Alpan Haqqinda Melumat - Vikipedia

Alpan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Alpan

Quba rayonunda kənd

AlpanAzərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd[2]. Eyniadlı bələdiyyənin tərkibindədir[3].

Alpan
41°23′17″ şm. e. 48°25′49″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 760 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.837 nəf. (2009)[1]
Alpan xəritədə
Alpan
Alpan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

Alpan kəndi Quba rayonunda yerləşir. Alpan Azərbaycanın ən qədim kəndlərindən biri hesab olunur. Tarixçilərə görə Alpan adının mənşəyi qədim Albaniyanın adı ilə bağlıdır. Kənddə 2000-də artıq ev var. Həmçinin Alpanda qədim qəbirstanlıqlar, XVI əsrə aid Subaba türbəsi və Qalacıq kimi tarixi abidələr var. Kəndin əhalisi etnik olaraq əsasən türk mənşəlidir[4]. Kəndin qədimdən bu günümüzə qədər gələn özünəməxsus adət-ənənələri var. Novruz bayramı ərəfəsində son çərşənbə axşamı ("Şamqoyulan" günü) kənd əhalisi tərəfindən özünəməxsus qaydada – pirləri ziyarət edərək, yaxınlarının qəbirləri yanında şam yandırmaqla, xüsusən də gənclərin pirlərdəki ələm ağaclarına ələm bağlaması, onların ətrafında 7 dəfə dövrə vurmaqla murad tutmaları şəklində qeyd olunur. Bunlardan əlavə kəndin toy və yas mərasimlərinin keçirilməsinin də özünəməxsus çalarları var. Eləcə də, kənd özünün qədimdən bu günə qədər gələn mətbəx mədəniyyəti, özünəxas çörək növləri (bozlamac və s.) ilə də tanınır. Həmçinin kənddə 1796-cı ildə Quba xanı Şeyxəli xan ilə Bulqakovun komandanlığı altındakı rus qoşun dəstəsi arasında döyüş baş vermişdi. Bu zaman Şeyx Əli xan Surxay xanın köməyilə 10 min nəfərlə Quba şəhərinin yarım ağaclığında olan Alpan kəndinə gəldi. Bulqakov onun qarşısına min nəfər soldat və bir neçə top göndərdi. Aralarında şiddətli döyüş oldu. Mövqeyin çətin olması üzündən hər iki tərəfdən bir çoxu öldürüldü, ruslar geri çəkildilər.[5]

Toponimikası redaktə

Kənd Quruçay sağ sahilində, Qusar maili düzənliyində yerləşir. Kəndin ərazisində e.ə. I minilliyə aid Alpan şəhərgahı var. Etnotoponimdir.[6]

