Məlikməmməd - Nağıllar

Məlikməmməd - Nağıllar


İstədiyinizi nağılı tapıb oxuya bilərsiniz. Saytımızda yerləşən nağıllar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Məlikməmməd

Biri varmış, biri yoxmuş, bir padşah varmış. Bu padşahın da bağında bir alma ağacı varmış. Bu ağac birinci gün çiçək açarmış, ikinci gündə çiçəyini tökərmiş, üçüncü gündə bar verərmiş. Bu almanı hər kəs yesəymiş, on beş yaşında oğlan olarmış.
Padşah hər gün səhər tezdən sübh açılan kimi durub gedərmiş bağa ki, almanı dərib yesin, amma görərmiş ki, alma dərilib. Kor-peşman geri qayıdarmış. Bir gün belə, beş gün belə, axırda padşah təngə gəlib böyük oğlunu yanına çağırdı. Oğul atasının qulluğuna gələn kimi baş endirib dedi:
– Ata, sənə fəda olum, mənə görə qulluq?

Atası dedi:
– Belə də iş olar? Mən padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, almanı oğurlayanı tutasan ki, tənbeh oluna.
Oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürüb dava libasını geyinib bağa getdi.
Oğlan bir saat gözlədi, iki saat gözlədi, sübh alma yetişən vaxt yuxu onu tutdu. Bir zaman ayılıb gördü ki, alma ağacda yoxdu, dərilibdi.
Padşahın böyük oğlu kor-peşman evə qayıtdı. O biri gün padşah ortancıl oğlunu yanına çağırıb dedi:
– Belə də iş olarmı? Mən özüm padşah ola-ola bağımdakı almaya həsrət qalam, heç ondan yeməyəm. Gərək nə təhər olsa, alma oğurlayanı tutasan ki, tənbeh oluna.
Ortancıl oğlan atasının əlindən öpüb çıxdı, ox-kamanını götürdü, dava libasını geyib bağa getdi. Bu da bir saat gözləyib, iki saat gözləyib axırda alma yetişən vaxtı yuxuya gedib yatdı. Bir zaman ayılıb gördü alma dərilib. Kor-peşman evə qayıtdı.
Bu xəbəri padşahın balaca oğlu Məlikməmməd eşitcək, atasının yanına gəldi, ədəblə baş endirib dedi:
– Ata, izn ver, bu səfər də alma ağacının keşiyini mən çəkim.
Atası dedi:
– Səndən böyük qardaşların deyirdilər, alma ağacının keşiyini çəkib oğrunu tutacağıq, amma tuta bilmədilər, kor-peşman geri qayıtdılar. İndi sən gedib nə qayıracaqsan?
Məlikməmməd əl çəkməyib, atasından təvəqqe elədi ki, ona izn versin. Atası çar-naçar izn verdi. Məlikməmməd kefi kök, damağı çağ, qayıdıb öz otağına gəldi. Elə ki gün batdı, axşam oldu, Məlikməmməd qıvraq geyinib ox-kamanını götürüb bağa getdi. O biri qardaşları kimi bir saat gözlədi, iki saat gözlədi, axırda gördü yuxusu gəlir. Xəncərini çıxarıb, barmağının başını yardı, yerinə duz tökdü. Gecə ta səhərə kimi barmağının ağrısından yata bilmədi.
Sübhə yaxın gördü ki, bir gurultu, bir nərilti gəlir, ta nə təhər...
Durub ağacın dalında gizləndi ki, görsün bu nədir. Bir vaxt gördü ki, bir dev gəlir, boyu minarə kimi, adam baxanda bağrı yarılır, elə bilirsən bir dağ qopub gəlir.
Məlikməmməd o saat barmağını dişləyib dedi:
– Aha, almanı aparan bu imiş.
Dev gəlib alma ağacına yaxınlaşanda Məlikməmməd birdən onun başına elə bir qılınc vurdu ki, qılınc zərbdən iki parça olub əlindən yerə düşdü. Dev o saat qayıdıb, nərə çəkə-çəkə qaçdı.
Sabah olan kimi Məlikməmməd almaları yığıb bir məcmeyiyə qoydu, üstünə də bir örtük çəkib atasına apardı. Padşah almaları görcək çox şad oldu.
