Şahbaz Muradov Haqqinda Melumat - Vikipedia

Şahbaz Muradov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor.[1]

Şahbaz Muradov
Şahbaz Musa oğlu Muradov
Doğum tarixi (83 yaş)
Doğum yeri Xumarta, Laçın rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi iqtisadiyyat
Elmi dərəcəsi iqtisad elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA İqtisadiyyat İnstitutu
Təhsili Bakı Dövlət Universiteti
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2015 "Şöhrət" ordeni — 2004

Həyatı redaktə

Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır. O, eyni zamanda 1968-ci ildən “Demoqrafiya və iş qüvvəsinin təkrar is­tehsalı problemləri” şöbəsinə rəhbərlik edir. Ş.Muradov 1965-ci ildə iqtisad üzrə fəlsəfə doktoru, 1972-ci ildə iqtisad üzrə elmlər doktoru elmi dərəcəsi, 1977-ci ildə isə professor elmi adı almış, 2001-ci ildə AMEA-nın müxbir üz­vü seçilmişdir.

Fəaliyyəti redaktə

Professor Şahbaz Muradov keçmiş SSRİ məkanında iqtisad elmləri sahəsində ən gənc yaşlarında (32 yaşı tamam olmamış) elmlər doktoru dissertasiyası müdafiə etmiş 3-4 nəfərdən biri olub, çox gənc ikən öz elmi məktəbini yaratmış gör­kəmli iqtisadçı-demoqraf alimdir. Yüksək ixtisaslı iqtisadçı-demoqraf kadr­larının hazırlanması sahəsində əvəzsiz xidmətləri olan Ş.Muradovun elmi rəhbərliyi ilə 100-dən artıq fəlsəfə və iqtisad üzrə elmlər doktorluq disserta­siyası müdafiə edilmişdir. Onun apardığı tədqiqatların nəticələri 2000 ç.v. həcmindən çox olan 650-yə yaxın nəşr edilmiş əsərlərində öz əksini tapmış­dır. Həmin əsərlərin 30-dan çoxu iri həcmli monoqrafiya və kitablardır. Onun 70-dən artıq əsəri xarici ölkələrdə, o cümlədən ABŞ-da çap olunmuş­dur. Onların 15-i xarici ölkələrin görkəmli alimləri ilə şərikli yazılıb Moskva­da nəşr edilmişdir. Bunların arasında “İş qüvvəsinin təkrar istehsalı və əmək ehtiyatlarından istifadənin səmərəliliyinin yüksəldilməsi” (Moskva, MQU, 1971); “Müttəfiq respublikaların əhalisi”(Moskva, Statistika, 1977); “Əhali sakinliyi və demoqrafik siyasət problemləri” (Moskva, Nauka, 1986); “Post­sosialist cəmiyyətdə sosial siyasət:vəzifələr, ziddiyyətlər, mexanizmlər” (Moskva, Nauka, 2001) və s. vardır. Ş.Muradov keçmiş SSRİ EA Rəyasət He­yəti tərəfindən hazırlanıb 1979, 1983 və 1987-ci illərdə Moskvada çap edilə­rək hökumətə təqdim edimiş “ETT-nin Kompleks Proqramlarının yekun nə­ticələri” adlı 50,0 ç.v. həcmində olan üç cildliyin müəlliflərindən biridir. O, MDB məkanında ilk dəfə olaraq qadın məşğulluğu və məşğulluq sahəsində gender problemlərinin tədqiqi ilə məşğul olan görkəmli iqtisadçı-demoqraf alim kimi tanınmış və  postsovet məkanında bu problemin kompleks şəkildə tədqiq olunması onun adı ilə bağlıdır. Onun 9 elmi nəticəsi, o cümlədən “Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri” (Bakı, Elm, 1974) monoqrafiyası SSRİ EA-nın Rəyasət Heyəti tərəfindən sovet elminin ən mühüm naliyyətləri sırasına daxil edilmişdir.

Ş.Muradovun elmi rəhbərliyi və bilavasitə, müəllifliyi ilə Ulu öndər Heydər Əliyevin 28 dekabr 1998-ci il və 24 iyun 2003-cü il tarixli Sərəncam­ları ilə ilk dəfə olaraq “Azərbaycan Respublikasının demoqrafik inkişaf Kon­sepsiyası” (1999-cu il) və “Azərbaycan Respublikasının demoqrafiya və əha­li sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” (2004-2008-ci illər) ha­zırlanmış və ölkə rəhbəri tərəfindən təsdiq edilmişdir.

Ş.Muradov bir-çox xarici ölkələrdə keçirilmiş beynəlxalq simpozium, elmi konfrans və seminarlarda Azərbaycanın iqtisad elmini layiqincə təmsil etmişdir. Onun “Müasir mərhələdə demoqrafiya siyasəti” (Bakı, Elm, 1986-cı il); “Azərbaycan SSR-nin əmək ehtiyatları:nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər” (Bakı, Elm, 1987-ci il); “Insan potensialı:əsas meyllər, reallıq­lar, problemlər” (Bakı, Elm, 2004-cü il); “Azərbay­can Respublikasının dinamikası və quruluşu:əsas demoqrafik və etno-demoqrafik dəyişikliklər” (1897-2007-ci illər) azərbaycan, rus və ingilis dil­lərində, (Bakı, Elm, 2008-ci il); “Azərbaycan Res­publikasında etno-demoqrafik proseslər:tarixi də­yişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, Av­rora, 2013-cü il); “Ulu öndər Heydər Əliyevin inki­şaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqi­yə yüksələn cətin 50 illik yolun sosial-iqtisadi nəti­cələri” (1969-2019-cu illər), (Bakı, Avrora, 2019-cu il) adlı monoqrafiyaları və bir çox başqa əsərləri elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır.

