Şah oğlu Bəhrəmin nağılı - Nağıllar

Şah oğlu Bəhrəmin nağılı - Nağıllar


İstədiyinizi nağılı tapıb oxuya bilərsiniz. Saytımızda yerləşən nağıllar aşağıdakı hərflərə görə qruplaşdırılıb

Şah oğlu Bəhrəmin nağılı

Biri varımış, biri yoxumuş, bir padşah varımış. Bu padşahın üç oğlu varmış. Lap kiçiyinin adı Bəhrəm idi. Qəzayi-rəbbani bir gün padşahın gözləri tutuldu. Nə qədər həkim gəldisə, çarə tapılmadı.
Axırda padşah böyük münəccimlərini çağırıb taleyinə baxdırdı. Qoca münəccimlərdən birisi dedi:
– Padşahım sağ olsun, gözlərinizin çarəsi tapılar, ancaq müşküllüknən.
Lap uzaq vilayətdə ağ çeşmə adında bir bulaq var. O bulağın daşından gətirib gözlərinə sürtsən, yaxşı olar.

Padşah oğlanlarını çağırıb əhvalatı onlara bildirdi. Oğlanlarının üçü də həmin daşın dalınca getdilər. Bir neçə mənzil yol getdikdən sonra qabaqlarına üç yol rast gəldi. Bu yolların birisinin üstündə yazılmışdı:
“Axtaran tapar”. İkincisində yazılmışdı: “Get, ağıllı ol, gəl”, üçüncüsündə yazılmışdı: “Gedən gəlməz”. Qardaşlar çox fikir elədilər ki, bu yolun hansıynan getsinlər. Böyük qardaş axtaran-tapar yoluynan getdi. Ortancıl qardaş get, ağıllı ol, gəl yoluynan getdi. Kiçik qardaş Bəhrəm də gedər-gəlməz yoluynan getdi.
Bəli, bunlar getməkdə olsunlar. Böyük qardaş çox getdi, az getdi, qabağına bir dərya rast gəldi. Baxıb gördü ki, dəryadan keçmək mümkün deyil. Bir tərəfə baxanda gördü bir parça taxta düşübdü suyun üzünə. Öz-özünə fikir elədi ki, burdan qayırsam mənim üçün ardı. Necə olsa, gərək bu taxta parçasının üstüynən gedəm. Qərəz, o, taxta parçasının üstünə oturub, dərya üzündə yavaş-yavaş getməkdə olsun.
Bir azdan sonra bərk yel əsib tufan qopdu, dərya təlatümə gəldi. Yel taxta parçasını o yana bu yana vura-vura aparıb bir qırağa çıxartdı. Bu oğlan kənara çıxıb gördü ki, sağ tərəfə bir cığır gedir. O, həmin cığırı tutub getməkdə olsun. Bir xeylaq gedəndən sonra bir mağaraya rast gəldi. Öz-özünə dedi ki, təvəkkül Allaha, nə təhər olmuş olsa, bu mağaraya girməliyəm. Mağara çox qaranlıqdı. Oğlan içəri girib gördü ki, bir tərəfdən balaca işıq gəlir. Özünü işığa tərəf verdi. Gördü ki, bir balaca şam yanır. O yana, bu yana baxdı, heç kəsi görmədi. Öz-özünə fikir elədi, bu nə təhər şeydi ki, şam yanır, heç kəs yoxdu. Bir az gözlədi, sonra gördü ki, mağarada bir gurultu qopdu. Baxıb gördü ki böyük bir dev mağaranın o başından gəlir. Dev yaxın gəlib oğlana dedi:
– Hə, ey adəmzad, sən nə cürət edib bura gəlmisən, mən bu saat səni parça-parça elərəm.
Bunu deyib oğlannan tutuşdu. Bir xeylaq güləşəndən sonra dev oğlanı yerə vurub o saat öldürdü.
Bəli, bu burda qalsın, görək ikinci oğlanın başına nə gəldi.
Ortancıl qardaş ikinci yolnan getməyə başladı. Bir neçə mənzil gedəndən sonra bir meşəliyə rast gəldi. Meşəynən getməyə başlayanda, qabağına bir qızıl quş çıxdı. Quş oğlanın qabağıynan uçmağa başladı.
Oğlan da bunun dalısınca gəlirdi. Bir xeylaq qaçandan sonra quş gözdən itdi. Oğlan qayıdıb gördü ki, hər tərəf meşəlikdi. Nə qədər axtardısa, bir yol tapmadı. Naəlac qalıb bir ağacın dibində oturdu. Bir azdan sonra buna böyük bir ayı rast gəldi. Oğlan qeyrətinə güvənib ayının qabağına çıxdı. Qılıncını çəkib ayıya vurmaq istəyəndə, ayı tez bunu süpürüb öldürdü.