Məlikməmməd dedi:
– Ay ata, izn ver, qanın iziynən gedib devi öldürüm.
Padşah razı oldu. Məlikməmmədə bir qədər də qoşun verib, o biri oğlanlarını da ona qoşdu və yola saldı. Az gedib, üz gedib, dərə, təpə, düz gedib bir quyuya rast gəldilər. Bildilər ki, dev bu quyuya giribdi.
Quyunun ağzına bir dəyirman daşı qoyulmuşdu. Padşahın oğlanları istədilər daşı götürüb içəri girsinlər. Əvvəl böyük oğlan daşdan yapışdı, nə qədər çalışdı, yerindən tərpədə bilmədi. Ortancıl oğlan irəli yeridi, bu da nə qədər çalışdı daşa gücü çatmadı. Növbə Məlikməmmədə yetişdi.
Bu, daşa yapışdı, bir dəfə güc verib daşı götürdü, kənara atdı. Daşı atandan sonra devin dalınca quyuya girmək lazım idi. Yenə böyük oğlan qabağa yeriyib dedi:
– Gərək məni sallayasınız.
Dedilər:
– Yaxşı.
O saat bir kəndir götürüb, bunun belinə bağladılar, quyuya sallamağa başladılar. Bir az sallamışdılar ki, bərk çığırdı:
– Ay yandım, çəkin!
Padşahın böyük oğlunu quyudan çəkdilər. Ortancıl oğlan qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, devin dalınca gedim.
Yenə razı oldular, kəndiri belinə bağlayıb, onu quyuya salladılar.
Padşahın ortancıl oğlunu da elə bir az quyuya sallamışdılar, quyudan səs gəldi:
– Ay yandım, çəkin!
Yenə çəkdilər.
Axırda növbət Məlikməmmədə yetişdi. Məlikməmməd qabağa yeriyib dedi:
– Məni quyuya sallayın, amma nə qədər yandım desəm, qulaq asmayın.
Məlikməmmədi quyuya sallayanda o da o biri qardaşları kimi çığırmağa başladı:
– Ay yandım, çəkin!
Bu sözlərə qulaq asmadılar. Məlikməmməd bir az aşağı enmişdi, gördü ki, yavaş-yavaş isti azalır. Quyunun tərkinə çatan kimi, bir o yana, bir bu yana baxıb gördü ki, bir yol var. Belindən kəndiri açıb yolnan başladı getməyə. Məlikməmməd az getdi, çox getdi, gedib bir otağa çıxdı. Qapını açıb bir boş otağa girdi, gördü ki, bu otağın içindən də bir qapı var, bu qapını açdı, bir ayrı otağın içində də bir qapı var, bu qapını açdı, bir ayrı otağa girdi. Onun da qapısını açdı... Belə-belə Məlikməmməd yeddinci qapını açdı. Gördü burda taxtın üstündə elə bir nazənin əyləşib ki, yemə, içmə, xətti-xalına gül-camalına tamaşa elə. Qızın dizi üstə bir dev başını qoyub yatmışdı.
Qız Məlikməmmədi görcək dedi:
– Ey cavan, kimsən, nəkarasan? Heyifsən, qaç gizlən. Dev yaralanıb, acığı tutub. Ayılıb, səni bir dəqiqə də sağ qoymayıb yeyəcək.
Məlikməmməd dedi:
– Mən elə bu devi öldürməkdən ötrü bura gəlmişəm. Məlikməmməd xəncərini çıxarıb, devin ayağını dəlməyə başladı. Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub yenə başladı devin ayağını dəlməyə.
Dev gözlərini açıb çığırdı:
– Qoyma, ayağımı milçək yedi.
Üçüncü dəfə Məlikməmməd devin ayağını dələndə dev yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:
– Sənə demirəm ayağımı milçək yedi?!
Bu halda Məlikməmməd yerindən şir kimi sıçrayıb, devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşdilər. Heç biri o birisini yıxa bilmədi. Axırda hər ikisi gücdən düşdü. Dev dedi:
– Hər kəssən, buraya gəlmisən, bir az möhlət ver yatım, sonra yenə güləşərik.
