Qara at - Nağıllar

Qara at - Nağıllar


İstədiyinizi nağılı tapıb oxuya bilərsiniz. Saytımızda yerləşən nağıllar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Qara at

Günlərin bir günündə əyyamı-sabiqdə biri vardı, biri yoxdu. Allahdan başqa heç kəs yoxdu, bir padşah vardı. Günlərin bir günündə padşahın arvadı ölür. Onun ölən arvaddan İbrahim adlı bir oğlu qalır. İndi keçək padşahın ikinci arvadı görək nə edir. Padşahın ikinci arvadından da bir oğlan olur. Padşah buları qoyur dərsə. Bir az müddət dərsə gedib gələndən sora, padşah bir gün qonaqlıq edir. Şərbət paylayırlar.
Padşah əmr verir:
– İlxıdakı atlarımdan yoxsul adamlardan hərəyə bir at versin.
İbrahim dərsdən gəldi. Bir də gördü ki, bir qoca əkinçi yedəyinə almış zil qara bir day aparır. İbrahim qocanı saxladı:
– Dayı, haradan gəlirsən?

Qoca dedi:
– Padşah sağ olmuş, oğlu İbrahimin dərsin qurtardığına söyünüb ilxı atların yoxsullara peşkəş verir. Mən də muncağazı tutdum. Arıq yabıdır.
İbrahim dedi:
– Qoca, bu day sənə əl verməz. Sən gəl dayı mənə ver. Mən də onun əvəzində sənə bir yaxşı atın pulunu verim.
Qocanı İbrahim razı saldı. Qoca İbrahimə dua edə-edə getdi. İbrahim dayı tumarlayıb yedəyinə aldı. Munun üçün atasından bixəbər bir tövlə tikdirdi. Bir neçə gün at bir şey yemədi. İbrahim bir əlində şirni yeyirdi. Qara at şirnini görən kimi kişnəməyə başladı. İbrahim şirnini ata uzatdı, at yedi. Bundan sora İbrahim ata kişmiş verərdi.
Bir gün İbrahimin ögey anası gördü ki, padşah İbrahimi bu oğlanlardan artıq istəyir. Dedi:
– Mən necə edim ki, İbrahimin başını batırım, yoxsa öləndən sora yəqinimdir ki, padşahlıq qalar İbrahimə.
Ögey ana getdi aşpazın yanına, dedi:
– İbrahimin xörəyinə bu zəhəri səpərsən. Əgər bir adama desən başuvu vurdurram.
Günorta İbrahim dərsdən gəldi. Xörək hazırdı. İbrahim xörəyi yeməmişdən qabaq atına baş səkdi. At ağlamağa və ayağını yerə döyməgə başladı. İbrahim dedi:
– Ay heyvan, nə var?
At dilə gəldi:
– İbrahim, sənin bu saat ögey anan xörəyivə zəhər töküb. Amandır yemə get o xörəyi götür bura.
İbrahim evə girdi, xörəyi götürüb atın yanına gəldi. Xörəkdən bir az at üçün atdı. At o saat şişdi. İbrahim xörəgi gizdətdi. Ögey ana bir saat, iki saat gözətlədi, İbrahim ölmədi. Aşpazın üstə getdi:
– Oğlan, məgər xörəgə zəhər atmadın?
Aşpaz dedi:
– Atdım.
– Sabah İbrahimə naharı özüm verəcəgəm.
O biri günorta İbrahim dərsdən gəldi. Bu səfər zəhəri şərbətin içinə tökdülər. At İbrahimə dedi:
– Xörəgi yeyərsən, şərbətdən içməzsən.
İbrahim xörəyi yedi şərbətdən içmədi. İbrahimin analığını od götürdü:
– Ay aman, bu necə sirdir, hər nə var o qara atdadır.
Bir həkim çağırtdırdı. Həkimə dedi:
– Bax başıvı daldan vurdurram, bu sirri açsan. Mən əndəmimə zəfəran çəkərəm. Sən də padşah üçün xəbər yollarsan ki, gərək munun əndamına zil qara atın dərisi çəkilə, bu sarılıqdır.
Padşah üçün xəbər getdi ki, arvadın sarılıqdır. Gərək qara atın dərisi əndamına çəkilə. Padşah əmr etdi:
– Gedin ilxıdakı atlarıma baxın.
İlxıdan qara at tapmadılar. Vəzir dedi:
– Padşah sağ olsun, oğlunun tövləsində bir zil qara day var.
Padşah dedi:
– Bu saat oğlumu çağıtdırın.
İbrahim gəldi, baş əyib oturdu. Padşah dedi:
– Oğlum, anan sarılıq gətirib, gərək qara atın kəsdirəsən, dərisi ona çəkilə.
İbrahim dedi:
– Yaxşı, əmmə mən o ata heç minməmişəm. Görək babam şah Mirzədən qalan yəhəri xəzinədən verəsən, qoyam atın dalına, sora bir çolan vuram.
Padşah razı oldu. Əmr verdi ki, xəzinəni açıb İbrahimə nə istəyir versinlər. İbrahim yəhəri atın dalına qoydu. Qılıncını bağladı. Atına mindi xörək ilə şərbəti padşah üçün yolladı və dedi:
– Sənin arvadın naxoş deyil, o mənim xörəgimə zəhər tökmüşdü, – deyə ata hərəkət verdi.
