Ataçay nekropolu Haqqinda Melumat - Vikipedia

Ataçay nekropolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Ataçay nekropolu

Ataçay nekropoluXızı rayonu, Böyük Qafqaz dağ silsiləsinin cənub-şərq ətəklərindən Xəzər dənizi sahillərinədək olan ərazini əhatə etmiş nekropol.

Ataçay nekropulu
Ataçay nekropulu
Qədim Ataçay nekropolunda axeoloji qazıntılar zamanı aşkarlanmış daş qutu qəbir.
Qədim Ataçay nekropolunda axeoloji qazıntılar zamanı aşkarlanmış daş qutu qəbir.
Ölkə  Azərbaycan
Şəhər Xızı rayonu
Yerləşir Xızıdan Altıağaca gedən yolun ayrıcı
Aidiyyatı erkən orta əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri,Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Ataçay nekropolu (Azərbaycan)
Ataçay nekropolu

Ərazidə XX əsrin əvvəllərindən Azərbaycanın şimal-şərq bölgəsində arxeoloji tədqiqatlar aparılmışdır. Tarix elmləri üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlının rəhbərliyi ilə Xızı arxeoloji ekspedisiyası tərəfindən Xızı rayonu ərazisində planlı şəkildə tədqiqatlara 2009-cu ildən başlanılmışdır. Ərazidə arxeoloji kəşfiyyat işləri nəticəsində bir çox nekropol qeydə alinmışdır. Onlardan biri də Ataçay nekropolu olmuşdur. Ataçay nekropolu Xızıdan Altıağaca gedən yolun ayrıcında yerləişir. Xızı-Altıağac yolunun və həmin yolun Fındığan kəndinə gedən qolunun çəkilişi zamanı və eyni zamanda,nekropolun dağ yamacında yerləşməsi səbəbindən qəbirlərin bəzisi dağıntılara məruz qalmışdır.

2010-cu ildə Xızı arxeoloji ekspedisiyası erkən orta əsrlərə aid 11 ədəd daş qutu qəbir tədqiq etmişdir. Qeyd edək ki, Xızı rayonunda məhz bu nekropolda əvvəllər aparılmış arxeoloji-kəşfiyyat işləri zamanı ilkin olaraq 3 daş qutu qəbir aşkar edilmişdir. Təpənin yamacının üst hissəsində yerləşən qəbirlər heç bir material verməmiş, yalnız aşağıda yolun kənarında açılmış (xatırldaq ki, burada salınmış yol nekropolun ərazisini iki yerə ayırır) 2 daş qutu qəbirdə bəzi bəzək əşyaları tapılmışdır. Bunlar tunc qolbaq,üzük və muncuqlar olmuşdur. Skeletlərə görə demək mümkündür ki, qəbirlər yeniyetmə uşaqlara aiddir.

Ataçay nekropulunun daş qutu qəbirləri şaquli şəkildə qoyulmuş daş lövhələrdən, iki və ya üç sıra düzülmüş yastı daşlardan ibarətdir. Analoji qəbir konstruksiyası Dağıstan abidələrində də izlənilir.[1] Azərbaycanın şimal-şərq bölgəsində daş qutu qəbirlər Şamaxı rayonu ərazisində yerləşən Xınıslı,[2] Qusar rayonu ərazisində yerləşən Qursanpel,[3] Şoranpel[4]Enıx[5] abidələrində aşkar olunmuşdur.

Aşkar edilmiş qəbirlər redaktə

1 saylı daş qutu qəbir redaktə

1 saylı daş qutu qəbir uşağa məxsus olub uzunluğu 140 sm, eni 55 sm, dərinliyi isə 30–35 sm olmuşdur. Qəbrin baş tərəfi və şimal divarı uzun və bütöv daşlarla, cənub divarı isə aşağı tərəfdən uzun və onun üstündəki xırda daşlarla əhatələnmişdir. Mərhum qəbrə arxası üstə və yarıbükülmüş vəziyyətdə, başı qərbə doğru, sag qolu yanına uzadılmış, sol qolu qarnı üstə qoyulmuş və ayaqları qövsvari şəkildə bükülmüşdür. Skeletin aşağı ətrafı daha salamat qalmış və baş tərəfinin ətrafında xırda saxsı fraqmentləri, kəllə sümüyünün üst tərəfində ağac qırıqları aşkar olunmuş, ətrafına xırda çay daşları düzülmüşdür. Qəbir boyu skeletin hər bir tərəfindən kömür qalıqları aşkarlanmışdır.

