Soltan İbrahim ("Xan-xanı-çin oğlu soltan İbrahimin nağılı") - Nağıllar

Soltan İbrahim ("Xan-xanı-çin oğlu soltan İbrahimin nağılı") - Nağıllar


İstədiyinizi nağılı tapıb oxuya bilərsiniz. Saytımızda yerləşən nağıllar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Soltan İbrahim ("Xan-xanı-çin oğlu soltan İbrahimin nağılı")

Biri varıdı, biri yoxudu, Ənuşiravan adında bir padşah varıdı. Günlərin bir günündə padşah öz taxtı-səltənətində oturmuşdu. Birdən gözü aynaya sataşdı. Gördü ki, saqqalına dən düşüb. Ənuşiravanı fikir götürdü, öz-özünə dedi:
– Dövlət var, mal var, can gedir. Sabah ölsəm, yerimdə kim padşahlıq eləyib dövlətimə sahib olacaq?
Ənuşiravanı fikir götürdü, çünki onun heç evladı olmurdu. Gecəgündüz peşəsi ağlayıb sıtqayıb, Allaha yalvarmaqdı ki, bəlkə Allah buna bir evlad verə. Bu dəmdə qapı döyüldü. Fərraşlardan birisi gəlib, baş əyib dedi:
– Qibleyi-aləm, abid yanına gəlmək istəyir.
Padşah dedi:
– Buraxın, gəlsin.

Abid baş əydi, ədəb-salamını yerinə yetirdi. Padşah onu yanında oturtdu. Abid gördü ki, padşah özündə-sözündə deyil. Abid dedi:
– Qibleyi-aləm sağ olsun, nə olub ki, belə pərişansan?
Ənuşiravan dedi:
– Mən onun üçün pərişanam ki, saqqalıma dən düşüb, oğul-uşaqdan da heç bir şeyim yoxdu.
Abid dedi:
– Qibleyi-aləm, sənə bir alma verim, elə ki, axşam oldu, hərəmxanaya get. Almanı iki bölüb yarısını baş hərəminə ver, yarısını da özün ye. Amma sənnən bir şərt bağlayıram, elə ki, oğlun və ya qızın oldu, ad qoyan günü məni çağır, gərək ona adı mən qoyam.
Abid sözün tamam eləyib, durub baş əyib getdi. Ənuşiravan durub gəldi hərəmxanaya. Baş hərəmiynən almanı bölüb yedi.
Nağıllarda vaxt tez başa gələr. Doqquz ay tamam oldu. Bunun bir qızı oldu ki, dünya gözəli. Padşaha xəbər gəldi ki, bəs sənin qızın olub.
Padşah bir şadlıq elədi ki, gəl görəsən. Məclis çağırıb dedi:
– Qızıma ad qoyacağam.
Amma bir neçə kəlmə abiddən eşit. Ənuşiravanın başı o qədər qızışmışdı ki, abid yaddan çıxmışdı. Axşam oldu məclis düzəldi. Bu dəmdə qapı döyüldü, fərraşlardan biri gəlib baş əyib dedi:
– Qibleyi-aləm sağ olsun, abid gəlir.
Ənuşiravan şah barmağını dişləyib dedi:
– Ay dad, kişi yaddan çıxıb!
Əmr elədi ki, tez abidi içəri buraxsınlar. Abid gəlib gördü ki, məclis cəmdi. Üzünü Ənuşiravan padşaha tutub dedi:
– Mən demədimmi, oğlun oldu, qızın oldu, məni çağır ad qoyum?
Ənuşiravan başını aşağı salıb dedi:
– Bu dəfə gərək bağışlayasan.
Abid qıza ad qoyub dedi:
– Qibleyi-aləm, sənin qızının adını Nuşapəri xanım qoydum. Qibleyialəm sağ olsun, eşit və agah ol, sənin bu qızının üç qıranı (İki bəxt ulduzunun bir bürcdə birləşməsi. Əski etiqada görə, bəxt üçün bu an ən qorxulu andır) var. Biri on iki yaşında, biri on dörd yaşında, lap axırıncısı da, padşah sağ olsun, on altı yaşındadı. Əgər bu qıranlardan sağ-salamat qurtardı, Nuşapəri oldu sənin qızın. Vay onda ki, çıxa bilməyə, dadın heç yerə çatmaz. Sözünü deyib, abid Ənuşiravannan xudahafizləşdi. Bəli, abid getməkdə olsun, xəbəri sənə kimdən verim, Nuşapəri xanımdan.
Qız böyüyüb doldu yaşa. Elçi elçi dalınca gəlirdi, atası qızını heç kimə vermirdi, deyirdi:
– Vay o adama ki, mənim qızım üçün elçi göndərə. Elçisinin də, özünün də boynunu vurduracağam. Qızım kimi istəsə ona gedəcək.
