Abbas Mirzə Şərifzadə Haqqinda Melumat - Vikipedia

Abbas Mirzə Şərifzadə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Abbas Mirzə Şərifzadə

Abbas Mirzə Şərifzadə (22 mart 1893, Şamaxı16 noyabr 1938, Bakı) — Azərbaycan teatr aktyoru, teatrkino rejissoru, kino redaktoru, Azərbaycan SSR əməkdar artisti (1929), Azərbaycan SSR xalq artisti (1936).

Abbas Mirzə Şərifzadə
Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Repressiya
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı Hənifə Şərifzadə
Uşaqları Ərtoğrul Şərifov
Qaratay Şərifov
Firəngiz Şərifova
(Mərziyyə Davudovadan olan qızı)
Fəaliyyəti Aktyor
Rejissor
Fəaliyyət illəri 1908–1937
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1936 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1929
IMDb ID2151583
www.abbasmirzasharifzade.info
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Abbas Mirzə Şərifzadə 1893-cü il martın 22-də Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailəsində anadan olmuşdur. Onun atası Mirzə Rəsul dünyagörüşlü bir insan olub. Seyid Əzim Şirvaninin açdığı yeni "Üsuli-Cədid" məktəbində dərs deyən Mirzə Rəsul Şamaxının ən hörmətli müəllimlərindən sayılırmış.

Abbas Mirzə Şərifzadə Şamaxıda dünyaya göz açsa da, onun gəncliyi, ümumiyyətlə, bütün ömrü Bakı ilə bağlıdır. Belə ki, 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra bir çoxları kimi onların da ailəsi şəhəri tərk edib Bakıya köçürlər.

Abbas Mirzə Şərifzadənin böyük qardaşı Qulamrza Şərifzadə Fəriköydə məzarı olan azərbaycanlılardandır. O, bir müddət İranda, daha sonra Türkiyədə yaşayıb. Q. Şərifzadə 1884-cü ildə Şamaxıda anadan olmuşdur. O, mühacir Abbasqulu Kazımzadə ilə naşirliklə məşğul olmuşdur. Belə ki, onların çap etdiyi Üzeyir Hacıbəylinin bir kitabı da var.[1]

"Hesab məsələləri" adlanan bu kitab 1908-ci ildə İstiqlaliyyət küçəsində yerləşən Orucov qardaşlarının mətbəəsində çap edilmişdir. Birinci Dünya müharibəsi illərində Azərbaycandan Türkiyəyə yardım göstərildiyi vaxt Şərifzadə xüsusi fəallıq göstərmişdir. O, 1942-ci ildə İstanbulda vəfat etmişdir.[1]

 
Sidqi Ruhulla, Hacıağa Abbasov, Abbas Mirzə Şərifzadə və Mirzəağa Əliyev

Abbas Mirzə oyun, tamaşa anlayışı ilə ilk dəfə əmisi Mirzə Məmməd Tağının sayəsində tanış olub. Teatr sənətinə meyllənən Mirzə Məmməd Tağı dini tamaşalar hazırlayırmış. Günlərin birində də o, "Şəbeh" tamaşasında əsir qız uşağı rolunu qardaşı oğlu Abbasa tapşırır. Özü isə bu tamaşada Şümüru oynayırmış.

Ancaq Abbas Mirzə Şərifzadə ilk rolunun öhdəsindən gələ bilmir. Tamaşada cərəyan edən hadisələrin ən kuliminasiya nöqtəsində, əlində qılınc olan Şümür əsir qızın üstünə yeriyən anda, Abbas Mirzə qışqıra-qışqıra bir kənarda toplaşıb, bu səhnəyə baxan qadınların arasında olan anasının yanına qaçır. Dindarların mərasimini pozan 9 yaşlı uşağa camaat möhkəm qəzəblənir.

Abbas Mirzə 1903-cü ildə gimnaziyaya daxil olur. Məhz bu illərdə də səhnə ilə maraqlanmağa başlayır. Təbii ki, bu marağın dairəsi gimnaziya şagirdlərinin hazırladığı tədbirlərdən uzağa getmirdi.

