Gəlinin qırxgünlüyü

Gəlinin qırxgünlüyü


Toydan sonra təzəgəlini gözlə görünən və görünməyən bədxah qüvvələrdən və pis nəzərdən xüsusi qayğı ilə qorumağı tələb edən qırx günlük müddət.

Dədə-baba adətincə, bu müddət ərzində sonsuz gəlin, uşaqları bir-birinin ardınca ölmüş "həmzatlı arvad", qırxı çıxmamış zahı, yas saxlayan qadın və toyu onunla bir gecədə çaldırılmış gəlin qız təzəgəlininlə üz-üzə gəlməməlidirlər. Bu vaxt ərzində o, toy, yas və digər məclislərə getməməlidir, əks təqdirdə gəlin başqasnın "çillə"sinə düşə bilər.

Əski inama görə o, həmçinin ölü, heyvan, axar su, köklü ağac, daş-qaya, yeddi yolayrıcı və s.-dən də çilləyə düçar ola bilər. Odur ki, bu qırxgünlük "çillə" ərzində təzəgəlin özünü hər vəchlə gözləməli, hava qaralandan sonra eşiyə, çölə tək buraxılmamalı, onun tutulmuş dırnaqları və baş tükü yeddi dəfə suya çəkilib əskiyə bükülərək torpağa basdırılmalıdır. Bu tövsiyələrə nəzarət və riayət etmək oğlan yengəsinə tapşırılır.

Qırx gündən sonra, həmçinin Novruz bayramı günü, təzəgəlinin qayınanası onu axar sular kənarına aparıb "çilləsini kəsir", sonra qolundan tutub su üzərindən üç dəfə adladır. Bu zaman təzəgəlin "dərd-azarımı verdim məni istəmiyənlərə" deməlidir. Adət daha çox Astara bölgəsi üçün səciyyəvidir. Digər yerlərdə ona "gəlinin çilləsi", "çillə" deyilir ki, bu da elə "qırx gün" deməkdir.
Cəmi 920 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 199 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024