Ərə getmək ixtiyarı Nuşapəriyə verilmişdi. Belə ki, qız hər gün pəncərədən çıxıb baxırdı, görürdü ki, arzuman pəhləvanlar boynunu burub onun intizarındadılar. Uzaq-yaxın şəhərlərdən bu qızın gözəlliyini eşidən pəhləvanlar toplanıb, Nuşapəri xanımın qapısında boynunu burub dayanırdılar ki, bəlkə qız bunların birinə gedə. Bunlar burda qalmaqda olsunlar, sənə xəbər verim Xan-Xani-Çinin sövdəgərindən. (Alış-veriş deməkdir) Xan-Xani-Çinin sövdəgərinin güzarı düşdü bu şəhərə. Gəlib alverini eləyib getmək istəyirdi ki, yolu Nuşapəri xanımın evinin qapısından düşdü. Gördü ki, bura o qədər adam yığılıb ki, ağac atsan yerə düşməz. Tacir birinə yan alıb soruşdu ki, nə var, nə olub, bu qapıya niyə yığışmısız?
Adam cavab verdi:
– Məgər bilmirsən ki, Ənuşiravanın qızı Nuşapəri xanım bu saat pəncərəyə çıxıb kimi bəyənsə, ona gedəcək.
Tacir dedi:
– İndi ki, belə oldu, qoy mən dayanım, görüm bu necə əhvalatdı.
Vaxt gəldi başa, Nuşapəri xanım pəncərəni açıb çıxdı adamlara baxmağa. Heç biri ürəyinə yatmadı. Xəbəri kimdən verim, tacirdən.
Tacir tez bir nəfər nəqqaş tapıb dedi:
– Bu qızın şəklini çək, sənə iki yüz tümən verim, amma necə ki, var, elə çək, nə artıq olsun, nə də əskik.
Nəqqaş qızın əksini (Şəklini) alıb, tacirə verdi. Tacir əksi qoltuq cibinə qoyub, birbaş üz qoydu Xan-Xani-Çinin şəhərinə.
Xəbəri sənə kimdən, Xan-Xani-Çindən verim. Xan-Xani-Çinin gözünün ağı-qarası bir oğlu varıdı, adı da Soltan İbrahim idi.
Soltan İbrahimin Xanməmməd adlı bir dostu varıdı, həmişə bunlar cüt gəzirdilər. Eşit tacirdən. Tacir gəlib çatdı Xan-Xani-Çinin şəhərinə.
Atdan düşüb malın xırıd elədi. Xan-Xani-Çini üçün də xonça tutub, xonçanın bir tərəfinə bir qiymətli daş qoyub, o biri tərəfinə Nuşapərinin əksini qoyub Xan-Xani-Çinə apardı.
Xan-Xani-Çinə xəbər getdi ki, bəs filan tacir xonça tutub yanına gəlmək istəyir. Xan-Xani-Çin dedi:
– Buraxın gəlsin, görək nə gətirib?
Tacir girdi içəri, gördü ki, Soltan İbrahim oturub padşahın sağ tərəfində, Xanməmməd də sol tərəfində. Tacir xonçanı Xan-Xani-Çinin qabağına qoyanda Nuşapəri xanımın əksi düşdü Soltan İbrahimə tərəf, daş düşdü Xanməmmədə tərəf.
Xan-Xani-Çin dedi:
– Açın, görək xonçada tacir nə gətirib?
Soltan İbrahim xonçanın örtüyünü götürdü, gördü ki, burda bir qız şəkli var, Allah-taala xoş gündə, xoş saatda, xoş dəqiqədə xəlq eləyib.
Soltan İbrahim bu şəkli götürüb bayıra çıxdı, gəldi öz otağına, qapını açıb yıxıldı taxtın üstünə, başladı ağlamağa. Soltan İbrahimin otağına kimin həddi varıdı ki, gəlsin, quş qanad sala bilməzdi, qatır da dırnaq.
Xan-Xani-Çin gördü ki, Soltan İbrahim gəlmədi. Xanməmmədə dedi:
– Get gör nə olubdu, İbrahim neçə gündü gəlmir?
Xanməmməd durub gəldi, gördü ki, Soltan İbrahim üzü üstə yıxılıb ağlayır. Xanməmməd dedi:
– Soltan İbrahim, niyə ağlayırsan?
Soltan İbrahim dedi:
– Gəl soruşma.
Xanməmməd dedi:
– Gərək deyəsən, deməsən, mən səni dindirmərəm.
Əli hər tərəfdən üzülən Soltan İbrahim dedi:
– Xanməmməd, bu əksə bax, mən bunun üçün ağlayıram.
