Keçəl - Nağıllar

Keçəl - Nağıllar


İstədiyinizi nağılı tapıb oxuya bilərsiniz. Saytımızda yerləşən nağıllar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Keçəl

Günlərin birində bir keçəl varıydı. Bu, kosasaqqal, göy-göz bir tacirə nökərçilik edirdi. Tacir həm xəsis, həm də yaman zalım adam idi. Sabahdan axşama kimi keçəli orda-burda işlədib, axşam bir həfdədən qalma quru əppək qırıxlarını zəhmət haqqı olaraq keçələ verib evlərinə yola salardı. Keçəl quru əppək yeməkdən ağzı yara tökmüşdü.
Yenə bir gün axşam quru çörəyi götürüb evlərinə gələndə, yolda tacirin balaca oğlu keçələ qoşulub onlara gəldi.

Keçəlin bir qoca nənəsi varıydı. Hər axşam keçəlin gətirdiyi əppək qırıxlarını qazana qoyub üstə də su tökərdi ki, bir az yumşalsın. Keçəl lap acmışdı deyə quru əppəyi dişinə çəkib yemək istəyirdi. Əppək o qədər qurumuşdu ki, lap kəltənə dönmüşdü. Odu ki, yazığın dişinin birini çörək sındırdı. Keçəl dişini tutub ufuldadı.
Tacirin oğlu keçəlin üzünə baxıb hırıldaya-hırıldaya deyirdi:
Keçəl-keçəl baniyə,
Mindi quleybaniyə,
Getdi həkimxaniyə,
Həkimxana bağlıdı,
Keçəl başın yağlıdı,
Keçəl deyər vay başım,
Qazanda qaynar aşım.
Keçəlin nənəsi uşağa gözünü ağardıb dedi:
– Ay bala, adam elə deməz. Görmürsənmi keçəlin dişi qırılıb ağrıyır.
Uşağ heç vecinə almayıb dedi:
Keçəl-keçəl noxudu keçəl,
Ayran içər, pişiyi minər,
Kəndə qaçar, divara çıxar.
Bu dəfə də arvad uşağa acıqlandı.
Uşağ hırıldaya-hırıldaya dedi:
– Hə, ay nənə, demək bu noxudu keçəl deyilmiş, onda yəqin ki, daz keçəl olacax.
Uşağ bu dəfə də başladı ki:
Keçəl-keçəl daz keçəl,
Balası pərvaz keçəl,
Keçəlin hindi başı,
Qoduğa mindi başı,
O toyda döyüş oldu,
Bu toyda sındı başı.
Keçəl bu sözləri eşidəndə özünü saxlaya bilmiyib əlindəki quru əppəyi çırpdı tacirin oğlunun başına. O saat uşağın başı qarpız kimi partladı. Ağlaya-ağlaya düz qaçdı dədəsinin yanına.
Keçəl dedi:
– Çəpəl oğlu çəpəl, bax keçəlin başı sınmaz, sənin başın belə partlayar.
Tacir, oğlunun qanı axa-axa gəldiyini görüb dedi:
– Oğlum, səni kim vurdu, başını kim qanına qaltan elədi?
Uşağ dedi:
– Keçəl vurdu.
Tacir qəzəblənib keçəlin dalınca adam göndərdi. Keçəl adamları görüb qaçıb gizləndi. Tacirin adamları gedib xəbər apardılar ki, keçəl qaçıb. Tacir fikirləşdi ki, bu işin üstdən bir neçə gün keçəndən sonra keçəli al dilnən çağırtdırıb, gecə yatanda kilimə sarıyıb o qədər döydürərəm, ölər, aparıb kəndin qırağına ataram. Aradan beş-on gün keçdi. Tacir keçəlin yanına adam göndərdi ki, olan-olub, keçən-keçib, uşağın başı da yaxşı olub, dursun gəlsin yenə işinə. Keçəl başa düşmüşdü ki, tacir ondan intiqam alacax, amma əlacı yox idi, durub getdi.
Bir gün keçəl çox yorulmuşdu deyə axşam evlərinə getməyib, tacirin at tövləsində yatdı. Tacir fürsəti fövtə verməyib öz adamlarından üç nəfər göndərdi ki, gedin keçəli yorğana sarıyıb gətirin yanıma. O saat tacirin adamları keçəli yorğana sarıyıb gətirdilər. Tacir dedi:
– Siz daha gedin, gərək keçəli özüm öldürəm.