Məlikməmməd razı oldu. Dev başını yenə qızın dizi üstünə qoyub yatdı. Durdu, yenə başladılar güləşməyə. Bu minvalnan yeddi gün, yeddi gecə güləşdilər.
Axırda qız Məlikməmmədə dedi:
– Ey cavan, o taxçada bir şüşə var, bu devin canı o şüşədədi. Onu sındırmasan, devə güc gələ bilməyəcəksən.
Məlikməmməd sıçrayıb taxçadakı şüşəni yerə çırpdı. Şüşənin içindən bir quş çıxıb uçmaq istəyəndə Məlikməmməd o saat onu tutdu. Dev yerindən qalxıb yalvarmağa başladı:
– O quşa dəymə, dünyada nə istəyirsən sənə verim. O quşu öldürmə, o mənim canımdı.
Məlikməmməd qəbul etməyib dedi:
– Mənim elə axtardığım bu idi.
Sonra quşun başını üzüb yerə atdı; haman saat dev gurultu ilə taxtdan düşüb öldü.
Məlikməmməd devi öldürdükdən sonra başını qızın dizinin üstə qoyub doyunca rahat oldu. Bir qədər keçdi, durub o biri otağa keçdi.
Məlikməmməd gördü ki, burda əvvəlkindən də gözəl bir qız oturubdu, bunun da dizi üstə bir dev başını qoyub yatıb. Qız Məlikməmmədi görəndə dedi:
– Ey cavan, yazıqsan, qayıt qaç. İndicə dev oyanar, səni parçapar ça elər.
Məlikməmməd dedi:
– Qorxma, ay, qız, bunu da öldürəcəyəm.
Məlikməmməd qılıncını çıxarıb devin ayağını dəlməyə başladı.
Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd bir az sakit olub, yenə başladı devin ayağını dəlməyə.
Dev gözlərini açıb qıza dedi:
– Qoyma, ayağımı milçək yedi.
Məlikməmməd üçüncü dəfə devin ayağını dələndə, dev yerdən qalxıb qıza bir şapalaq vurdu, dedi:
– Sənə demirəm ayağımı milçək yedi?!
Məlikməmməd yenə sıçrayıb devnən güləşməyə başladı. Bunlar qırx gün, qırx gecə güləşib bir-birini yıxa bilmədilər. Axırda Məlikməmməd devi yuxuya verdi, taxçadakı şüşəni sındırıb quşu tutdu, başını üzən kimi tez gurultuynan yıxılıb öldü.
Məlikməmməd qızın dizi üstə başını qoyub bir az rahat oldu, sonra üçüncü otağa girdi. Burda taxtın üstə bir nazənin sənəm əyləşmişdi ki, o biri qızların ikisindən də gözəl idi. Elə gözəl idi ki, yemə, içmə, xətti-xalına, gül-camalına tamaşa elə.
Məlikməmməd qıza lap ürəkdən aşiq oldu. Qızın da gözü Məlikməmmədə düşdü.
Qız yalvardı ki, ay cavan, heyifsən, qaç gizlən. Dev gəlib səni yeyəcək.
Məlikməmməd qulaq asmayıb bir az oturdu, bir də gördü nə, göy guruldadı, ildırım çaxdı, dağ kimi bir dev gəldi.
Bunlar qırx gün, qırx gecə güləşdilər. Bu devin də canı şüşədə idi.
Məlikməmməd şüşəni cəld götürüb yerə çırpdı, quşun boğazını üzdü, dev öldü.
Məlikməmməd kefi kök, damağı çağ, başını qızın dizi üstə qoyub yatdı.
Məlikməmməd yuxudan duran kimi, qızları başına yığıb, vəzndən yüngül, qiymətdən ağır şeylərdən götürüb quyunun tərkinə gəldi.
Əvvəl böyük qızın belinə kəndir bağladı qardaşları yuxarı çəkdilər, ondan sonra ortancıl qızın. Növbə balaca qıza gələndə qız Məlikməmmədə dedi:
– Qoy əvvəl sənin belinə kəndir bağlayım, yuxarı çəksinlər, sonra da mən çıxaram. Qorxuram qardaşların görərlər ki, mən o birilərdən gözələm, paxıllıqları tuta, kəndiri kəsib, səni quyuya salalar.