Bəli, indi görək Bəhrəmin başına nə oyun gəldi. Bəhrəm gedərgəlməz yolnan getməyə başladı. Az getdi, çox getdi, yolda bir kişiyə rast gəldi. Gördü ki, bu pirani kişidi. Torpağı yığıb qabağına, özü də dizi üstə oturub. Oğlan qocaya sarı yaxınlaşıb soruşdu:
– Əmi, burda nə eləyirsən?
Qoca cavab verdi:
– Söz satıram.
Oğlan dedi:
– Əmi, sözü neçəyə satırsan?
Qoca dedi:
– Birinci sözümün qiyməti on tüməndi.
Oğlan, əlbəttə, şah oğluydu, yanında pulu varıdı. Çıxarıb ona on tümən pul verdi. Qoca dedi:
– Birinci sözüm budu: ilk fürsəti düşmənə vermə.
Oğlan dedi:
– Elə on tümənə bu söz?
Qoca gülümsəyib dedi ki, anlayana bu söz çoxdu.
Bəhrəm soruşdu:
– Əmican, ikinci sözün qiyməti neçədi?
Qoca dedi:
– İkinci sözümün qiyməti əlli tüməndi.
Oğlan əlli tümən çıxardıb verdi. Qoca dedi:
– İkinci sözüm budu: hər tanımadığın adama inanma.
Bəhrəm qocadan soruşdu:
– Üçüncü sözün qiyməti neçədi?
Qoca cavab verdi:
– Üçüncü sözüm bahadı, onun qiyməti yüz tüməndi.
Xahi-naxahi, yüz tümən verib qocadan üçüncü sözü deməsini xahiş etdi.
Qoca dedi:
– Üçüncü sözüm budu ki, gecə çöldə tək qalma.
Oğlan bir az fikir elədi ki, bu qoca dünya görmüşdü, bunun sözləri vaxtında mənə lazım olar. Xudahafizləşib qocadan ayrıldı.
Bəli, günə bir mənzil, teyyi-mənazil, get ha get, yolun bir yanında üç adama rast gəldi. Bu adamlar Bəhrəmə salam verib dedilər:
– Şahzadə, hara gedirsən?
Bəhrəm dedi:
– Bəs Bitlis şəhərində ağ çeşmədən daş gətirməyə.
Bu adamlar dedilər ki, bizi də özünnən götür.
Bəhrəm soruşdu:
– Yaxşı, sizi özümnən aparıram, ancaq deyin görüm nə sənət sahibisiniz?
Onlardan birisi dedi:
– Mən yaxşı qaçaram, quş quşluğuynan mənə yetirə bilməz.
İkincisi dedi:
– Mən də sapandnan hər cür yeyin uçan quş olsa, vuraram.
Üçüncüsü cavab verdi:
– Mənim sənətim də budu ki, hər vaxt qulağımı yerə tutsam, altı ağacdan nə cür səs olsa, eşidərəm.
Bəhrəm dedi:
– Yaxşı oldu, gəlin bir yerdə gedək.
Bəli, üç bunlar, bir Bəhrəm getməkdə olsunlar. Bir xeyli gedəndən sonra bunlar böyük bir əjdahaya rast gəldilər. Hər üçü qorxularından bir-birilərinə qısıldılar. Bəhrəm doğrudan da qüvvətli bir pəhləvaniydi.
O, qılıncı çəkib əjdahaya hücum elədi. Qocanın birinci sözü yadına düşdü ki, fürsəti düşmənə vermə. Bəhrəm o saat əjdahanın başına bir qılınc endirdi. Qılınc əjdahanı iki böldü.
Bəli, bu bəladan qurtardılar. Az gedib, çox gedib, iki dağ arasında bir xarabaya yetişdilər. Gördülər ki, bura da devlər məkanıdı. Oğlan birinci xətadan qurtarıb, ikinci xataya düşdü. Yetirib gördü ki, bədheybətbədheybət devlər bir-biriynən oynayırlar. Bunları görən kimi, devlərin padşahı üzünü Bəhrəmə tutub dedi:
– Ey şahzadə, sən nə cürət edib buraya gəlmisən, bilmirsən ki, mənim məkanıma quş quşluğuynan qanad sala bilməz.
Bəhrəm dedi:
– Mən bilsəydim ki, sizdən qorxacağam, heç vaxt buraya düşməzdim.
Dev padşahı Bəhrəmə dedi:
– Ey oğlan, mən sənə bir neçə şərt deyirəm, əgər bunları tezliknən yerinə yetirsən, sənə öz devlərimi qurban edib yol verərəm keçərsən.
Hərgah şərtimə əməl eləməsən, sizi bu saat öldürəcəyəm.
