Biz ayrı düşeli

Biz ayrı düşeli


O günlər yuxuydu, yoxsa həqiqət,
Bəlkə bir düyünlü sirr idi, getdi.
O arzu, o ümid, o söz, o söhbət
Dodaqdan süzülən dürr idi, getdi.
Şırşırlar oyandı, çağladı dağlar,
Çiçəklər boylandı, bəzəndi bağlar.
Biz ayrı düşəli bir qərib bahar,
Yanımdan xəbərsiz yeridi, getdi.
Buludlar üfüqə çəkildi lay-lay,
Zəmilər biçildi, buğdalar tay-tay
Biz ayrı düşəli bir alovlu yay
Çölləri, düzləri bürüdü getdi.
Bulaqlar boynunda üşüdü yarpız,
Yarpaqlar, budaqdan endi aramsız.
Biz ayrı düşəli bir yorğun payız,
Sarı çuxasını sürüdü, getdi.
Axdı damcı-damcı buz salxımları,
Sellər yaraladı bürcü, hasarı.
Biz ayrı düşəli bir qışın qarı
Gözümün içində əridi, getdi.
Könlümdə dörd fəslin qəmi, nisgili,
Möhnətin sonu yox, qəmin sahili,
Yetmiş vida ili, ayrılıq ili,
Ömrün günlərinin biriydi, getdi.
Cəmi 1817 nəfər oxuyub
Bəyənən (490) | Bəyənməyən (272)
Dostlarınla Paylaş

Saytda 89 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024