Gimnaziyanın əlaçı şagirdlərindən biri sayılan Abbas bütün tədbirlərin gözü imiş. Heç bir tədbir onsuz ötüşmürmüş. Artıq Abbas rola girməkdən, neçə-neçə insanın ona diqqət kəsilməsindən xüsusi zövq aldığını hiss edirdi. Çox-çox sonralar o illəri xatırlayan aktyor həmişə bir hadisəni yada salarmış. Bu, o hadisədir ki, onu yalnız başlanğıc adlandırmaq olar. Gimnaziyaya yenicə daxil olan Abbas növbəti tədbirlərin birində müəlliminə yaxınlaşıb, şer demək istədiyini bildirir. Müəllim də özündə cəsarət tapıb, səhnəyə çıxmaq istəyən Abbasın sözünü yerə salmır. Abbas şəstlə səhnəyə çıxır, bir anlıq çaşsa da, tez özünü toplayıb, Lermontovun "Şairin Ölümü" şerini deyir.

"Şeri söyləyəndə elə bilirdim dilim ağzımda şişibdir. Bədənim gah qızıb, gah soyuyurdu. Ancaq bütün diqqətim şerin sözlərində, məna və məzmununda idi. Bu məni bir tərəfdən sakit edir, bir tərəfdən daha da coşdururdu. Yavaş-yavaş hiss etdim ki, tamaşaçılardan çəkinmirəm".

Beləliklə, atasının çinovnik, ya da ticarət işçisi görmək istədiyi Abbas mühitin həqarətlə yanaşdığı aktyorluq sənətinin sehrinə düşür. Nə qədər ziyalı, geniş dünyagörüşlü olsa da, dövrünün adamı olan Mirzə Rəsul oğlunun bu istəyini heç cür qəbul etmir. O, tez-tez oğluna mühitin aktyorluq sənətinə münasibətini xatırladır. Abbas nə atasının, nə də mühitin etirazına məhəl qoymayıb, özü kimi həvəskarlarla birgə tamaşalar hazırlamağa başlayır.

1917-ci ildə Bakıda "Müsəlman Artistləri İttifaqı" yaradıldı. 1918-ci ilin mart ayınadək fəaliyyət göstərən bu ittifaqa Abbas Mirzə Şərifzadə rəhbərlik etmişdir.

Səhnə və kino fəaliyyəti redaktə

Abbas Mirzə Şərifzadənin çıxışından videokadr (Cəfər Cabbarlının "Od gəlini")

Abbas Mirzə Şərifzadə ilk dəfə 1908-ci ildə Molyerin "Zorən Təbib" əsərində epizodik rolda oynayıb (o lal qız rolunu oynayıb). Düz iki ildən sonra – 1910-cu ildə "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. Qısa müddət ərzində bir neçə rolda çıxış edən Abbas Mirzə 1911-ci ildə, onu bir sənətkar kimi təsdiq edən ilk obrazını yaradır. Bu, Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd Şah Qacar" faciəsinin əsas qəhrəmanı Qacar obrazı idi.

İlk uğuru Abbas Mirzədə arxayınçılıq yaratmır. Sənət axtarışlarını davam etdirən akytor bir neçə il ərzində Azərbaycanın sayılıb-seçilən səhnə ustaları sırasında özünəməxsus yer tutur.

Abbas Mirzə Şərifzadə sənətinin ecazkarlığına, qüdrətinə heyran kəsilərək, neçə-neçə teatr xadimi onun haqqında fikirlərini bölüşüblər.

Bu fikirlərin ən dəqiqi, ən dolğunu böyük dramaturqumuz Cəfər Cabbarlıya məxsusdur. "Abbas Mirzə məktəb görməmiş, sənət və onun üsullarını öyrənməmişdir. Lakin o, bir talantdır. O özü-özünə doğulmuş bir sənətkardır. Sənət onunla bərabər doğulmuşdur. Sənət onun qanında, iliyindədir.

Zatən məktəb sənətkar yetişdirmir. O, sənətkara öz təbii istedadını genişləndirməyi, onu necə işlətməyi öyrədə bilir. Abbas Mirzədə isə həmişə ona kömək edən, onu öyrədən və doğru yola yönəldən bədii bir zövq vardır. O, bir sənətkar, yaradıcı bir talantdır". Bu istedadın sayəsində onun yaratdığı zəngin rol qalereyasında – Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur ağa, Səyavuş, Eyvaz, Dəli knyaz, Hamlet, İblis – ən üstün xüsusiyyət təbiilik və müxtəlifilik olub. Abbas roldan rola nəinki dəyişib, o, səhnədə büsbütün özünü də unudub. Heç bir zaman səhnədə özünün – Abbas Mirzə Şərifzadə ömrünün sahibi olmayıb.

