İmamqulu xan Qasımlı-Avşar Haqqinda Melumat - Vikipedia

İmamqulu xan Qasımlı-Avşar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

İmamqulu xan Əfşar

(İmamqulu xan Qasımlı-Avşar səhifəsindən istiqamətləndirilmişdir)

İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar (1758-1783) — Urmiyanın xanı.

İmamquluqulu xan Qasımlı-Avşar
İmamqulu xan Rzaqulu xan oğlu Qasımlı-Avşar
Rəssam Rizvan Qarabağlı
Rəssam Rizvan Qarabağlı
1772 – 1783
ƏvvəlkiRzaqulu xan
SonrakıMəhəmmədulu xan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Urmiya, Cənubi Azərbaycan
Vəfat tarixi
Vəfat yeri Urmiya
Dəfn yeri Xan qəbristanı, Urmiya
Atası Rzaqulu xan
Uşaqları Hüseynqulu xan, Məhəmmədisa xan, Xudadad xan, Lütfəli xan, Bəyim xanım
Dini Şiə İslam

Həyatı redaktə

İmamqulu xan Rzaqulu xan oğlu 1758-ci ildə Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. 1772-ci ildə Urmiyanın hakimi olmuşdu. Avşar elininQasımlı oymağının böyükləri Kərim xan Zəndə məktubla müraciət edib, onun hakimiyyətinin təsdiqlənməsini istədilər. Məktubu Şiraza Mirzə Məhəmmədcəfər İmanlı-Avşar aparmışdı. Kərim xan Zənd ona başsağlığı verib, xanlığını təsdiqlədi.

İmamqulu xan qurucu bir şəxsiyyət idi. Xanbulağı adlı yerdə imarət tikdirmişdi. Bu imarətin qalıqları hələ də qalır. Bürcşah adlı yurdun sağında "Dilguşə" adlı bağ saldırmışdı.

İmamqulu xan xanlığın əvvəlki əzəmətini bərpa etmək istəyirdi. Bu məqsədlə 4 mindən 12 minə qədər qoşun toplamışdı. İmamqulu xan qorxmaz sərkərdə idi. Bütün savaşlarda qoşunun başında dayanardı.

İmamqulu xan Kərim xan Zəndə vergi ödəməkdən boyun qaçırmışdı. Kərim xan Zənd də hirslənib, 1778-ci ildə (hicri-qəməri 1190-cı ildə) Fətəli xanın oğlu Cahangir xan Araşlı-Avşarı İmamqulu xanın əvəzinə Urmiyaya hakim təyin etmişdi. İmamqulu xan bu xəbəri eşitcək Mirzə Məhəmmədcəfər İmanlını şahanə sovqatla və bir neçə illik vergilərlə Şiraza göndərdi. Vəzirinə möhkəm-möhkəm tapşırdı ki, kəşfiyyat aparıb, bu məsələdən hali olsun. Kərim xan pay-parçanı alıb, İmamqulu xana yenidən xanlıq təliqəsi göndərdi.

1778-ci ildə Nəzərəli xan Şahsevən Təbrizə hücuma keçmişdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Nəzərəli xan Təbriz zəlzələsindən istifadə edib, Təbrizə yürüş etmişdi. Nəcəfqulu xan Dünbili onun qarşısını ala bilməyəcəyini düşünüb, Xoya qaçmışdı. Xoyda qardaşıuşaqları Əhməd xan, Salman xan, Məhəmməd bəylə məsləhətləşib, Urmiya hakimi İmamqulu xana yardım məqsədilə müraciət etmişdi. İmamqulu xan bir şərtlə ona kömək etməyə razılaşmışdı ki, Təbriz xanlığı ondan asılı olacaq. Nəcəfqulu xan qohumları ilə məsləhətləşib, həmin şərtlə razılaşmışdı. İmamqulu xan ağır qoşunla Təbrizin müdafiəsinə gəlmişdi. Təbrizin Təsuc şəhərində Dünbili xanları İmamqulu xanı qarşılayıb, gəlişinə qurbanlar kəsdilər. Sərabın hakimi Əli sultan Şəqaqi Nəzərəli xanın müttəfəqi olduğundan, ilk hücumu Səraba etdilər. Əli sultan Şəqaqi müdafiə etməyə gücü olmadığından Xalxala qaçdı. Nəcəfqulu xan onu izləmək istədi. İmamqulu xan məsləhət görməyib, birlikdə Təbrizə qayıtdılar. Nəzərəli xan da Təbrizi tərk edib, Ərdəbilə çəkilmişdi. İmamqulu xan Təbrizdə 8 gün qalandan sonra Urmiyaya qayıtdı".[1]