Prof. Ş.Muradov 1970-1990-cı illərdə keç­miş SSRİ EA Rəyasət Heyətinin nəzdindəki “Əhali sakinliyinin sosial-iqtisadi problemləri” və “Əmək problemləri” adlı Problem Şuralarının büro üzvü, 1985-1990-cı illərdə Özbəkistan SSR EA İqtisadiy­yat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının üzvü, 2000-2008-ci illərdə AMEA İqtisadiyyat İns­titutunun nəzdindəki Dissertasiya Şurasının və 2004-2014-cü illərdə isə AMEA-nın nəzdindəki RETTƏŞ-nin İqtisadiyyat üzrə Problem Şurasının sədri; Naxçıvan Ensiklopediyası Elmi Redaksiya Heyətinin üzvü olmuşdur. O, hazırda Azərbaycanın Milli Ensiklopediyasının Redaksiya Heyətinin, YUNESKO-nun Azərbaycan Respublikasında “Bio­etika elmi bilikləri və texnologiyaları” Komitəsinin, AMEA Humanitar və İctimai Elmlər Bölməsinin El­mi Şurasının, AMEA-nın nəzdindəki İqtisadiyyat üzrə Problem Şurasının, AMEA İqtisadiyyat İnstitu­nun nəzdindəki Dissertasiya Şurası və İnstitutun Elmi Şurasının və Elmi əsərlərinin redaksiya şura­sının üzvü, həmçinin AMEA-nın Xəbərləri “İqtisa­diyyat seriyası” jurnalının baş redaktorudur.

Ş.Muradovun xidmətləri dövlət və hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. O, keçmiş Sovet İKP MK, SSRİ Nazirlər Soveti, ÜİHİŞ və ÜLKİ MK, Azərbaycan LKGİ-nin fəxri fərmanları, “Fədə­kar əməyə görə”, “Əmək veteranı” medalları ilə, AMEA-nın Fəxri fərmanları və Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə Azərbaycan Res­publikası Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə 14 fevral 2004-cü il tarixdə “Şöhrət” ordeni ilə təltif edilmiş, 03 noyabr 2015-ci ildə isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.

Rəşad Muradovun atasıdır.

Mükafatları redaktə

  • “Şöhrət” ordeni - 14 fevral 2004-cü il[2].
  • “Əməkdar Elm Xadimi” - 03 noyabr 2015-ci il[3].
  • “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” - 08.08. 2020-ci il
  • “Fədakar əməyə görə” yubiley medalı.
  • Beynəlxalq İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin 2000-ci ildə keçirdiyi müsabiqədə I dərəcəli mükafat.
  • “Əmək veteran” medalı.

Əsas elmi əsərləri redaktə

  • Azərbaycan SSR-də qadın əmək ehtiyatlarından istifadənin sosial-iqtisadi problemləri. Bakı, "Elm", 1974.
  • Azərbaycan SSR-də əmək ehtiyatlarından istifadənin ictimai-iqtisadi problemləri. Bakı, "Elm", 1978.
  • Müasir mərhələdə demoqrafiya siyasəti. Bakı, "Elm", 1986.
  • Azərbaycan SSR-in əmək ehtiyatları: nəzəri-metodologi və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1987.
  • Bazar iqtisadiyyatına keçidin aktual problemləri: nəzəri-metodoloji və sosial-iqtisadi aspektlər. Bakı, "Elm", 1994.
  • “Insan potensialı:əsas meyllər, reallıq­lar, problemlər” (Bakı, Elm, 2004-cü il);
  • Azərbaycan Respublikası əhalisinin dinamikası və quruluşu: əsas demoqrafik və etno – demoqrafik dəyişikliklər (1897 – 2007 – ci illər)[ölü keçid]. Müəllif: iqtisad elmləri doktoru Ş. M. Muradov; Redaktor: iqtisad elmləri namizədi A. Q. Gözəlova. Bakı: "Elm", 2008, 240 səhifə Arxivləşdirilib 2014-11-13 at the Wayback Machine. ISBN 5806617114  (az.)  (ing.)  (rus.)
  • “Azərbaycan Res­publikasında etno-demoqrafik proseslər:tarixi də­yişkənlik və reallıqlar” (C.Baxışla şərikli, Bakı, Av­rora, 2013-cü il);
  • “Ulu öndər Heydər Əliyevin inki­şaf strategiyasının təntənəsi:tənəzzüldən tərəqqi­yə yüksələn cətin 50 illik yolun sosial-iqtisadi nəti­cələri” (1969-2019-cu illər), (Bakı, Avrora, 2019-cu il)

İstinadlar redaktə

  1. "Muradov Şahbaz Musa oğlu" (az.). science.gov.az. 2017. 2021-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.
  2. "Azərbaycan Milli Elmlər Akademiyası üzvlərinin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında". 2016-02-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.
  3. "AMEA-nın müxbir üzvü Şahbaz Muradova "Əməkdar elm xadimi" fəxri adı verildi". 2020-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-28.

Xarici keçidlər redaktə


Saytda 237 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024