Əlqas Mirzə Haqqinda Melumat - Vikipedia

Əlqas Mirzə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əlqas Mirzə (15 mart 1516, Qarabağ9 aprel 1550, Qəhqəhə qalası, Ərdəbil ostanı) — Səfəvi şahzadəsi, Şirvan vilayətinin bəylərbəyi, Şah təhmasibə qarşı üsyanın başçısı. Əlqas Mirzə Şah İsmayılın sağ qalmış dörd oğlundan biridir.

Əbül Qazi Sultan Əlqas Mirzə
القاس میرزا
Əlqas Mirzə Sultan Süleyman Qanuninin hüzurunda
Əlqas Mirzə Sultan Süleyman Qanuninin hüzurunda
1532/33 – 1538
1538 – 1547
ƏvvəlkiHüseyn bəy Şamlı
SonrakıAbdulla xan Ustaclı
1546 – 1547
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Qarabağ, Səfəvilər dövləti
Vəfat tarixi (34 yaşında)
Vəfat yeri Qəhqəhə qalası, Səfəvilər dövləti
Fəaliyyəti şair
Atası Şah İsmayıl Xətai
Anası Şah Sultan
Həyat yoldaşı Xədicə Sultan
Uşağı

Sultan Əhməd Mirzə

Sultan Fərrux Mirzə
Ailəsi Səfəvilər
Dini Şiə İslam
Rütbəsi general

Səfəvi imperiyasının qurucusu I İsmayılın oğlu olan Əlqas Mirzə ilk öncə Astrabad bəylərbəyi olmuş, Şirvan tamamilə Səfəvi imperiyasına tabe etdirildikdən sonra isə oranın bəylərbəyi təyin edilmişdir. Daha sonra böyük qardaşı I Təhmasibə qarşı üsyan qaldırmış, üsyanı yatırıldıqdan sonra da Osmanlı imperiyasına sığınmışdır.

Həyatı redaktə

Həyatının erkən dönəmi redaktə

1516-cı ildə Şah İsmayılın oğlu olaraq dünyaya gəlmişdir. Güman edilir ki, o, Sam Mirzə ilə doğma, Təhmasib və Bəhram Mirzələr ilə atabir qardaş olmuşdur.[1]

Astarabad bəylərbəyiliyi dövrü redaktə

Əlqas Mirzə hərbi karyerasına erkən başlamış, artıq 12 yaşında özbəklərlə olmuş Cəm döyüşündə yaxşı mənada fərqlənmişdir.[1] O, 1532-ci ildə Astarabad bəylərbəyi təyin edilmiş, qızılbaş sərkərdələrindən biri olan Bədr xan Ustaclı onun lələsi təyin edilmişdir. Bundan sonrakı iki il ərzində o, qardaşı Təhmasibi hərbi yürüşlərdə müşayiət etmiş, vətəndaş müharibəsinə qarışmış, 1534-cü ildə qardaşı tərəfindən Azərbaycana və İraqa hücum edən Osmanlı ordusuna qarşı qızılbaş ordusuna rəhbər təyin edilmişdir. 1537-ci ildə Təhmasib həm qızılbaşların müqaviməti, həm də qardaşı Sam Mirzənin üsyanı ilə mübarizə aparmaqda idi. Sam Mirzə dönük qızılbaş Qazı xan Təkəlinin təklifi əsasında Osmanlı sultanı Süleyman tərəfindən vassal kimi tanınmışdı. Bu hadisələr zamanı qaynaqlarda Əlqas Mirzədən Astarabad hakimi kimi yox, Şirvan bəylərbəyi kimi bəhs edilir.[1][2]

Şirvan bəylərbəyiliyi dövrü redaktə

1538-ci ildə Təhmasib Əlqası və onun lələsi Bədr xan Ustaclını üsyan başlatmış Şirvanşahın üzərinə göndərdi. Şirvanşah məğlub edildi və Əlqas Mirzə Şirvan bəylərbəyi olaraq təyinat aldı. O, burada 8 il bəylərbiylik etdi.[1]