İmamqulu xanla Təbriz yürüşündə iştirak edən Balbas əşirətinin başçısı Qərəni ağa Məməş Marağa yolu ilə qayıdarkən Sulduz mahalında qarətlə məşğul olmuşdu. Bu xəbəri eşidən İmamqulu xan Sərməst bəy Avşara tapşırdı ki, Qərəni ağanın yanına gedib, qarət olunmuş malları yiyəsinə qaytarmasını istəsin. Əgər boyun qaçırsa, ona qarşı savaş açsın. Özü də qoşun toplayıb, Sərməst bəyin ardınca getdi. Bilirdi ki, əgər savaş başlasa, Sərməst bəy az miqdar qoşunla bacarmayacaq. Qərəni ağanın da tərsliyinə bələd idi.

Qərəni ağa ilə söhbətləşəndən sonra bəlli-başlı cavab almayan Sərməst bəy Avşar savaş əmri verdi. Savaş zamanı yenilib, qaçdı. Sərməst bəy qaçarkən arxadan vuruldu. Yerdə çabalayarkən özünü yetirən Qərəni ağa onun başını kəsdi. Bu heyndə Avşar qoşunu özünü yetirdi. Çatan qoşun savaşa başladı. İmamqulu xan Sərməst bəyin ölməyini öyrənib, özü də savaşa qatıldı. Qərəni ağa tablamayıb, qaçdı. Digər balbas başçıları da onun ardınca götürüldülər. İmamqulu xan balbasları cəzalandırıb, xeyli qənimətlə Urmiya şəhərinə qayıtdı.

Zəki xan Zənd Sənəndəc hakimi Əmənulla xan Ərdalani ilə savaşarkən ikincisi yenilib, qaçmışdı. Qaçıb, İmamqulu xana sığınmışdı. Zəki xan Mirzə Şəfi bəy Mirzə Məhəmmədcəfər oğlu Əbdülməliki-Avşarı İmamqulu xanın yanına göndərmişdi. Ondan xahiş etmişdi ki, Əmənulla xanı təhvil versin. İmamqulu xan Zəki xanın təhdidindən hirslənib, baş sərkərdəsi İbrahim xan Divanbəyinin başçılığı ilə 4 min avşarı Zəki xanın üstünə göndərdi. Əmənulla xanı da onlara qoşdu.

Danışıqlardan qayıdan Mirzə Şəfi bəy qəziyyəni necə varsa Zəki xana çatdırmışdı. Zəki xan da Mirzə Şəfini yalançılıqda günahlandırıb, həbs etmişdi. Zəki xan Zənd Avşar qoşununun yetişdiyini görüb, müqavimət göstərə bilməyəcəyini düşünüb, İraq tərəfə qaçdı. Yolda vəziri Mirzə Şəfi bəy Avşarı öldürdü. Əmənulla xan Ərdalani İmamqulu xanın sərkərdələrinə, avşar əskərlərinə ənam-ərməğan verib, Urmiyaya yola saldı.

