Əbubəkr Tehrani Haqqinda Melumat - Vikipedia

Əbubəkr Tehrani Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əbubəkr Tehrani

Əbubəkr Tehrani (fars. ابوبکر طهرانی‎ ) - Şahrux, CahanşahUzun Həsən kimi hökmdarların xidmətində olmuş, siyasi işlərdə fəal iştirak etmiş dövlət adamı, münşi və tarixçi, Kitabi-Diyarbəkriyyə əsərinin müəllifi

Əbubəkr Tehrani
fars. ابوبکر طهرانی
Doğum tarixi məlum deyil
Doğum yeri İsfahan
Vəfat tarixi XV əsrin 80-ci illəri
İxtisası tarixçi
Fəaliyyəti Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi barədə Kitabi Diyarbəkriyyə kitabının müəllifi

Həyatı redaktə

Əbubəkr Tehraninin həyatı ilə bağlı əlimizdə kifayət qədər məlumat yoxdur. Müəllif özü haqqında ilk dəfə Kitabi-Diyarbəkriyyə əsərinin giriş hissəsində məlumat vermiş və tam adını Əbubəkr ət-Tehrani əl-İsfahan kimi qeyd etmişdir. Faruq Sumerə görə buradakı Tehran müasir mənasından fərqli, İsfahan yaxınlığında bir kəndin adıdır.[1][2] Müəllifin İsfahanlı olması bilinən bir faktdır. Daha sonra yazar özündən Şahruxun 1446-cı ildə Reydə ölümünü nəql edərkən bəhs edir. Şahrux öz övladları və yaxın adamları ilə üç günlük əzuqə götürüb yola düşərkən, düşərgədə qalan Əbubəkr Tehraniyə məşhur sufi şeyxi Əlaüddövlə Simnarinin müridlərindən biri yaxınlaşır və deyir: "Bu şəxs qəribə padşahdır.[3] Mən bu gecə yuxuda görmüşəm ki, peyğəmbər həzrətləri onun paltarının tozunu çırpır". Tehrani isə cavab verir: "Bu, düzgün yuxudur. Onun paltarının tozunu çırpmaq torpaqdan olan bədəninin üçan ruhundan ayırmaq mənasını verir". Daha sonra düşərgəyə hay-küy düşür. Artıq keçinmiş olan Şahruxu təxti-rəvana qoyub gətirirlər. Lakin əvvəlcə belə söz yayılır ki, güya onun dişi ağrıyır, ona görə huşunu itirib. Bunu eşidən zaman Tehrani: "Onun tamah dişini çəkmək lazımdır" - söyləyir. Müəllifin qələmə aldığı bu hadisədən başa düşülür ki, o Şahruxa elə də rəğbət bəsləmirmiş. Onun yazıqlarına əsasən Şahruxun yanında vəzifəli biri kimi İsfahanın görkəmli şəxslərinin arasında olduğu başa düşülür. 1451-ci ildə Sultan Məhəmməd qardaşı Babur Mirzə tərəfindən qətl edikdə Əbubəkr Tehrani İsfahan şəhərindəimiş.[4]

Qaraqoyunlu xidmətində redaktə

O yazır ki, 1453-cü ildə İsfahan qaraqoyunlulara təslim edildikdə Qaraqoyunlu hökmdarı Cahanşah şəhərin idarəsini oğlu Məhəmmədə tapşırdı. Bu zaman Tehraniyə də Məhəmməd Mirzənin divanında vəzifə verildi.[2] Hətta 1457-ci ildə Damğana yürüşündə Tehrani də onun dəstəsində idi. Müəllif bu yürüş haqqında əsərində ətraflı məlumat vermişdir. O, Damğan mühasirəsində qan tökülməməsi üçün vasitəçilik etmişdir. Tehrani qalanın idarəçisi Əmir Nəsirəddin Simnari onun köhnə tanışı idi. Tehrani qalanın kənarına gələrək Simnaridən xahiş edir ki, onu içəri buraxsın. Bu zaman Tehraninin dostu Mevlana İbrahim də onlarla olur. [5]Tehrani Simnariyə sülh təklifini çatdırır. Simnari də özünün, yaxın adamlarının və ailəsinin Astanaya qədər hücuma məruz qalmayacağına dair Qurana and içdirir. Axşam Əmir Nəsirəddin qalanı tərk edir, lakin Məhəmməd Mirzə andını pozub onun dalınca dəstə göndərir, xoşbəxtlikdən onu tapa bilmirlər. Şəhərə daxil olan qaraqoyunlu dəstəsinin xalqın malına və canına qəsd etdiyini görən Tehrani təəssüflənərək Bəyazid Bəydən bu yağmanı dayandırmasını xahiş edir. Əbubəkr Tehrani yazır: "Bəndəniz bundan xəbər tutan kimi tələsik Əmir Bayəzidin yanına getdim, əmirlərin barəsində ona kəskin söziər dedim, onları küfr və dinsizliklə günahlandırdım. Bu sözlər ağıllı, ədalətli, etiqadlı və mələk xislətli Əmir Bayəzidə təsir etdi və о dərhal atma minib əsirləri buraxdı, şahzadəni məzəmmət etdi, qoşun əhlini cəzalandırdı..."[6]