2 saylı daş qutu qəbir redaktə

2 saylı daş qutu qəbir körpə uşağa məxsus olmuşdur. Yarıdağılmış vəziyyətdə olan bu qəbrin uzunluğu təqribən 100 sm, eni 50 sm, dərinliyi 30 sm, istiqaməti isə şərq-qərb istiqamətində müəyyən olunmuşdur. Qəbrin divarları iri və bütöv daşlarla əhatələnmiş, üst hissəsindən xırda çay daşları ilə örtülmüşdür. Lakin örtük daşı aşkar edilməmişdir. Qəbirdəki skeletin yuxarı hissəsi salamat qalmış, kəllə sümüyü çox kövrək olduğu üçün parçalanmışdır. Skelet arxası üstə uzadılmış vəziyyətdə olsa da, kəllə sümüyü parçalanması nəticəsində mərhumun üzünün hansı istiqamətdə olduğu dəqiq müəyyənləşdirilməmiş və ümumiyyətlə, konkret dəfn adəti izlənilə bilməmişdir. Qəbirdə hec bir avadanlığa rast gəlinməmişdir

3 saylı daş qutu qəbir redaktə

3 saylı daş qutu qəbir 1-ci qazıntı sahəsinin şimal-qərbində yer səthindən 40 sm dərinlikdə tapılmışdır. Qəbrin uzunluğu 180 sm, eni 90 sm, istiqaməti şimala doğru olmuşdur. Qəbrin yan divarları iki cərgə iri, yastı sal daşlardan hörülmüş və üstü də eyni şəkildə ortülmüşdür. Mərhum qəbrə arxası üstə uzadılmış, əlləri qarnı üstə olmuş, başının altına yastı çay daşı qoyulmuşdur. Sol əlinin adsız barmağına qızıl üzük taxılmışdır. Üzük nazik qızıl məftildən hazırlanmışdır. Üzüyün sonluqları açıqdır, bir ucu hamar, o biri ucu burulmuşdur. Burulmuş tərfin içi boş, inkrustasiya olunmuş bikonik başlıqla bimişdir. Hamar olan tərəfi üç mirvari ilə tamamlanmışdır. Üzüyün diametri 1,8 sm-dir. Qəbirdən başqa bir avadanlıq tapılmamışdır.

4 saylı daş qutu qəbir redaktə

4 saylı daş qutu qəbir 1-ci sahənin qərb divarının yanında yerləşib 5–6 yaşlarında uşağa məxsusdur. Qəbrin uzunluğu 110 sm, eni 60 sm, dərinliyi 50–55 sm-dir. Skeletin başı cənub-qərb, ayaqları şimal-şərq istiqamətində olmuşdur. Mərhum qəbrə arxası üstə və üzü cənub-qərbə doğru qoyulmuşdur. Skelet dağıldığı üçün qollarının hansı quruluşda olması müəyyənləşdirilməmişdir. Qəbirdən kömür qalıqları, qara və qırmızı rəngli bikonik, uzunsov və damcıvari formada olan əqiq muncuqlar və sarı sümükdən hazırlanmış uzəri naxışlı asma bəzək tapılmışdır. Asmanın iki küncündə deşiyi olan iki çıxıntısı var. Çox güman ki, deşiklər asmaq üçündür. Onlardan biri sınmışdır. Hər iki küncdə şaquli şəkildə paralel xətlər cızılmışdır. Üzərində mərkəzdə nöqtələri olan beş dairə inkrustasiya olunmuşdur. Onlar xətlər arasında üç sırada şaquli vəziyyətdə yerləşirdi. Asmanın ölçüsü 2,8x1,8 sm, qalınlığı 0,4 sm-dir. Skeletin sağ tərəfindən aşağı hissədə orta həcmli saxsı qabın oturacaq hissəsinin qırığı aşkar olunmuşdur.