Məlikməmməd razı olmadı. Qız dedi:
– İndi ki razı olmursan, barı bu dediklərimə qulaq as. Kəndiri kəsəcəklər, genə quyunun tərkinə düşəcəksən. O vaxt döyüşə-döyüşə iki qoç gələcək; biri ağ, biri qara. Ağ qoç qara qoçu qovacaq, onda atıl min ağ qoçun belinə. Ağ qoçun belinə minən kimi, işıqlı dünyaya çıxacaqsan.
Qara qoca minsən, qaranlıq dünyaya düşəcəksən.
Məlikməmməd qızın sözünə qulaq asandan sonra onun belinə ip bağladı, qızı yuxarı çəkdilər. Kiçik qız quyudan çıxanda qardaşların ağılları başlarından çıxdı, dedilər:
– Bəs Məlikməmməd kiçik qardaş olduğu üçün gözəl qızı özünə götürəcək.
Bunların paxıllığı tutdu, yarı yolda Məlikməmmədin kəndirini kəsdilər. O, şappıltıynan quyunun tərkinə düşdü.
Quyuda Məlikməmməd bikef oturmuşdu. Bir də gördü ki, qız deyən ağ qoçnan qara qoç, budu, döyüşə-döyüşə gəlir. Məlikməmməd o saat sıçrayıb ağ qoçun belinə mindi. Amma qoç bunu qara qoçun belinə tulladı. Qara qoç da Məlikməmmədi götürüb qaranlıq dünyaya apardı.
Burda Məlikməmməd bir ağacın dibinə gəldi. Elə bir az oturmuşdu, gördü bu ağaca bir əjdaha dırmaşır. Əjdaha bir az yuxarı qalxmışdı ki, ağacın başında çoxlu quş balasının səsi gəldi.
Demə, bu ağacda Zümrüd quşunun yuvası var imiş. Bu Zümrüd quşu ha vaxt ki, yumurtadan bala çıxarıb bəslərmiş, balaları böyüyəndə əjdaha gəlib onları yeyərmiş. Zümrüd quşu da bala üzünə həsrət qalarmış. Bu dəfə də əjdaha ağaca dırmaşırdı ki, yenə Zümrüdün balalarını yesin. Məlikməmməd bunu gördü, cəld qılıncını çəkib əjdahanı iki parça elədi. Sonra ağacın dibində yatdı.
Sizə kimdən deyim, Zümrüd quşundan. Zümrüd quşu balalarına dən gətirməyə getmişdi, qayıdıb gələndə ağacın dibində gözünə bir qaraltı dəydi. Quş elə bildi ki, balalarını yeyən bu adamdı. Cəld gedib dimdiyinə bir iri daş aldı, istədi Məlikməmmədin üstünə salsın. Balaları yuvadan çığırışıb qoymadılar, dedilər:
– Bəs əjdaha bizi yemək istəyirdi, bu oğlan əjdahanı öldürüb, canımızı qurtardı.
Zümrüd quşu daşı kənara atıb aşağı endi, qanadlarını Məlikməmmədin üstünə çəkdi.
Məlikməmməd yuxudan ayılıb quşu gördü, çox qorxdu.
Quş dedi:
– Hər kəssən, nəkarasan, qorxma. Mən sənə pislik eləmərəm.
Mən neçə ildi ki, sən öldürdüyün əjdahanın əlindən bala üzünə həsrət idim. İndi sən əjdahanı öldürüb, mənim balalarımı ölümdən qurtardın.
Bu yaxşılığın əvəzində nə istəyirsən?
Məlikməmməd başına gələn qəza-qədəri açıb quşa nağıl elədi, dedi:
– Heç zad istəmirəm, ancaq məni işıqlı dünyaya çıxart.
Zümrüd dedi:
– Onda gərək qırx şaqqa ət, qırx tuluq da su alıb gətirəsən.
Məlikməmməd bilmədi ki, qırx şaqqa əti, qırx tuluq suyu haradan tapsın. Quş Məlikməmmədin bikef olduğunu görüb dedi:
– Ey Məlikməmməd, qırx ağaclıqda bir padşahın ölkəsi var. Bir əjdaha gəlib suyun qabağını kəsib. Nə qədər ərzuman pəhləvanlar gedirsə, onu öldürə bilmir. Yeddi ildi ki, əjdaha suyun qabağını kəsib.