Xanməmməd dedi:
– Hay-hay adam da bundan ötrü ağlayarmı? Mən də dedim, görəsən niyə ağlayır? Qardaş, heç ağlama, inşaallah, bu qızı sən alacaqsan.
Gəl şikar adıynan gedib qızı tapaq.
Xanməmməd Soltan İbrahimin yanından çıxdı, birbaş Xan-Xani-Çinin yanına gəlib dedi:
– Soltan İbrahim şikara getmək istəyir.
Xan-Xani-Çin razılıq verib dedi:
– Qoy getsin.
Xanməmməd Soltan İbrahimin yanına gəlib, atasından razılıq aldığını ona söylədi. Soltan İbrahimnən Xanməmməd at minib yola düşdülər.
Az getdilər, çox getdilər, mənzil keçib yol getdilər. Yolda bunlar bir nəfər səyyaha rast gəldilər. Soltan İbrahim atını saxladı, dedi:
– Kimsən?
Səyyah dedi:
– Əmirəliyəm, Soltan İbrahimin yolunu gözləyirəm.
Soltan İbrahim dedi:
– Soltan İbrahimi neyləyirsən?
Əmirəli dedi:
– Mənim bir əmim qızı var, neçə vaxtdı ki, mənə nişanlıdı, indi aparmaq istəyirəm, amma nişanlımı vermirlər ki, aparım. Bir abid deyib ki, Soltan İbrahim adlı bir nəfər bu işdə mənə kömək eləyəcək, mənim nişanlımı alıb özümə verəcək.
Soltan İbrahim dedi:
– Xan-Xani-Çinin oğlu mənəm. Mən də bir qız əksi görmüşəm, onun dalınca gedirəm. Gərək o qızı qolumun gücüynən alam. İndi ki, belə oldu, eybi yoxdu, gəl gedək əvvəlcə sənin nişanlını alım, sənə verim, sonra da öz sevgilimin dalınca gedərəm.
Əmirəli dedi:
– Ey Soltan İbrahim, gəl məni özünlə apar əvvəl, sənin sevgilini alaq, sonra mənim işimi düzəldərsən.
Soltan İbrahim razı oldu. Əmirəli bunlara qoşulub getməkdə olsunlar. Nağıllarda mənzil tez başa gələr. Hər üçü əl-ələ verib, gedib çatdılar Ənuşiravan padşahın şəhərinə. Burda bir çayçı dükanına getdilər. Çayçı dükanı Nuşapəri xanım olan evnən üzbəüz idi. Xəbər verim sizə kimdən, Nuşapəri xanımdan. Bunun ki, mənzili bu çayçı dükanıynan üzbəüzdü, bir gün baxıb gördü ki, bu dükana elə adamlar gəlib ki, qabaqkılar bunların əlinə su tökməyə də yaramaz. Nuşapəri xanım lələsinə dedi:
– Lələ, məcməyini götür, get o dükana, gör gələnlərin fikri nədir?
Lələ məcməyini götürüb endi aşağı. Özünü yetirdi çayçı dükanına, məcməyini tutdu oturan adamların qabağına, Soltan İbrahim dedi:
– Lələ, bu nədi?
Lələ dedi:
– Nuşapəri üçün sədəqə yığıram.
Soltan İbrahimin barmağında bir üzük vardı ki, yeddi ilin baci-xəracına başa gəlmişdi. Üzüyü barmağından çıxardıb qoydu məcməyiyə.
Qız baxırdı, gördü ki, məcməyiyə üzük qoydular. Nuşapəri tez özünü yetirdi lələsinin barabarına, dedi:
– Ey filan-filan şüdə, mən o oğlana göz elədimmi, qaş elədimmi, o üzük yolladı? Apar üzüyü ver özünə.
Lələ qorxudan bilmədi özünü çayçı dükanına necə saldı. Üzün İbrahimə tutub dedi:
– Ey Soltan İbrahim, al üzüyünü. Nuşapəri xanım üzüyünü qəbul eləmədi.
Soltan İbrahim dedi:
– Get, xanımına de ki, mən ondan ötrü gəlmişəm, onu çox sevirəm.
Mümkün olsa, mənnən görüşsün. Öz dərdimi ona deyim, atası verməsə, dava eləməyə gücüm var. Mən Xan-Xani-Çinin oğlu Soltan İbrahiməm, sən üzüyü qaytar ver Nuşapəriyə.
Lələ üzüyü aparıb verdi Nuşapəriyə. Bütün əhvalatı Nuşapəri xanıma nağıl elədi. Nuşapəri xanım danışmadı üzüyü alıb atdı bir tərəfə.