Alban/Alpan mifoloji toponimi redaktə

Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının məişətində mövcud olan dil və folklor materiallarını tutuşdurarkən mifologiyamızada xüsusi yer tutan "Al" tapınışı ilə əliaqədar mifoloji toponimlərin olması üzə çıxır. Materialların təhlili göstərir ki, Azərbaycan dilində Al tapınışı ilə bağlı olan toponimlər 3 fonetik variantda işlənir: Al morfemi və digər hissəciklərdən ibarət mifoloji toponimlər: Alban, Alpan, Alpout, Allar, Alar, Alpı Aldədə və s. Ala morfemli və hissəciklərdaən ibarət mifoloji topnimlər: Alakol, Alaşa, Alaşar, Alatava, Ala göllər, Alazan , Alagöz, Alaqurşaq. və s. Al // Əl fonetik dəyişməsi işlənən mifoloji toponimlər: Ələt, Ələyəz, Dərələyəz, Əlincə və s. Tədqiqatlar göstərir ki, Al tapınışı ilə əlaqədar toponimlər əksər türk xalqlarında geniş yayılmışdır. Biz isə imkanımız daxilində yalnız Azərbaycanda qeydə alınan həmin toponimləri tədqiqata cəlb edəcəyik. Alban \\ Alpan. Quba rayonunda kənd. Quruçayın sahilində, Qusar maili düzənliyindədir. Toponim özündə qədim alban tayfasını adını əks etdirir. Alban \\ Alpan adı indi də Orta Asiyada türkdilli xalqlarda: qırğızlarda, qazaxlarda, qaraqalpaqlarda, buryatlarda tayfa adı kimi mövcuddur. Adın alban formasına ilk dəfə e.ə. I əsrdə başlayaraq antik mənbələrdə təsadüf olunur. "Kitabi-Dədə Qorqud" dastanında isə alpan şəklində işlənmişdir. Alban \\ Alpan adının qədim türk dilli etnosun adını bildirməsi heç kimdə şübhə doğurmur. Ancaq onun mənası haqqında tədqiqatçılar müxtəlif fikirlər yürüdürlər. N.Y.Marr, A.Yanovski, K.V. Trever, R.M.Maqomedov, Z.İ. Yampolski və başqaları bu fikirdədilər ki, "alban" adı latın mənşəli söz olub "yüksəkliklər, dağlar ölkəsi" mənasını verir. A.Bakıxanov "Alban" etnoniminin tərkibindəki "alb" hissəsini latın dilindəki "alp" sözü ilə əlaqələndirir və bunun da mənası təxminən "ucalıq, hündürlük" anlayışına yaxındır. K.V.Trever isə bu sözün "dağ" mənasında kelf mənşəli "alp" morfemi ilə bağlı olduğunu göstərmişdir. Şotlandiyanın adının qədim keltcə Albaniya olduğunu və Şotlandiyanın ən dağlıq adalarından birinin Arran adlandığını da qeyd etmişdir. Ə.Dəmirçizadə "50 söz" kitabında "Alban" adının etimologiyasından danışarkən bu sözün mixi yazılarında "al-ban" şəklində yazıldığını, "şimal əyalət", "dağlıq", "dağıstan" mənalarında olduğunu göstərmişdir. K.Əliyev "alban" sözünü Xevusar ayalət kahinlərinin dilində olan "müqəddəs meşə" mənasında "alvani" sözü ilə müqayisə etmiş, lakin "alban" sözünün bu sözdən ola biləcəyini güman etməmişdir. A.Məmmədov və Y.Yusifov isə öz əsərində Altan \\ Alpan, arran, ağvan sözlərini "işıqlı,parlaq səma" mənalarında izah etmiş və onu mənşəcə avarlara tətbiq olunan halbi sözü ilə əlaqələndirmişlər. O.Kazımov da "Azərbaycan dilinin tarixi" kitabında Albaniya, Alban toponiminin etimologiyası haqqında ətraflı danışmış və onun türk dillərinə məxsus "cəsur, igid" mənalarını verən "alp" və "an" hissələrindən ibarət olduğunu bildirməklə, Albaniya adının "igidlər,cəsurlar ölkəsi" mənasına gəldiyini vurğulayır. Q.Qeybullayev, Q. Məşədiyev, M. Adilov, B. Budaqov, F. Xalıqov və digər tədqiqatçıların da Alban\ Alpan\ Alpout toponimi haqqında fikirləri belədir ki, həmin söz "igid, cəsur" mənasını ifadə edən türk sözü "alp" və "an" morfemlərindən ibarətdir. Alban \ Alpan toponimi haqqında deyilənləri nəzərdən keçirdikdən sonra belə qənaətə gəlmək olur ki, tədqiqatçıların bu söz haqqındakı fikirlərini iki yöndən araşdırmaq olar: Bir qrup tədqiqatçı hesab edir ki, Alban/Alpan adı türk mənşəli olmayıb, "alp" və "an" hissələrindən ibarətdir ki, bu da "uca,dağlıq yer" mənalarına gəlir. Digər bir qrup araşdırmaçılar isə elə düşünürlər ki, "Alban" toponim "al" və "ban" morfemlərindən əmələ gəlib və türk mənşəli sözdür. Mənası isə əvvəldə qeyd etdiyimiz kimi, hündürlük, yüksəkliklə əlaqədardır. Biz isə Alban/Alpan toponimi haqqında o fikirdəyik ki, bu ad türk mənşəlidir və "al" morfemi ilə "ban"-ın birləşməsindən əmələ gəlmişdir. Burada "al" qədim türklərin mifologiyasından gələn "Al" tanrısı ilə əlaqədardır ki, o da "ucalığı, yüksəkliyi" ifadə edir.Yəni Alban sözündən "ucalıq, yüksəklik" həmin "Al" tanrısından qalan yüksəklikdir. "Ban" morfemi də qədim türklərdə yer mənasını ifadə edən sözdür. Yekün olaraq o qənaətə gəlirik ki, Alban/Alpan toponimi qədim türklərin mifik dünyagörüşü ilə əlaqədar olaraq meydana çıxmış və zaman kecdikcə etnonim və toponimə çevrilmişdir.

Təhsil redaktə

Alpan kənd orta məktəbi redaktə

Alpan kəndində ilk dünyəvi məktəb 1910-cu ildə təşkil edilmişdir. Bu məktəb bir sinifdən ibarət idi. İlk təhsil ocağımız bəy nəslindən olan hörmətli ziyalımız Zaman Qayıbovun mənzilində yerləşmişdir. Bu məktəbdə 12 şagird təhsil alırdı. Məktəbin ilk müəllimi mariya Timofeyevna olmuşdur.