5 saylı daş qutu qəbir redaktə

5 saylı daş qutu qəbir qazıntı sahəsinin şimal divarı yaxınlığından aşkar olunmuşdur. Yeniyetmə uşağa məxsus olan qəbrin uzunluğu 130 sm, eni 50 sm, dərinliyi 20 sm-dir. Skeletin başı qərb, ayaqları şərq istiqamətində olub sağ böyrü ustə yarımbükülü vəziyyətdə, üzü cənuba doğru olmuş, sağ qolu yanına uzadılmış, sol qolu qarnı üzərinə qoyulmuşdur. Başının altında daş düzümünə rast gəlinmişdir. Skeletin boyun, kəllə sümüyünün altından və sağ çiynindən yuxarıda saxsı qab qırıqları tapılmışdır. Qəbirdən aşkar olunan tunc bəzəklər nazik tunc lövhədən hazırlanmış üzərində dörd nazik xətti olan və ucları birləşməyən dairəvi bəzək, nazik məftildən hazırlanmış sırğa və üzərində rombvari bəzəyi olan düymədən (diametri 1,3 sm) ibarədir. Skeletin sağ qulağı yanından tapılan tunc sırğanın bir ucu düz, digər ucu ilgək şəklində qatlanmışdır. İlgəyə tunc halqa keçirilmişdir. Digər bəzək olan tunc düymənin əks tərəfində çıxıntı izləri görünür, bu da çox güman ki, onun bərkidilməsi üçün olmuşdur. Boyun fəqərəsi və döş qəfəsinin yanından pasta, əqiq, sədəf və şüşədən hazırlanmış uzunsov,yumru,rombşəkilli,çəlləkşəkilli, silindrik və diskşəkilli formalarda müxtəlif rəngli muncuqlar tapılmışdır. Muncuqlar arasında bir gözmuncuğu və bir xaçvari muncuq da olmuşdur. Skeletin sinəsi üzərində açıq yaşıl-sarımtıl rəngə çalan medalyon formalı şüşə aşkar olunmuşdur. Onun küncləri işləmə nəticəsində rombşəkilli forma almışdır (diametri 3,7 sm). Bu şüşənin qəbrə hansı məqsədlə qoyulduğunu söyləmək çətindir. Amma ehtimal etmək olar ki, dini ayin elementlərindən biri olmuşdur. Bundan başqa, ağ pastadan hazırlanmış üç badamvari və deşiksiz (hər üçünün diametri 1,8 sm-dir) bəzək əşyası tapılmışdır. Qəbir boyu kömür parçalarına rast gəlinmişdir.

6 saylı daş qutu qəbir redaktə

6 saylı daş qutu qəbir iki sırada bir-birinin üzərinə düzülmüş çay daşlarından ibarət olub uzunluğu 200 sm, eni 90 sm, dərinliyi isə 45 sm olmuşdur. Skelet arxası üstə uzadılmış, qolları qarnı üzərində çarpazlanmış, başı qərbə, ayaqları şərqə və üzü cənuba doğru istiqamətlənmişdir. Qəbirdə heç bir avadanlığa rast gəlinməmişdir.

7 saylı daş qutu qəbir redaktə

 
Ataçay nekropolu,daş qutu qəbirlərindən maddi-mədəniyyət nümunələri aşkarlanarkən,2010-cu ul

7 saylı daş qutu qəbir qazıntı sahəsinin cənub tərəində yerləşib uzunluğu 215 sm, eni 55 sm, dərinliyi 40 sm olmuşdur. Mərhum qəbrə arxası üstə, başı qərbə, ayaqları şərqə, üzü cənuba doğru və əlləri qarnı üzərində çarpazlanmış vəziyyətdə qoyulmuşdur. Skeletin baş tərəfində və ayağının yanında bir yastı çay daşı və eyni daşlardan üç ədədi hər iki yanında bir sırada qoyulmuşdur. Qəbirdən kiçik saxsı qırıqları, skeletin sol biləyindən üç ədəd bütöv formada tunc və bir dəmir qolbaq, sağ biləyində iki tunc və bir dəmir qolbaq, hər iki əlinin barmaqlarından tunc üzüklər aşkar olunmuşdur. Boyun fəqərəsinin yanında pasta, kükürd, əqiq və şüşədən hazırlanmış müxtəlif rəngli, uzunsov, konusvari,bikonik muncuqlar,sağ əlinin yanından ağ, hamar sədəfdən hazırlanmış yumru bəzək əşyası tapılmışdır. Çox güman ki, bu bəzək üzük qaşı idi. Qəbir boyu kömür parçalarına rast gəlinmişdir.