Bəhrəm dedi:
– Mən razıyam, buyurun görək şərtləriniz nədi?
Dev padşahı dedi:
– Birinci şərtim budu ki, mən bir göyərçin uçurdacağam, getsin ağaclıqda bir kağız var, gətirsin. Hərgah sizin biriniz o göyərçindən tez o kağızı bura gətirsə, siz udmuş olursunuz, yox, gətirməsəniz, demək fürsət bizimdi.
Oğlan razı oldu. Dev göyərçini uçurtdu. Bunlar göyərçinnən bərabər getdilər. Bir az gedəndən sonra gördülər ki, qabaqlarına böyük bir dərya rast gəldi, bunlar naəlac qalıb gedə bilmədilər. Bəhrəm qəzəblənmişdi.
Fikir eləyirdi ki, indi bir azdan sonra göyərçin kağızı aparacaq onda bizim işimiz bitdi. Bu fikirdəydi ki, yoldaşları dedilər:
– Daha fikrin faydası yoxdu, indi özümüz iş görməliyik.
Bəhrəm dedi:
– Nə iş, bizi tamam qıracaqlar.
Yaxşı qulaq asan yoldaşı qulağını yerə verib dedi:
– Beş dəqiqədən sonra göyərçin uçub kağızı aparacaq.
Sapandnan daş atan yoldaş da hazır oldu. Bir azdan sonra gördülər ki, göyərçin göydə kağızı aparır. Yoldaşlardan daşatan hazır oldu. Daşı sapanda qoyub atan kimi, göyərçin fırlana-fırlana yerə düşdü. Tez kağızı göyərçinin ağzından alıb tez yol gedənə verdi. Bu yoldaşı da iki dəqiqədən sonra kağızı devlər padşahına verdi.
Devlər padşahı gördü ki, kağız gəlib çatdı. Bəhrəm qılıncını çəkib devləri bir-bir həlak elədi. Dev padşahı çox yalvarıb dedi:
– Sən allah, mənə dəymə, vaxtında sənə lazım olacağam.
Bəhrəmə üç tük verdi dedi:
– Hər vaxt işin bərkə düşsə, bu tükləri oda tutarsan, mən o vaxt özümü sənə yetirərəm.
Bəhrəm tükü devdən alıb yola düşdü. Yenə bir xeylaq yol gedəndən sonra gördülər ki, bir ifritə dilənçi oturub. Dilənçi Bəhrəmi görən kimi başladı yalvarmağa:
– Sən allah, ay cavan, mənə rəhmin gəlsin, bir az pay ver.
Bəhrəm bunun doğrudan da fağır olmasına inanıb, qabağa yeridi.
İfritə yavaş-yavaş ağzını tərpədirdi. Bir az keçməmişdi. Bəhrəm gördü ki, yavaş-yavaş daşa dönür, tez yadına həmin qocanın ikinci, hər tanımadığın adama inanma sözü düşdü. Bu söz yadına düşən kimi qılıncını çəkib onun başına endirdi. Dilənçinin başı iki parça olub yerə düşdü. O saat göy guruldadı, tufan qopdu, ildırım çaxmağa başlayıb yağış yağdı. Bir az keçməmiş gördülər ki, həmin ifritənin ölüsü yoxdu.
Tez Bəhrəm anladı ki, bu dilənçi deyilmiş, ancaq bir cadu imiş. Qərəz, burdan da ötüşdülər. Axşam olub qaranlıq düşdü. Qabaqlarına bir meşə rast gəldi. Meşəynən bir qədər getdikdən sonra Bəhrəm yolu azıb yoldaşlarını itirdi. Bir qədər meşəynən gedib axırda çox yoruldu. Böyük bir ağacın arasına çıxıb yatmaq istədi. Bəhrəm çox yorulmuşdu, ağacın arasına çıxan kimi yuxuya getdi. Gecənin yarısında gördü ki, ağacdan bir qədər o yana bir nəfər atlı durub çağırır:
– Əmi qızı, əmi qızı!
Bəhrəm bir az fikir verib gördü ki, meşənin ortasında bir tək imarət var. Öz-özünə dedi ki, nə olacaqsa olsun, mən bu adamı vuracağam.
Oxu kamana qoyub birini atan kimi adam yıxıldı. Ağacdan tez düşüb gəldi, mindi oğlanın atına. O bildi ki, burda bir sirr var, gözləmək lazımdı. Bir qədər gözləyəndən sonra gördü ki, həmin binadan bir qız çıxıb çağırdı:
– Əmi oğlu, əmi oğlu!
Bəhrəm yavaşca cavab verdi ki, əmi qızı mən burdayam.
Qız gəlib atın tərkinə minib dedi:
– Tez sür!