1915-ci ildə Alpanda ilk məktəb binası tikilmişdir. Bu binada dörd sinifli ibtidai məktəb təşkil olunmuşdu. Məktəbin müdiri vəzifəsində Qazaxlı Harun müəllim olmuşdur. 1915-ci ildə tikilmiş məktəb binası 1926-cı ildə yanmışdır. İkinci məktəb binası 1932-ci ildə tikilmişdir. Bina məktəbin müdiri olmuş Məhəmməd Babayevin təşəbbüsü ilə tikilmişdir. 1935-ci ildə Alpan məktəbi natamam orta məktəb statusu almış bakılı Ələsgər Ələsgərov həmin məktəbin ilk direktoru olmuşdur. Alpanda ilk orta məktəb 1945-ci ildə təşkil olunmuş və təhsil ocağının ilk kamal attestatını sonralar həmin məktəbdə müəllimə işləmiş Cövhərət Yaqubova almışdır. Orta məktəbin ilk tam buraxılışı 1951-ci ildə olmuşdur. Həmin illərdə məktəbin direktoru Alpan kəndinin sakini və tarix müəllimi Daşdəmir Baxış oğlu Hacıyev olmuşdur. Alpanda 1969-cu ildə yeni məktəb binası tikilmiş və istifadəyə verilmişdir. Hal-hazırda da dərslər bu binada keçirilir. 2002-ci ildən Alpan kənd orta məktəbi Qarabağ müharibəsinin kənddən olan ilk şəhidi Elşad Bayramovun adını daşıyır. Qeyd edək ki, bu müharibədə kənd 13 şəhid verib.

Tanınmış məzunları redaktə

Alpan kənd orta məktəbini 3853 şagird bitirmişdir. Kənd məktəbini bitirənlərdən 45 nəfəri zabit olmuş və hal-hazırda onlardan 15 nəfəri Azərbaycan Ordusu sıralarında xidmət edirlər.

  • Tələt Qayibov — biologiya e.d. professor
  • Məmməd Rüstəmbəyli — tarix e.n
  • Mirab Əhmədov — kənd t. e.d
  • Ələkbər Qubatov — filologiya e.d
  • Ələsgər Ələsgərov — hüquq e.d
  • Kənan Qayıbov — texnika e.n
  • Çapay Rəşidov — coğrafiya e.n
  • Aqil Şahmuradov — tarix e.n
  • İslam Bəyəhmədov — kənd t.e.n
  • Aqil Məlikov (kapitan) — Vətən müharibəsi şəhidi

Din redaktə

Qədim tarixi olan Alpan kəndinin əhalisi islam dininə etiqad göstərir və dini ayinlərin icrası zamanı kənd məsçidindən istifadə edilir. Alpan məscidi miladi təqvimlə 1806-cı ildə İbrahim bəyin rəhbərliyi ilə kənd camaatının iştirakı ilə usta Pirqulu tərəfindən tikilmişdir. 1814-cü ildən dini ayinlərin icrası üçün istifadəyə verilən kənd məsçidi SSRİ-nin yarandığı ilk dövrlərə qədər dini məqsədlər üçün istifadə edilmişdir. Amma, sonrakı illərdə məlum səbəblərdən kənd məsçidi 70 il ərzində kolxoz və sovxozun taxıl anbarı kimi istifadə edilmişdir. Kənd məsçidi hal-hazırda fəaliyyət göstərsə də bir çox problemlər hələ də həllini tapmamışdır. Pəncərələrin dəyişdirilməsinə,döşəmənin bərpasına və istilik sisteminin qurulmasına ehtiyac duyulur.

Əhalisi redaktə

  • Alpan kəndinin əhalisi 8000 nəfərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3256 nəfər əhali yaşayır.[7]

Coğrafiyası redaktə

Alpanın ərazisi çox böyükdür. Susayçayin sağ sahilində, təpəli hündür ərazidə yerleşib. Alpanın çoğrafi ərazisi: şimaldan Qusarın Qayakənd kəndi ilə, cənubdan Qələdüz, Küpçal kəndləri, qərbdən Uzunmeşə, Kürkün kəndləri, shərqdən isə Xucbala və Digah kəndləri ilə həmsərhəddir. Təxminən 10 000 hektar əkin üçün yararlı və bağ sahəsi var. O cümlədən" Şimi "adlanan 1000 hektar meşəlik. Alpanın sağ cinahından axan dağ çayı, yerli əhali bu çayi "Quru çay" adlandırırlar. Alpan kəndinin yararlı sahələrinin toponim adları: "Qalacıq" qədim yaşayiş məskəni,"Qaraxan"bağ sahələri, Ata yeri əkin üçün yararlıdır. Quru çayin sağ sahili boyunca "Qarasu" adlanan 200 hektardan artiq bağlıq, Qarabulağ, Ceyran təpə, Qovaqlıq, Murad quzeyləri, Yeddi qaya kimi sahələr mövçuddur. VI əsrdə İranla, (Sasanilər zamanı) Alban dövlətilə apardıqı müharibələr zamanı, Alban dövlətinin mövcudluğuna son qoyulmuşdur. Albanların dini xatirəsi olaraq Alpan kəndi yaşayır, inkşaf edir. Hal-hazırda Alpan kəndinin əhalisi 8000-ə qədərdir. Albaniya ərazisində, yəni bu ərazidə 10 nəsil icma yaşayəb.Onların özünəməxsus adları olmuşdur.

