Aşıq Ələsgər qoşma ustadı kimi - İnşalar

Aşıq Ələsgər qoşma ustadı kimi - İnşalar


İstədiyinizi inşanı tapıb oxuya bilərsiniz

Aşıq Ələsgər qoşma ustadı kimi


        Azərbaycan aşıq şeirinin ən qüdrətli nümayəndələrindən biri Aşıq Ələsgərdir. Azərbaycan poeziyasının inkişafında, aşıq şeirimizin yeni şəkillərlə zənginləşməsində onun müstəsna rolu və xidməti vardır. Aşıq Ələsgərin insana yüksək zövq bəxş edən incə ruhlu qoşma və gafiyələri aşıq poeziyamızın ən gözəl inciləridir.
        Aşıq Ələsgər zəngin bir irs qoyub getmişdir. Əsasən qoşma, gəraylı, təcnis və müxəmməslərdən ibarət bu ədəbi irs lirik şeirlərdən ibarətdır. Bu şeirlərin bir hissəsi saf və təmiz məhəbbətin tərənnümünə, ikinci hissəsi el gözəllərinin tərifınə, üçüncü hissəsi vətən təbiətinin təsvirinə, dördüncü hissəsi əxlaqi-tərbiyəvi fikirlərin təbliğinə və nəhayət, beşinci hissəsi dövrün ictimai eyiblərinin tənqidinə həsr olunmuşdur.
        Aşıq Ələsgər əsl qoşma ustadıdır. Onun yaradıcılığında qoşma daha böyük üstünlük təşkil edir. Bu qoşmaların böyük bir hissəsi ülvi və təmiz sevgi duyğularının, Azərbaycanın gözəl qız və gəlinlərinin təsvirinə həsr edilmişdir. Hətta belə qoşmaların bir hissəsi el gözəllərinə müraciətlə yazılmış, onların adları qafiyələrdən sonra rədif kimi işlənmişdir. Aşığın «Bəyistan», «Güləndam», «Gülpəri», «Telli», «Sarıköynək» və s. kimi qoşmaları bunun bariz nümunələridir.
        Gözəlləmə adlanan bu şeirlərdə Aşıq Ələsgər çiçək kimi saf, təmiz Azərbaycan qızlarının şuxluğu və zərifliyi, məlahət və incəliyi haqqında söhbət açır. Gözəlin bütün zahiri əlamətlərinin real təsvirini verərək heyranedıcı gözəllik tablosu yaradır:

 
Qabaq ayna - çəkilibdi varağa,
Dodaq qaymaq, gül yapışıb yanağa
Dolanır gözləri canlar almağa,
Şölə salır xanlıq fənəri kimi.

        Gözəlin portretini yaradarkən Ələsgər onu bütün zahiri cizgiləri və gözəlliyin ən xırda detalları ilə təsvir edir. Bu təqdimatda gözəlin təkcə al yanağı, şahmar zülfü, incə beli deyil, hərəkət və əlamətləri, geyimi və bəzək-düzəyi də öz əksini tapır. Aşığın təriflədiyi gül yanaqlı, sərv boylu gözəlin yaraşığı ilə daxili zənginliyi də bir-birinə uyğun gəlir:
 
Nazik barmaqlığı şümşad əllidi,
Ayna qabaqlıdı, siyah tellidi.
Şəkər söhbətlidi, şirin dillidi,
Tuti kimi xoş zəbanım gedibdi.

        Aşıq Ələsgərin qoşmalarının bir qismində əxlaqi-tərbiyəvi fikirlər, mərdlik, igidlik, qəhrəmanlıq, dostluq, mehribanlıq və s. kimi yüksək mənəvi keyfiyyətlər, insani sifətlər təbliğ olunur. Bu şeirlərdə yüksək əxlaqi məziyyətlərdən, igidlik və qəhrəmanlıqdan mücərrəd şəkildə yox, konkret anlayış kimi söhbət açılır, igid və cəsur insanların real səciyyəsi verilir:
 
İgid odur namusunu atmasın,
Dost ölüncə dosta yalan satmasın,
Bir baş ki, ilqara qurban getməsin,
Onu bir qarpıza dəyişmək olar.

        Aşıq Ələsgərin qoşmalarının bir qismində Azərbaycanın füsunkar təbiəti, təbii gözəllikləri tərənnüm olunur. Aşığın belə qoşmalarında doğma yurdun başı qarlı uca dağları, güllü-çiçəkli yaylaqları, saf sulu bulaqları, lalənərgizli yamacları, dibi görünməyən yaşıl meşələri, şaqraq səsli quşdan yüksək bir ustalıqla təsvir olunur, göz önündə əsrarəngız təbiət mənzərələri canlandırılır:
 
Kəkotu, qırxbuğum, qaymaq çiçəyi..
Bənövşə, qantəpər, qızlar örpəyi.
Qoyun mələşməsi, çoban tütəyi
Çəkir uzaqlara xəyalı, yaylaq!

        «Dağlar» rədifli qoşmasında Aşıq Ələsgər vətənin başı göylərə ucalan möhtəşəm dağlarını, bu dağların ilin dörd fəslində dondan-dona girən təbiət mənzərəsini çox böyük ustalıqla yaradır, onları doğma yurdumuzun əyilməzlik simvolu kimi nəzərə çatdırır:
 
Ağ xələt bürünər, zərnişan geyməz,
Heç kəsi dindirib keyfinə dəyməz.
Sərdara söz deməz, şaha baş əyməz,
Qüdrətdən səngərli, qalalı dağlar.

        Aşıq Ələsgərin yaradıcılığında bəzən yaşadığı cəmiyyəti tənqid edən, zülm və istismarı pisləyən qoşmalara da təsadüf olunur. Belə qoşmalarda sənətkar öz zəmanəsində gördüyü sosial ədalətsizlik və qüsurlara qarşı çıxır, hökumət məmurlarının, pristav və naçalniklərin özbaşınalığını, ağaların və bəylərin, qazı və ruhanilərin tamahkarlığını və s. cəhətləri kəskin bir dillə tənqid edir.
        Aşıq Ələsgər qoşmaları Azərbaycan aşıq poeziyasının ən gözəl inciləri, ruhları və zövqləri oxşayan bədii sənət nümunələridir. Bu qoşmalar indi də əsl zövq mənbəyi kimi oxucuların diqqət mərkəzindədir və seviləsevilə oxunur.
Dostlarınla Paylaş

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023