Eşit bir neçə kəlmə Soltan İbrahimdən. Gecədən bir pas keçmişdi.
Soltan İbrahim yerindən durub, bir yazı yazıb özünü Nuşapəri xanım olan imarətin qabağına yetirdi. Kəmənd atıb hasardan həyətə tullandı.
Pilləkəndən yuxarı çıxıb qapını açdı, gördü ki, Nuşapəri xanım yorğan-döşəyində yatıbdı. Qızın üzündən bir busə aldı. Kağızı qoydu qızın ovcunun içinə. Səhər qız ayılıb gördü ki, əlinə bir kağız qoyublar.
Qız kağızı oxumağa başladı. Kağızda belə yazılmışdı: “Mən gəlmişəm səndən ötrü, səni sevirəm, mənə cavab yaz”.
Qız Soltan İbrahimi görmək istədi. Axşam oldu, qız qaravaşları yığdı başına, burda bir məclis qurdu ki, heç padşah evlərində belə məclis qurulmamışdı.
Soltan İbrahim özün yenə yetirdi bura, kəmənd atıb hasardan endi. Gördü burda bir çal-çağırdı gəl görəsən. Soltan İbrahim qapıdan içəri girdi, gördü çalan çalır, oynayan oynayır, oxuyan oxuyur. Elə ki Nuşapəri xanım Soltan İbrahimi gördü, bir könüldən min könülə ona aşiq oldu. O saat durdu ayağa, dedi:
– Xoş gəlmisən, Soltan İbrahim.
Əlindən tutub yanında oturtdu, bunlar burda keyf çəksinlər. Xəbəri sənə kimdən verim, Məlik Cümşüddən. Məlik Cümşüd öz vəziriynən neçə vaxtdı ki, bu qızın evinin qabağında oturmuşdu. Məlik Cümşüd gördü ki, Soltan İbrahim dünən gəlib, bu gün qıznan başlayıb danışmağa.
Məlik Cümşüd vəziri çağırıb dedi:
– Vəzir, buna bir tədbir gör. Soltan İbrahim qızı əlimdən alacaq.
Vəzir dedi:
– Məlik Cümşüd, oxşayır ki, xəbərdən xəbərin yoxdu, get kəməndi at, düş Nuşapəri xanımın həyətinə, gör nə görərsən.
Məlik Cümşüd dedi:
– Yəqin?
Dedi:
– Bəli, yəqin.
Məlik Cümşüd kəmənd atıb gördü ki, Soltan İbrahim oturub, qılıncı qoyub dizinin üstə, Nuşapəri xanım da əlində badə Soltan İbrahimin qabağında durub ona yalvarır ki, al, bu badəni iç, amma Soltan İbrahim içmir. Qız dedi:
– Ey Soltan İbrahim, sən elə bilməginən ki, mən günümü belə keçirirəm. Bunlar sənin üçündü, sən də mənimkisən.
Soltan İbrahim dedi:
– Mən də bunu istəyirdim.
Soltan İbrahim qızın əlindən badəni alıb içdi. Qız səhər tezdən Soltan İbrahimi buraxdı, dedi:
– Axşamüstü gəl bizə.
Soltan İbrahim, Xanməmməd, bir də Əmirəli öz otaqlarında oturmuşdular.
Soltan İbrahim Əmirəliyə dedi:
– Get, aşpaza deginən ki, aşı bir az da tez bişirsin, gedəsi yerim var.
Əmirəli aşpazın yanına getdi, onu xəbərdar eləyib gəldi öz yerində oturdu.
Xəbəri sizə kimdən verim, Məlik Cümşüddən. Məlik Cümşüd vəziri yanına çağırıb dedi:
– Vəzir, Soltan İbrahimin gərək əl-qolunu bağlı gətirəsən bura.
Əgər gətirməsən, sənin boynunu vuracağam.
Vəzir başı alovlu gəldi Soltan İbrahim olan imarətə. Gördü ki, aşpaz Soltan İbrahim üçün aş çəkir. Tez vəzir bir yanda gizləndi. Elə ki, aşpaz getdi süfrə salsın, vəzir bütün xörəyə bihuşdarı tökdü. Bunlar hamısı xörəyi yeyib yıxıldılar. Vəzir özün Soltan İbrahimə yetirdi. Soltan İbrahimi tez sarıdı bir kilimə, götürüb gəlməkdə olsun, xəbəri sənə Nuşapəri xanımdan verim. Nuşapəri xanım ki, demişdi axşamüstü gələrsən, gözlədi gördü ki, Soltan İbrahim gəlmədi. Nuşapəri xanım durdu ayağa, bir dəst kişi paltarı geyib qaravaşlara dedi:
– Siz çıxın dama, indi azıb eləsəm, mənə səs verin.
