Tərbiyənin sirri övlada olan hörmətlə başlayır
"Təzəlikcə evlənmişəm, amma deyəsən, səhv etmişəm"
Bir çarəsiz xanımın hekayəsini təqdim edirik:
"22 yaşındayam. Keçən il sevdiyim və evlənmək istədiyim oğlandan ayrıldım. Ailəm onu heç bir vəchlə istəmirdi, haqsız yerdə təhqir edirdilər və 2 il yarım idi ki, sevgili idik. Amma əlaqəmizi məhv etdilər, bizi problemlərlə bezdirdilər və çox təəssüflər olsun ki, ayrılmaq məcburiyyətində qaldıq.
Ayrıldıqdan 5 gün sonra görücü üsulu ilə mənə elçi gəldilər. Və ailəm çox bəyəndi, həm namizəd, həm də onun ailəsindən xoşları gəlmişdi. Mən isə evlənməyə hazır deyildim. Onunla məcburi görüşdük, buna necə icazə verdiyimi anlamadım, onsuz da ailəmlə münasibətlərim yaxşı deyildi. Evlənməyə bir qurtuluş kimi baxırdım.
Düşünmədən razı oldum. Söz kəsildi, tam 3 ay sonra rəsmi nikaha girdik.
Toy hələ olmadı. Hələ də eyni evdə yaşamırıq. Çünki mən xaricdə qalıram. Telefonla danışdığımız zaman fikirlərimizin çox fərqli olduğunu başa düşürəm.Düşündüklərimin tamamilə əksini söyləyir, ailəsinə daha çox hörmət etməyə məcbur edir, mənə təzyiqlər edir, açıq-saçıq geyinirəmmiş, bir yerdə yaşayandan sonra rəfiqələrimlə bir də görüçməyəcəkmişəm, rəqs etməyəcəkmişəm və s.
O, məndən 9 yaş böyükdür. Daha toy olmamışdan məni gəzməyə apardı. Amma anam yenə problemlər çıxardı. Artıq onun da anamdan xoşu gəlmir. Anamın etdiyi səhvləri başıma vurur.
Ailəmin maddi vəziyyəti yaxşıdır. Amma bizim ikimizin yaşayacağı ayrı bir ev almağa yoldaşımın imkanı çatmır, buna görə də ilk vaxtlar anamgillə bir yerdə yaşamalı olacağıq. O da mənim ailəmlə eyni evdə yaşamaq istəmir, kirayə tutmaq istəyir. Bunların altından necə çıxacağımızı fikirləşmir. Mənə heç nə almır.
Qaynanam da mənimlə yola getmir artıq, məni bəyənmir. Eşitmişəm ki, haqqımda sözlər danışır. "Xaricdən başqa bir qız tapa bilmədi" deyir həmişə. Bu sözündən sonra ondan çox incidim, həmişə məni alçaldırlar. Onunla tanış olduğum üçün peşmanam. Toyumuz olacaq. Bu evliliyin ən çox 1 il davam edəcəyinə inanıram.
Hər şeydən imtina edib qaçmaq, çıxıb getmək istəyirəm. Mənə nə tövsiyə edərsiniz?"