Рецепты всевозможных блюд и сладостей
Dadlı kompotun sirləri
Yayda, demək olar, bütün ev xanımları təzə meyvə və giləmeyvələrdən müxtəlif kompotlar bişirir.
Lakin maraqlıdır ki, bu sadə içki həmişə dadlı alınmır.
Sizə dadlı kompot bişirmək üçün bəzi məsləhətlər vermək istəyirik:
1. Dadlı kompotun əsas sirri - meyvələrin çox olmasıdır. Bəzi ev xanımları meyvələrə qənaət edir və bu səbəbdən kompot dadsız alınır.
2. Kompotun bişirilməsi üçün 3-5 l-lik emallı qazan götürmək lazımdır. Allüminium qazanda kompot bişirmək olmaz.
3. Qazanın 1/3 hissəsini meyvə və giləmeyvələrlə doldurun. Bərk meyvələri daha kiçik, yumşaq meyvələri isə daha iri tikələrə doğrayın. Giləmeyvələr bütov istifadə olunur.
4. Meyvələrin üzərinə soyuq su tökün və güclü odda qaynara düşənə qədər qızdırın. Kompot qaynamağa başlayanda odu azaldın və vam odda 10-15 dəqiqə qaynadın. Bişənə yaxın kompota şəkər tozu əlavə olunur.
5. 1 l kompot üçün 100-150 qr şəkər tozu götürülür. Bu meyvələrin şiriniyindən və sizin zövqünüzdən asılıdır.
6. Kompotun dadını yaxşılaşdırmaq üçün ona təbii darçın, vanil, mixək, limon və ya portağal qabıqlarını əlavə edə bilərsiniz.
7. Kompotu 15 dəqiqə qaynadıqdan sonra oddan götürün və qapağın altında tam soyuyana qədər saxlayın. Kompot tam soyuyanda onu yaxşı süzün.