İmamqulu xan Xoy hakimi Əhməd xanla müttəfiq idi. O da Qarabağ hakimi ilə dostluq edirdi. 1780-ci ildə İbrahimxəlil xanla Əhməd xanın arası dəymişdi. 1783-cü ildə Əhməd xan Dünbili ilə İbrahimxəlil xan Cavanşir barışdılar. Sonra yenidən savaşdılar. İran tarixçisi yazır: "1195-ci ildə (miladi 1782-ci ildə, tarixçinin yanlışı var-Ə. Ç.) İbrahimxəlil xan Cavanşir Xoyu tutmaq xəyalına düşdü, Xoy və Səlması işğal etmək üçün qoşunlarını Şirvan və Qarabağdan Naxçıvan yolu ilə oraya göndərdi. Qarabağ orduları Arazın 40 km-liyində olan "Nazik" qalasını mühasirə etdilər. Lakin Əhməd xan Dünbülü Ərum (Urmiya-Ə. Ç.) bəylərbəyi İmamqulu xan Əfşardan kömək istədi. İmamqulu xan kürd və əfşarlardan ibarət qoşunla Xoya gəldi. Əhməd xan iki gün sonra Çəmənbağda (şəhərin şərqində) Ərumi qoşunlarını qarşıladı və müttəfiqlər qarabağlılarla döyüşə girib, onları məğlub etdilər.[2] Tarixçi Mirzə Rəşid Ədibüşşüəara "Tarixi-Əfşar" kitabında yazır: "Bu il Təbriz zəlzələsinin ikinci ildönümü idi ki, İbrahimxəlil xan Cavanşir Molla Pənahın təhriki ilə (Cənubi) Azərbaycana hucum etmişdi. Qarabağın münəccimi Molla Pənah rəml atmışdı ki, guya Qarabağ xanı Azərbaycanın şahlığına nail olacaq, o da bu düşüncə ilə Qarabağdan və Şirvandan qoşun toplayıb, arzusunu həyata keçirməyə başlamışdı. Bütün başçıları və o cümlədən İmamqulu xan Əfşarı özünə tabe etmək istəyirdi. Ona görə də Əbdüssəməd bəy və Mirzəli bəyin başçılığı ilə bir dəstəni Xoy və Salması almağa göndərdi. Naxçıvan tərəfdən yüksək əhvali-ruhiyyə ilə qoşun hərəkata başladı. Qarabağ qoşunu Xoya bağlı Nazikhəlqəyə hücuma keçdi. Bu qalanın əhalisinin kənarda vuruşmaq üçün gərəkli qüvvələri olmadığı üçün müdafiə ilə keçindilər. Əhməd xan Dünbili bu sel və yel kimi gələn bəlanı Xoydan dəf etmək üçün İmamqulu xan Əfşara müraciət edib, yardım istədi. İmamqulu xan cavanşirlərin bu xətasını qeyrətinə sığışdırmayıb, əmr verdi ki, qoşun tərtib etsinlər. Az müddət ərzində dəstələr tərtib edilib, təcrübəli sərkərdələrə paylandı. Əskər ağa miraxur Əbdülməliki tayfasından, Əlirza sultan Qasımlı öz tayfasından, Xanəmir bəy Xələc Barandust tayfasından, Hüseynəli xan Araşlı, Məhəmmədxan bəy Qasımlı, Lütfulla bəy Ustaclı, Allahyar bəy Araşlı və Rəhim xan Qasımlı və Rüstəm xan Qasımlı, Hüseynqulu bəy Araşlı tayfasının ağsaqqalı, Tahir sultan Gündüzlü və başqaları toplandılar. Sərhəddə yaşayan əşirətlərdən, o cümlədən Sovucbulağın hakimi Şeyxəli xan Mükri, Balbas tayfasından Qərəni ağa Müzəyyin, Şəkkak tayfasının başçısı Mirzə ağa, Üşnəviyyənin hakimi Cəfər sultan Zərza öz adamlarını cəm edib, görüş yerinə gəldilər. İmamqulu xan bəylərbəyi hərəkətə keçməzdən əvvəl İbrahim xan divanbəyinin başçılığı altında ağır silah-sursatı Xoy tərəfə göndərdi. Bir gün sonra özü Əlibəyli və Qaslı çəməninə yetişib, ordunu yerbəyer etdi. Oradan köç edib, Xoyun ətrafındakı Çəmənbağ məntəqəsinə yetişdilər. Xoyun hakimi Əhməd xan Dünbili İmamqulu xandan öncə gələn ordunu toy-bayramla qarşılayıb, iki gün qonaqladı. Əhməd xan Dünbili cah-cəlalla Xoydan Nazik qalaya tərəf hərəkət etdi. O zaman oraya yetişirlər ki, Molla Pənah, Əbdüssəməd ağa və Mirzəli bəy Cavanşir qalanı mühasirədə saxlayıblar. Qaladakıların vəziyyəti çətinləşmişdi. Qalaya yetişcək savaş başladı".[3]

İmamqulu xan 1783-cü ildə Təbrizi ələ keçirdikdən sonra Qubalı Fətəli xana məktubla müraciət edərək, onu Qarabağ hakimi İbrahimxəlil xanın üzərinə getməyə çağırmışdı.[4]

Təbriz hakimi Nəcəfqulu xan Dünbili İmamqulu xanın asılılığından çıxmaq istəyirdi. Tarixçi Mirzə Rəşid Ədibüşşüəra yazır: "Hicri qəməri 1196-cı ildə (1783-cü ildə) novruz bayramında İmamqulu xan Avşar elinin başçılarını saraya toplayıb, hər birinə layiq olan xələt və ənamlar payladı. O cümlədən maliyyə vəkili Mirzə Əbülhəsən İmanlıya, Sayınqala avşarlarının başçısı Mahmud xana, Barandust əşirətinin Xələc tayfasının ağsaqqalı Xanəmir bəyə, Araşlı oymağının ağsaqqaları Allahyar bəyə, Hüseynqulu sultana mənsəblər verdi. Ölmüş Sərməst bəyin əvəzinə Əlirza sultan Qasımlını eşikağasıbaşı təyin etdi. Onun bacısını alandan sonra, özünə də xan ünvanı da verdi.