Hər gün bir qız aparıb onun ağzına atırlar. Əjdaha qızı yeyəndə bir az su axır, camaat da su götürür. İndi görürəm, sən qüvvətli pəhləvansan, olsa olsa o əjdahanı da sən öldürə bilərsən. Get, o əjdahanı öldür. Padşahdan qırx şaqqa ət, qırx tuluq su al. Elə ki mən dediklərimə əməl elədin, bu tükümü oda tut, mən hazır olaram, səni işıqlı dünyaya çıxardaram.
Bəli, Məlikməmməd quşdan tükü alıb, yola düşdü. Az getdi, üz getdi, dərə, təpə, düz getdi, gəldi Zümrüd dediyi padşahın ölkəsinə çıxdı. O, gəzə-gəzə bir qarının qapısına gəlib dedi:
– Qarı nənə, Allah qonağı istərsənmi?
Qarı dedi:
– Niyə istəmirəm. Allaha da qurban olum, qonağına da.
Məlikməmməd gördü ki, bütün şəhər əhli qara geyib.
Qarıdan soruşdu:
– Qarı nənə, bu camaat niyə qara geyib?
Qarı dedi:
– Qadan alım, bir əjdaha suyun qabağını kəsib, hər gün onun ağzına bir qız atırıq, qızı yeyənə qədər bir az su axır, biz də götürürük.
Ölkədən qız qurtarıb. Padşahın gözünün ağı-qarası bir qızı var, sabah onu əjdahanın ağzına atacaqlar. Odu ki, camaat qara geyib.
Məlikməmməd axşam qarının evində yatdı. Səhər tezdən əjdahanın yerini qarıdan öyrəndi, ora getdi. Bir də gördü ki, camaat böyükdən-kiçiyə ağlaşa-ağlaşa padşahın qızını suyun qabağına gətirdilər.
Qızı əjdahanın ağzına atmaq istəyəndə Məlikməmməd irəli getdi, qılıncı sivirib, əjdahaya elə bir qılınc vurdu ki, o iki parça oldu. Padşaha muştuluqçu getdi. Təntənə ilə Məlikməmmədi padşahın hüzuruna apardılar. Padşah üzünü Məlikməmmədə tutub dedi:
– Ey oğlan, o əjdaha mənim ərzuman pəhləvanlarımın hamısını yeyib. Sən bizim ölkəni əzabdan qurtardın. İndi gəl padşahlığımı sənə verim, qızımı da al, bütün taxt-tacıma sahib ol.
Məlikməmməd ədəblə gərnuş eləyib dedi:
– Padşah sağ olsun, səndən heç zad istəmirəm. Mənə qırx şaqqa ət, qırx tuluq da su ver, işıqlı dünyaya çıxım.
Padşah əmr elədi, Məlikməmmədə qırx şaqqa ət, qırx tuluq su hazır elədilər. Məlikməmməd şeyləri alandan sonra padşahnan xudahafizləşib kənara çıxdı, Zümrüd verdiyi tükü oda tutdu.
O saat Zümrüd hazır oldu. Əti quşun bir qanadının üstünə qoydu, suyu da birinə. Özü də Zümrüdün belinə mindi, yola düşdülər. Quş göyün üzünə qalxdı, qaranlıq dünyadan uzaqlaşmağa başladılar. Məlikməmməd aşağı baxdı, gördü ki, yer xəlbir kimi görünür. Bir az da qalxdılar. Məlikməmməd bir də baxıb gördü ki, yer lap gözdən itib.
Elə quş havaxt “qa” dedi, Məlikməmməd ətdən verdi, “qu” dedi, sudan verdi. İşıqlı dünyaya bircə mənzil qalmışdı ki, bir şaqqa ət Məlikməmmədin əlindən yerə düşdü, quş “qa” deyəndə Məlikməmməd məəttəl qaldı, bilmədi nə eləsin. Əlacı kəsildi, qılıncı çıxarıb baldırının ətindən kəsib quşun ağzına atdı. Zümrüd quşu gördü ki, bu ət o biri ətlərə oxşamır, çox şirindi. Odu ki, dilinin altına qoydu, yemədi. Axırıncı mənzil də qurtardı. Zümrüd quşu Məlikməmmədi işıqlı dünyaya çıxartdı, qanadının üstündən yerə qoyub dedi:
– Di get.