Üsyan qaldırması redaktə

Birinci üsyanı redaktə

Əlqas Mirzənin 1546-cı ildə üsyan başlatmasının səbəbi qeyri-müəyyən olaraq qalmaqdadır. Qazı Əhməd bildirir ki, Təhmasib Bəyoğlu Ustaclı adlı kiməsə Əlqasın anası ilə evlənməyə icazə vermiş, Əlqas da həmin şəxsi öldürmüşdür. Məmun bəyə görə, Əlqas Mirzəni üsyan qaldırmağa Qazı xan Təkəlinin adamları təşviq etmişdir. Belə ki, Qazi xan Təkəli Osmanlılara sığındıqdan sonra yenidən Təhmasibin yanına geri dönmüş, lakin 1543/1544-cü ildə Təhmasibin əmri ilə Əlqas Mirzə tərəfindən öldürülmüşdür.[1]

6 il sonra — 1547-ci ilin qışında Şah Təhmasib Gürcüstana, Kaxetiya çarlığının üzərinə yeni yürüşə başladı. Görünüşə görə, bu qərarın verilməsində Şah Təhmasibin ögəy qardaşı Əlqas Mirzənin üsyan qaldırması və Osmanlının üçüncü yürüşündə iştirak etməsi faktı önəmli rol oynamışdır.[3] Əlqas Mirzənin üsyan qaldırması xəbəri 1546-cı ildə şah Qəzvində olduğu zaman ona çatdı. Şahın elçisi Əli ağa qapıçıbaşı onu razı salmaq məqsədi ilə Alkasın iqamətgahı olan Şirvana göndərildi. Elçinin cəhdləri nəticəsiz qaldı. Bundan sonra Şah Təhmasib ordunun başında özü olmaqla birlikdə Şirvana yürüşə çıxma qərarı verdi. Şahın ordu ilə gəlməsini eşidən Əlqas Mirzə təhlükəni hiss edərək anasını və oğlu ƏhmədMirzəni şah sarayına göndərərək bağışlanmasını istədi. Şah təklifi qəbul etdi və özünün yüksəl rütbəli məmurları olan Şahqulu Xəlifə Möhürdarı, Sevindik bəy QorçubaşınıBədr xan Ustaclını Əlqas Mirzənin birdə üsyan qalxmayacağı barədə Quranın üzərinə and içməsini təşkil etmək üçün Şirvana göndərdi. Əlqas Mirzə gəlinən razılığa görə ildə şahın xəzinəsinə ildə min tümən vergi verəcəyini, müharibə halında min nəfər döyüşçü göndərəcəyini və taxta ölənə qədər sadiq qalacağına and içdi. Bütün bu olanlardan Şah Təhmasib o qədər də razı qalmasa da, şimala doğru yürüşünü davam etdirərək Səhənddən Təbrizə gəldi.[4]

İkinci üsyanı redaktə

Əlqas Təhmasibin əmirlərinin qarşısında Qurana and içdikdən və Təhmasib Gürcüstan yürüşünə çıxdıqdan sonra, ona da çərkəzlərə hücum etmək əmr edilir. Çərkəzlər tərəfindən məğlub edildikdən sonra o, Dərbənd hakimi təyin edilir. Burada o, açıq şəkildə üsyana başladı. Öz adına xütbə oxutdurub, sikkə zərb etdirməyə başladı. Bu xəbəri alan Təhmasib Şirvana qızılbaşlardan ibnarət ordu göndərdi. Əlqas Dərbəndi tərk etdi və öz ailəsini qalada buraxdı.[1] Çox gümanki Əlaqas Mirzənin tabe olmağa razılıq verməsi sadəcə vaxt qazanmaq üçün edilən bir taktiki gedişat idi. Çünki and içməsindən qısa müddət sonra öz andından imtina etdi, öz adına sikkə zərb etdirməyə, xütbə oxutmağa başladı. Bununla o, yəqinki Osmanlı sultanının yardım edəcəyini dəqiqləşdirmək üçün vaxt qazanmaq istəyirdi. Bundan sonra Əlqas Mirzə Şamaxıya, oradan da Dərbəndə getdi. Samur çayını keçdikdən sonra onun dəstələri Şahverdi Sulan Ziyadoğlu-Qacar, Məhəmməd bəy Türkman, Süleyman bəy Çələbi və Məhəmməd bəy Şirbəxt oğlu Talışın komandanlığı altındakı qızılbaş dəstəsi ilə toqquşdular və məğlub edildilər.[4] Onların növbəti toqquşması isə Şahqulu Xəlifənin komandanlıq etdiyi qızılbaş ordusu ilə oldu və yenə məğlub edildilər. Qızılbaşları məğlub edə bilməyəcəyini görən və döyüşdən qaçan Əlqas Mirzə Osmanlı torpalarına gedərək Sultan Süleymana sığınmaq qərarına gəldi.[5]