Bu hadisədən sonra Tehrani Cahanşahın diqqətini çəkir və onun yanında xidmətə başlayır. 1457-ci ildə Cahanşah Xorasana gedərkən onu da özü ilə aparır.[5] Cahanşah Curcan, Tus, Məşhəd və Nişapuru ələ keçirdikdən sonra Herata daxil olduqda Heratdakı alimlər şəhəri tərk edir. Tehrani bu zaman boş qalan mədrəsələrə yeni müəllimlər tapmaqla yanaşı Qiyasiyə mədrəsəsində də dərs deməyə başlayır. Müəllif qeyd edir ki, boş zamanlarında da əsərini yazmaqla məşğul olurmuş.[7]

Eyni il Cahanşah Əbu Səidlə sülh müqaviləsi imzalayarkən müəllif də bu sülhü öz əsərində qələmə alır. Daha sonra müəllif özü barədə Pirbudağın qiyamını təsvir edərkən məlumat verir. Cahanşahın 1462-ci ildə oğlu Pirbudağı cəzalandırmaq üçün çıxdığı səfərdə Tehrani ilə İsfahan valisi Məhəmməd Mirzənin vəziri Salman da onunla idi. Onlar hadisələrin sonluğunu müəyyənləşdirmək üçün Hafiz Şirazinin (1325-1389) divanı əsasında fal açırlar. Müəllif divanı açıb növbə ilə Pirbudağın və Cahanşahın taleyindən xəbər verən beytləri oxuyur və onlar həmin beytlərin verdiyi işarələrə təəccüblənirlər.[8]

Eyni ilə müəllifin bir il sonra Cahanşahın Diyarbəkirə - Uzun Həsənin üzərinə etdiyi və ağır məğlubiyyəti, faciəvi ölümü ilə nəticələnən yürüşündə iştirak edib-etmədiyi barədə məlumat yoxdur. Burada o, Cahanşahın ölümünə yazdığı maddeyitarixi verməklə kifayətlənib.[9]

Ağqoyunlu xidmətində redaktə

Daha sonra isə Tehrani 1468-ci ildə Uzun Həsən ilə Teymuri Əbu Səid arasında baş verən döyüşdə Qəzvində olduğunu qeyd edir.[2]Tehrani burada ikən Fars əyalətinin hakimi Seyid Əlinin Ərdəbil ərazisində olan Əbu Səidə bağlılığını bildirmək üçün göndərdiyi elçilər də Qəzvinə gəlmişdilər. Onlardan Mövlana Şəmsəddin ilə dostluğu olan Tehrani Əbu Səidin məğlub olacağından qorxduğunu dilə gətirmiş və onu qərarından daşındırmağa çalışmışdı. Çox keçmədən Ərdəbilə gələn Uzun Həsən Tehranini öz düşərgəsinə dəvət edir. [3]Bu dəvətdən dövvrün elm adamlarını yanında toplamağa çalışan Uzun Həsənin Əbubəkr Tehraninin reputasiyasından xəbəri olduğu anlaşılmaqdadır. Sonrakı səhifələrdən aydın olur ki, Tehrani Uzun Həsənin düşərgəsinə Mövlana Şəmsəddinlə birlikdə getmişdir. Beləliklə Tehrani Uzun Həsənin xidmətinə keçir və Ağqoyunlu tarixini yazmağa başlayır. Tehrani bu hadisədən sonra Ağqoyunlu dövlətinin tanınmış dövlət adamlarından birinə çevrilir.[10] Bunu müəllifin əsərində özü barədə verdiyi sonuncu məlumat pariaq şəkildə nümayiş etdirir: 1469-cu ilin yayında qurban bayramı günü Uzun Həsən Təbrizə daxil olur. Cahanşaha məxsus Sahibabad sarayında dayanan Uzun Həsən dərhal yerli əyanlar və dövlət məmurları ilə görüş keçirir. Həmin hadisəni təsvir edən müəllif yazır: "Gəlişinin ikinci günü Təbrizin və onun gəlişini eşidib özünü ora çatdırmış digər şəhərlərin alimləri və seyidlərini öz hüzuruna dəvət etdi, məmləkət və din işləri ilə məşğul olanlara nəsihətamiz sözlər dedi. Qazıların və şəriət məsələlərinə baxan adamların xəyanəti barədə şikayətlər eşitdiyi üçün qazıları hədələdi və bir neçə gündən sonra onların hamısını işdən azad etdi. Türk möminlərindən biri mənim təqdimatım və digər əyanların müdafiəsi ilə şəriət hakimi təyin olundu, sonra divan üçün yığılan vergilərin xoşbəxt padşah (Cahanşah nəzərdə tutulur) və ondan əvvəlki sultanlar zamanında müəyyən edilmiş miqdarların azaldılması barədə fərman verdi. Divan məmurları üçün icrası vacib olan bu fərman mən həqirin xətti iiə yazıldı".[10]