 
Şərifzadə Hamlet rolunda

Abbas Mirzənin yaradıcılıq yolu yarıda qırılsa da, maraqlıdır ki, tale ona bir çox məqamda sürprizlər də bəxş edib. Onun yaradıcılığına nəzər salarkən, diqqət çəkən bir məqamın üzərində dayanmaya bilmirsən. Azərbaycan teatrı səhnəsində ilk dəfə Hamleti məhz Abbas Mirzə Şərifzadə oynayıb. Cəfər Cabbarlının tərcüməsi əsasında A. A. Tuqanovun səhnələşdirdiyi bu tamaşa 1926-cı ildə Dram Teatrı səhnəsində qoyulub.

 
Şərifzadə İblis (dram)ında İblis rolunda

Və onun adı Azərbaycan teatr tarixinə yalnız aktyor kimi düşməyib. Təəssüf ki, o tamaşaların heç birinin lenti qorunub saxlanılmasa da, böyük sənətkar ilk rejissorlarımızdan biri sayılır. Belə ki, Abbas Mirzə "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd Şah Qacar", "Qaçaq Kərəm" əsərlərini səhnələşdirib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarının quruluşçu rejissoru olub.

 
Hacı Qara (film, 1929) filmindən kadr. Rejissor Abbas Mirzə Şərifzadədir.

Azərbaycan kino sənəti tarixində onun adı birincilər sırasındadır.[2] "Bismillah"[3], "Hacı Qara", "Gilan Qızı", "Məhəbbət Oyunu" filmlərini çəkən Abbas Mirzə ilk kino rejissorumuz olub.[4]

Repressiya və tale redaktə

Bütün bunlar 1937-ci ilə qədər baş verib. Bu ildən etibarənsə, Abbas Mirzə Şərifzadənin ömür yoluna nəzər salmaq üçün yalnız 6453 saylı istintaq işinə baxmaq olar.

İstintaq işindən məlum olur ki, Abbas Mirzə Şərifzadə ömrünün son günlərini yalnız yalanlara, iftiralara cavab verməklə yaşayıb. TEATR isə ömrünün o biri sahilində qalıb.

 
Abbas Mirzə Şərifzadənin Bakıda 1937-ci ilə qədər yaşadığı ev

Əslinə baxanda, istintaq işi yalnız iftiraların, minlərlə insanın faciəsinə qol qoyan dövrün eybəcərliyinin görküdür. Soyuq, qaranlıq zirzəmilərdə isə daha dəhşətli hadisələr baş verib. Ağlagəlməyən işgəncələr, təhqirlər son ucda isə QORXU, VAHİMƏ.

Abbas Mirzə 1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən, evində ciddi axtarış aparılıb. Bir teatr qılıncı, iki teatr tapançası silah kimi müsadirə edilib.

"Əldə olunmuş məlumatlara görə, bir xarici dövlətin xeyrinə casusluq edib." – bu sətirlər Abbas Mirzə Şərifzadənin həbs olunması barədə tərtib olunan arayışdandır. "Əldə edilmiş Məlumatlar" isə ağlagəlməz işgəncələrdən sonra Ruhulla Axundovun verdiyi ifadədir. Ruhulla Axundov ifadəsində bildirib ki, o, əksinqilabi millətçi təşkilatına Milli Dram Teatrının direktoru Əli Kərimovu cəlb edib. Əli Kərimovsa öz növbəsində Abbas Mirzə Şərifzadəni təşkilatla tanış edib.

"Əldə edilmiş məlumatlar" gözgörəsi əsassız idi, ən azı, bu ifadələr bir-birini təkzib edirdi. Belə ki, Ruhulla Axundovdan fərqli olaraq, Əli Kərimov sözügedən təşkilatla bağlılığından danışarkən, Abbas Mirzə Şərifzadənin adını hallandırmayıb. İsrarla dönə-dönə verilən bu suala rədd cavabı verib.

Maraqlıdır ki, Abbas Mirzə Şərifzadənin istintaq işində haqqında danışılan şəxslərin heç birinin ifadəsi yoxdur. Abbas Mirzə məsuliyyətə "İran dövlətinin xeyrinə casusluq etdiyinə görə" cəlb olunubmuş.

İstintaqın gedişatı zamanı da müstəntiqlər, əsasən, bunu sübut eləməyə çalışırlar. Və onun xarici ölkə səfirliklərilə əlaqələrini araşdırarkən, məlum olur ki, Abbas Mirzə Şərifzadə 1932-ci ildə Gəncədə olarkən, iki-üç dəfə orada fəaliyyət göstərən İran konsulxanasına gedib. İran konsulxanasının rəhbəri teatrı çox sevirmiş. Demək olar ki, hər axşam onların tamaşalarına baxmağa gəlirmiş. Və oyunlarına böyük maraqla baxdığı aktyorları hərdən qonaq çağırmağı da unutmurmuş. Abbas Mirzə Şərifzadə də məhz bu münasibətlə bir neçə dəfə İran səfirliyində olubmuş.