Əlqas Mirzə ilk tabelik nişanələri göstərdiyi zamandan etibarən qızılbaşların əsas ordusu Təbriz şəhərində idi və döyüş üçün tam hazır vəziyyətdə idi. Əlqas tabe olacağını bildirdikdən və vergi, qoşun göndərəcəyinə and içdikdən sonra Təbrizdə hazır vəziyyətdə olan ordu ilə Kaxetiya üzərinə hücuma keçilməsi barədə qərar qəbul edildi. Lakin Şah Təhmasib öz xatirələrində Əlqas Mirzənin yenidən üsyan qaldırdığı xəbərini alan zaman artıq Gürcüstana Ləvəntin ardıyca getdiyini yazmaqdadır. Beləliklə, şah Gürcüstan üzərinə yürüş etmə qərarını hər bir halda Əlqasın bağışlanması ilə yenidən üsyan qaldırması arasında etdiyi ortaya çıxır. Şah Təhmasib qoşunları ilə 1547-ci ilin qışında Ağşəhərə çatdı. Gürcü qoşunlarının məğlubiyyəti və bölgənin viran qalması ilə nəticələnən şiddətli döyüş baş verdi. Sonra qoşun Ağşəhərdən Təbdiyə yola düşdü, Levənd-bək və onun rəqibi Baş Açıq öz sədaqətlərini ifadə edərək şahın düşərgəsinə çatdılar. Şah onları yaxşı qarşıladı və onlara fəxri paltarlar verdi. Tezliklə onlar öz mülklərinə qayıtdılar. Bu zaman ordu Gəncəyə doğru yürüş edərək Bulaq yaxınlığında müvəqqəti düşərgə saldı.[5]

Osmanlı himayəsi altında redaktə

Təhmasib Şirvanda nizam-intizamı bərpa etdikdən sonra Təbrizə geri döndü. Təbrizə çatan Təhmasib əlqaspərəst qızılbaş əmirlərini ortadan qaldırdı. Krımda Osmanlı torpaqlarına daxil olan Əlqas Mirzə dəniz vasitəsiylə İstanbula göndərildi.[1][6] Bu zaman Osmanlı hökmdarı Süleymana məktub yazan Əlqas ona öz vəziyyətini izah edib, şikayətlərini bildirdi və Səfəvi mülkünə onun vassalı olan hakim kimi dönmək istədiyini elan etdi. Bu zaman Ədirnədə olan Süleyman tez bir şəkildə onunla görüşmək üçün yola çıxdı. Görüş zamanı Əlqas Səfəvi torpaqlarında ona güclü qızılbaş dəstəyinin olduğunu bildirdi.[1]