Sonra Azərbaycan əyalətinin hər vilayətinə vergi toplamaq üçün avşar elindən bir nəfəri məmur etdi. Təbriz hakimi Nəcəfqulu xanın yanına Xanəmir bəy Xələci göndərdi. Ona göndərdiyi məktubda yazırdı: "İbrahimxəlil xan Cavanşir, Nəzərəli xan Şahsevən və Əli xan Şəqaqi cəsarət edib, Təbriz qalasına yürüş etdiklərindən, o bölgənin rəiyyətlərinə küllü halda xəsarət dəymişdi. Avşar qoşununun yardımı ilə kürdlər onlara öz zərbi-şəstlərini göstərdilər. Amma mən müxtəlif səbəblərə görə, onların ardınca getməyi məsləhət görmədim. Həqiqətən də onlar sona qədər cəzalarını almadılar. İndi mənim məqsədim var ki, birlikdə bu iç düşmənləri darmadağın edək. Sonra isə çöldəki düşmənlərin bəlasını dəf edərik. Qonşuluq borcu budur ki, sən də bir kamil qoşun tərtib edəsən. Bu məqsədlərə nail olmaq üçün gərəkdir ki, bir miqdar məvacib də sən göndərəsən. Az vaxt ərzində Urmiyadan hərəkət edib, Əhməd xan Dünbilini də götürüb, məqsədimizə çatacağıq".[5]