At yel kimi bunları götürdü. Az gedib, çox gedib meşədən kənara çıxdılar, baxdılar ki, hava işıqlanıbdı. Qız dedi:
– Əmi oğlu, bəs niyə danışmırsan?
Bəhrəm bilmirdi ki, nə cavab versin. Bu halda qız bir qədər dürüst baxandan sonra gördü ki, bu ayrı bir oğlandı. Qız öz-özünə qəzəbləndi.
Bəhrəm əhvalatın hamısını qıza dedi. Qız oğlana bir qədər baxdıqdan sonra dedi:
– Təvəkkül Allaha, qismət bu imiş, gəl gedək.
Bir az gedəndən sonra yetişdilər bir çeşmə başına. Qız dedi:
– Oğlan, düş bu çeşmənin başında bir qədər su içib dincələk.
Bunlar çeşmənin sərin suyundan içəndən sonra oğlanı yuxu tutdu.
Başını qoydu qızın dizinin üstünə. Bir qədər huşa getdi. Bir az yatmamışdı ki, gördü üzünə bir damcı su düşdü. Oğlan gözünü açıb gördü ki, qız ağlayır. Səbəbini soruşduqda qız dedi:
– Odu, qabaqdan nahamvar bir dev gəlir. Çatan kimi bizi öldürəcək.
Oğlan qıza bir qədər ürək verəndən sonra dedi:
– Qorxma, nə qədər mən sağam sənə heç zad olmaz.
Bir az dayanandan sonra gördülər ki, hava qaraldı, yer tərpənməyə başladı, çeşmənin o biri tərəfindən nahamvar bir dev çıxdı. Oğlan o saat yadına saldı ki, axı qoca kişidən üçüncü söz almışdı ki, çöldə tək qalmasın. Nə isə, iş işdən keçib, əgər bu devi mən öldürməsəm, daha mən muradıma çatmayacağam. Dev oğlana yaxınlaşıb dedi:
– Ey şah oğlu Bəhrəm, mən səni göydə axtarırdım, yerdə əlimə düşmüsən. Mən səni bu saat diri tutub Qaf dağındakı devi-cadunun yanına aparacağam.
Bəhrəm cavab verdi:
– Məgər mən ölmüşəm ki, sən məni diri tutasan?
Bəli, bunlar küştü tutmağa başladılar. Üç saat tamam güləşdilər.
Axırda Bəhrəm gördü ki, devə gücü çatmır, dev bunu həlak eləyəcək, əlini qılıncına atıb buna elə bir qılınc ilişdirdi ki, tamam iki parça oldu.
Dev öləndən sonra qız qucaqlayıb Bəhrəmi öpdü ki, bəlkə səni dev həlak edəydi, onda bizim günümüz nə olardı. Bəhrəm dedi:
– Qorxma, belə-belə işləri çox görmüşəm. Bura kimi neçə-neçə davalara düşmüşəm. Bərkə düşsəydim, üç tük varıdı, onun birini oda tutacaqdım, devlər padşahı özünü yetirəcəkdi.
Qərəz, qıznan oğlan qucaqlaşıb, öpüşdükdən sonra ata mindilər. At bunları yel kimi aparırdı. Get ha get, get ha get bir şəhərə yetişdilər.
Şəhərin darvazasından içəri girəndə oğlan soruşdu ki, bura hansı şəhərdi?
Bir nəfər cavab verdi ki, Bitlis şəhəridi. Oğlan şad oldu ki, bəli, Bitlis şəhərinə çatdım, indi gedib daşı aparacağam. Bir nəfərdən soruşdu ki, de görüm ağ çeşmə hayan tərəfdədi? Bir adam ağ çeşmənin yerini dedi. Bəhrəm qıznan bərabər oraya tərəf getdi. Şəhərin bir tərəfindən həmin çeşmənin yanına çatdılar. Demiyəsən ki, bu çeşmənin də sahibi bir gözəl qızımış. Bəhrəm özünü qızın yanına yetirib dedi:
– Mənim atamın gözləri tutulubdu. Gəlmişəm ağ çeşmənin daşından aparım ki, onun gözlərinə sürtək, sağalsın.
Qız dedi:
– Ay oğlan, bilirəm sən uzaq yerdən gəlmisən. Hər kəs bura daş aparmağa gəlib, salamat qayıtmayıb. İndi mənim bir neçə şərtim var, əgər onları yerinə yetirsən, mən daşdan sənə verərəm.
Oğlan dedi:
– Buyurun görək şərtiniz nədi?