Nuşapəri xanım gedirdi, gördü ki, bir adam hıqqana-hıqqana gəlir, dedi:
– Kimsən?
Vəzir gedəndə tində adam qoymuşdu, elə bildi ki, öz adamlarındandı.
Səsə səs verib dedi:
– Adə mənəm, Soltan İbrahimi əli-qolu bağlı gətirirəm.
Nuşapəri xanım Soltan İbrahimin adını eşidən kimi özün verdi irəli.
Soltan İbrahimi əlindən alıb, vəziri cəhənnəmə vasil elədi. Həmin saat onu dalına alıb evinə apardı. Dərman verib ayıltdı. Soltan İbrahim dedi:
– Mən hara, bura hara?
Qız dedi:
– Səni ölümdən qurtarmışam, qız əhvalatı ona nağıl elədi.
Soltan İbrahim bir az burda qalıb, əhvalatdan xəbərdar olandan sonra qızdan bir qədər dərman alıb, tez qayıtdı yoldaşlarının yanına, onları da ayıltdı.
Xəbəri sənə kimdən verim, yenə Nuşapəridən. Nuşapəri xəbər yolladı atasına ki, mən bağa gedirəm, ürəyim bərk sıxılır. Atası dedi ki, qızıma deyin ki, bu gün xoş gün deyil, bağa gəzməyə getməsin.
Nuşapəri xanım qulaq asmayıb, qızlarnan bağa gəzməyə getdi.
Bağda qızlarnan çalıb-oynamağa başladı. Bu dəmdə yeddibaşlı dev göynən gedirdi, gördü ki, həsrətini çəkdiyi Nuşapəri xanım burdadı.
Göydən yerə endi Nuşapəri xanımı tənura çəkib, götürüb apardı. Tez padşaha xəbər getdi ki, dev qızını apardı. Ənuşiravan əmr elədi ki, abid çağırılsın. Adam gedib abidi çağırdı. Abid gəlib çıxdı, gördü ki, padşah ağlayır. Abid dedi:
– Nə var, niyə ağlayırsan?
Ənuşiravan dedi:
– Qızımı yeddibaşlı dev aparıb.
Abid dedi:
– Sənin qızın tilsimdədi, onu ordan çıxartmaq çox çətindi. Amma lohda yazılıb ki, Xan-Xani-Çinin oğlu Soltan İbrahim bu tilsimi sındıracaq, cənin qızını qurtaracaq. Sən get onu tap.
Şəhərə car çəkdilər ki, Soltan İbrahim kimdi, padşah onu çağırır.
Məlik Cümşüd elə bildi ki, padşah onu çağırtdırır ki, öldürsün, qisas almaq üçün Soltan İbrahimin yerini padşahın adamlarına dedi.
Bir adam getdi Soltan İbrahimi çağırdı. Soltan İbrahim dedi ki, get gəlirəm. Hər üç yoldaş başdan geyinib, ayaqdan qıfıllandı, ayaqdan geyinib, başdan qıfıllandı, birbaş gəldilər Ənuşiravanın yanına. Ənuşiravana xəbər getdi ki, Soltan İbrahim gəlib. Ənuşiravan əmr elədi ki, Soltan İbrahimə deyin, gəlsin. Soltan İbrahim içəri girib ədəb salamını yerinə yetirdi. Padşah buna yer göstərdi. Abid üzünü Soltan İbrahimə tutub, nə ki, lohda yazılmışdı, hamısını ona oxuyub başa saldı. Sonra abid bir tutuquşu buraxdı, tutuquşu gəlib Soltan İbrahimin dizinin üstünə qondu.
Abid dedi:
– Soltan İbrahim, tutuquşunun sözünə qulaq ver.
Soltan İbrahim tutuquşunun telinə əlini çəkdi. Quş dedi:
– Soltan İbrahim, siz üç nəfərsiniz, indi burdan çıxanda olacaqsınız dörd nəfər. Özünü bir nəfərdən gözlə.
Quş sözünü tamam elədi, gəlib oturdu abidin dizinin üstə.
Abid dedi:
– Soltan İbrahim, sən gərək bu səfərə gedəsən. Bütün bu tilsimləri, olsa-olsa, sən qıracaqsan, Allah yaxşı yol versin.
Soltan İbrahim ayağa durdu, öz yoldaşlarıynan birlikdə gəldilər mənzillərinə.
Xəbəri sənə kimdən verim, Siyavuşdan. Siyavuş vəzirin oğlu idi.
O öz-özünə dedi:
– Soltan İbrahimi gərək mən öldürəm, atamın qanını alam.
Birbaş durub gəldi Soltan İbrahimin yanına, dedi:
– Soltan İbrahim, gərək məni də aparasan.