Bəli, tacir təpiynən, yumruğnan, gərməşo1 ağacıynan bu yorğana o qədər vurdu ki, yazıx keçəl lap xurdu-xəşil oldu. Tacir elə bildi ki, keçəl öldü. Odu ki, öz-özünə dedi: “Bir az yatım, gözümün hoşunu alım, sonra keçəlin meyidini aparıb gizlədim”. Tacir keçəli döyməkdən o qədər yorulmuşdu ki, elə başını yerə qoyan kimi başladı xorhaxor yatmağa. Yaxşı deyiblər ki, keçəlin canı bərk olar. O, bir təhər yorğanın sarığını açıb, tacirin burnuna bihuşdarı verib onun özünü sarıdı yorğanın içinə. Tacirin paltarını da geyib çıxdı həyətə. Tacirin öz adamlarına yavaşca pıçıldadı ki, gedin keçəli ölüncə vurun. Bəli, üç nəfər adam bu yorğana o qədər təpik vurdu ki, yorğan parça-parça oldu. Bir də baxıb gördülər ki, keçəl nə gəzir, vurduqları elə tacir özüdü. Düz bir həftə tacirin bədəninə təpitmə döşədilər. Tacir ayağa qalxan kimi bir dənə də xoruz rüşvət aparıb darğaya şikayətə getdi. O saat darğa keçəli çağırtdırdı:
– Keçəl, ya gərək yüz manat cərimə verəsən, ya da bir il tacirə müftə işləyəsən, gör hansı sənə sərfədi.
Keçəlin yüz manatı olsaydı heç tacirə nökərçilik eləməzdi. Odu ki, əlacsız qalıb bir il müftə nökərçilik eləməyə razı oldu. Tacir keçəldən lap yanıxlıydı deyə daha bu dəfə onu ev işlərində işlətməyib, öz xırmanına göndərmişdi. Yazıx keçəl səhərdən axşama kimi günün altında ac-susuz işləyirdi. Bir gün keçəl damlarının üstündə oturmuşdu. Bir də gördü ki, tacirin arvadıynan darğa barının dibində söhbət eləyir. Qulax asdı, gördü darğa tacirin arvadına dedi:
– Ay aşna, sabah mən yola qoz tökə-tökə xırmana gedəcəm, sən də bir qazan aş bişir, yerə tökülən qozları yığa-yığa gəlib məni taparsan.
Aşı yeyib sonra keyfə baxarıq.
Keçəl damın üstündən bu sözləri eşitdi. Sabah tezdən durub darğanın yola tökdüyü qozları yığıb, özü işlədiyi xırmanın yoluna düzdü.
Tacirin arvadı bir qazan aş bişirib başladı darğanın yerə tökdüyü qozların iziynən getməyə. Arvad az getdi, çox getdi, bir də gördü ki, qabağına öz nökərləri keçəl çıxdı. Keçəl özünü xamlığa vurub dedi:
– Xanım, hara belə?
Arvad dedi:
– Heç hara, yolu azmışam.
Keçəl dedi:
– Xanım, gəl düzünü de, yolu-zadı azmayıbsan. Əlindəki aşnan gedirsən darğanın yanına, məndən gizlətmə, hamısını bilirəm, acınnan ölürəm, gətir aşı yeyim, yoxsa hamısını ərinə söyləyəcəm.
Arvad gördü ki, keçəl əhvalatın hamısını bilir, dedi:
– Keçəl, al bu aşı da ye, amma bax heç kimə bu haqda bir söz demə.
Keçəl aşı yedi. Qabları da arvada verib yola saldı. Səhər yenə həmən vaxt keçəl damlarının üstünə çıxmışdı. Gördü darğaynan arvad danışırlar. Darğa dedi:
– Adam vədə verib gəlməz? Dünən niyə gəlmədin?
Arvad cavab verdi:
– Vallah yolu azıb, gedib ayrı yerə çıxmışdım.
Darğa dedi:
– Bu gün də yola fındıq tökəcəm, bir qazan dolma bişirib fındıx tökülən yolnan gəlib məni taparsan.
Bəli, keçəl sabah tezdən durub darğanın xırmanına gedən yola tökülən fındıxların hamısını yığıb özü işlədiyi yerə gedən yola düzdü.