Qız dedi:
– Birinci şərtim budu ki, gedəsən zülmətdə olan bir dərya atı var, onu gətirəsən. İkinci şərtim budur ki, o atın həmin zülmətdə sahibi var, onu da gətirəsən. Üçüncü şərtim budur ki, böyük səhrada bir göl var, o gölün başında bir qızıl cam var, onu da gərək gətirəsən. Dördüncü şərtim budur ki, böyük səhrada bir göl var, o gölün başında qızıl qanadlı bir qaz var, o qazı gətirəsən. Beşinci şərtim budur ki, sıx meşədə şirlər yaşayır, o şirlərin tükündən mənə gətirəsən.
Bəhrəm bu şərtlərin hamısına razı oldu. Sonra qızın yanına gəlib əhvalatı ona söylədi. Qız dedi:
– Dərya atından ötrü gedərsən dərya kənarına. Orda günortaüstü atlar dəryadan çıxıb su içəcəklər. Sən dərhal atılıb minərsən birisinin üstünə. Nə qədər çalışacaq ki səni yerə atsın, sən üstündə bərk durub tərpənməzsən. Axırda at səni bir az dəryada saxlayıb sonra bir meşəyə çıxardacaq. Yenə meşədə istəyəcək səni yerə salsın, sən razı olmazsan.
Axırda at dilə gəlib sənə yalvaracaq: aman günüdü, Bəhrəm, məni azad elə, mən öz balalarımdan sənə verərəm. Nəbada, nəbada sən razı olasan ha! Heç üstündən düşməzsən. Axırda yenə səni dənizə gətirib, ordan kənara çıxaracaq. Bu, üç günün müddətinə olacaq. Axırda at razı olub, sənə deyəcəkdi ki, məni hara aparırsan apar.
Bəhrəm qılıncını bağlayıb, qızın dediyi kimi, dərya kənarına getdi.
Günortanın qızğın vaxtında bir də gördü ki. Atlar dəstəynən dənizdən çıxdılar. Bəhrəm gizlənib birinin üstünə atıldı. Tez tutdu yalmanından. At nə qədər istədi ki, bunu yıxsın, Bəhrəm yalmanı buraxmadı. Bir azdan sonra at Bəhrəmi dəryaya apardı. Bir gün, bir gecə tamam dərya üzündə dolanırdı. Axırda bir meşəyə çıxartdı. Meşədə nə qədər istədi ki, Bəhrəmi salıb qaçsın, Bəhrəm atın yalmanından bərk tutub buraxmadı.
Axırda at dilə gəlib Bəhrəmə dedi:
– Sən məni burax, mən boynuma alıram ki, sənə balalarımdan verim.
Bəhrəm atın sözünə qulaq asmayıb, yerindən tərpənmədi. Qərəz, üçüncü günü at Bəhrəmi yenə dənizin içindən üzə-üzə kənara çıxartdı.
Bəhrəm atı bir baş evə sarı sürdü. Ağ çeşmə sahibi qız gördü ki, Bəhrəm atı gətirdi. Dedi:
– Hə, oğlan, birinci şərti yerinə yetirdin. İndi ikinci şərti yerinə yetir görüm.
Oğlan yenə gəldi qızın yanına. Fikir eləyirdi ki, mən atın sahibini hardan tapım. Qız bunu fikirli görüb dedi:
– Bilirəm, oğlan, səni at sahibini gətirməyə göndərirlər, onu da mən sənə öyrədərəm.
– Gedərsən həmin atnan dəryanın kənarına, özünnən bərabər bir az qır götürərsən. Dəryanın kənarında qırı sürtərsən atın üstünə, özün də çəkilib bir tərəfdə gizlənərsən. Günorta üstü görəcəksən ki, atların qırağa çıxan vaxtında bir gözəl qız atları bir-bir minə-minə gəzəcəkdi.
Axırda bu atı minəndə yapışıb atın üstündə qalacaq. Sən də yaxına gedib onu tutarsan, nə qədər yalvaracaq məni burax, sənnən bərabər hara apararsan gedərəm, qulaq asmayıb, atın tərkinə minib gətirərsən.
Oğlan qızın dediyi kimi elədi. Bir az qır alıb atın üstünə sürtdü, dənizin kənarına getdi. Günortaüstü yenə gördü ki, atlar sudan çıxırlar.
Sonra bir gözəl qız kənara çıxıb ata minmək istədi. Oğlan kənarda gizlənib tamaşa eləyirdi. Qız yaxına gəlib, həmin qır sürtülmüş atın üstünə minmək istədikdə yapışıb atın üstündə qaldı. Nə qədər əlləşdi qurtara bilmədi. Oğlan tez özünü yetirib, kəmənd atıb qızı tutdu. Qız nə qədər yalvardı ki, aman günüdü məni burax, özüm sənnən bərabər gedərəm, oğlan qulaq asmayıb qızı tərkinə aldı gətirdi evə.
