Sən başqa nağılın şəhzadəsisən

Sən başqa nağılın şəhzadəsisən


Elə bil donmuşam... susuram hələ...
Sanki, ürəyimdə qışın buzu var.
Eşqindən nə qalıb gətirim dilə?
Nə qoyub getmisən mənə yadigar?
Yoxsa, ürəyimi itirmişəmmi,
Niyə döyünməyir, niyə vurmayır?
Yoxsa, nə sözüm var, bitirmişəmmi,
İndi lal duyğular məni qınayır?
Daha bəxtimdən də yoxdu gileyim,
Yalançı dünyamla barışmışam mən.
İstəyim qalmayıb yazı gözləyim,
Tufana, borana qarışmışam mən.
Zaman kiçildirmiş hər bir günahı,
Hər dərdə, möhnətə dözmək olurmuş.
Günəşsiz açıram bəzən sabahı,
Ruhsuz da dolanıb gəzmək olurmuş.
Artıq nə gərək var söhbətə, sözə,
Ruhumun, sevgimin ifadəsisən.
Heyif, gələmmirik sənlə üz-üzə -
Sən başqa nağılın şəhzadəsisən.
Cəmi 1963 nəfər oxuyub
Dostlarınla Paylaş

Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023