 
Məhəbbət oyunu (film, 1935) filmindən kadr. Rejissor və montaj edən Abbas Mirzə Şərifzadədir.
 
Mərziyyə Davudova və Abbas Mirzə Şərifzadə "Maqbet" tamaşasında

Çoxlu sayda ittihamlara məruz qalan Abbas Mirzə özünü yalnız ehtiyatsızlıq edərək, İran konsulxanasına ayaq basmaqda günahkar bilir.

O, ifşa olunmuş "xalq düşmənləri"lə yaxınlığına, siyasi görüşlərinə dair bütün ittahamlara isə birmənalı şəkildə "yox" deyir. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş" Hüseyn Cavidin, Mikayıl Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılır.

Abbas Mirzə bu ittihamları rədd edərək, bildirir ki, o, yalnız ona tapşırılan rolları oynayıb. Konsertlərdə və radio çıxışlarında mətni isə incəsənət komitəsi tərəfindən tərtib olunurmuş.

İşgəncələrə davam gətirərək, bütün ittihamlara, demək olar ki, "yox" cavabı verən, heç kim haqqında ifadəyə imza atmayan Abbas Mirzə yalnız şahid ifadələri əsasında günahkarlandırılıb. İstintaqın gedişatı zamanı onun işinə daha bir ittiham əlavə olunur: "Abbas Mirzə əksinqilabi burjua millətçi təşkilatının üzvüdür".

Məhbusun "dindirilmə" üsulu öz nəticəsini verir. Abbas Mirzə Şərifzadə İran dövlətinə casusluq etməsinə dair bəzi ittihamlarla razılaşır. Bu ittihamları təsdiqləmək üçün onunla üzləşdirilənlərin bəzilərinin sözlərini təsdiqləyir. Və 1938-ci il oktyabrın 19-da məhkəmə öz hökmünü verir: "Şərifov Abbas Mirzə Rəsul oğlu casusluq fəaliyyətinə görə güllələnsin, əmlakı müsadirə olunsun!". Ancaq Şərifzadə haqqında çıxarılan bu hökm, təxminən, bir ay sonra – noyabrın 16-da yerinə yetirilir.

O dövrün mənbələri göstərir ki, bir qayda olaraq, belə hökmlərin icrası təxirə salınmırmış. Belə olan təqdirdə Abbas Mirzə Şərifzadə haqda çıxarılan hökmün niyə yerinə yetirilməməsinə gəlincə, aydın olur ki, ondan gələcək həbslərə rəvac verən ifadələrin alınmamasından narazı qalan istintaq qrupu daha çirkin bir oyuna əl atır. Haqqında onsuz da ölüm hökmü çıxarılan Abbas Mirzə ilə daha amansız rəftar edərək bildirirlər ki, bəzi ifadələrə qol atacağı təqdirdə onu güllələməyəcəklər. Abbas Mirzə Şərifzadədən alınan ifadələr əsasında həbs edilənlər qatı cinayətkarlar olub. İstintaq qrupunun ən müxtəlif vəzifələrində çalışan bu şəxslər günahsız insanları şərləmək üçün çirkin vasitələrə əl atanlardanmışlar.

Xatirəsi redaktə

Bakının Yasamal rayonunda Abbas Mirzə Şərifzadə küçəsi var.

Əlavələr redaktə

Filmoqrafiya redaktə

 
[[Fayl:Sharifzade as Sheykh Sanan.jpg 220px]]
Soldan sağa: Abbas Mirzə Şərifzadənin ifasında Vilyam Şekspirin HamletiHüseyn Cavidin Şeyx Sənanı

Abbas Mirzə Şərifzadə həm aktyor kimi bir çox teatr tamaşalarında və kinolarda iştirak etmiş, həm də rejissorluq fəaliyyəti ilə məşğul olmuşdur.

Abbas Mirzə Şərifzadə hələ 1926-cı ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru seçilməzdən əvvəl Azərbaycan səhnəsində Üzeyir Hacıbəyovun "Leyli və Məcnun", Müslüm Maqomayevin "Şah İsmayıl", Zülfüqar Hacıbəyovun "Aşıq Qərib" operalarını səhnələşdirmişdir.