Yenə ağ çeşmə sahibi gördü ki, bəli, atın sahibini də gətirdi. Özözünə fikirləşdi ki, mən nə qədər ölümə göndərirəm, yenə sağ-salamat gəlir. Bu səfər görək nə təhər gələcək. Oğlana dedi:
– Hə, oğlan, indi qızıl qanadlı qazı gətirmək lazımdı.
Cavanlıq hissi vurub oğlanın başına. Boyun qaçıra bilmədi. Qızın yanına gəlib əhvalatı ona bildirdi ki, qızıl qanadlı qazı gətirməyə gedirəm.
Qız dedi:
– Oğlan, qızıl qanadlı qazı gətirmək çox qorxulu işdi. Ora gedən salamat qayıtmaz. Nə isə, boynuna almısan, getməlisən. İndi mənə qulaq as. Gedərsən çölə doğru. Bu səfər yel atını minməlisən.
Oğlanın dərhal yadına düşdü ki, filan yerdə dev mənə öz tükünü vermişdi. Dərhal tükü oda tutan kimi, dev hazır oldu.
Bəhrəm dedi:
– Tez məndən ötrü yel atını hazır elə.
O saat dev yel atını hazır elədi. Qız sözünə davam eləyib dedi:
– Yel atını minib gedərsən. Qabağına bir dağ rast gələcək, dağın ətəyində görəcəksən ki, bir balaca imarət onun da qabağında böyük bir quyu var. Baxıb görəcəksən quyunun içində həmin qızıl qanadlı qaz durubdu, ancaq burda ustalıq lazımdı. Gərək nişan alıb birinci oxla qazı vurasan. Onu yəqin bil ki, birinci oxnan vura bilmədin, dizə kimi daşa dönəcəksən, ikinci oxnan vura bilmədin, yarıya qədər daşa dönəcəksən, əgər üçüncü oxnan vura bilməsən, onda tamam daş olub qalacaqsan.
Sən çalış birinci oxnan həmin qazı vur. Qazı vurandan sonra görəcəksən ki, yanlarını devlər əhatə eləyib yalvarırlar ki, Bəhrəm, nə qulluğun var, buyur hazırıq. Onda onlara hökm elə ki, həmin qazı quyudan çıxarıb sənə versinlər, götürüb gələrsən. Qazı gətirəndə dağlar, daşlar, ağaclar, hamısı dilə gəlib çığıracaqlar ki, aman günüdü, Bəhrəm, qayıt, getmə. Bax, deyirəm, nəbadə dönüb geri baxasan. Baxsan, sən də, at da daş olub orda qalacaqsınız.
Bəhrəm qızın sözünə qulaq asıb yel atını mindi. Geyinib qılıncı belinə bağlayandan sonra ata bir şallaq vurub, yel kimi getdi. Bəli, günə bir mənzil, teyyi-mənazil, get ha get, get ha get böyük bir meşəyə rast gəldi. Qızın dediyi kimi, meşəynən bir xeylək yol gedəndən sonra dağın ətəyindən həmin imarəti gördü. İmarətin qabağında quyunu gördü. Atdan düşüb, quyunun yaxınına gəldi. Aşağı baxıb, quyunun içində çıraq kimi yanan qazı gördü. Tez oxu kamana qoyub qazı tuşladı. Birinci ox atılan kimi, heyif ki qaza dəymədi. Oğlan dizinə qədər daşa döndü. İkinci oxu atdı. İkinci ox da heçə çıxdı. Bu vaxt gördü ki, at hərəkətə gəlib, az qalır yeri dağıtsın. Oğlan yarıya qədər daşa dönmüşdü, öz-özünə fikir eləyirdi ki, mən bu qədər bəlalara düşdüm, salamat qurtardım, ancaq burda bir qazı vurmaqla daşa dönüm. Bu namərdlikdi. Bir qədər özünə toxdaqlıq verib, oxu kamana qoydu. Bu dəfə oxu atan kimi qazın qanadından od parıldadı. Tez özünə baxıb gördü ki, daşdan azad oldu, özü də ətrafını devlər, ifritələr tutub, hərə bir ağızdan qışqırır ki, Bəhrəm nə əmrin var, yerinə yetirək. Bəhrəm birinə əmr elədi ki, həmin qazı quyudan çıxarıb buna versin. Devlərdən biri quyuya düşüb qazı çıxartdı. Bəhrəm qazı alıb, yel atına mindi, getməyə başlayanda hər tərəfdən səslər eşidildi, aman günüdü, şahzadə Bəhrəm, bir geriyə dönüb ayaq saxla. Bəhrəm bunların sözünə qulaq asmayıb atı sürdü. Bir qədərdən sonra at qan-tər içində Bəhrəmi şəhərə yetirdi. Bəhrəm qazı aparıb ağ çeşmə sahibinə verdi. Bəli, növbə dördüncü şərtə əməl eləməydi. Çeşmə sahibi üzünü Bəhrəmə tutub dedi:
– Oğlan, sən çox igid adama bənzəyirsən, indi dördüncü şərtimizə əməl eləyəsən gərək.
