Çeslav Miloş Haqqinda Melumat - Vikipedia

Çeslav Miloş Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Çeslav Miloş (pol. Czesław Miłosz; 30 iyun 1911[1][2][…], Şyaulyay, Kovno quberniyası[d][3]14 avqust 2004[1][2][…], Krakov) — polyak şair, tərcüməçi, esseist, Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1980).

Çeslav Miloş
pol. Czesław Miłosz
Doğum tarixi 30 iyun 1911(1911-06-30)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 14 avqust 2004(2004-08-14)[1][2][…] (93 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti şair, diplomat, yazıçı, esseist, tərcüməçi, pedaqoq, universitet müəllimi[d], ədəbiyyat tarixçisi
Əsərlərinin dili ingilis dili, polyak dili
Janrlar poeziya, nəsr
Üzvlüyü
Mükafatları Commander's Grand Cross of the Order of the Gediminas
ədəbiyyat üzrə Nobel mükafatı
Knight of the Order of the White Eagle National Medal of Arts
İmza
milosz.pl
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Polyak-amerikan şairi və esselər müəllifi Çeslav Aleksandr Miloş keçmiş çar Rusiyası ərazisində — Litvanın Şeteyniay şəhərində polyak ailəsində doğulmuşdu. Kiçik yaşlarından polyak dili ilə yanaşı rus, litva və yəhudi dillərini də öyrənmişdi. Sonralar bildiyi dillərə ingiliscə və fransızca da əlavə olunmuşdu. Miloş tam polyak, yaxud litvalı adlandırılmağının əleyhinə idi. Özünü etnik-vətəndaşlıq baxımından daha çox XVIII əsrə qədər mövcud olan Polşa-Litva uniyası ilə əlaqələndirirdi. Şair müsahibələrinin birində "Mən litvalı olmalarına imkan verilməyənlər üçün litvalıyam" — deyə bu qonşu xalqa tarixi bağlılığını vurğulamışdı, lakin etnik polyak ailəsində doğulması, ən başlıcası isə əsərlərini polyak dilində qələmə alması onu Polşa mədəniyyətinin təmsilçisi saymağa tam əsas verir.

Miloş ailəsi 1921-ci ildə Polşa tərkibindəki Vilno (Vilnüs) şəhərində məskunlaşmışdı. Gələcək şair burada katolik gimnaziyasını bitirmiş və yerli Stefan Batori universitetində ali təhsil almışdı. Gənclik dövründə ədəbiyyat həyatında mühüm yer tutsa da, hüquqşünas ixtisasına yiyələnməyə üstünlük vermişdi. "Donmuş zaman haqqında poema" adlı ilk şeirlər kitabını 1933-cü ildə Vilnoda nəşr etdirmişdi. O, həm də "Jiqarı" ədəbi dərnəyinin fəal üzvlərindən idi.

Hüquqşünas diplomu aldıqdan sonra (1934) Çeslav Miloş Polşa hökumətinin təqaüdü ilə fransız ədəbiyyatını öyrənmək məqsədi ilə Parisə göndərilmişdi. Fransa paytaxtında yaşadığı dövrdə yerli ədəbi dairələrlə yaxınlaşmasında əmisi oğlu, Litva diplomatı və fransız şairi Oskar Miloşun əvəzsiz xidməti olmuşdu.

Vilnoya qayıtdıqdan sonra bir müddət yerli radioda çalışsa da, Miloş tezliklə solçu baxışlarına görə işini itirmişdi. 1936-cı ildə onun "Üç qış" adlı yeni şeirlər kitabı çap olunmuşdu. Və həmin ildən Miloşun həyatının Varşava mərhələsi başlanmışdı. Faşizm və kommunizm təhlükəsinin gücləndiyi dövrdə dəfələrlə işğala məruz qalan və sərhədləri dəyişdirilən Polşanın yeni təhlükələrlə üzləşəcəyi artıq siyasətdən min ağac uzaq adamlara da sirr deyildi. Miloş belə şəraitdə hansısa siyasi platformada dayanmaqdansa, şair kimi öz sözünü deməyi, soydaşlarını gələcək mübarizə və məhrumiyyətlərə hazırlamağı daha məqsədəuyğun saymışdı.

