Əsədulla Əhmədov Haqqinda Melumat - Vikipedia

Əsədulla Əhmədov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Əsədulla Əhmədov

Əsədulla Əhməd oğlu Əhmədov (1867, Şamaxı1941, Bakı)— Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Əsədulla Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1867
Doğum yeri
Vəfat tarixi 1941
Vəfat yeri

Həyatı redaktə

Əsədulla Əhməd oğlu Əhmədov 1867-ci ildə Şamaxı şəhərində anadan olmuşdur. Şamaxıda baramaçılıqla məşğul olan atası Əhməd bəy baramaçılıq üzrə ilk artelləri yaradaraq, xeyriyyəçiliklə məşğul olur. İlk təhsilini mədrəsədə alan Əsədulla bəy 9 yaşında ikən atasını itirir, Hacı Zeynalabidin Tağıyevin yaxın qohumu (əmisi oğlu?) olan dayısı Əlabbas Tağıyev onu himayəsinə götürür və özü ilə Bakıya aparır. Burada dayısının evində yaşayan Əsədulla fərdi müəllimlərdən dərs alıb, alman, rus, fransız dillərini öyrənmişdir. 1880-ci ildən dayısına məxsus dükanlarda çalışmışdır. Ticari qabiliyyətini inkişaf etdirən Əsədulla bəy "Bakinskiy Lombard" aksioner cəmiyyətinin idarə heyətinin üzvü, daha sonra sədri olmuşdur. 1883-cü ildə dayısının qızı Səyyarə Tağıyeva ilə ailə həyatı qurmuşdur. Bu evlilikdən 3 oğlu, 2 qızı dünyaya gəlmişdir. 1930-cu ildə Bakı şəhərində NKVD müstəntiqi tərəfindən yazılmış dindirilmə protokolunda Əsədulla bəy, qız nəvələri 12 yaşlı Kərimağa, 9 yaşlı Süleyman və 6 yaşlı Mustafa ilə birgə yaşadığını qeyd edir. Əsədulla bəyin qeyd etdiyi Kərimağa Azərbaycan və SSRİ tarixində önəmli rol oynayan, Sovet kosmik proqramının banilərindən, SSRİ dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, pilotlu hava gəmilərinin uçuşlarına nəzarət edən Dövlət Komissiyanın 25 il sədri, adı hər bir azərbaycanlıya qürur bəxş edən general-leytenant Kərim Kərimovdur.[1]

Birinci Qarabağ müharibəsinin veteranı, ehtiyatda olan xüsusi xidmət polkovniki Oktay Ələsgəroğlu Əhmədovun babasıdır.[2]

Xeyriyyəçilik fəaliyyəti redaktə

Əsədulla Əhmədov Bakıda xeyriyyəçilik fəaliyyətinə başlamış, Bakı şəhər Dumasının üzvü olmuşdur. BakıdaŞamaxıda öz vəsaiti hesabına kitabxanalar açır. 1902-ci ildə Şamaxıda zəlzələ olarkən ziyan görən sakinlərə yardım edir.

 
Şamaxı zəlzələsi zamanı çəkilən, Həsən bəy Zərdabinin də yer aldığı fotoşəkil (sağdan ikinci Əsədulla Əhmədov)

"Nəşri-maarif" cəmiyyəti redaktə

Əsədulla Əhmədov Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin ilk iclasında 11 nəfərdən ibarət idarə heyətinin üzvlərindən, həmçinin "Nəşri-maarif" cəmiyyətinin təsisçilərindən idi. "Nəşri-maarif" Cəmiyyəti haqqında Nəsiman Yaqublu yazır:

"1906-cı ilin 1 avqustunda Cəmiyyəti təsis edənlərin ərizəsinə əsasən (Bakı taciri — Əsədulla Əhmədovun, şəhər dumasının üzvü İsmayılbəy Səfərəliyevin, Bakı taciri Ağahüseyn Tağıyevin, dumanın üzvü Məmmədhəsən Hacılının, Neft sənayesi sahibi Həsən Mustafayevin, Bakı taciri Əliağa Həsənovun) Bakı cəmiyyətləri işləri üzrə quberniya buradakı müsəlman əhalinin arasında savadın yayılması ilə bağlı Bakı Cəmiyyətinin nizamnaməsini təsdiq etməyi qərara aldı. 1906-cı ilin 24 noyabrında keçirilən yığıncaqda İdarə Heyətinin sədri Hacı Zeynalabdin Tağıyev seçildi. Cəmiyyətin işində fəal iştirak edirdilər: M.H.Hacılı(Hacinski), Q.Qarabəyov, İ.Aşurbəyov, M.Muxtarov, A.Ağayev, M.Nağıyev, Ə.-İ.Cəfərov və başqaları. Cəmiyyət savadın və ibtidai təhsilin yayılmasında yardımı əsas götürürdü. Bu işin həyata keçirilməsi üçün cəmiyyət mövcud məktəblərə, mədrəsələrə kömək etməyi və ya onları öz vəsaitləri ilə açmağı vacib sayırdı… Ümumilikdə 1907–1912-ci ilə qədər maarifləndirici cəmiyyətin 15 məktəbi açılmışdı ki, onların saxlanmasına 32656 rubl sərf edilmişdi".