Soltan İbrahim dedi:
– İxtiyar özündədi. Gedirsən gedək.
Siyavuş da bunlara qoşuldu, oldular dörd nəfər. Dördü də başdan geyinib, ayaqdan qıfıllandı, ayaqdan geyinib başdan qıfıllandı. Yola düşdülər. Bunlar yol getdilər, ta gəlib bir meşəyə çatdılar. Çox yorulmuşdular.
Atlarını yancidar eləyib, bir çəməndə uzandılar. Hamısı yatmışdı. Amma Soltan İbrahim oyağıdı. Soltan İbrahim gördü ki, üç göyərçin gəlib oturub ağacda, biri dedi:
– Bu oğlanı tanıyırsan?
O biri dedi:
– Yox.
Böyük göyərçin dedi:
– Bu Soltan İbrahim Xan-Xani-Çinin oğludu. Bunun adaxlısını yeddibaşlı dev aparıb. Qız bu saat devin tilsimindədi. Nə ki tilsimat var, o devin əlindədi. Amma o tilsimləri bu oğlan sındıracaq. Biz uçub gedəndə, ayağımızın altından üç yarpaq düşəcək. Soltan İbrahim eşit, yarpağı götürüb saxla, yolda sənə gərək olar.
Göyərçinlər bunu deyib, qanad-qanada verib getdilər. Soltan İbrahim yarpağı götürdü. Yoldaşlarını durğuzub at minib getməkdə olsunlar. Xəbəri sizə kimdən verim, devlərdən. Devlər bəni-insan şikarına çıxmışdılar. Gördülər ki, dörd nəfər bəni-insan gəlir. Tez bunları tutub, dev padşahının yanına apardılar. Dev padşahı Soltan İbrahimgili görən kimi dedi:
– Pəh-pəh-pəh, nə şikar vurubsunuz? Ey bəni insan, nə sənət bacarırsınız?
Xanməmməd dedi:
– Bənnalıq.
Dev padşahı dedi:
– Aparın bunları meşəyə, qoyun orda bir imarət tiksinlər, həm də bir az kökəlsinlər. Sonra kəsib yeyərəm.
Bunları aparıb bir meşəyə buraxdılar. Soltan İbrahim Xanməmmədə dedi:
– Ey Xanməmməd, mən hara, bənnalıq hara?
Xanməmməd dedi:
– Soltan İbrahim, işin olmasın, biz işləyərik, sən meşəni gəzib dolanarsan. Durdular binanın bünövrəsini qoymağa. Soltan İbrahim meşənin o tərəf, bu tərəfini gəzirdi, bir də gördü ki, yan tərəfdən bir zarıltı gəlir.
Soltan İbrahim zarıltıya tərəf getdi, gördü ki, Simurq quşu düşüb nərildəyir.
Simurq Soltan İbrahimi görən kimi dedi:
– Ey Soltan İbrahim, sən hara, bura hara?
Soltan İbrahim başına gələni Simurqa nağıl elədi.
Simurq dedi:
– Mən də göynən gəlirdim, gördüm ki, yeddibaşlı dev qızı aparır.
Mən də düşdüm devin dalınca. Bu dəmdə yeddibaşlı dev məni vurub yerə saldı. İndi qanadım sınıb qalmışam burda.
Soltan İbrahim bir az fikirləşdi. Birdən göyərçinlər saldığı yarpaq yadına düşdü, əlini cibinə saldı, yarpağı əzib suyunu çıxartdı, çəkdi Simurqun qanadına. Simurq gördü ki, qanadı oldu anadangəlmə, dedi:
– Get, yoldaşlarını çağır gedək.
Soltan İbrahim dedi:
– Mən sevgilimin dalınca gedirəm, gərək Nuşapərini tapam.
Simurq dedi:
– Soltan İbrahim, Nuşapərini yeddibaşlı dev aparıb salıb tilsimə.
Siz mənim dalıma minin, mən sizi burdan xilas eləyim. Sonra işin gerisini sizə deyərəm.
Soltan İbrahim, Xanməmməd, Əmirəli, bir də Siyavuş mindilər Simurqun dalına. Simurq qalxdı havaya, göynən gedirdi, birdən dedi:
– Gözünüzü yumun!
Bunlar gözlərini yumdular. Simurq aşağı enib dedi:
– Açın gözlərinizi!
Bunlar gözlərini açdılar, gördülər ki, bərri-biyabandadılar.
Simurq dedi:
– Soltan İbrahim, mən sənnən gedə bilmərəm. Al bu tükü, o imarəti görürsən. Nuşapəri ordadı. Bu tükü də verirəm sənə, işdi, nə çətinliyə düşsən, oda tutarsan mən gələrəm.