8 saylı daş qutu qəbir redaktə

8 saylı daş qutu qəbir uşaq qəbri olub uzunluğu 105 sm, eni 35 sm, dərinliyi 30 sm-dir. Skeletin istiqaməti cənub-qərb istiqamətində olub arxası üstə olmuşdur. Əlləri qarnı üstündə çarpazlanmışdır. Mərhumun altına çay daşı döşənmiş, üstünə oxra səpilmişdir. Qəbirdən saxsı qırıqları və kömür parçaları aşkar olunmuşdur. Qəbirdən heç bir avadanlıq tapılmamışdır.

9 saylı daş qutu qəbir redaktə

9 saylı daş qutu qəbir ikinci qazıntı sahəsinin şimal-şərq divarının yanından aşkar olunmuşdur. Körpə uşağa məxsus olan qəbrin uzunluğu 90 sm, eni 40 sm, dərinliyi 35 sm olmuşdur. Mərhum qəbrə arxası üstə, başı qərb, ayaqları şərq istiqamətində, üzü cənuba doğru qoyulmuş, əlləri qarnı üstə çarpazlanmışdır. Başının sağ tərəfindən saxsı qırıqları, qabırğa sümüklərnin və qollarının yanından ağ pastadan hazırlanmış kiçik muncuqlar tapılmışdır.

10 saylı daş qutu qəbir redaktə

10 saylı daş qutu qəbir 4-cü qazıntı sahəsinin cənub-şərq hissəsindən tapılmışdır. Qəbrin sağ tərəfi içəriyə doğru dağılaraq skeletin kəllə, onurğa və ayaq sümüklərini əzmişdir. Daş qutu qəbrin uzunluğu 180 sm, eni 40 sm, dərinliyi isə 45 sm, skeletin başı cənub-qərb, ayaqları şimal-şərq istiqamətində, üzü cənuba doğru olmuşdur. Skeletin sağ çiyninin altına və əlinin yanına kiçik çay daşı qoyulmuşdur. Mərhum qəbrə arxası üstə qoyulmuş, əlləri qarnı üzərində çarpazlanmışdır. Skeletin altından oxra aşkar olunmuş,sağ çiyni altından xırda çay daşları düzülmüşdür. Hər iki biləyindən ucları yastılanmış və bitişməyən, mərkəzi hissələri dördkünc şəkildə yastılanmış tunc qolbaq, döş qəfəsi və çanaq sümüyü yanından əqiq və firuzədən hazırlanmış muncuqlar, kəllənin yanından bir ədəd tunc saç sancağı tapılmışdır. Tunc qolbaqlar 7 saylı daş qutu qəbirdən tapılmış qolbaqlarla eynilik təşkil etmişdir. Saç sancağı tunc məftildən hazırlanaraq ucları bir-birinin üzərinə keçmişdir. Hər iki ucunda ilgək vardır. Tunc milə üç bikonik formalı içərisi boş bəzək keçirilmişdir.

11 saylı daş qutu qəbir redaktə

11 saylı daş qutu qəbir 4-cü qazıntı sahəsinin cənub divarının mərkəzi hissəsində yerləşmişdir. Uzunlugu 190 sm, eni 55 sm, dərinliyi 50 sm olan daş qutu qəbir uç cərgə hörgü ilə hörülmüşdür. Skelet arxası üstə, başı qərbə, ayaqları şərqə, üzü cənuba doğru, sol qolu qarnı üstə, sağ qolu yanında olmuşdur. Kəllə sümüyünün yuxarı hissəsinə xırda çay daşları düzülmüş və sağ dizinin altına daş qoyulmuşdur. Çanaq sümüyünün altından oxra və bütün qəbir boyu kömür qalıqları aşkar olunmşdur. Qəbirdə avadanlığa rast gəlinməmişdir.

Ataçay daş qutu qəbirlərinin tədqiqi zamanı aydın olur ki, qəbirlər iki hissəyə bölünmüşdür: qəbir avadanlığı olan və olmayan qəbirlər. Maraqlı cəhət odur ki, qəbirlərdən aşkar olunan avadanlıqlar əsasən bəzəklərdən ibarət olmuşdur. Silahlara və əmək alətlərinə təsadüf olunmamışdır. Saxsı məmulatına rast gəlinsə də, bunlar təsadüf nəticəsində torpağa qarışmış erkən orta əsrlərə aid saxsı nümunələri olmuşdur.