Məlikməmməd dedi:
– Sən get, mən özüm gedərəm.
Zümrüd dedi:
– Yox, gərək gedəsən.
Məlikməmməd axsaya-axsaya getməyə başladı.
Zümrüd dedi:
– Ey oğlan, səbəb nədi ki, axsayırsan?
Məlikməmməd əhvalatı açıb nağıl elədi dedi:
– Daha nə gizlədim, sənə verdiyim axırıncı ət baldırımın əti idi.
Quş o saat dilinin altından əti çıxardıb Məlikməmmədin baldırına yapışdırdı. Tüpürcəyindən də sürtüb yaxşı elədi. Sonra öz tükündən çıxarıb bir az da Məlikməmmədə verdi, dedi:
– Ha vaxt dara düşsən, bu tükləri yandır, mən o saat gəlib səni dardan qurtararam. Quş sözünü deyib, uçub getdi. Məlikməmməd yavaşyavaş gəlib bir dərzi dükanının qabağına çıxdı, dedi:
– Ay usta, Allah rizasına, məni yanında şəyird saxla.
Ustanın buna yazığı gəlib saxladı. Məlikməmməd yamaq-sökükdən tikirdi, ustasına qulluq eləyirdi. Bir gün adam gəldi ki, padşah böyük oğluna toy eləyir, usta gəlsin, paltar biçsin. Dərzi sevinə-sevinə qayçısını da götürüb padşahın imarətinə getdi. Məlikməmməd bir az oturdu, sonra dükanı bağlayıb bir guşəyə getdi, Zümrüd quşunun tükünü çıxarıb yandırdı. O saat Zümrüd hazır olub dedi:
– Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst sarı paltar, qılınc, qalxan, bir də sarı yel atı gətir.
Zümrüd “baş üstə” – deyib, uçub getdi, bir az çəkmədi ki, Məlikməmməd deyən şeylər hazır oldu. Məlikməmməd paltarları qıvraq geyindi, qılıncını belinə bağladı, qalxanı qoluna taxdı, bir baş atı padşahın evinin qabağına sürdü. Şəhər camaatı, bütün qoşun tamaşaya yığılmışdı.
Padşahın böyük oğlu da at çapırdı.
Məlikməmməd atını meydana salıb bir o başa çapdı, bir bu başa çapdı, sonra qılıncını çıxarıb padşahın böyük oğlunun boynunu vurdu.
Qoşun bir-birinə qarışdı. Camaat bir-birinə dəydi. Hamı Məlikməmmədin dalınca tökülüb onu oxa basdılar. Məlikməmməd atı çapıb yel kimi gözdən itdi. Yenə gəlib dükanı açıb oturdu. Bir azdan sonra dərzi başına döyə-döyə dükana gəldi. Məlikməmməd durub, yalandan ustanın o tərəf-bu tərəfinə keçib dedi:
– Ay usta, qurbanın olum, nə olubdu?
Usta dedi:
– Nə olacaq, padşahın evinin qabağında at çapışında hardansa suya dönmüş sarı paltarlı bir atlı gəldi, bir az o başa, bir az bu başa at çapdı, birdən qılıncını çəkib padşahın oğlunun boynunu vurdu. Dalınca töküldülər, tuta bilmədilər.
Məlikməmməd yalandan bir az heyifsilənib, gedib yerində oturdu.
Aradan bir neçə vaxt da keçdi. Padşahın böyük oğlunun qırxı çıxdı. Bir gün yenə adam gəldi ki, padşah ortancıl oğluna toy eləyir, usta gəlsin paltar biçməyə.
Dərzi sevinə-sevinə qayçısını götürüb yola düşdü. Məlikməmməd də dükanda qaldı. Usta gedəndən sonra Məlikməmməd yenə durub dükanı bağladı. Haman küçəyə gedib, Zümrüdün tükünü yandırdı. O saat Zümrüd hazır olub dedi:
– Mənə görə nə qulluq?
Məlikməmməd dedi:
– Bu saat mənə bir dəst qırmızı paltar, qılınc, qalxan, bir də qırmızı at gətirərsən.