Süleyman tez bir şəkildə yürüş təşkil etdi və Əlqas Mirzə, Üləma Paşa Təkəlinin rəhbərliyi altında şərqə göndərildi. Üləmə Təkəli də qızılbaş əmirlərindən biri idi və yenicə Ərzurum paşası təyin edilmişdi. Onlar Süleymanın ordusu ilə 1548-ci ilin iyulunda Xoyda birləşdilər və elə həmin ayda Təbrizi ələ keçirdilər. Bu zaman Təhmasib bütün ərzaq və yolları məhv edərək geri çəkilmişdi. Bu zaman aydın oldu ki, Əlqas Mirzənin iddia etdiyi kimi ona güclü qızılbaş dəstəyi yoxdur, bundan sonra onun sözlərinin doğruluğu və məsuliyyəti sorğulanmağa başladı. Təbriz ələ keçirildikdən dörd gün sonra Osmanlı ordusu Vana doğru geri çəkilməyə məcbur oldu.[7] Sentyabrda Süleyman Diyarbəkrdə düşərgə saldı və bu zaman baş vəzir Rüstəm paşa Əlqas Mirzəni sözlərinin yalan çıxmasına görə tənqid etdi. Əlqas günahı öz sözlərini tutmayan qızılbaş əmirlərini günahlandırdı və İraq Əcəminə hücüm etməyi təklif etdi. Süleyman Əlqasa bunu həyata keçirmək üçün icazə verdi. Onun tabeliyinə Bağdaddan 6 minlik ordu verildi və öz bölmələrinə döyüşçü yığma icazəsi təmin edildi. Səfəvi tarixçiləri bu səfəri basqın kimi səciyyələndirsələr də, Osmanlı mənbələri göstərir ki, onun məqsədi Təhmasbın əsas qüvvəsi Azərbaycanda olarkən Səfəvilər ərazisində daimi əməliyyat bazası yaratmaq olub. Sülayman həmçinin rəsmi iştirakını minimuma endirməklə yanaşı, dönüklərin sədaqətsizliklərindən faydalanmaq istəyirdi. 1548-ci ildə, oktyabr ayının əvvəllərində Əlqas Mirzə Kərkükdən Qəsri Şirin və Dərtəngdəndən keçərək 8 minlik qoşunla Səfəvi torpaqlarına daxil oldu. O, QumKaşanı yağmaladıqdan sonra İsfahana hücum etdi və bu hücumu uğursuz oldu. Təhmasib öz evini İsfahan şəhərinə köçürmüşdü. Bu zaman Üç Kilsədə olan Təhmasib bir digər qardaşı Bəhram Mirzəni Əlqasın ardıyca göndərdi. Əlqas bu zaman ordusunu Farsa, oradan da Xuzistana keçirməyə hazırlaşırdı. Şüştəri ələ keçirməyi bacarmayan Əlqas buranın hakimi olan qızılbaş sərkərdəsi tərəfindən məğlub edildi və Dezfula geri çəkilib, buradan da Osmanlı mülklərinə daxil oldu.[1]

Süleyman Hələbdə qışlayarkən Əlqasın gözlənilmədən geri döndüyü xəbərini aldı. Əlqas özü isə Məndəlidə düşərgə saldı və seçimlərini dəyərləndirməyə başladı. Əlqas burada eyni vaxtda Təhmasiblə Şirvana bəylərbəyi olaraq təyinat alıb bağışlanması üçün danışıqlara başladı, həmçinin də vəkili Seyid Əzizallah Şirvanini Səfəvi mülklərində ələ keçirmiş olduğu şahlıq xəzinələri ilə birlikdə Süleymanın yanına göndərdi. Osmanlı hakimi Mehmed Paşa tərəfindən Əlqasın Bağdada daxil olması qadağan edildi. Bundan sonra o, Kazemayn, Nəcəf və Kərbəlaya müqəddəs yerləri ziyarət etməyə yönəldi. Onun yenidən şiəliyə dönməsi Osmanlılarda ona qarşı olan şübhələri daha da artırdı. Beləliklə, yazın əvvəllərində Əlqas Şəhrəzura qaçaraq oradakı Osmanlı vassalı kürd hakimi olan Biqa Ərdəlandan sığınma tələb etdi. Onun bu tələbi rədd edildi. Bu zaman Təhmasib Qəzvindəki qışlağını tərk edərək Şəhrəzura yaxınlaşdı və aparılan danışıqlar nəticəsində Bəhram Mirzənin oğlu Bədiüzzaman Mirzə geri qaytarıldı. Qısa müddət sonra Süleyman Diyarbəkrə hərəkət etdi və burada Rüstəm Paşa tərəfindən Əlqasdan ayrılmağın vacibliyi barədə məlumat verildi. Süleymanın əmri ilə Şəhrizura ordu göndərildi. Mehmed Paşanın ordusu tərəfindən hücum edilən və qızılbaşların rəhbəri Bəhram Mirzə tərəfindən izlənilən Əlqas Mərivan hakimi Söhrab Ərdalana sığındı. Söhrab Biqanın qardaşı və rəqibi idi. Beləliklə də, Əlqas Kürdüstanın ələ keçirilməsi uğrunda Səfəvi-Osmanlı mübarizəsinin mərkəzində yer almağa başladı.[1]