Qədim inanclar redaktə

Ataçay nekropolunun daş qutu qəbirlərində qədim inancların izləri vardır. Demək olar ki, bütün qəbirlərdə daş və kömür parçaları ilə rastlaşırıq. Məlumdur ki, Azərbaycanın qədim sakinlərinin öləndən sonra ruhun daşa keçməsi kimi bir inamı olmuş, daşa pərəstiş tarixin sonrakı dövrərində də davam etmiş və qismən bu günə qədər gəlib çatmışdır. Çay daşı və təbii qara daşlara ayin kimi sitayiş qədimdə çox geniş yayılmışdır. Belə daşlar insan ruhunun yerləşdiyi yer hesab edilmiş[6] və onlara müxtəlif dövr qəbir abidələrində tez-tez təsadüf olunmuşdur. Çoxtəbəqəli I Kültəpə abidəsinin aşağı təbəqəsində eneolit dövrünə aid bəzi qəbirlərdə ölünün başının altına,[7] Qırlartəpə (Ağsu rayonu) torpaq qəbrində (e.ə.I minilliyin sonu) kişi skeletinin hər tərəfinə eyni ölçülü,53 sayda xırda daşlar qoyulmuşdur. F.Osmanovun fikrincə, bu daşlar ölünün yaş göstərcisidir.[8] Bənzər ayin qonşu regionlarda da mövcud olmuşdur.[9]

Tapılmış bəzək əşyaları redaktə

Ataçay nekropolundan tapılmış bəzəklər əsasən tunc və dəmirdən hazırlanmış əşyalar və muncuqlar olmuşdur. 4 saylı daş qutu qəbirdə olan analoji asmaya Mingəçevirin küp qəbirlərində (yeddi dairəsi olan)[10] və Qusar rayonunun (Qursanpel) daş qutu qəbirlərində də rast gəlinir.[3]:24-26 Çox güman ki, bu asmalar amulet rolunu oynayırdılar. Muncuqlara gəldikdə, Albaniya və Dağıstan ərazisindəki abidələrdə də çox sayda müxtəlif formalarda olan və müxtəlif materiallardan hazırlanmış muncuqlar olmuşdur. Onlardan boyunbağı və geyim əşyalarında, kəmərlərdə istifadə edilmişdir. Alban-sarmat və Dağıstanın orta əsr qəbirlərində tapılmış muncuqların çoxu bura şimal və cənubdan tranzit yolu ilə gətirilmişdir.[11] Bununla yanaşı, təyin olunmuşdur ki, muncuqlar yalnız gətirilmə deyil, eyni zamanda, Albaniyada da istehsal olunurdu. Eramızın I əsrindən başlayaraq öyrəndiyimiz əraziyə coğrafi cəhətdən yaxın olan Şamaxı şəhəri muncuq istehsalı mərkəzinə çevrilmiş və burada muncuqlar tökmə, ştamplanma, üfürülmə və digər üsullarla hazırlanmışdır.[12] 5 saylı daş qutu qəbirdən tapılan xaçvari sədəf muncuğun analoqu Qafqaz Albaniyasının ilk xristian məbədlərindən olan Kiş məbədinin qazıntıları zamanı tapılmışdır.[13]

7 saylı daş qutu qəbirdən tapılmış qolbaqlara gədikdə öyrənilən bölgədə ölünün hər iki əlinə qolbaq taxma adəti var idi[12]:81 və sonrakı dövrlərdə də davam etmişdir.[14]:43 Kəsikdə lentşəkilli tunc qolbaqlar ellipsvari formada hazırlanmışdır. Belə qolbaqlar sonralar da istifadə edilmiş və inkişaf etmiş orta əsrlər dövrü abidələrində də aşkar olunmuşdur.[15] Onların ölçüləri müxtəlif olub ucları birləşdirilməmişdir. Alban abidələrində bu cür qolbaqlar kütləvi şəkildə tapılmışdır və daha qədim nümunələri xatırladır.[12]:139-140 Bu qolbaqların ucları, üzəri qalınlaşır və bir qədər əyilir. Belə qolbaqlar antik dövrdən mövcuddur. Onlara e.ə. I – b.e. I–II əsrlərinə aid olan Mingəçevir küp qəbirlərində çox sayda rast gəlinmişdir.[16] Ortasında və uclarında qalınlaşan qolbaqlar Dağıstanın Ruquca kəndi yaxınlığındakı Xabadan qəbristanlığında da tapılmışdır.[17] Ataçay qolbaqlarının üzərində günəşi və ya gül ləçəyini xatırladan qabarıq nöqtələrdən naxışlar vardır. Onların ardıcıllığı belədir: birinci qolbaqda bir nöqtə mərkəzdə, səkkiz nöqtə onun ətrafında və hər tərəfdən daha üç nöqtə yerləşir. İkinci qolbaqda mərkəzi nöqtənin ətrafında yeddi nöqtə yerləşir. Mərkəzi nöqtələr daha böyükdür. Çox güman ki, bu nöqtələr astral (mistik) inamla bağlıdır. Üçüncü və dördüncü qolbaqlar o biri qolbaqlara nisbətən daha dardır. Üçüncü qolbağın üzərində anlaşılmayan naxışlar vardır. Dəmirdən olan qolbaq kəsikdə yumru olub pis saxlanmışdır.