Qara day qan-qan vururdu. Padşah əmr verir ki, qapıları bağlasınlar, İbrahimi şəhərdən buraxmasınlar. Fərraşdar qapını bağlayınca, İbrahim şəhərdən çıxdı. İbrahim getməkdə ola, padşah hərəmxanaya keçdi. Xidmətçiləri çağırdı, əmr etdi ki, su gətirsinlər. Su gətirdilər.
Sora padşah dedi:
– Munun qolunu silin.
Xidmətçilər azarlının qolunu sildilər. Zəfəran su ilə getdi. Padşah güldü. Əmr etdi ki, arvadı ilə həkimin boynun vursunlar.
İbrahim bir xeylaq getdi, oturdu bir çinar ağacının dibində, atın bağladı. İbrahim gördü ki, bir əjdəha zümrüd quşun balalarını yemək istəyir. İbrahim əjdahanı iki böldü.
Əjdahanın ətindən quşdara verdi. Özü ağacın dibində yatdı. Bu aralıqda zümrüd quşunun anası gəldi. İbrahimi yatmış gördü, dedi:
– A, budur mənim hər il balalarımı yeyən.
Yerdən bir daş götürdü, istədi İbrahimin başına salsın. Zümrüdün balaları çığırışdılar və analarına dedilər:
– Onu öldürmə, o əjdahanı öldürdü, ətindən bizə verdi.
Zümrüd quşu daşı atdı. İbrahim yuxudan ayıldı. Zümrüd dedi:
– Al, balalarımın birini sənə verdim. Sən oları ölümdən qurtarıbsan.
At dil oldu, dedi:
– Al!
İbrahim zümrüd quşunu aldı. Atına mindi yola düşdü. Düz getdi, dərə keçdi, bir meşəyə çatdı. Bir də gördü biri zarıldayır. Zarıltıya tərəf getdi. Bir də gördü ki, bir pələng ayağına ağac batıb naləsi ərşə durur. İbrahim atdan düşdü, pələngin ayağından ağacı çəkdi, əsgi ilə bərk bağladı. Pələng də qoşuldu İbrahimə. İndi İbrahim, zümrüd, pələng yol elədilər. Bir şəhərə çatdılar. Gördü çox qoşun var. İbrahim xəbər aldı:
– Bu qoşun bura nöş yığılıb?
Dedilər:
– Qeyri padşah bizim bu padşahdan ya yeddi ilin bad-xəracın, ya da padşahın gözəl qızı Xurşidi almaq istəyir.
İbrahim şəhərin qırağında durdu. Qara at dedi:
– İbrahim, sən get şəhərə. Belə ki biz sənə gərək olduq, al bu tükümdən yandırarsan, biz gəlib çıxarıq.
İbrahim şəhərə girdi. Qabağına bir qarı çıxdı. İbrahim qarıya dedi:
– Qonaq saxlarsan?
Qarı dedi:
– Kül başıva, sən nə hayda, mən nə hayda? Padşahın qızını aparmağa gəliblər.
İbrahim dedi:
– Az danış, al bu pulu, get mənim üçün dügü al, aş bişir.
Qarı hıqqana-hıqqana getdi, düyü aldı, aş bişirdi. İbrahim xörəyi yedi tükü yandırdı. Qarıya dedi:
– Al bu qızıl da sənin. Mən yatıram, sən get.
Qarı getdi. İbrahim qara ata minib qoşuna həmlə etdi. Birinci zərbədə qoşunu nə qədər dalda oturtdu. İki-üç zərbədə qoşunu yer ilə yeksan etdi. Padşaha xəbər getdi ki:
– Padşah sağ olsun, bir qara atdı oğlan düşmanı qırıb çatdı.
Padşah əmr verdi ki:
– Qara atdını çağırın.
İbrahim üçün xəbər getdi. Tapa bilmədilər. Qoca qarı padşaha dedi:
– Padşah sağ olsun, mənim evimdə bir qərib var, bəlkə elə o olur.
Çünki həmişə evə gələndə əl-qolu qanlı gəlir.
Padşah əmr verdi ki, qocanın qonağını çağırsınlar. İbrahimi gəlib apardılar. Padşah üzün İbrahimə tutdu:
– Xoş gəlmisən oğlan, otur.
İbrahim oturdu. Padşah dedi:
– Gəl sən qal bargahda, mən qızımı sənə verim.
Pərdə quruldu. Xurşidi-aləm gəldi, pərdənin dalında durdu. Qız dedi:
– Ana, bu oğlanı tanıyırsan, bu şah Şonqar padşahın oğludur.
Padşah yeddi gün, yeddi gecə toy elədi. Qızını verdi İbrahimə. İbrahim Xurşidi-aləmi götürüb yeddi qatır qızıl və nə qədər qoşunla atasının vilayətinə çatdı.
Günlərin bir günündə Ağ dev Xurşid-aləmi götürüb qaçdı. İbrahim qara atı minib adaxlısının ardınca getdi. Bir qalaya saldılar. İbrahim qalanı açdı. Öz adaxlısını tapdı. Qara at dedi:
– İbrahim, durma o şüşədəki balığı parçala.
İbrahim balığı parçaladı, ağ dev göydən yerə gəldi. İbrahim Xurşid–aləmi götürüb təzədən yeddi gün, yeddi gecə toy elədi. O gün olsun olmayanlarçın olsun.

Dostlarınla Paylaş

Saytda 53 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023