Arvad əri evdən gedən kimi tez bir qazan dolma bişirib, darğanın dediyi kimi elədi. Yoldan fındıxları yığa-yığa gəlib çıxdı bir xırmana, baxdı ki, yenə dünənki yerə gəlib çıxıb, istədi geri qayıda, keçəl ot tayasının dalından çıxıb dedi:
– Xanım, Allah mənimkini yetirib, gətir dolmanı.
Arvad istədi geri qayıda. Keçəl dedi:
– İstəyirsən qayıt, onda ərinə deyəcəm.
Arvad üz-gözünü turşulda-turşulda qazanı qoydu keçəlin qabağına.
Keçəl bir oturuma qazanı boşaldıb arvadı yola saldı.
Sabah ertə keçəl çıxdı damlarının üstünə, gördü darğanın qaşqabağı yernən getmiş halda gəldi divarın dibinə, bir azdan arvad da büzüşə-büzüşə gəlib çıxdı. Darğa dedi:
– Aşna, sən heç vədinə doğru çıxmadın. Dünən də gözləməkdən gözümün kökü saraldı. Sabah ərin bazara gedəndə bir südlü aş bişir, mən də bir qarpız alıb gələcəm, oturub yeyib, sonra da keyf çəkərik. Sabah açılan kimi keçəl işə getməyib küçədəki tövlənin küncündə gizləndi. Günortaya yaxın gördü ki, darğa gəldi tacirin arvadının yanına, içəri girib yenicə qapını bağlamışdılar ki, birdən keçəl qapını döydü. Arvad tez darğanı yük yerində gizlətdi, südlü aşnan qarpızı da taxçaya qoyub üstünü örtdü. Sonra qapını açıb dedi:
– Ay keçəl, yenə nə var bu vaxtı gəlibsən? Niyə gedib işləmirsən?
Yaxşı, tacir gələr, mən ona deyərəm, sənin vayını verər.
Keçəl dedi:
– Xanım, artıx-əskik danışma, acam, gətir südlü aşnan qarpızı qoy ortalığa yeyim, gedim.
Arvad dedi:
– Keçəl, sən dəli olubsan! Nə qarpız?
Keçəl dedi:
– Xanım, mən heç nə bilmirəm, dediyim şeyləri gətirməsən, deyəcəm darğanı da çıxart.
Arvad gördü bu lap noxudu keçəldi, hər şeyi bilir. Odu ki, darğanı da yükdən çıxartdı, başladılar südlü aşı yedilər. Yeyib qurtarandan sonra keçəl dedi:
– Darğa, yadındadırmı tacir sənin yanına məndən şikayətə gələndə sən mənə yüz manat cərimə kəsdin. Mənim bir quruşum da yox idi. Odu ki, bir ildi tacirə müftə işləyirəm. İndi gərək yüz manat verəsən, verməsən bütün kələklərini açacam, camaat içində biabır olacaxsan. Darğa gördü keçəlnən bacarmayacax, çıxardıb yüz manat verib kor-peşman getdi. Darğa gedəndən sonra keçəl arvada dedi:
– Xanım, o öz payını verdi, sən də yüz manat verməsən işin şuluxdu.
Arvad da əlacsız qalıb ərinin sandıxdakı pullarından yüz manat çıxardıb keçələ verdi. Arvad keçəlin əlindən çox yanıxlı idi. Odu ki, axşam əri evə gələndə dedi:
– A kişi, hardansa keçəlin əlinə çoxlu pul keçib. Gəl bir gələk qur, pullarını əlimnən alax.
Arvadının bu sözü tacirin xoşuna gəldi. Axşam tacir keçəli yanında oturdub dedi:
– Keçəl, mən görürəm sən yaxşı oğlansan, istəyirəm bir az pul qazanasan.
Gəl hərəmiz bir yalan söz danışax, kimin yalanı böyük olsa o, o birinə yüz tümən pul versin.
Keçəl dedi:
– Ağa tacir, mən razıyam, amma gərək bu şərtimiz haqqında mənə bir qəbiz verəsən.
Tacir bir qəbiz yazıb barmağını da zəfərana batırıb, qəbizin altına basdı. Keçəl qəbizi cibinə qoyub dedi:
– Ağa tacir, başla yalanını de. Tacir dedi:
– Mənim babamın bir uzun yabası varıymış. O qədər yekəymiş ki, bu dünyada onu qoymağa elə yekə tövlə yoxiymiş. Bircə yeddinci göydə bir tövlə varıymış ki, babam yabanı ora qoyarmış.