Zümrüd “baş üstə” – deyib, bir dəqiqədə gedib atı, paltarı gətirdi.
Məlikməmməd qıs-qıvraq geyinib padşahın imarətinə tərəf getdi. Orda yenə qoşun, camaat düzülüb padşah oğlunun at çapmağına tamaşa eləyirdilər.
Məlikməmməd atı meydana salıb bir o başa, bir bu başa çapdı, sonra padşahın ortancıl oğlunun başın qılıncnan vurub yerə saldı, qaçdı. Qoşun nə qədər onun dalınca at çapdısa tuta bilmədi, ox atdısa vura bilmədi.
Camaat, qoşun təzədən qara geyib yasa batdı.
Məlikməmməd paltarını dəyişib dükana gəldi. Yenə dərzi başına, gözünə döyə-döyə geri qayıtdı.
Məlikməmməd dedi:
– Ay usta, sənə nə olub ki, elə hər yerə gedəndə başına, gözünə döyə-döyə qayıdırsan?
Usta dedi:
– Mərdimazar, kim idisə, qırmızı paltar bir atlı gəlib padşahın gözünün ağı, qarası bircə oğlu qalmışdı, onun boynunu vurub qaçdı. Dalınca nə qədər töküldülərsə, tuta bilmədilər, ox atdılar, vura bilmədilər.
Bu işdən bir neçə vaxt keçdi, il ötdü, ay, dolandı, günlərin bir günü, yenə ustaynan şəyirdi dükanda oturmuşdu. Birdən şəyird ustasına dedi:
– Dur get, padşaha muştuluq ver ki, balaca oğlunu tapmışam. Usta cavabında dedi:
– Ədə, dəli olmamısan. Padşah deməz ki, balaca oğlum hardadı?
Onda nə cavab verərəm?
Məlikməmməd başına gələn qəza-qədəri açıb dərziyə nağıl elədi.
Dərzi burdan sevinə-sevinə bir baş padşahın evinə getdi. Elə darvazadan içəri girmişdi ki, tələsdiyindən ayağı daşa ilişib yıxıldı. Padşah pəncərədən bunu görüb dedi:
– Yəqin dərzidə bir xəbər nar. Gedin bura gətirin.
Qul-qarabaş tökülüb dərzini padşahın qulluğuna gətirdilər.
Dərzi yetişən kimi, padşaha baş endirib dedi:
– Padşah, sənə fəda olum, muştuluğumu ver, balaca oğlun Məlikməmmədin yerini deyim. Padşah az qaldı özündən getsin, dedi:
– Məlikməmməd quyuda ölübdü. Bəs ölü də dirilərmi? Tez de görüm, bu nə əhvalatdı?
Dərzi dedi:
– Muştuluğumu verməsən, deməyəcəyəm.
Padşah vədə verdi ki, ona özü ağırlıqda qızıl versin.
Dərzi Məlikməmmədin başına gələn qəza-qədəri nağıl elədi.
Padşah dedi:
– Ay məni istəyən, dərziyə xələt!..
Dərziyə o qədər xələt verdilər ki, çəkib apara bilmədi. Vəzir, vəkil tökülüb Məlikməmmədin dalınca getdilər. Padşah oğlunun üzündən, gözündən öpdülər, sonra hamama apardılar, şahzadələrə layiq paltar geyindirib, atasının qulluğuna apardılar. Padşah oğlunu duz kimi yaladı, bağrına basdı.
Məlikməmməd başına gələn əhvalatı atasına nağıl eləyib dedi:
– Ata, meydanda qardaşlarımı öldürən mən idim. Quyuda neçə vaxt devlərlə əlləşib üç qız gətirmişdim. Bəs rəvadırmı, onlar kəndiri kəsib məni quyunun dibinə salsınlar, nişanlımı özlərinə götürsünlər?
Padşah oğlunun alnından öpüb, şükür elədi ki, o sağ-salamatdı.
Böyük qızı vəzirin oğluna, ortancılını vəkilin oğluna, kiçiyini də Məlikməmmədə verdilər. Qırx gün, qırx gecə toy oldu. Onlar yedilər, yerə keçdilər, siz də yeyin, dövrə keçin.

Dostlarınla Paylaş

Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024