Soltan İbrahim öz yoldaşlarını burda qoyub, gedib çatdı həmin qapıya. Qapını açıb içəri girdi.
İçəri girən kimi, gördü Nuşapəri burdadı. Hər ikisi görüşdülər.
Soltan İbrahim dedi:
– Hazırlaş, tez gedək.
Bu dəmdə göy guruldadı, ildırım çaxdı. Nuşapəri xanım dedi:
– Amanın günüdü, Soltan İbrahim, gizlən ki, yeddibaşlı dev gəlib səni öldürər.
Soltan İbrahim dedi:
– Qorxma, mən elə Allahdan istəyirəm ki, gəlib məni burda görsün.
Bu dəmdə yeddibaşlı dev gəlib dedi:
– Soltan İbrahim, gərək səni yeyəm.
Soltan İbrahim dedi:
– Nə danışırsan?
Devnən Soltan İbrahim başladılar vuruşmağa. Devi Soltan İbrahim basıb altına öldürdü. Amma çıxıb getmədi, çünki o, yaman yorulmuşdu.
Nuşapəri xanıma dedi:
– Mən yorulmuşam, qoy bir az yatım, birisi gün səni burdan götürüb apararam.
Soltan İbrahim yatmaqda olsun. Xəbəri sənə kimdən verim, yeddibaşlı devin qardaşlarından. Yeddibaşlı devin qardaşları göynən gedirdilər, gördülər ki, Nuşapəri həyətdə təkdi. Göydən enib Nuşapərini çəkdilər tənurə, aparıb qoydular bir təpənin dibində. Soltan İbrahim yuxudan ayılıb gördü ki, Nuşapəri yoxdu. Tez Simurqun tükünü oda tutdu. Simurq gəlib dedi:
– Bilirəm, məni niyə çağırıbsan. Soltan İbrahim, ölüm ayağıdı.
Nuşapərini salıblar quyuya. Sən get yeddibaşlı devin qardaşlarını öldür, sonra gəl mənim yanıma, çarəsini deyərəm sənə.
Soltan İbrahim Xanməmmədi özüynən götürüb, birbaş gəldi devlərin yanına. Devlər gördülər ki, bəni-adəm gəlir. Hay-hay deyib, bunları üzük qaşı kimi araya aldılar. Soltan İbrahim gördü ki, dayanmaqdan bir şey çıxmaz, əl atıb qılınca başladı devlərnən vuruşmağa.
Neçə gün, neçə gecə vuruşub, bunları da cəhənnəmə vasil elədi, qayıdıb Simurqun yanına gəldi. Simurq dedi:
– Gedərsən burdan o təpənin dibinə. Dünyada nə ki heyvanat var, görəcəksən ki, hamısı burdadı, amma bunların ortalığında bir yel dəyirmanı var. Yel dəydikcə fırlanır. Əvvəlcə bu heyvanları qırmağa başlarsan. O qədər qıracaqsan ki, qan çıxacaq barabarına. Onda həmin oxnan dəyirmanı vuran kimi tilsim sınacaq. Vay onda ki, bir az gec tərpəndin, onda həlak olacaqsan. Nuşapəri xanım da, o dəyirmanın daşının altında bir quyu var, ordadı, götürüb gələrsən. Soltan İbrahim gəlib çatdı həmin təpənin yanına, əl atdı zülmət qılafına (Qara qın, qılıncın qını), heyvanları qırmağa başladı O qədər qırdı ki, qan çıxdı döşünün bərabərinə, əl atdı oxa, yel dəyirmanını elə vurdu ki, çərxi oxundan sıçradı. Soltan İbrahim əl atıb dəyirman daşını götürdü tulladı kənara. Bu vaxt quyudan bir qız çıxıb quş kimi uçdu. Tez bir kəmənd atıb, Nuşapərini quyudan çıxartdı. Quyudan uçan qız üzünü Soltan İbrahimə tutub dedi:
– Ey Soltan İbrahim, hara getsən, məni də apar.
Soltan İbrahim razı olmadı, öz sevgilisini götürüb gəldi Xanməmmədgilə çatdı. Eşit quyudan çıxan qızdan. Bu, pərilər padşahının qızı idi. Gördü Soltan İbrahim gedir, dedi:
– İbrahim, hara getsən, mən də gedəcəyəm.
Soltan İbrahim öz yoldaşlarıynan bahəm öz sevgilisini də götürüb, üz qoydu Ənuşiravan padşahının torpağına. Şəhərin bir neçə ağaclığında bir meşə vardı. Siyavuş gördü ki, bunlar az qalıblar şəhərə çatsınlar, Soltan İbrahimi öldürə bilməyəcək, ona görə dedi:
– Mən lap yorulmuşam, gəlin meşənin sərinliyində bir az uzanaq.