Peçevinin Süleymanın Əlqasdan imtina etməsinin sonuncunun saraya çağırışa tabe olmaqdan imtina etməsi ilə bağlı ifadəsi sadədir və yəqin ki, qeyri-dəqiqdir; digər mənbələr konkret çağırışdan bəhs etmir, lakin səbəb kimi Osmanlı sarayında, xüsusən də Rüstəm Paşanın etimadsızlığını və anti-əlqas intriqasını göstərir. Qazi Əhməd bildirir ki, Əlqas Bədiüzzaman Mirzəni və digər məhbusları Süleymana çatdırmaqdan imtina etmişdi. Bu da Süleymanın ondan üz çevirməsinə yola aça bilərdi.[1]

Bəhram Mirzə Mərivanı mühasirəyə aldı və Əlqasın təslim edilməsini tələb etdi. Səfəvilərin dəstəyini itirməkdən qorxan Söhrab Əlqasın qaynı Şah Nemətullah Yəzdinin vasitəçi olmasını təklif etdi. 1549-cu ilin oktyabrında Əlqas özü təslim oldu. Onunla birlikdə onun 21 tərəfdarı da Bəhram Mirzəyə təslim oldular və onların hamısı növbəti gün Təhmasibin sarayına aparıldılar.{{sfn|Walsh|1976|p=73}} Təhmasib bir neçə görüşmədən sonra "Əlqas mənə güvənmirdi və davamlı beynində hesablaşmalar aparırdı" deyə qeyd etməkdədir. Bir çox qaynaq onun Təhmasibin sarayında iki gün qaldığını yazmaqdadır. Təhmasib təzkirəsində bir neçə gün deyə qeyd edir. Əlqas Təhmasib ilə bacısı olan Səltənəm Bəyim tərəfindən Həsən bəy Yüzbaşı və İbrahim xan Zülqədərə təslim edildi, onlar da onu Qəhqəhə qalasına apardılar. Məmun bəy onun Qəhqəhə qalasına Bəhram Mirzənin 11 oktyabrda öldüyü gecə aparıldığını yazmaqdadır. Əlqasın oğlanları olan Soltan Əhməd və Fərrux da onunla birlikdə həbs edildilər.[1]

Əlqas Mirzənin üsyanının uğursuz olması Təhmasibin mərkəzləşdirmə siyasətinin uğurlu bir şəkildə davam etdirildiyinin nəticəsidir. Elə buna görədir ki, Osmanlı imperiyası daha Səfəvi problemini həll edə bilmək üçün hərbi yola əl atmadı və bundan çəkindi.[1]

Ölümü redaktə

Həbs edilməsindən 6 ay sonra Əlqas Qəhqəhə qalasından atılaraq öldürüldü. Onun öldürülməsində Təhmasibin razılığının olub-olmaması bilinməməkdədir. Belə ki, Təhmasibin səssiz razılığı ilə vaxtı ilə ataları Əlqas Mirzə tərəfindən öldürülən bir neçə adam bu qətli həyata keçirə bilərdi. Bəzi qaynaqlarda onun qatili kimi Bəyoğlu Həsən bəyin adı keçməkdədir. Gümanki bu şəxs Həsən bəy Yüzbaşı ilə eyni şəxsdir.[1]

