Ramiz Rövşən Bir səhər yuxudan durub

Ramiz Rövşən Bir səhər yuxudan durub


Bir səhər yuxudan durub...

Bir səhər yuxudan durub
Özünü uşaq görəsən.
Görəsən hamı evdədi,
Ölənləri sağ görəsən.

…Qorxasan qaçıb gedələr, -
Tez qapını bağlayasan.
Geri dönüb içəridə
bir təzə qonaq görəsən.

Görəsən ki, qapqaradı
o qonaq başdan ayağa.
Ondan başqa hamısının
üst-başını ağ görəsən.

Pəncərədən içəriyə
dola, dola gün işığı.
İçəridə boş-boşuna
yanan bir çıraq görəsən.

Söndürəsən o çırağı -
hamı birdən yoxa çıxa....
Otaqda bir qara qələm,
bir də ağ vərəq görəsən.
Cəmi 695 nəfər oxuyub
Bəyənən (144) | Bəyənməyən (150)
Dostlarınla Paylaş

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023