All kinds of food and sweets recipes
Göyərti qutabı (kətə)
Ərzaqlar:
Xəmir üçün:
4-5 st un
1 yumurta
1 ç.q duz
Aparanadək ilıq su
Zövqə görə sarıkök əlavə edə bilərsiniz.
Yuxaları yaymaq üçün: 4-5 x.q un
İç üçün:
10 dəstə göyərti (keşniş, şüyüd, ispanaq, göy soğan, nanə,
sarımsaq, cəfəri, turşəng, kəvər, cincilim və s)
Zövqə görə duz
Qutabın aralarına sürtmək və qızartmaq üçün: quyruq,
kərə ya da bitki yağı
Üstü üçün:
Sumaq (zövqə görə)
Qatıq
Hazırlanması:
Unu bir qaba ələyib duzu səpib ortasına yumurtanı sındırırıq və suyu əlavə edib qaşıqla qarışdırırıq.
Sonra əlimiz ilə normal xəmir yoğururuq.
Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə salafan örtürük qurumasın.
İçliyi hazırlayırıq. Göyərtiləri təmizləyib yuduqdan sonra xırda doğrayırıq. Doğranmış göyərtiyə duz səpib yaxşı qarışdırırıq (ya da göyərtini yuxanın üstünə töküb duzu səpirik).
Kündənin birini götürüb un səpib nazik yuxa yayırıq.
Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.
Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.
Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.
Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun, onda həm yumşaq, həm də dadlı olur.
Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən isidib veririk.
Zövqə görə üstünə sumaq səpib yanında qatıq verə bilərsiniz.
Nuş olsun!