Xanəmir bəy Xələc Təbrizə yetişib, məktubu Nəcəfqulu xana verdi. Nəcəfqulu xanın qırımından başa düşdü ki, vergi vermək fikri yoxdur. Yerləşdiyi Mirzə Zaman xanın evindən çıxıb, sağollaşmadan Urmiyaya qayıtdı. Əhvalatı İmamqulu xana bildirdi. İmamqulu xan çox narahat olub, Urmiya avşarlarından, Sayınqala avşarlarından, Marağa müqəddəmlərindən, Zərza, Mükri və Baban əşirətlərindən 8 min nəfərlik qoşun hazırladı. Qoşunu hazırlamaqda məqsədi öncə Təbriz hakimi Nəcəfqulunu tənbeh etmək, sonra Əlimurad xan Zəndə yaxşı bir qulaqburması vermək idi. Qoşunu öncə topxana ilə Təbrizə göndərib, özü də ardınca getdi. Nəcəfqulu xan bu yürüşü eşidib, Təbrizə çəkildi və müdafiə ilə məşğul olmağa başladı. İmamqulu xan sərkərdələrinə göstəriş vermişdi ki, Nəcəfqulu xan Dünbiliyə bildirsinlər ki, biz Nəzərəli xan Şahsevənlə və Əli xan Şəqaqi ilə savaşa gedirik, sən də silah-sursatla yardım et. Nəcəfqulu xan onların hiyləsini başa düşüb, elçiləri rədd etdi. Öncə Təbriz hakiminə yardım edən Nəcəfqulu xan Şahsevən və Hüseynqulu sultan Şəqaqi Əli xan Şəqaqidən üz döndərib, İmamqulu xan Qasımlı-Avşara qoşuldular. Sərab hakimi Əli xan Şəqaqi onların dönüklüyünü görüb, Nəzərəli xan Şahsevəndən yardım istədi. Nəzərəli xan Ərdəbildən çıxıb, yardım üçün Səraba tələsdi. Əli xan Şəqaqiyə qoşulub, dönük başçıların, Nəcəfqulu xan Şahsevənin və Hüseynqulu sultan Şəqaqinin üstünə getdilər. Sərabın ətrafında qarşılaşıb, döyüşdülər. Nəzərəli xan bu savaşda qalib gəldi. Hüseynqulu sultan Marağaya tərəf qaçdı. Nəzərəli xan onu izləməyə başladı. Marağa qalasını mühasirə etdi. Marağanın hakimi Əhməd xan Müqəddəm İmamqulu xanın yanında idi. Nəzərəli xan 20 gün Marağanı mühasirədə saxladı. Uğur qazanmayacağını görüb, ətraf kəndləri qarət edib, Ərdəbilə döndü. İmamqulu xan cəryan edən hadisələri izləyib, Təbrizin Şənb-Qazan adlı yerində oturaq etdi. Ordan Təbriz qalasını mühasirəyə aldı. Nəcəfqulu xanın xoşluqla təslim olacağını düşünmüşdü. O, isə şəhər darvazalarını qapayıb, toplara atəş əmrini verdi. İmamqulu xanın topçuları da Təbrizi vurmağa başladılar. Az sonra sülh bağlamağa həvəs göstərsələr də, nəticə alınmadı. İmamqulu xan 6 ay Təbrizi mühasirədə saxladı. Şəhər əhli bu mühasirədən çox əziyyət, İmamqulu xanın qoşunu da soyuqdan əzab çəkirdi. İmamqulu xan mühasirənin uzandığını görüb, Urmiyaya qayıtmaq əmrini verdi. Nəcəfqulu xan Dünbili mühasirənin götürülməsindən sonra oğlu Xudadad xanı yardım üçün Əlimurad xan Zəndin yanına göndərdi. Əlimurad xan ona yardım etməyə söz verdi. İmamqulu xan bu hadisəni eşidib, Əlimurad xanın üstünə qoşun göndərdi. Qoşun Sovucbulaq tərəfdən yola düşdü. Sənəndəc hakimi Əmənulla xan Ərdalani də yolda Avşar qoşununa qoşuldu. Xəmsə avşarlarından olan Əli xan Zayirli bir müddət idi ki, Əlimurad xandan üz döndərmişdi. Özünə tərəfdar axtarırdı. İmamqulu xan Qasımlının qoşunları Xəmsəyə yetişcək, Əli xan sevincək onlarla birləşdi. Onları ağırlayıb, məsləhət gördü ki, əvvəl evin içi, sonra çölü. Gəlin Azərbaycanı iç düşmənlərdən təmizləyək, sonra Əlimurad xanın üstünə gedərik. İmamqulu xan bu məsləhəti qəbul edib, İrağa getməkdən əl çəkdi. Əli xanın sərkərdələrindən olan Vəli bəyi qoşunla Azərbaycana göndərdi. Ətraf xanlara də məktub yazıb, yardıma çağırdı. Xalxalın hakimi Fərəculla xan Miyanədə Vəli bəyə qoşuldu. Sarabın hakimi Əli xan Şəqaqi də onlara birləşməyi vəd etdi. Bu məqsədlə böyük oğlu Sadıq sultana qoşun götürüb, onlara qoşulmasını tapşırdı. Azərbaycan xanları Təbrizin bir ağaclığında toplanıb, otraq etdilər. Həmin il qış soyuq gəldiyindən Təbrizi mühasirə etməyə tablamayıb, Urmiyaya yollandılar.

Bir müddət sonra İmamqulu xan yenidən Əlimurad xan Zəndin üstünə yürüş etmək fikrinə düşdü. Təbriz hakimi Nəcəfqulu xan Dünbili bu xəbəri eşidib, İmamqulu xanın yanına elçi göndərdi ki, fikrindən daşın. İmamqulu xanın qaynatası Əhməd xan Dünbili də ona öyüd-nəsihət verdi ki, bu fikirdən əl çək. İmamqulu xan onlara müsbət cavab vermədi. Nəcəfqulu xan İmamqulu xandan əlini üzüb, qardaşıoğlu Əhməd xan Dünbilinin yanına getdi. Onu öz tərəfinə çəkdi.