Skeletin hər iki əlinin barmaqlarında (hərəsində bir) nazik lövhədən hazırlanmış tunc üzüklərin ucları bir qədər qalınlaşır və birləşmir. Üzüyün qaşı badamvari formada olub pastaya bənzər kütlə ilə doldurulmuşdur. Belə üzüklərə Qafqaz Albaniyasının II–III əsr abidələrində rast gəlinir və C.Ə.Xəlilov onların Romadan gətirilmə olduğunu qeyd edir. Belə ki, həmin dövrdə Albaniyanın Roma ilə mədəni, iqtisadi və siyasi əlaqələri geniş idi.[12]:141 Həmçinin belə üzüklərə Azərbaycanın şimal-şərq bölgəsinin digər oxşar abidələrində və[14][12]:141 başqa bölgələrdə də rast gəlinir. Bu cür üzüklər Füzuli rayonunun Yedditəpə daş qutu qəbirlərində (III–VI əsrlər) çox sayda tapılmışdır.[14]:46-47

Dəfn adətləri redaktə

 
Ataçay nekropolu,daş qutu qəbirlərinin üst hissədən torpaqdan təmizlənmiş forması. İri daşlar qaldırıldıqdan sonra,qəbirin içində tədqiqatlar aparılır.

Ataçay nekropolunda tədqiq olunmuş 11 daş qutu qəbrin hər birində həm oxşar, həm də fərqli dəfn adətləri izlənilmişdir. Qəbirlərin əksəriyyətində skelet arxası üstə, bəzilərində böyrü üstə aşkar olunmuşdur. Qeyd edək ki, eneolit dövründən başyaraq xristianlığın qəbul edilməsinə qədər olan dövr arasında Azərbaycan ərazisində ölülər sıx və ya yarımbükülü, əlləri üzünə dögru dəfn edilmişdir.[18]

Bildiyimiz kimi, xristianlıq Albaniyaya şərqdən (Yerusəlim) gəlmişdir.[19][20] Məlumdur ki, erkən orta əsrlərdə şimal-şərqi Qafqazada xristianlığın ən böyük mərkəzi Dərbənd olmuşdur və Albaniyanın şimal sərhəddi Dərbəndə qədər uzanmışdır.[21] Həmin dövrdə Albaniyanın xristian kilsəsinin başçısının iqamətgahı Dərbənddə (Çola) yerləşmiş, sonralar Partav (Bərdə) şəhərinə köçürülmüşdür.[22] Qeyd edək ki, IV əsrdə Albaniyada xristianlığın dövlət dini elan edilməsindən sonra ölkənin bir çox ərazilərində bütpərəst dəfn ayinləri tədricən sıxışdırılaraq aradan çıxarılmış və[23] erkən orta əsrlərdə xristianlıq geniş yayıldığı üçün Azərbaycan ərazisi xristian qəbir abidələri ilə zəngin olmuşdur. Belə qəbirlərə Mingəçevir, Ağdam,[24] Xocavənd,[25] Qəbələ[18]:145-158[26] Goranboy, Qax[27][28] və s. bolgələrdə rast gəlinir. Azərbaycan ərazisində xristian qəbirlərinin torpaq qəbirlər, kərpicdən və ya daşdan inşa edilmiş qutu formalı qəbirlər və sərdabələr, daş sarkofaqlar və katakombalar kimi tipləri müəyyənləşdirilmişdir.[14]:60-61 Qax rayonu ərazisində Ləkit-Kötüklü monastrında aparılmış arxeoloji tədqiqatlar zamanı aşkar olunmuş xristian qəbirləri içərisində erkən orta əsrlərə aid olan kirəmit qəbrin altındakı daş qutu qəbirdə iki skelet və pastadan hazırlanmış bir muncuq tapılmışdır.[29]