AXC Parlamentində fəaliyyəti redaktə

Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanununa (1918, 19 noyabr) əsasən, Cümhuriyyət Parlamentinə seçilmişdi. Bundan əvvəl Bakı şəhər dumasının üzvü olmuşdu. Parlamentdə əvvəlcə "Bitərəflər" fraksiyasının üzvü olan Əhmədov 1919 ilin oktyabrında bu fraksiyada baş vermiş parçalanmadan sonra bir neçə bitərəflə birlikdə "Müsavat" fraksiyasına keçmişdir.[3] Parlamentdəki bəzi çıxışlarında Əsədulla bəy Bakı şəhərindəki və dumadakı vəziyyətdən bəhs edir, problemləri açıq şəkildə sadalayır. Onun parlamentdəki ən maraqlı çıxışı isə erməni vəhşiliyi və bundan xilas yolu ilə bağlıdır. Azərbaycan Cümhuriyyəti Parlamentinin 29 iyul 1919-cu il tarixli 60-cı iclasında müzakirə edilən məsələlərdən biri əsgəri xidmətin müddəti barəsində qanun layihəsi olur. Mövzu ilə bağlı Əsədulla Əhmədov da çıxış edir, təkliflərini verərək bildirir[4]

"Yaxşı nizam görmüş qırx nəfər əsgər icabında bir qalaya bədəldir. Amma nizamsız əsgər, küçədən yığılanlar, tüfəngləri yerə tökürlər. İnad lazım deyil. Yalnız o fikri müdafiə edənlər, əsgərlik görməyən və bilməyənlərdir. Mən dörd il əsgərlik müddəti olmasını istərdim. Fəqət indiki zamanı nəzərə alaraq komisyonun rəyinə mən də şərikəm. Əsgərlik müddəti iki il olsun."

Parlamentdəki bəzi çıxışlarında Əsədulla bəy Bakı şəhərindəki və dumadakı vəziyyətdən bəhs edir, problemləri açıq şəkildə sadalayır. Onun parlamentdəki ən maraqlı çıxışı isə erməni vəhşiliyi və bundan xilas yolu ilə bağlıdır. 9 mart 1920-ci il tarixli 132-ci iclasda Əsədulla Əhmədov aşağıdakı çıxışı edir:

"Mən indi əlli yaşına keçmişəm, təcrübələrlə görmüşəm ki, daşnaq firqəsi iş başında olduqca erməni füqərası dinc olmayacaq. O məqsəd ki, daşnaqlar özləri üçün götürüblər, mən uşaqlıqdan görürəm ki, o bu fəlakəti verəcək. Nə qədər hökumətlər dəyişir, sosialistlər olur, menşevik olur, daşnaqların nəzərində biz yenə də müsəlmanıq. Osmanlı olur, bolşevik olur, yenə müsəlmanıq. Onların məqsədi müsəlmanları qırıb məhv etməkdir. Bu artıq bir həqiqətdir… "

 
Əsədulla Əhmədovun məzarı

Ölümü redaktə

Əsədulla Əhmədovun həyatdan köçməsinə əsas səbəblərdən biri nəvəsi Kərimağanın balaca qardaşı Süleyman Kərimovun faciəli ölümü olur. Süleyman 1941-ci ildə SSRİ-nin Ukraynadakı sərhəd qoşunlarında zastava komandiri idi. Onun komandir olduğu zastava Vermaxt hissələrinin hücumlarına sipər gəlir. Hərbi anda sadiq qalan zastava igidliklə həlak olur. Bu xəbər Əsədulla Əhmədovu xeyli sarsıdır və 1941-ci ildə Əsədulla bəy Bakı şəhərində vəfat edir. İlk əvvəllər Kirov parkına çevrilən Çəmbərəkənddə dəfn olunsa da daha sonra məzarı Yasamal qəbiristanlığına köçürülmüş burada dəfn edilmişdir.[5]

İstinadlar redaktə

  1. "Kosmos fatehlərinin sərkərdəsi". 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.
  2. Cümhuriyyət deputatının nəvəsi: "Tağıyev vacib sənədləri babama həvalə edib"
  3. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 260–261
  4. Azərbaycan Xalq Cumhuriyyəti Parlament (stenoqrafik hesabatlar). Bakı. 1998.
  5. "Cümhuriyyət deputatının nəvəsi: "Tağıyev vacib sənədləri babama həvalə edib"". 2020-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-15.

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024