Urmiya xanlığının inkişafını Xoy xanlığı üçün təhlükəli hesab edən Əhməd xan Dünbili Təbriz xanı birlikdə İmamqulu xana qarşı çıxdı. Onlar birləşib, Əlimurad xanı Azərbaycana dəvət etmək fikrinə düşdülər. Azərbaycan xanlarını da öz tərəflərinə çəkmək istədilər. Amma İmamqulu xandan incik düşən Marağa hakimi Əhməd xan Müqəddəmdən başqa heç kimə gümanları gəlmədi. İmamqulu xanın şöhrətini eşidən Əlimurad xan Zənd Əhməd xan və Nəcəfqulu xan Dünbililərə etina etmədi. Yığışıb məşvərət edən Zənd başçıları bu qərara gəldilər ki, Sayınqala hakimi Əmiraslan xan Avşarı Azərbaycan qoşununa sərkərdə təyin etsinlər. Ona 1000 nəfərlik qoşun da, versinlər. Əlimurad xan Əmiraslan xana bir fərman da yazdı ki, Dünbili qoşununu da dəstək götürüb, üsyançı İmamqulu xanı cəzalandırsın. Əmiraslan xan əməliyyata başlayır. Əlimurad xan Zəndin yardımçı təyin etdiyi xanları görüş yerinə çağırdı. Əhməd xan Dünbili Salmas bölgəsində Əmiraslan xana qoşuldu. Göytəpə çəmənində otraq edən İmamqulu xan Əlirza xan eşikağasıbaşının nəzarətində eyş-işrətlə məşğul idi. Nağı bəy Avşar ona xəbər çatdırdı ki, Əlimurad xan Zənd Əmiraslan xanı sənin üstünə göndərib. Təbriz hakimi Nəcəfqulu xan və Xoy hakimi Əhməd xan da onunla birləşib. Tezliklə Salmasdan Quşçu gədiyinə keçəcəklər. İmamqulu xan divanbəyi İbrahim xan Araşlını bir dəstə ilə ön cəbhəyə göndərdi. Arxasınca Qərəni ağa Balbasla kürdləri yolladı. Ardlarınca özü də getdi. Əlibəyli çəmənində qoşununu gözdən keçirtdi. Tərtibatın tamam-kamal olduğunu görüb, Qoşuna yürüş əmrini verdi. Xəmsə hakimi Əli xan Zayirli-Avşar ilə Əmiraslan xanın qarşısına getdi. Əmiraslan xanın qoşunu ilə İmamqulu xanın dəstəsi Quşçu gədiyində qarşılaşdı. Əmiraslan xanın qoşununun sərkərdələri Əhməd xan Müqəddəm, Nəcəfqulu xan Dünbili, Əhməd xan Dünbili, Sadıq sultan Şəqaqi, Abbasqulu xan Kəngərli, Süleyman xan Dünbili, Şahbaz xan Dünbili və başqaları idilər. Onlar Quşçu gədiyindən keçib, İmamqulu xanın qoşununa hücum etdilər. Imamqulu xan öz qoşunun yetişməsini gözləməyib, Balbas və Mənqur qoşunu ilə döyüşə başladı. Özü qoşunun önündə dayandı. İlk döyüşdə düşmən qoşunun avanqardını dağıtdı. İmamqulu xan güclənən düşmən qoşunu ilə savaşda ağır yaralandı, əmiraxur Əskər xan Əbdülməliki onu çiyninə alıb, döyüş meydanından çıxartdı. Urmiyanın Rzaqulu xan darvazasına yetişəndə böyük sərkərdə can verdi. İmamqulu xan Qasımlı-Avşar 1783-cü ildə həlak oldu. Məhəmmədxan bəy Qasımlı, Cəfər bəy Gəncəlixanlı, Mirzə Əbülhəsən bəy İmanlı-Əbdülməliki, Əskər xan İmanlı-Əbdülməliki, Mirzə Uğurlu Mahmudlu, Şeyxülislam Mir Hüseyn, Pişnamaz Molla Məhəmmədhüseyn elə öldürülən gecəsi onu "Xan" qəbristanlığında, atasınının yanında dəfn etdilər.

Ailəsi redaktə

İmamqulu xan Xələc-Baranduz tayfasından olan bir qızla, Avşar xanlarından Rüstəm xan Qısımlının bacısıyla, Əlirza xan Qasımlının bacısıyla, Əhməd xan Dünbilinin qızı ilə ailə qurmuşdu. Hüseynqulu xan, Məhəmmədisa xan, Xudadad xan, Lütfəli xan adlı oğulları, Bəyim xanım adlı qızı vardı.

İstinadlar redaktə

  1. Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.194-195.
  2. Riyahi, Məhəmməd Əmin. Xoy tarixi. II cild. Tehran, Tus, 1372, səh. 181, 164
  3. Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.200-202.
  4. RMDTA, f.52, II hissə, vərəq 43-44.
  5. Mirzə Rəşid Ədibüşşüara, Tarixi Əfşar, Təbriz, "Şəfəq", 1346 hicri şəmsi, səh.204-205.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, "Şuşa", 2008, səh. 108-115.
  • Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.

Həmçinin bax redaktə


Saytda 80 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024