Keçəl dedi:
– Elə bu?.. Mənim babam tısbağaya minib düz yeddinci göyə çıxıb, orada bir qarışqanın belində elə böyük bir tövlə tikibmiş ki, bütün dünyadakı yekə yabaları orda saxlayarlarmış. Rəhmətlik sənin baban da elə öz yabasını orda saxlarmış. İndi sən bax gör ki, mənim babamın tövləsi nə yekəlikdəymiş ki, elə yabaların yüzünü tuturmuş. Tacir gördü ki, keçələ uduzub, başladı dəbbələməyə ki, elə ikimizin də yalanımız balacadı. Mübahisə o qədər qızışdı ki, bunlar darğanın yanına şikayətə getdilər. Keçəl əhvalatı darğaya danışıb tacirin verdiyi qəbizi də göstərdi.
Bir dəfə tacir darğaya xoruz gətirmişdi deyə başladı xoruzdan söhbət açmağa ki, yenə rüşvət verəcəm, işi mənim xeyrimə kəs. Darğanın keçəlin yanında sirri var idi deyə tacirə başını bulayıb dedi:
– Tacir, bu sən deyən keçəllərdən deyil, buna noxudu keçəl deyərlər, dinməz-söyləməz gətir yüz tüməni ver.
Tacir sabaha qədər möhlət alıb getdi evə, əhvalatı arvadına söyləyib dedi:
– Arvad, sabah keçəl gəlib pulu istəsə, deyərsən tacir ölüb.
Sabah gejdən keçəl tacirin qapısına gəlib arvadına dedi:
– Xanım, tacirə de ki, mənim yüz tümənimi versin!
Arvad dedi:
– Ay keçəl, tacir dünənnən ölüb.
Keçəl dedi:
– Boy yazıx tacir, o mənə vəsiyyət eləmişdi ki, öləndə onu mən yuyum.
Keçəl üz-gözünü büzüb içəri girdi. Gördü tacir lüt, anadangəlmə taxtanın üstündə uzanıb yatıb. Tez ocağa bir qazan su qoyub qaynatdı.
Arvad o biri evə keçəndə, qaynar suyu tacirin təpəsindən töküb başladı yumağa, tacir qışqırıb yerindən qalxdı. Keçəl tırınqı çalıb başladı oynamağa ki:
– Mən gəlməsəydim ağam ölüb getmişdi, onu mən diriltdim. İndi gərək mənə yüz tümən də artıx verə.
Tacir gördü ki, keçəlnən bacarmayacax, əlacsız qalıb keçələ yüz tümən verdi. Keçəl pulları gətirib nənəsinə verib dedi:
– Nənə, al bu pulları bir yaxşı imarət tikdir, bir az da şeydən-meydən al, mən evlənmək istəyirəm.
Qarı dedi:
– Ay bala, kimi alırsan?
Keçəl dedi:
– Nənə, mənim çantama bir az çörək qoy, səfərə çıxıb özümə bir yaxşı qız tapacam.
Arvad keçəlin çantasına bir az çörəknən soğan qoydu. Keçəl nənəsilə xudahafizləşib başladı getməyə. Az getdi, çox getdi, iynə yarım yol getdi, gəlib çıxdı bir meşəyə. Çox yorulmuşdu. Üstübaşı da toztorpağa batmışdı. Bir də gördü ki, qabağına bir bulax çıxdı. O saat soyunub bulağın gözündə çimdi. Sudan çıxıb paltarını geyinəndə gördü ki, bir tük tapılmayan başında indi o qədər tük var ki, heç deyiləsi deyil. Tez üzünü bulağın suyuna tutub öz şəklinə baxdı. Keçəl öz gözlərinə inanmadı. Keçəl elə bir gözəl oğlan olmuşdu ki, üzünə baxan deyərdi bir də baxım. Keçəl bu sudan doyunca bir də içib yol başladı getməyə. Qaranlıx düşmüşdü. Meşədə göz-gözü görmürdü. Keçəl gördü uzaxdan bir işıx gəlir. Düz işığı tutub ora getdi. Çatıb gördü ki, bir mağara kimi yerdi. İşıx ordan gəlir. Özünü verdi işıx gələn yerə.
