Bu qatarın dalınca baxma Ramiz Rövşən

Bu qatarın dalınca baxma Ramiz Rövşən


Bu qatarın dalınca baxma

Məni aldı səndən, getdi bu qatar,
Göydə bircə ovuc tüstüsü qaldı.
Saçında əlimin tumarı qaldı,
Ovcunda əlimin istisi qaldı.

Baxma, bu qatarın dalınca baxma,
Baxma, gözlərini yorunca, baxma.
Qaşların altında cüt yarpaq kimi
Gözlərin saralıb solunca, baxma.

Uzaqdan, yaxından keçər bu qatar,
Gecələr yuxundan keçər bu qatar.
Gülsən, gülüşünü doğrayar, biçər,
Ah çəksən, ahından keçər bu qatar.

Mən getdim, dünya ki qaldı yerində…
Dünyanın payızı, baharı qaldı.
Ovcunda əlimin istisi qaldı,
Saçında əlimin tumarı qaldı.



***


Nə var Allahdan yuxarı?
Nə var qəbirdən aşağı?
Çəkdiyim ahdan yuxarı?
Bildiyim sirdən aşağı?

Niyə günün gündüzündə
Quşlar azır göy üzündə?
Göz yaşları quş gözündən
Tökülür dən-dən aşağı.

Demə, biz ki quş deyilik,
Allaha tanış deyilik...
Ruhum, dur, yığış, gedirik,
Sən yuxarı, mən aşağı...
Cəmi 688 nəfər oxuyub
Bəyənən (152) | Bəyənməyən (142)
Dostlarınla Paylaş

Saytda 85 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024