpənin sağlamlığında, ilkin imunitetin formalaşmasında bu qədər mühüm rol oynadığını bilən təcrübəli mütəxəssislər müasir dövrün şəraitlərinə uyğun olaraq doğuşdan əvvəl ağuz südünün sağılmasını tövsiyə edirlər. Xüsusilə Avstraliya və Yeni Zelandiyada məşhur olan bu prosedur öncə şəkərli diabeti xəstələri olan analara tətbiq edilirdi.
Şəkərli diabeti olan hamilə qadınların təzə doğulan körpələrinin hipoqlikemiya ilə üzləşmə təhlükəsi mövcuddur. Hipoqlikemiya qanda şəkərin normadan az olmasıdır və bu hal körpələrin sağlamlığına təsir edərək onlarda sarılığa səbəb ola bilər.
Əgər ana müəyyən səbəblərə görə körpəsini əmizdirə bilmirsə və uşağın qanında şəkər azlığı müşahidə olunursa, bu halda ona dərhal süni qida verilir. Körpələrə ilkin qida qismində süni qidanın verilməsinin qarşısının almaq məqsədilə bir neçə doğum evi həmin analara ağuz südünü hamiləllik dönəmində sağıb saxlamalarını məsləhət gördülər.
Bu prosedur yeni təcrübədən keçirildiyi üçün bu haqda kifayət qədər  məlumat toplanılmayıbdır. Narahat edən hallardan biri odur ki, hamiləlikdə südün sağılması - döş giləsinin stimulyasiya olunması vaxtından əvvəl doğuşa səbəb ola bilər (ola bilsin ki, olmasın). Gilənin stimulyasiyası nəticəsində qadınlarda doğuş sancıları əmələ başlaya bilər.
Bununla bağlı Melburnda (Avstraliya) maraqlı bir tədqiqat keçirilmişdi. Tədqiqatda 43 34-36 həftə hamiləliyi olan insulin alan şəkərli diabet xəstəsi iştirak edirdi. İştirakçılar arasında olan analar müəyyən meyarlara görə seçilirdi. Bunlar arasında bir döllü hamiləlik, dölün baş gəlişi, öncəki hamiləlik zamanı qanaxmaların olmaması, yəni ümumi patalogiyaların istisnası idi.
Analara ağuz südünün gündə 2 dəfə 10 dəq ərzində sağmağı tövsiyə olunurdu. İlkin südün saxlanılma şəraiti və müddəti izah olunurdu. Bu tədbiri analar körpələrin dünyaya gəlməsinə kimi həyata keçirirdilər. Doğuşdan sonra körpələr ilk olaraq sağılan ağuz südü ilə sonra isə ana südü ilə qidalanırdılar və süni qidanın verilməsinə ehtiyac qalmırdı. Nəticədə bu prosedurun həyata keçirilməsində mənfi və zərərverici faktlar qeyd olunmamışdır. Yalnız sağan hamilə qadınlar sağmayanlara nisbətən 1 həftə daha tez doğuşa girmişdilər. Doğrusu, hətta bu fakt süni qidanın mənfi təsirinə nisbətən o qədər də təhlükə daşımır. Çünki süni qidanın verilməsi, xüsusilə, şəkərli diabeti olan anaların körpələrində şəkər xəstəliyinin yaranma riskini artırır. Tədqiqatçıların fikrinə görə, prosedurun keçirilməsində ciddi və ya qorxulu nəticələrin olmamasına baxmayaraq, iştirak edən anaların sayı kifayət qədər olmamışdı. Bu səbəbdən ağuz südünün sağıb-saxlanılması təcrübəsini hamilə qadınlar arasında tətbiqi və yayılması məsləhət görülmür.
Şəkərli diabet xəstələrindən başqa digər xəstəliklərlə qarşılaşan və bu səbəbdən körpələrini əmizdirə bilməyən neçə-neçə analar var. Digər tərəfdən doğulan körpələrdə də müxtəlif patologiyalar ola bilər (yarıq dodaq, yarıq damaq və s.). Təbii ki, əvvəlcədən sağılan ağuz südü həm ana, həm körpə üçün bir xilas ola bilərdi. Amma vaxtından tez doğuş təhlükəsi aradan qaldırılmır.
Döş giləsinin qıcıqlandırılması nəticəsində oksitosin hormonu ifraz olunur ki, bu hormon uşaqlığın yığılıb boşalmasına səbəb olur. Bu səbəblə həkimlər ağuz südünü sağılmasını təhlükəli hesab edirlər. Amma oksitosin hormonu eyni zamanda cinsi əlaqə, öpmək, qucaqlamaq zamanı da ifraz olunur və bu sadalananlar eyni ilə qadının vaxtından tez doğmasına səbəb ola bilər. Təəssüflər olsun ki, oksitosin hormonunun bu hallarda ağuz südünün sağılmasına nisbətdə daha çox və ya daha az ifraz olması haqqında tədqiqatlar azdır. Ayrı-ayrı tədqiqatlar göstərir ki, orqazm zamanı qadının bədənində daha çox oksitosin hormonu ifraz olunur.
Cek Nyuman "Dr. Jack Newman"s Guide to Breastfeeding" kitabında bununla bağlı maraqlı faktı qeyd edir. Bu sual onları da çox maraqlandırırdı və onlar ağuz südünü sağılma təcrübəsini həyata keçirən Yeni Zelandiya xəstəxanalarının biri ilə əlaqə yaradırlar. Bu xəstəxanada çalışan baş həkim qeyd edir ki, 2005-ci ildən bu təcrübə onlarda həyata keçirilir və o zamandan etibarən onlarda ağuz südünü sağan analar arasında vaxtından əvvəl doğanlar olmamışdır. Bildiyimiz kimi dünyada hamilə qadının hamiləlik dövründə öncəki uşağını əmizdirməsi praktikası mövcuddur. Bu səbəbdən həkim vurğulayır ki, hamiləlik zamanı uşağını gün ərzində bir neçə dəfə əmizdirmək vaxtından tez doğuşa gətirmirsə çıxarmırsa, cəmi bir-iki dəfə bir neçə dəqiqə ağuz südünün sağılması da doğuşa səbəb olmaya bilər.
Dünya səhiyyəsi və analar körpələrə erkən qidalanma qismində süni qidanın verilməsinin qarşını almaq üçün hələ də vasitələr və yollar axtarırlar - kimsə donor ana südündən istifadə edir (bunun üçün klinikalarda xüsusu ana südü bankları mövcuddur), kimsə öncədən ağuz südünü sağıb saxlayır. Bunlar hər bir ananın öz övladına görə, daha dəqiq, onun sağlamlığına görə verdiyi qərardı.
Bu məqamda yenicə ana olmuş bir qadının təəssüflə dediyi sözləri xatırlayıram: "Mən çox çalışdım körpəmə ilkin olaraq südümü verim, amma həkimlər "uşaq acdı" deyərək, mənim icazəm olmadan ona süni qida verdilər. Heyf ki, övladımın bu dünyada daddığı birinci qida süni qida oldu".
Gülarə Rüstəmova
uşaq psixoloqu, əmizdirmə məsləhətçisi

Dostlarınla Paylaş

Saytda 57 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023