Mağaranın içiynən o qədər getdi ki, axırda bir otağa rast gəldi. Qapının ağzında bir ifritə qarı oturmuşdu. İfritə keçəli görən kimi dedi:
– Ey bəni-insan, anan sənin matəmində dursun, yaxşı oldu gəldin.
Mənim yeddi div oğlum var, indi gəlib məndən yemək istəyəcəklər.
Onlar gələnətən səni bişirib hazırlaram.
Keçəl dedi:
– Ey qarı, nə o yan, bu yan danışırsan? Sənin oğlanlarından qorxan kimdi?
Qarı başladı təndiri çathaçat qalamağa ki, Əhmədi, yəni keçəli odda bişirsin. Əhməd qarının dalından xəlvətcə bir təpik vurub saldı təndirə, ağzına da bir yekə dəyirman daşı qoydu. Qarı çığıra-çığıra təndirdə yanıb kül oldu. Elə bu vaxt birdən göy guruldadı, ildırım çaxdı, ağ dumanın içindən yeddi ağ div çıxıb gəldi. Divlər evə girib dedilər:
– Hanı anamız, evdən adam-badam iyisi gəlir, yağlı badam iyisi gəlir.
Keçəl gördü gizlənməynən canını qurtara bilməyəcək. Yükün dalından çıxıb dedi:
– Ey divlər, sizin ananız getdi bulaxdan su gətirməyə, mənə dedi ki, oğlanlarım gələndə de ki, bura yeddi düşmən gələcək, onları öldürmək üçün oğlanlarım gərək yeddi dəyirman daşını çıxardıb damın üstünə qoysunlar. Düşmənlər gəlib evə girəndə başlarına salıb hamısını öldürsünlər.
Divlər keçəlin sözünə inanıb yeddi dəyirman daşını damın lap qırağına qoydular.
Keçəl dedi:
– Ay divlər, indi gəlin bir yoxlayım görüm bu daşlar sizə kar eləyərmi?
Divlərin böyük qardaşı dedi:
– Sən nə cür biləcəksən ki, bu daşlar bizə nə cür kar eləyir?
Keçəl dedi:
– Siz hamınız baş-başa verib qapının ağzında dayanın, mən çıxıb damın üsdünnən o daşların birini salım sizin başınıza, əgər sizə kar eləsə, düşmənlərinizə də kar eləyər. Yaxşı deyiblər, divlər axmaq olar. Bu sözə inanıb yeddisi də başbaşa dəyirman daşının altında durdular. Keçəl çıxıb dəyirman daşlarının yeddisini də itələyib saldı divlərin başına, hamısının beyni qatıx kimi olub yapışdı yerə. Keçəl damnan aşağı düşüb gördü divlər cəhənnəmə vasil olublar. Başladı otaxları gəzməyə. Gəlib bir otağa çıxdı, gördü bir gözəl qızı saçından asıblar, tez onun saçını açıb qızı yerə qoydu. Baxdı ki, bu elə gözəl qızdı, yemə-içmə xətti-xalına, gül camalına tamaşa elə. Bir könüldən min könülə bu qıza aşiq oldu. Hər ikisi sözləşib divlərin ləl-cavahiratından, qızılından xeyli götürüb gəldilər keçəlin evinə. Keçəl başına gələn əhvalatın hamısını nənəsinə söylədi. Elə həmin gün keçəl toy tədarükü gördü. Qonşularında bir xəsis molla olurdu. Çoxlu qoyunu vardı. Keçəl fikirləşdi ki, bir də uzağa gedincə elə mollanın qoyunlarından alsam yaxşıdı. Odu ki, gəlib mollanın qapısını döyüb dedi:
– Molla əmi, sabah bir xeyir işimiz var. Qoyunlarının birini mənə satarsanmı?
Molla dedi:
– Sataram, əgər qiymətini verə bilsən.
Molla iki abbasılıq qoyunu üç tümənə dedi. Keçəl dinməz-söyləməz razı oldu. Keçəl qoyunu qabağına qatıb yola düşdü. Bir-iki addım getməmiş, molla tez fikrini dəyişdi:
– Sən məni aldadıb qoyunu ucuz alıbsan, qoyunun qiyməti beş tüməndi. Keçəl bu dəfə də dinməz-söyləməz razı oldu. Keçəl bir az getmişdi ki, molla yenə peşiman oldu, keçəli geri çağırıb dedi:
– Aşna, sən məni aldadıb qoyunu yaman ucuz aldın. Gərək qoyunun içalatını da mənə verəsən, həm də sabah iki mollaynan sizə bozartma yeməyə gələcəyik.
