Gecələr şeiri Bəxtiyar Vahabzadə

Gecələr şeiri Bəxtiyar Vahabzadə


GECƏLƏR.
Səhərlərim — boyasız, gündüzlərim — qorxusuz
Gecələrim — narahat, gecələrim — yuxusuz.
Başbaşayıq sübhə tək mənimlə fikirlərim,
Gecələrə açılır gizli-gizli sirlərim.

İndi mən qısılmışam gecələrin qoynuna
Boylanıram içimdə gah əvvələ, gah sona.
Gecələr — sığnaq yerim, gecələr — pənah yerim,
Gecələr bir-birilə döyüşən fikirlərim.

İnanardı ağıl da öz içimin səsinə
Şirin xəyallarımın yumşaq mütəkkəsinə
Baş qoyardım bir zaman
Xəyalı gerçək kimi yaşayardım bir zaman.

İndi qurban verməyə hazıram bir yad kimi
Min-min səhərlərimi, min-min gündüzlərimi
Bir anlıq sükutuma, bir yuxusuz gecəmə.
Qəm sükuta dəm tutur, gecələr sükut qəmə.

Allahın bal yuxusu mənə haram gecələr
Sürünürəm gündüzlər, yaşayıram gecələr.
Anam deyərdi: “Oğul, sən gecə doğulmusan
Bəlkə buna görə də gecəquşu olmusan”.

Mən təpədən dırnağa indi səbrəm, dözüməm,
Çoxluğumda başqası, təkliyimdə özüməm.
Verdiyin tənhalığı geri götürmə, Allah,
Gecəmlə həsb-halı mənə çox görmə, Allah.

Mənim mənə ən yaxın sirdaşımdır gecələr,
İçimə damcılayan göz yaşımdır gecələr.
Gecələr sığnaq yerim, gecələr pənah yerim,
Səhərlər açılanda qapanır kirpiklərim.
Öyrəndim gecələrden
Qaranlıq içində mən
Ulduz-ulduz yanmağı,
Özümə qapanmağı, içimə boylanmağı.

Gecələrin sahibi, gündüzlərin quluyam,
Mən gündüzlər adiyəm, gecələrsə uluyam.
Gecələr çiçəklənir söz gülşənim, söz bağım
Gecələrin şahıyam, yoxdur mənim ortağım.

— Bəxtiyar Vahabzadə.
Cəmi 654 nəfər oxuyub
Bəyənən (147) | Bəyənməyən (143)
Dostlarınla Paylaş

Saytda 46 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023