Sağdış-soldış

Sağdış-soldış


Xalqımızın əski adət-ənənəsinə görə, oğlan və qız evlərindəki toy məclislərində canla-başla iştirak edərək toyun şən və intizamlı keçməsi üçün çalışan, ayrı-ayrılıqda şənliklərdə həm gəlin qız, həm bəy oğlanın sağ və sol tərəflərində əyləşən dörd şəxsə verilən ümumi ad.

Bir para yerlərin qaydasınca, qız sağdışı oğlan tərəfin, qız soldışı isə qız evinin adamı olmalıdır (burada artıq oğlan yengəsinə ehtiyac qalmır).

Bəzi yerlərdə bəy oğlanın toy yoldaşlarının hər ikisi subay olur.

Əslinə qalarsa, buradakı iki sağdış evli bəylə gəlinin daxil olacağı başıbağlılar, yəni arvadlı kişilər və ərli qadınlar zümrəsinin nümayəndəsi olduğu halda, o biri iki nəfər subay soldışlar, oğlanla qızın artıq tərk etdikləri "subaylar cərgəsi"ni təmsil edirlər.

Belə bir mülahizə də var ki, onlar, islam dininə görə insanın sağ və sol çiynində əyləşmiş iki gözəgörünməz qoruyucu mələyin canlı təcəssümüdürlər. Əslində isə, bu dördlüyün toyda iştirakı bəy oğlan və gəlin qızın rahatlığı və təhlükəsizliyi ilə bağlı olan zəruri bir tədbirdir. Əbəs yerə deyildir ki, vaxtilə toy günləri oğlanın "toy yoldaşları", bir adət olaraq, silahlanmışlar.

Bu şəxslər vəzifələrinin icrasına, qayda üzrə, qollarına qırmızı ipək parça bağlayaraq başlar, bütün toy şənlikləri zamanı təzə evlənənlərdən bir an belə ayrılmayıb hər yerdə, hər addımda onları müşayiət edərək qayğısına qalır, qoruyurlar.

Adət-ənənəyə görə, toydan sonrakı bəygörüşünə qədər oğlanın yalnız bu "toy yoldaşları" gəlinlik otağına çəkilmiş təzəbəylə ünsiyyətdə ola bilər, onunla ətraf bağ-bağçaya çıxıb gəzə bilərlər.

Onlar çəkdikləri təmənnasız zəhmətin müqabilində heç bir qarşılıq gözləmirlər. Buna baxmayaraq, toydan sonra oğlan və qız evləri bu dörd "fədakara" xələt verməklə onlara öz razılıq və minnətdarlığını bildirir.

Onların digər adları "bəyyanı", "vəzirlər", "yançılar" (Şəki), "saqqallar"dır. Bu deyimin "sağdöş-soldöş" tələffüz tərzi də mövcuddur.
Cəmi 1200 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 284 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2025