Keçəl buna da razı oldu. Amma ürəyində öz-özünə dedi: “Yaxşı, ay molla, əvəzini çıxaram”. Molla arvadını çağırıb dedi:
– Arvad, bu gün ölü yeri olmadısa da, amma yaman qazanmışam.
İki abbasılıq qoyunu beş tümənə satmışam, həm də içalatını bizə verəcək. Sabah yeməyimizi də müftə salmışam. Keçələ demişəm ki, sabah iki mollaynan sizə bozartma yeməyə gələcəm. İndi dur mənim köhnə paltarımnan birini gey əyninə, üz-gözünə də qoyunun tükündən bığ-saqqal qayır, ol molla. Arvad dedi:
– A kişi, sonra başa düşərlər, biabır olarıx.
Qərəz, molla əl çəkmədi. Sabah tezdən arvad ərinin arxalığın, çuxasın geyib, başına da bir motal papax qoydu, qoyun tükünnən də bir bığsaqqal qayırıb üzünə yapışdırdı. Düz gəldilər keçəlin evinə. Molla arvadıynan yuxarı başda, dizi üstə oturub başladı təsbeh çevirməyə.
Keçəl baxıb gördü ki, molla öz arvadına kişi paltarı geydirib, özgə adam əvəzinə gətirib. Keçəl öz-özünə ürəyində dedi: “Yaxşı, ay molla, sən ki, mənə kələk qurursan, gör sənə necə kələk gələcəm”.
Keçəl dedi:
– Molla əmi, sənin əslin-zatın bizə məlumdu. Amma yanında gətirdiyini tanımırıq.
Molla dedi:
– Bunun da əsli-zatı molladı, özü də qardaşım oğludu.
Keçəl dedi:
– Bəs indiyə kimi hardaydı? Biz heç onu mollalar içində, camaat arasında, xeyirdə-şərdə görməmişik.
Molla bir az qızarıb-bozarandan sonra saqqalını tumarlaya-tumarlaya dedi:
– Məkkəyə oxumağa getmişdi. Elə yenicə gəlib.
Keçəl bu sözü eşidən kimi mollanın arvadını qucaxlayıb başladı üzünnən-gözünnən öpüb duz kimi yalamağa.
Molla dedi:
– Keçəl, nə qayırırsan?
Keçəl dedi:
– Molla əmi, sənin qardaşın oğlu Məkkədən yenicə gəlib, onu ziyarət eləmək savabdı.
Molla qıpqırmızı qızarıb pula dönmüşdü. Amma dinə bilmirdi.
Aradan bir az keçəndən sonra keçəl təzədən arvadı qucaxlayıb marçamar ç elə öpdü ki, gəl görəsən. Molla bu dəfə özünü saxlaya bilmədi, əbasının ətəyini o tərəf, bu tərəfə çəkdi, dizi üstə qalxdı, boğazını arıtdı, acıxlı-acıxlı dedi:
– Ay keçəl, görürsən ki, gədə hələ uşağdı.
Molla ayağa qalxdı ki, arvadını götürüb getsin. Keçəl qoymadı, arvadın əlindən tutub dedi:
– Molla əmi, sənin qardaşın oğlu, ya mənim qardaşım, fərqi yoxdu.
Bu gecə qardaşın oğlu mənə qonaxdı.
Mollanı od götürdü. Başladı keçəllə dalaşmağa. Keçəl mollanı itələyib qapıdan eşiyə atdı. Molla nə qədər elədi, keçəl arvadı vermədi.
Axırda dedi:
– Ay keçəl, nə istəyirsən verim, mənim qardaşım oğlunu qaytar özümə.
Keçəl dedi:
– Molla, yüz tümən verməsən bu iş düzələn deyil.
Molla çox boğaz döyüşü saldı, gördü bir faydası yoxdu.
Əlacsız qalıb keçələ yüz tümən verib arvadını zornan aldı. Keçəl yüz tüməni də toydakı adamlara paylayıb, sabaha kimi keyf elədilər.
Keçəl gətirdiyi qızı alıb rahat ömür keçirdi. Onlar yeyib-içib yerə keçdilər, siz də yeyin-için, sağ-salamat olun.

Dostlarınla Paylaş

Saytda 202 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024