Güclü dolu yağırdı. Hamı ev-eşiyinə yığışmışdı. Balaca Küçük qaçıb evciyinə girdi. Sonra fikirləşdi: “Bax mən içəridə oturmuşam. Evciyi isə dolu döyəcləyir. Yəqin ki, onu ağrıdır”.
Küçük dama çıxıb evciyin üstündə çətir açdı və dedi:
– Hə, indi hər şey qaydasındadır!
Lakin birdən Küçüyün ağlına yeni bir fikir gəldi: “İndi dolu məni döymür, evciyi də döymür, çətiri isə döyür. Bəs necə olsun?”
– Axmaq Küçük, – deyə pəncərədən baxan Pişik donquldandı. – Sən hamını doludan qorumaq istəyirsən? Amma heç ağlabatan iş görmürsən. Nə etsən də, dolu kimi isə döyəcləyib ağrıdacaq.
Küçük dedi:
– İndi ki belədir, qoy məni ağrıtsın.
Küçük evciyinin damına çıxdı. O çalışırdı ki, dolu dənələri evciyə yox, onun üstünə düşsün.
Nəhayət, dolu kəsildi.
– Sən çox rəhmlisən, – deyə Pişik Küçüyə baxıb nəvazişlə gülümsədi.
– Nə danışırsan? – Küçük etiraz etdi. – Sadəcə, mən istəyirəm ki, hamıya yaxşı olsun.
Cəmi 702 nəfər oxuyub
Bəyənən (136) | Bəyənməyən (147)