Hamı razı oldu. Soltan İbrahim bir az yoldaşlarından uzaq düşdü.
Elə ki, getdi yuxuya, Siyavuş gördü ki, Soltan İbrahim yatıb, tez yerindən durub Soltan İbrahimi zəhərlədi, bir dərəyə atdı. Pəri qızı Siyavuşun dalına düşüb pusurdu, gördü Siyavuş Soltan İbrahimi zəhərlədi, tez endi aşağı. Soltan İbrahimin başını dizi üstə alıb müalicə eləməyə başladı. Soltan İbrahim gördü ki, pəri xanımdı, dedi:
– Pəri qızı, nə olub?
Pəri qızı dedi:
– Siyavuş səni zəhərlədi, mən səni sağaltdım.
Soltan İbrahim pəri xanımı götürüb özünü yetirdi Xanməmmədgilə.
Siyavuş gördü ki, Soltan İbrahim gəlir, yanında da bir qız var.
Əhvalı dəyişdi. Başladılar yol getməyə.
Soltan İbrahim özün yetirdi Ənuşiravan padşahının şəhərinə. Padşaha xəbər getdi ki, bəs Soltan İbrahim gəlir. Padşah qoşun çıxardıb, Soltan İbrahimi gətirtdi yanına. O günü böyük məclis çağırdılar, amma məclisə Siyavuş gəlmədi. Soltan İbrahim dedi:
– Gərək Siyavuş gəlsin.
Gedib onu da çağırdılar.
Siyavuş gəlib oturdu. Soltan İbrahim dedi:
– Ey Ənuşiravan, izin ver mənə Siyavuşnan qurşaq yapışaq.
Padşah izn verdi, bunlar şərt bağladılar ki, hər kim kimi basdı, o, onu öldürsün. Soltan İbrahim Siyavuşu tutub elə çaldı ki, Siyavuşun tikəsi ələ də gəlmədi. Üzün padşaha tutub dedi:
– Padşah sağ olsun, Nuşapərini ver aparım atamın vilayətinə.
Padşah dan vaxtı neçə qatır yüklədi, ba�brahim Əmirəlinin əmisinə belə bir kağız yazdı ki, iki saatın ərzində Əmirəlinin nişanlısını özünə yetirəsən. Əgər yetirməsən şəhərin torpağını at torbasıynan daşıtdırıb, təxtini tarmar edəcəyəm.
Soltan İbrahim kağızı bu adama verib dedi:
– Aparıb verərsən padşaha.
Kağız gedib padşaha çatdı. Padşah kağızı oxuyub, əhvalatdan xəbərdar oldu. Vəziri çağırıb dedi:
– Vəzir, buna bir tədbir tök.
Vəzir dedi:
– Tədbir odu ki, gərək vuruşasan.
Padşah əmr elədi qo�brahim Əmirəlinin əmisinə belə bir kağız yazdı ki, iki saatın ərzində Əmirəlinin nişanlısını özünə yetirəsən. Əgər yetirməsən şəhərin torpağını at torbasıynan daşıtdırıb, təxtini tarmar edəcəyəm.
Soltan İbrahim kağızı bu adama verib dedi:
– Aparıb verərsən padşaha.
Kağız gedib padşaha çatdı. Padşah kağızı oxuyub, əhvalatdan xəbərdar oldu. Vəziri çağırıb dedi:
– Vəzir, buna bir tədbir tök.
Vəzir dedi:
– Tədbir odu ki, gərək vuruşasan.
Padşah əmr elədi qoşun hazır olsun. Qoşun hazır olub üz qoydu Soltan İbrahim tərəfə. Soltan İbrahim gördü ki, qoşun gəlir, cəng libasını geyib, özünü ləşkərə vurdu. Sağdan girib soldan çıxdı, soldan girib sağdan çıxdı. Qoşunu qırıb, özünü yetirdi şəhərə, padşahı da cəhənnəmə vasil elədi. Əmirəlinin nişanlısı üçün yeddi gün, yeddi gecə toy elədi. Sonra bunları burda qoyub, öz atını minib, gəlib çatdı atasının torpağına. Xan-Xani-Çinə xəbər getdi ki, oğlun gəlir. Xan-Xani-Çin oğlunun pişvazına çıxıb evə gətirdi. Yeddi gün, yeddi gecə toy eləyib, Nuşapəri xanımı Soltan İbrahimə, pəri qızını da Xanməmmədə verdi.
Onlar yeyib, içib, keyf çəkdilər, siz də yeyin, için muradınıza çatın.

Dostlarınla Paylaş

Saytda 86 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023