Məşhur şair Molla Cami də 1473-cü ildə Həcc ziyarətindən qayıdarkən Təbrizə səfər etmiş və burada Uzun Həsənin yaxın adamları- Qadı Həsən, Tehrani, Dərviş Qasım tərəfindən qarşılanmışdır.[8]

Qeyd edək ki, Əbubəkr Tehraninin Ağqoyunlu dövlətinin ictimai-siyasi həyatında, idarəetmə məsələlərində oynadığı rol barədə başqa mənbələrdə də müəyyən məlumatlar mövcuddur, Misal üçün Xurşah əl-Hüseyni "Tarixi-ilçiyi-Nizamşah" adlı əsərində yazır: "Mövlana Əbubəkr Tehrani, Qazi Müslihəddin Əli Səvaci və Əmir Zahirəddin İbrahimşah Uzun Həsənin yaxın adamlarından idilər, daim rəiyyətdə lazım olan işləri, onların ehtiyaclarını ona ərz edirdilər" .

Tehraninin ölüm tarixi təəssüf ki məlum deyil. Buna baxmayaraq onun 5 yanvar 1478-ci ildə Uzun Həsənin ölümü zamanı yaşadığı bizə məlumdur.[2] Ehtimal edilir ki, Əbubəkr Tehrani 1482-ci ildə vəfat etmişdir. F.Sümer bəzi sənədlərə əsaslanaraq, onun XV əsrin 80-ci illərinin əvvəllərində də həyatda olması ehtimalını irəli sürür . İstənilən halda Sultan Yaqub hakimiyyət başına keçdikdən sonra görünür, o, siyasi səhnədən uzaqlaşmışdır.[4]

İstinadlar redaktə

  1. Sümer, 1993. səh. 13
  2. 1 2 3 4 Langaroodi, Cooper. səh. 2015
  3. 1 2 Öztürk, 2014. səh. 6
  4. 1 2 Sümer, 1993. səh. 14
  5. 1 2 Öztürk, 2014. səh. 7
  6. Şükürova, 2006. səh. 23
  7. Şükürova, 2006. səh. 24
  8. 1 2 Öztürk, 2014. səh. 8
  9. Şükürova, 2006. səh. 25
  10. 1 2 Şükürova, 2006. səh. 26

Mənbə redaktə

  • Manz, Beatrice Forbes. Power, Politics and Religion in Timurid Iran. Cambridge University Press. 2007. ISBN 978-1-139-46284-6.
  • Markiewicz, Christopher. The Crisis of Kingship in Late Medieval Islam. Cambridge University Press. 2019. ISBN 978-1108492140.
  • ABÜ BAKR-İ TİHRANI. KİTAB-İ DİYARBAKRİYYA AK-KOYUNLULAR TARİHİ. 1. Ankara: TÜRK TARİH KURUMU BASIMEVİ. Necati Lugal, Faruk Sümer. 1993. ISBN 975-16-0521-0.
  • Əbubəkr Tehrani. Kitabi Diyarbəkriyyə. İstanbul: AZƏRBAYCAN MILLİ ELMLƏR AKADEMİYASİ ARXEOLOGİYA VƏ ETNOQRAFYA İNSTITUTU. Rəhilə Şükürova. 2006.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə


Saytda 94 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024