O, faşizmin barışmaz düşməni idi. Və təbii olaraq öz yerini Polşa müqavimət hərəkatının iştirakçıları sırasında tapmışdı. Varşavadakı yəhudi gettosu şairin bütün sonrakı həyatının silinməz xatirələrindən birinə çevrilmişdi.

Polşada kommunist hakimiyyəti bərqərar olduqdan sonra (1945) Çeslav Miloş ölkəsinin Vaşinqton və Paris səfirliklərində mədəniyyət attaşesi vəzifəsində çalışmışdı, lakin 1951-ci ildə o, "yalan və satqınlıq üzərində qurulmuş totalitar dövlətlə" bütün əlaqələri kəsmək qərarına gələrək mühacirət həyatını seçmişdi. Parisdə məskunlaşan Miloş "Qul edilmiş zəka" (1953) kitabının nəşrindən sonra Qərbdə populyarlıq qazanmışdı. Eyni ildə Avropa ədəbi mükafatını almışdı,

lakin şöhrətə və geniş çap imkanlarına baxmayaraq, Miloş bir müddət, ümumiyyətlə, şeir yaza bilməmişdi. Əvəzində isə mahiyyətinə bələd olduğu totalitar rejimin iç üzünü açan "Hakimiyyətin qəsbi" (1953), Vilnodakı uşaqlıq və ilk gənclik illərinin xatirələrini əks etdirən "İssa vadisi" (1955) romanlarını ortaya qoymuşdu. 1960-cı ildə o, ABŞ-yə mühacirət etmişdi. On il sonra amerikan vətəndaşlığı alaraq Berklidəki Kaliforniya universitetinin slavistika professoru olmuşdu.

Mühacirət həyatının yaradıcılıq böhranı yaradacağından qorxsa da, Miloş ABŞ-də yaşadığı illərdə "Əqrəblər arasında insan" (1961), "Heyrətlənmiş Quçio" (1963), "San-Fransiskonun körfəz mənzərələri" (1969), "Adsız yer" (1969), "Günəş harada çıxır, harada batır?" (1974), "Ulro torpağı" (1977), "Elm bağçası" (1979) və s. kitablarında toplanan şeir və esselərini yazmışdı. Eyni zamanda ingils dilində "Polyak ədəbiyyatı tarixi" (1969) əsərini nəşr etdirmişdi. Şair İncildəki nəğmələri, Şekspirin, Con Miltonun, Uolt Uitmenin, Tomas Eliotun, Bodlerin əsərlərindən ayrı-ayrı nümunələri polyak dilinə, Polşa müəlliflərini isə ingiliscəyə çevirmişdi. Onun orijinal bədii yaradıcılıq və tərcümə sahəsindəki uğurları ABŞ-nin və Avropa ölkələrinin bir sıra ədəbi mükafatları ilə qeyd olunmuşdu.

1980-ci ildə isə Çeslav Miloş "münaqişələrin parçaladığı dünyada insanın müdafiəsizliyini cəsarətli uzaqgörənliklə göstərən ədəbi yaradıcılığına görə" Nobel mükafatı almışdı. İsveç Akademiyasının qərarı elan olunandan sonra şair siyasi və iqtisadi böhran məngənəsində boğulan, sosializmin süqut ərəfəsini yaşayan vətəninə gəlmiş və burada əsl qəhrəman kimi qarşılanmışdı. Yüksək mükafatın ilk sürprizi isə əsərlərinin kommunist Polşasında rəsmən qadağan edilməsi olmuşdu.

Çeslav Miloş Nobel mühazirəsində şəxsi həyatının yaxın illərdəki təcrübəsinə əsaslanaraq demişdi: "Şairin təqib və sürgün edilməsi ölkədə hakimiyyəti ələ keçirən iqtidarın həmin ölkənin dili üzərində nəzarəti ələ almasının nəticəsidir. Bu nəzarət təkcə senzura vasitəsi ilə deyil, həm də sözlərin mənasının dəyişdirilməsi yolu ilə həyata keçirilir. Belə şəraitdə şairin, yazıçının əsas borcu xatırlamaqdır. Yaddaş bizim gücümüzdür. Yaşayanlar həmişəlik susanlardan mandat alırlar. Onlar yalnız keçmişi uydurma və əfsanələrdən təmizləməklə, hər şeyi öz həqiqi adı ilə çağırmaqla borclarını yerinə yetirə bilərlər".