1)Kəndin yuxarı hissəsində məskünlaşan icmanın adi "Ustalardır". Evləri bir məhəlləni teşkil etmişdir
2)"Kürkünlülər" icması, bu icmanın evləri de bir-birinə yaxın olan məhəlləni teşkil etmişlər
3)"Osmanlılar"
4)"Rəflilər" bu icmanin evleri bir məhəlləni təşkil edir (rəfliler məhəlləsi adlanır)
5)"Dərgəhlar" icması
6)"Culfaçılar"icması
7)"Qaryaqlılar" icması
8)"Ərəblilər" icması
9)"Vəlibəylilər və Hümmətlər"

Alpan xalçaları redaktə

Bu xalça kompozisiyası Quba rayonunun Alpan, Susay və Səbət kəndlərində yayılmışdır. XIX əsrin ikinci yarısından başlayaraq Qusar rayonunun xalçaçılıq məntəqələrində də geniş yayılmağa başlamışdır.

Bədii xüsusiyyətləri redaktə

"Alpan" xalçalarının bədii kompozisiyası iki varianta malikdir.

Birinci variant

Bu xalçaların ara sahəsinin kompozisiyası kvadrat şəbəkə prinsipi əsasında qurulmuşdur. Kompozisiyanın əsas elementlərindən biri olan kiçik və orta çoxbucaqlı göllər rapport oxlarının təpələri boyunca keçən künc nöqtələrini təşkil edir. "Xərçəng" adlanan element göllərin ətrafında diaqonal xətt boyunca yerləşərək xalçanın kompozisiya əsasını təşkil edir. "Alpan" qrupundan olan bütün xalçaların bütövlükdə köbəsi və ayrılıqda hər bir zolağı Azərbaycanın digər xalçalarının köbə zolaqları ilə oxşardır. Birinci variantda olan "Alpan" xalçalarının ara sahəsi əksər hallarda göy və ya mavi olur. Bəzən qırmızı və ya açıq – şabalıdı fonlu xalçalara da rast gəlinir. Köbə zolaqlarının rəngi ara sahənin rənginə uyğunlaşdırılmışdır.

İkinci variant

"Alpan" xalçasının ikinci variantının kompozisiyası birinci variantın kompozisiyasından tamamilə fərqlənir. İkinci variantın kompozisiyası rombşəkilli şəbəkə təşkil edir. Bu şəbəkə kiçik məsafələrlə, üfiqi istiqamətdə simmetrik və şaquli istiqamətdə asimmetrik yerləşmiş bir neçə rapportdan ibarətdir. Burada qırıq xətlərlə yerinə yetirilmiş bitki elementləri rapport ox boyunca yerləşdirilmişdir. Bu variantda olan xalçaların fonu əksər hallarda ağ, nadir hallarda göy olur. Haqqında söhbət aparılan xalça 1283-cü ildə toxunmuşdur.

Texniki xüsusiyyətləri redaktə

"Alpan" xalçalarının ölçüsü 100x150sm-dən 125x180sm-ə qədər olur. Nadir hallarda birinci variantdan olan xalçaların böyük ölçüsünə rast gəlmək olur (iki göllü). İlmələrin sıxlığı 38x38-dən 45x45-ə qədərdir (bir kvadrat metrdə 145000 ilmədən 200000 ilməyə qədərdir, bir kvadrat metrində 250000 ilmə olan xalçalara da rast gəlinir). Xovun hündürlüyü 5-7mm-dir.

Din redaktə

Kənddə Alpan kənd məscidi dini icması fəaliyyət göstərir[8].

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. https://web.archive.org/web/20190402145609/https://www.stat.gov.az/source/regions/az/007_3.xls.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı". 2012-01-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-04-04.
  4. Azərbaycan kənd təsərrüfatı siyahıyaalması 1921-ci il. Nəticələr. Quba qəzası
  5. A.Bakıxanov Gülüstani-İrəm səhifə 208
  6. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  7. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
  8. MÜSƏLMAN DİNİ İCMALAR - 2011-ci ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2019-12-21 at the Wayback Machine. scwra.gov.az  (az.)

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024