İncəsənətə marağı redaktə

Sadıq bəy Əfşar Əlqas Mirzədən "məşhur bir rübai"ni yazır və onun "poetik temperamentə" sahib olduğunu yazır. Onun vizual sənətə olan marağı, ehtimal ki, Şirvanda onun üçün tamamlanan iki əla əlyazma ilə təsdiqlənir.[1][8][9][10] Əlqasın əsas mədəni irsi Osmanlı imperiyasında qalmışdır. Onun Səfəvi torpaqlarından yağmaladığı mədəniyyət nümunələri İstanbula göndərilmiş və buradakı saray sənətkarları üçün nümunə təşkil etmişdir. İstanbula göndərilmiş mədəniyyət nümunələri hələ də Topqapı sarayında nümayiş etdirilməkdədir. Əlqas ilə birlikdə İstanbula getmiş, daha sonradan isə elə orada buraxılmış Fətullah Arif Çələbi bir müddət keçdikdən sonra Sultan Süleyman tərəfindən Osmanlı sarayının ilk şahnaməçisi təyin edilmişdi. Onu bu vəzifədə Əlqasın saray şairi və kitabxanaçısı olmuş Əflatun Şirvani əvəz etmişdi. Ədəbi və rəssamlıq olaraq şahnaməçilik və ya şahnaməguy ənənəsi Əlqasdan qalan şəxslərlər tərəfindən yaradılmış, XVI əsrin sonlarında Seyid Loqman Urməvinin "Hünərnamə" əsəri ilə özünün zirvəsinə çatmışdır.[11]

Ailəsi redaktə

Əlqas Mirzə Xədicəsultan xanım ilə evli idi. Xədicəsultan xanım 1559-cu ildə vəfat etmişdir. Övladları:

  1. Sultan Əhməd Mirzə — 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür.
  2. Sultan Fərrux Mirzə — 1568-ci ilin yanvarında Qəhqəhə qalasında öldürülmüşdür.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. 1,00 1,01 1,02 1,03 1,04 1,05 1,06 1,07 1,08 1,09 1,10 1,11 1,12 1,13 1,14 Fleischer, 1989
  2. Dickson, 1958. səh. 282-284
  3. Khafipour, 2013. səh. 192
  4. 4,0 4,1 Khafipour, 2013. səh. 193
  5. 5,0 5,1 Khafipour, 2013. səh. 194
  6. Walsh, 1976. səh. 67-68, 70-71
  7. Kĭrẓĭoğlu, 1976. səh. 182-188
  8. Karatay, 1961. səh. 197-198
  9. Robinson, 1958. səh. 87
  10. Togan, 1963. səh. 35
  11. Babinger, 1927. səh. 87-88, 163-167

Mənbə redaktə

  • Cornell Fleischer. ALQĀS MĪRZA. İranika ensiklopediyası. 1989.
  • M. B. Dickson. Shāh Ṭahmāsb and the Ūzbeks (The Duel for Khurāsān with ʿUbayd Khān: 930-946/1524-1540), Ph.D. dissertation. Princeton University. 1958.
  • M. F. Kĭrẓĭoğlu. Osmanḷĭlar’in Kafkas-Elleri’ni Fethi (1451-J590). Ankara. 1976.
  • J. R. Walsh. The Revolt of Alqās Mirza. 1976.
  • Fedhi Ethem Karatay. Topkapĭ Sarayĭ Müzesi Kütüphanesi Farsca Yazmalar Kataloğu. İstanbul. 1961.
  • B. W. Robinson. A Descriptive Catalogue of the Persian Paintings in the Bodleian Library. Oxford. 1958.
  • Z. V. Togan, , Istanbul, 1963,. On the Miniatures in Istanbul Libraries. İstanbul: Istanbul University Press. 1963.
  • Babinger, Franz. Die Geschichtsschreiber der Osmanen und ihre Werke. Leipzig : Harrassowitz: Harrassowitz. 1927.
  • Hani Khafipour. The Foundations of Safavid State: fealty, patronage, and ideals of authority (1501-1576). Chicago: The University of Chicago. 2013. 254.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023