Filmləri redaktə

Filmin adı İl Rejissor Aktyor Bədii rəhbər Montaj edən Filmin növü İstinad
Knyaz Dəmir Bulat 1916 Hə Y Tammetrajlı bədii film
Bayquş 1924 Hə Y Tammetrajlı bədii film
Azərbaycana səyahət 1924 Hə Y Hə Y Sənədli film [5]
Şaxsey-vaxsey 1925 Hə Y Qısametrajlı sənədli film
Bismillah 1925 Hə Y Hə Y Tammetrajlı bədii film [6]
Əvəz-əvəzə 1925 Hə Y Tammetrajlı bədii film
Hacı Qara 1929 Hə Y Hə Y Tammetrajlı bədii film [5]
Məhəbbət oyunu 1935 Hə Y Hə Y Tammetrajlı bədii film [5]

Tamaşaları redaktə

Aktyor kimi redaktə

Tamaşanın adı Müəllif Oynadığı rol Tarix Qeydlər
Zorən xəstə(en) Molyer Lal qız 1908 Şərifzadənin peşəkar səhnədə oynadığı ilk roludur.[7]
Dəmirçi Gave Şəmsəddin Sami Rüstəm 24 aprel 1909
Cəvdət bəy Məhəmməd Ehsan Şakib 4 noyabr 1909 "Kaspi" qəzetində çap edilən resenziyada təriflənib.[8]
Sərgüzəşti Mərdi-Xəsis Mirzə Fətəli Axundzadə Bədəl 11 dekabr 1909
Artistlərin həyatı Lentovski Əziz 18 dekabr 1909
Xatirə kitabı Matteri Daşa 2 fevral 1911
Ac həriflər Əbdürrəhim bəy Haqverdiyev İştirakçılardan biri 11 mart 1911
Dəmirçi Gave Şəmsəddin Sami Bəhram 11 aprel 1911
Qazavat Lanskoy Bestujev 25 may 1912
Dağılan tifaq Əbdürrəhim bəy Haqverdiyev Səlim bəy 29 iyun 1912
Hacı Kərim xan Ərdəbili Nəcəf bəy Vəzirov İsgəndər bəy 1 sentyabr 1912
Nadir şah Nəriman Nərimanov Nadir 26 sentyabr 1912
Oğrular(en) Fridrix Şiller Şumer 9 oktyabr 1912
Səid ibn Bəqqas Mirzə Məmməd Axundov Muğanna 21 oktyabr 1912
Dəmirçi Gave Şəmsəddin Sami Pərviz 30 oktyabr 1912
Qafqazın çiçəkləri Batşala Aslan 20 noyabr 1912
Qırt-qırt Mədətov Əsgər 24 noyabr 1912
Vətən, yaxud Silistrə Namiq Kamal İslam bəy 26 noyabr 1912
Tariq ibn Ziyad Əbdülhaq Həmid Tariq 22 dekabr 1912
Pulsuzluq İvan Turgenev Abasali 10 yanvar 1913
1812 Baxmetev Barklay de Tolli(en) 25 yanvar 1913
Rüstəm və Söhrab Əhməd Qəmərlinski Söhrab 19 may 1913
Yezid ibn Müaviyə Mehdi bəy Hacıbabayev Əbdürrəhman 20 dekabr 1913

Rejissor kimi redaktə

Şəkil redaktə

İstinadlar redaktə

  1. 1,0 1,1 Dilqəm Əhməd. "Bir ildən yüz ilə". Bakı: "TEAS Press". 2018. səh. 33-34. ISBN 978 9952 310 47 4.
  2. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812.
  3. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  4. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920–1935-ci illər). Bakı: Elm, 1970.- səh. 52.
  5. 5,0 5,1 5,2 Абасмирза Шарифзаде (сборник документов, повествующих о жизни, творчестве и деятельности) / Составитель Гулам Мамедли (азерб.)русск.. — Б.: Ишыг, 1985. — 242 с. (азерб.)
  6. Arif Aliev. Our Cinema—Yesterday and Today (англ.) // Soviet Literature. — 1978. — P. 177.
  7. Шәрифзадә // Азербайджанская советская энциклопедия / Под ред. Дж. Кулиева. — Б.: Главная редакция Азербайджанской советской энциклопедии, 1987. — Т. X. — С. 514–515.
  8. Мәммәдли, 1985, с. 236.

Mənbə redaktə

  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 5.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20–32.

Xarici keçidlər redaktə

Filmleri https://www.youtube.com/watch?v=ZilNAmi5GUI



Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023