Oğlan yenə qızın yanına gəlib əhvalatı bildirdi.
Qız dedi:
– Qorxma, mən nə qədər sağam, qoymayacağam sənə bir şey olsun. Gedərsən dərya kənarına, özünnən bərabər balaca bir gəmi götürərsən, bir nəfər də bələdçi apararsan. Gəmiynən üç gün, üç gecə yol gedərsən. Axırda gəmi səni aparıb bir xarabaya çıxardacaq. Gəmidən düşüb görəcəksən ki, hər tərəf dağlıq-daşlıqdı. Dağlar arasıynan bir xeyli gedəndən sonra qabağına bir köhnə hamam rast gələcək. Hamamın qapısından içəri girib heç kəsi görməyəcəksən. Lap hamamın axırıncı otağında bir ağ rəngli cam görəcəksən. Yeriyib həmin camı götürüb yola düşərsən. Nə qədər açıq qapı görsən, hamısını örtüb, örtülü qapıları açarsan. Nə qədər açıq su görsən, onları bağlayıb, bağlanmış suları açarsan. Hamamdan çıxarkən həmin rəngdə qabağında beşaltı cam görəcəksən. Birdən tamahın güclənib həmin camları götürərsən ha... Əgər götürsən, əlindəki cam da əlindən gedər, həmin camlar da əjdaha olub səni parçalarlar. Dağın içərisində olan hamam başdan ayağa tilsimdi.
Oğlan qızın sözünü axırına qədər eşidib, qılıncını belinə bağlayıb yola düşdü. Bir nəfər gəmiçi götürmüşdü. Həmin adamla bərabər dəryanın kənarına getdi. Atı buraxıb gəmiyə oturdular.
Bəli, gəmiynən getməkdə olsunlar. Az gedib, çox gedib bir də gördülər ki, göy guruldayıb tufan başladı. Dəryada ləpələr o qədər güclənmişdi ki, axırda bunların gəmisini daşdan-daşa vurub parçapar ça elədi. Oğlan bir taxta parçasınnan yapışıb bir təhər, çox çətinliknən kənara çıxdı. Oturub bir qədər dincələndən sonra fikir eləyirdi ki, görəsən mən qayıdanda neynən gedəcəyəm? Odu ki, əlacı kəsilib durub piyada yola düşdü.
Bəli, bir xeylək gedəndən sonra gördü ki, sıldırım qayaların arasında köhnə bir hamam var. Axtarıb qapısını tapıb içəri girdi. Qızın dediyi kimi, gedib lap dib otaqdakı xəzinənin yanındakı camı tapdı. Camı əlinə götürüb, nə qədər bağlı sular vardı açdı, açıq sular varıdı bağladı. Örtülü qapıları açıb, açıq qapıları örtdü. Eşiyə çıxar-çıxmaz daldan səslər eşidildi.
Ay sular, qoymayın, tutun! Sulardan cavab gəldi: niyə tuturuq, indiyə qədər bizi açıq qoymuşduz, bu oğlan bağladı. O birisindən cavab gəldi: indiyə qədər bizi bağlı qoymuşdunuz, bu oğlan açdı. Ay örtülü qapılar, tut! Örtülü qapılardan cavab gəldi: indiyə qədər biz örtülü idik, bu açdı. Ay açıq qapılar, tutun! Yenə cavab gəldi: niyə tuturuq, indiyə qədər biz açıqdıq, bu örtdü. Qərəz, biri də oğlanı tutmadı. Oğlan eşiyə çıxıb gördü əlindəki qızıl cam kimi, beş-altı cam da qabağında durub.
Qızın dediyi yadına düşdü. Bu camların hərəsinə bir təpik vurdu. Bəli, oğlan özünü dəryanın kənarına yetirdi. Fikir eləyirdi ki, gəmi də sındı, mən neynən gedim? Birdən devin tükü yadına düşdü. Tez tükün birisini oda tutdu. O saat gördü ki, dev qışqıra-qışqıra gəlib dedi:
– Ay aman, şahzadə, nə qulluğunuz var, buyur, başnan-cannan yerinə
yetirim.
Bəhrəm dedi:
– Nə təhər olmuş olsa, məni dəryanın o biri kənarına aparmalısan.
