Ana müqəddəs varlıqdır! - İnşalar

Ana müqəddəs varlıqdır! - İnşalar


İstədiyinizi inşanı tapıb oxuya bilərsiniz

Ana müqəddəs varlıqdır!


Heç bir şey qadını analıq sevgisi qədər
gözəlləşdirə bilməz. «Bir ana ürəyi dibində əfv
olan bir uçurumdur.»
                                                      (Balzak)
 
        Ana müqəddəs varlıqdır. Onun ətri dəyən, əli dəyən hər şey gözəldir.
        Ana ağlayanda da ürəkdən ağlayır. Bəzən ən bulanıq ürəklər onun göz yaşları ilə durulur, ən kirli vicdanlar onun göz yaşları ilə yuyulur. Kim bilir, bəlkə də dənizlər göz yaşı olsaydı, buna dözməz, quruyardı...
       Gözləri görməyən, anadangəlmə kor olan bir gənc ana haqqında hisslərini belə ifadə edir: «Eşitdim ki, dünya gözəldir. Günəşin doğuşu da, batışı da dünyaya başqa bir gözəllik bəxş edir. Ancaq mən bu gözəlliklərin heç birini görmədim. Həmişə öz qaranlıq dünyamda yaşadım. Peşman deyiləm. Heç şikayətim da yoxdur. Ancaq ürəyimi yandıran bir şey var. Anam... Kaş bircə dəfə də olsa onu doya-doya görə biləydim. Kaş bircə dəfə də olsa ona baxa biləydim.
        Şəfqətli əlləri ilə saçlarımı oxşayan, beşiyimi yelləyib laylalar oxuyan, mənim üçün gülüb, mənim üçün ağlayan anamı bircə dəfə görməyi nə qədər çox istərdim...»
        Bu yazını oxuyarkən ananın bütün dünyadan, gözəlliklərdən, günəşdən, ay və ulduzlardan, uca dağlardan da gözəl, əzəmətli, əyilməz olduğunu görməmək özü elə dünya işığından məhrum olmaq deməkdir.
       Ana övladı üçün canını qurban verməyə həmişə hazırdır. Ana əlləri övladı üçün həmişə dua ilə qalxar, dua ilə enər, ana dodaqları dua ilə açılar, dua ilə yumular.
       Uca peyğəmbərimiz də «Cənnət anaların ayaqları altındadır» deyib. Bununla da anaların ucalığını, müqəddəsliyinin ölçüsünü göstərir.
       Analarımız bizə hər şeyi öyrədir. O, bizə Allaha inanmağı, başqalarının əməyinə qiymət verməyi, məntiqi düşünməyi, cəsarətliliyi, dayanıqlılığı, paxıllıq etməməyi, gələcəyə ümidlə baxmağı, susmağı, ədaləti ... hər şeyi öyrədir. Nə biliriksə hər şeydə Anaya borcluyuq.
       Ana məhəbbəti kainat qədər sonsuz, həyat qədər şirindir. Dünyada ana qucağından isti bir yer, ana laylasından həzin bir musiqi yoxdur.

 
Yoxsa da dünyanın ucu-bucağı,
Hər yerdən istidir ana qucağı.

        Sənətkarlarımız anaya olan sonsuz məhəbbətini müxtəlif sənət əsərlərində qələmə almışlar. C Cabbarlının «Ana» şeirini xatırlatmaq kifayətdir ki, ana məhəbbətinin müqəddəsliyini tam təsəwür edə biləsən.
 
Ana! Ana!. o adın qarşısında bir qul tək,
Həmişə səcdədə olmaq mənə fəxarətdir.
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.

 
        Ana həyatımızın ən müqəddəs varlığı, ən ülvi canlısıdır. Ana qəlbində idraka sığmayan bir mərdlik, səbir və dözüm vardır. Bu mərdlik və dözümlülük qarşısında, bu ülvi məhəbbət qarşısında biz hamımız baş əyir, səcdə qılırıq.
 
Ana! Bax bu sözün mənası nədir?
Ana! Oda aşiq pərvanədir.
Dolanır başına daim övladın,
Ana müqəddəsdir, o təmiz qadın.

        Ana məhəbbəti bir ümmandır, o övladının xoşbəxtliyi uğrunda bütün əzablara sinə gərir, hər bir çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi ürəyinin yağını əridir.
        Analarımız bizə həyatda əyilməməyi, məğrur olmağı öyrədir. Lakin gəlin hər birimiz həyatda yalnız analarımız qarşısında əyilək, onlara baş əyək, onların qədrini bilək.

 
Dünyada heç bir ana mürgü döyməsin bu an
Qalxsın bütün analar sülh, səadət naminə
Gələcək nəsillərə gözəl həyat naminə.
(N.Rəfibəyli)
Dostlarınla Paylaş

Saytda 82 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023