93 yaşında Krakovda vəfat edən və sevimli şəhərində dəfn olunan Çeslav Miloş həyatının sonuna qədər qələmi yerə qoymamışdı. Müəllifin sağlığında çap olunan sonuncu kitabı "Zamana səyahət" (2004) adlanırdı. Nobel laureatı İosif Brodski Miloşu XX əsrin ən böyük şairi hesab edirdi. Hətta onun şerlərini orijinalda oxumaq üçün polyak dilini öyrənmişdi. Çeslav Miloş müasir dövrdə Polşada və Avropada populyarlığını mühafizə etməkdədir.

Əsərləri redaktə

Polyak dilində redaktə

  • Donmuş zaman haqqında poema (Poemat o czasie zastygłym) 1932)
  • Üç qış (Trzy zimy, şeirlər toplusu, 1936)
  • Qurtuluş (Ocalenie, şeirlər toplusu, 1945)
  • Hakimiyyətin zəbt olunması (Zdobycie władzy, roman, 1953)
  • İcbari ağıl (Zniewolony umysl, esselər toplusu, 1953)
  • Gün işığı (Światło dzienne, 1953)
  • İssa vadisi (Dolina Issy, 1955)
  • Poetik traktat (Traktat poetycki, 1957)
  • Doğma Avropa (Rodzinna Europa, 1958)
  • Qitələr (Kontynenty, 1958)
  • Əqrəblər arasında adam (Człowiek wśród skorpionów, 1961)
  • Padşah Pepel və digər şeirlər (Król Popiel i inne wiersze, 1961)
  • Tilsimlənmiş Qutsyö (Gucio zaczarowany, 1965)
  • San-Fransisko körfəzinin sahillərindəki xəyallar (Widzenia nad zatoką San Francisco, 1969)
  • Adsız şəhər (Miasto bez imienia 1969)
  • Şəxsi vəzifələr (Prywatne obowiązki, 1972)
  • Günəş harda doğur və harda batır (Gdzie słońce wschodzi i kiedy zapada, 1974)
  • Ulro torpağı (Ziemia Ulro, 1977)
  • Elmlər bağı (Ogród nauk, 1979)
  • Mirvari haqqında himn (Hymn o perle, 1982)
  • Ucsuz-bucaqsız dünya (Nieobjęta ziemio, 1984)
  • İcmallar (Kroniki, 1987)
  • Uzaq yaxınlar (Dalsze okolice, 1991)
  • Mənim küçələrimdən başlayaraq (Zaczynając od moich ulic, esselər toplusu, 1985)
  • Metafizik pauza (Metafizyczna pauza, 1989)
  • Yurd axtarışları (Poszukiwanie ojczyzny, 1991)
  • Ovçu ili (Rok myśliwego, 1991)
  • Çayın sahilində (Na brzegu rzeki, 1994)
  • Yurd axtarışında (Szukanie ojczyzny, 1992)
  • Polşa ədəbiyyatının tarixi (Historia literatury polskiej, 1993)
  • Müasirliyin əfasanəsi (Legendy nowoczesności', 1996)
  • Adalardakı həyat (Życie na wyspach, 1997)
  • Yol qırağındakı köpək (Piesek przydrożny, 1997)
  • Miloşun əlifbası (Abecadło Miłosza 1997)
  • Digər əlifba (Inne abecadło 1998)
  • Müharibədən dərhal sonra (Zaraz po wojnie, 1998)
  • İyirmi yaşa ekspedisiya (Wyprawa w dwudziestolecie, 1999)
  • Bu (To, 2000)
  • Orfey və Evridika (Orfeusz i Eurydyka, 2003)
  • Zamana səyahət haqqında (O podróżach w czasie, (2004)

İngilis dilində redaktə

  • Şeirlər toplusu 1931–1987 (The Collected Poems, 1988)
  • Mənim küçələrimdən başlayaraq (Beginning With My Streets, esselər toplusu, 1992)
  • Üzü çaya (Facing the River: New Poems, şeirlər toplusu, (1995)

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 2,0 2,1 2,2 2,3 Czeslaw Milosz // Encyclopædia Britannica (ing.).
  3. 3,0 3,1 Çex Milli Hakimiyyət Məlumat bazası.

Mənbə redaktə

  • Vilayət Quliyev. Ədəbiyyat sahəsində Nobel mükafatı laureatları. Bakı: "Kitab aləmi" Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2009, səh.

Xarici keçidlər redaktə


Saytda 83 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023