Dev, Bəhrəmi çiyninə alıb bir sehr oxudu. Bir saatdan sonra dəryanın bu yanında oldular. Bəhrəm yerə enib gördü ki, at hazırdı. Tez yeriyib, atın üstünə atılıb yel kimi gəldilər. Bir az müddətdən sonra şəhərə çatdılar. Tez aparıb camı çeşmə sahibinə verdi. Çeşmə sahibi lap məəttəl qalmışdı ki, bəs görəsən nə təhər şeydi ki, bu o�zıl qazı gətirdin, həmin meşəyə gedib meşənin lap axırına çatarsan. Orda görəcəksən ki, şir meşəni gəzib, bağırır. Sən onun yanına gedib görəcəksən ki, həmin şirin ayağına bir ağac qırığı batıb. Çalışıb o şirin ayağından ağac qırığını çıxardarsan, şir sənə nə qədər süd istəsən verəcək.
Oğlan qızın dediyi kimi elədi. Yel atına minib, yola rəvan oldu.
Yenə get ha get özünü həmin meşəyə çatdırdı. Meşədə bir xeyli gedəndən sonra gördü 23305;zıl qazı gətirdin, həmin meşəyə gedib meşənin lap axırına çatarsan. Orda görəcəksən ki, şir meşəni gəzib, bağırır. Sən onun yanına gedib görəcəksən ki, həmin şirin ayağına bir ağac qırığı batıb. Çalışıb o şirin ayağından ağac qırığını çıxardarsan, şir sənə nə qədər süd istəsən verəcək.
Oğlan qızın dediyi kimi elədi. Yel atına minib, yola rəvan oldu.
Yenə get ha get özünü həmin meşəyə çatdırdı. Meşədə bir xeyli gedəndən sonra gördü ki, bir bağırtı gəlir. Yaxına gedib gördü ki, qız deyən kimi, tüklü bir şirdi, ayağına bir ağac kötüyü batıb qışqırır. Bəhrəm özünü şirin yanına verib, şirin ayağından ağac qırığını dartıb çıxartdı.
Sonra şir dilə gəlib dedi:
– Oğlan, de görüm məqsədin nədi? Sən ki məni bu əzabdan qurtarmısan, nə desən, qulluğunda hazıram.
Bəhrəm bütün əhvalatı nağıl elədi, dedi:
– Mən sənin südünnən bir az istəyirəm, aparıb bir qız var, ona verəcəyəm.
Şir cavab verdi:
– Oğlan, mən südümdən verərəm, bu şərtnən ki, südü aparanda həmin qız təklif eləyəcək ki, südün içində əvvəl sən çim, sonra daşı sənə verim. Bax, sənə deyirəm, bizim südümüz zəhərlidi. Sən bacarsan təklifi əvvəl onun boynuna qoy. Gördün ki, olmur, bir qədər fil yağı verərəm, bunu da aparıb çimməmişdən bütün bədəninin hər yerinə sürtüb çimərsən. Sonra sənə zəhər heç nə eləməz.
Oğlan şirin dediklərini yadında saxladı, balalarından birini Bəhrəmə verib, ona dedi:
– Apar, nə qədər süd istəyirsən, bu verər.
Bəhrəm şirin balasını atın tərkinə alıb, yola düşdü. Bir müddətdən sonra şəhərə çatdılar. Sonra aparıb şirin südündən bir teşt sağıb qıza verdi. Qız dedi:
– Oğlan, bu şərtlərin hamısına əməl elədin, ancaq gərək bu südün içində də çiməsən.
Oğlan nə qədər elədisə olmadı. Axırda çimməyə söz verdi. Şir verən yağı bədəninin hər yerinə möhkəm sürtüb girdi südün içinə. Süd bunun hər yerinə dəyirdisə, yenə quru qalırdı, el bil ki, bunun bədəninə süd dəymirdi. Bu süddə çimib qurtarandan sonra qız gördü ki, süd buna heç kar eləmir. Axırda naəlac qalıb bu qədər mərəkədən sonra çeşmədən bir daş çıxarıb oğlana verdi. Oğlan daşı götürüb, qıznan bərabər yel atına minib yola düşdülər. Çox gedib, az gedib atalarının yurduna çatdılar. Padşah balaca oğlunun gəlməsini eşidib xeylək şad oldu.
Oğlan tez daşı çıxarıb atasının gözünə sürtdü, atasının gözü o saat açıldı. Oğluynan qucaqlaşıb öpüşdülər. Sonra baxdı ki, oğlunun bir yanında bir gözəl qız var ki, yemə, içmə, xətti xalına, gül-camalına tamaşa el. Bir tərəfdən, padşah oğlanlarının ölməsinin qəmini çəkirdi, o biri tərəfdən kiçik oğlunun daş gətirib, salamat gəlməsinə şad olmuşdu.
Qərəz, bir qədər yas saxladıqdan sonra kiçik oğluna möhkəm bir toy elədi. Onlar yeyib-içib məqsədlərinə çatdılar, siz də yeyin-için muradınıza çatın.

Dostlarınla Paylaş

Saytda 96 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024