"Qəbələ" 0:3 hesabı ilə uduzacaq komanda deyil" - İdman Xəbərləri "Qəbələ" 0:3 hesabı ilə uduzacaq komanda deyil" - İdman Xəbərləri
Ən yeni idman xəbərləri

"Qəbələ" 0:3 hesabı ilə uduzacaq komanda deyil"

"Qəbələ" 0:3 hesabı ilə uduzacaq komanda deyil"

[18.02.2016]
"Qəbələ" 0:3 hesabı ilə uduzacaq komanda deyil" “Qəbələ”nin hücumçusu Asif Məmmədovun Qol.Az saytına müsahibəsi


- Qış fasiləsi hər komandaya bir cür təsir edir. “Qəbələ”də bu sarıdan vəziyyət necədir? Komandanız fasilədən sonra ilk oyununda gözlənilmədən “Kəpəz”ə böyük hesabla uduzdu, ardından isə iki qələbə qazandınız.

- “Kəpəz”ə məğlubiyyətdən başlamaq istərdim. Həqiqətən də gözlənilməz nəticə oldu. Meydan amilini qeyd etməliyəm. Meydançanın durumu çox pis idi. Gördüyünüz ki, növbəti iki oyunda həm yaxşı çıxış etdik, həm də qələbə qazandıq. Komandamızda problem olsaydı, həmin iki oyunda da uduzardıq. Fasilədə yaxşı hazırlaşmışıq. “İnter”ə səfərdə qalib gəlmək asan iş deyil. Biz bunu bacardıq. Yəni ardıcıl iki qələbə göstərdi ki, “Qəbələ” 0:3 hesabı ilə uduzacaq komanda deyil.

- “Qəbələ”nin məğlubiyyətləri də ardıcıl olur, qələbələri də. Bu tempi saxlaya biləcəksiniz?

- Avroliqa oyunları zamanı bizdə yorğunluq olurdu. Ona görə də müəyyən problemlər yaranırdı. Adətən bu cür problemlər qış fasiləsindən sonra aradan qalxır. İnanıram ki, bu tempi saxlayacağıq.

- Topaz Premyer Liqanın son turunda “Sumqayıt”la oyunda meydana çıxdın. Formandan razısanmı?

- Təlim-məşq toplanışlarında bütün yoxlama oyunlarında özümü yaxşı tərəfdən göstərmişdim. Baş məşqçimiz də bunu nəzərə alır. Görür ki, oyunumda artım var. Tam ideal formamı bərpa edə bilməsəm də, ilk dövrə ilə müqayisədə özümü yaxşı hiss edirəm. Gələcək oyunlarda daha yaxşı olacaq.

- Roman Qriqorçuk xeyli fasilədən sonra sənə şans verdi. Oyundan sonra onunla söhbətin oldu?

- Bəli, çatışmazlıqları dedi. Yaxşı cəhətlərdən də danışdı. Topu yaxşı saxlasaydım, qol vura bilərdim. Bu barədə baş məşqçi də mənimlə danışdı. Bildirdi ki, hesabı 2:0 etmək lazım idi. Mən də fikirləşirəm ki, bir az da artırmalıyam.

- Mövsümün əvvəlində “Qarabağ” və “Qəbələ” çempionluğa ən real namizəd hesab olunurdu. İndi də belə düşünmək olar?

- “Qarabağ” bizdən 10 xal irəlidədir. Bu komanda ilə iki dəfə qarşılaşacağıq. Ancaq biz buna  fikir vermirik. Yaxşı nəticələr qazansaq, ilk pilləyə yüksələ bilərik. Sözsüz ki, “Qarabağ” da xal itirəcək. İki il əvvəl mən “İnter”də oynayanda sonuncu pillədən hara gəlib çıxdığımızı hamı gördü. Mövsümü ikinci yerdə tamamladıq. Hamı deyirdi ki, “İnter” çempionatda qalmaq uğrunda mübarizə aparır. Biz heç kimə fikir vermədik, qələbələrimizi sıraladıq. Birdə gördük ki, çempionluğa oynayırıq. İndi də heç kimə fikir verməməliyik.

- Roman Qriqorçuk hədəfin Çempionlar Liqası olduğunu deyib.

- Çempionatın sonuna çox var. Məncə, çempion ola bilərik. Qarşıda uzun marafon var. 4-5 oyun qalsaydı, çətin olardı.

Ramiq AĞAMƏMMƏDOV



Dostlarınla Paylaş

Saytda 209 nəfər
Tatli.Biz
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2022