Müxtəlif tipə malik olan xristian qəbirlərindəki dəfn adəti izlənilərkən skeletin əllərinin qoyuluş vəziyyətinin beş variantı müəyyən edilmişdir. İzlənilən dəfn adəti skeletin hər iki əlinin sifətinə doğru uzadılması, bir əlinin sifətinə doğru uzadılıb digər əlinin döş qəfəsi üzərində olması, əllərin qarın nahiyəsinə qoyulması, hər iki əlin döş qəfəsi üzərində çarpazlaşdırılması və gövdə boyu uzadılması kimi formaları qeydə alınmışdır.[30]:109-112 Azərbaycan ərazisində xristian qəbirləri çoxluq təşkil etsə də, daş qutu tipli xristian qəbirlərinə əsasən Bərdə, Şəki və Qax rayonları ərazisində rast gəlinmişdir. Bərdədə aşkar olunmuş xristian daş qutu qəbrində skeletin başı qərbə istiqamətlənmiş, arxası üstə qoyulmuş, hər iki əli üzünə doğru qaldırılmışdır.[30] Ataçay xristian daş qutu qəbirləri ilə Bərdə daş qutu qəbirlərini müqayisə etdikdə görürük ki, dəfn adəti, demək olar ki eynidir, fərqli cəhət yalnız ondan ibarətdir ki, Ataçay nekropolu qəbrilərində mərhumun əlləri üzünə doğru qaldırılmamışdır.

Ataçay qəbirlərində skeletlərin yerləşmə xüsusiyyətləri (arxası üstə, əlləri qarnının üstündə çarpazıanmış şəkildə) burada əhalinin xristianlığı yeni qəbul etməsi ehtimalını doğurur. Lakin Albaniyanın bütpərəst torpaq qəbirlərində də skeletlər arxası üstə, qolları gövdə boyunca uzadılmışdır. M.Xəlilovun fikrincə, skeletlərin belə uzadılmış vəziyyəti ilk orta əsrlərdə Albaniyada həm xristian, həm də bütpərəst torpaq qəbirləri üçün səciyyəvi olmuşdur.[14]:69-70

M. Kalankatlının fikrincə, xristianlığın yayılmasından bir neçə əsr ötsə də, VII əsrdə Albaniyanın paytaxtı Bərdə şəhərində bütpərəstlər yaşamışlar. Belə ki, Albaniya ərazisində xristian qəbirləri ilə yanaşı bütpərəst qəbirləri də olmuşdur.[31] Dağıstanda, eyni zamanda, xristianlığın ilkin yayıldığı yerlərdə də bu din qədim inanaclarla birləşib sonradan tənəzzülə uğramışdır.[32] Ataçay nekropolunda dəfn adətində qədim inancların qalıqları aydın şəkildə özünü göstərir. Bu, bəzi skeletlərin böyrü üstə qoyulmasında, qəbirlərin içində daşların, amuletlərin, oxra, kömürkül izlərinin olmasında görünür. Burada bəzi sarmat-alan dəfn adətinin bir neçə elementi izlənilir: mərhumun qəbrə arxası üstə qoyulması və oxranın olması. Bununla belə, qəbirlərin sarmat-alanlara aid olduğunu söyləmək olmaz. Sarmat skeletlərindən fərqli olaraq Ataçay nekropolundakı skeletlərin əlləri çanaq sümükləri üzərinə qoyulmamış, ayaqları çarpazlaşdırılmamış, adətə görə tunc güzgü,[33][34] xarakterik saxsı qablar və s. kimi qəbir avadanlığı olmamışdır. Lakin hesab edirik ki, burada bəzi sarmat təsirinin olması istisna deyil.

Mingəçevir, Qəbələ, GovurqalaYedditəpə qəbir abidələrində həm xristian, həm də bütpərəst qəbirlərinin aşkarlanması müəyyən dövrlərdə lokal ərazilərdə olan yaşayış yerlərində alban xristian və bütpərəst əhalinin bigə məskunlaşdığını sübut edir. Belə ki, ilk orta əsrlərdə bütpərəstlərdə olduğu kimi, xristianlar da torpaq, daş qutu, daş sərdabə, katakomba dəfn adətindən istifadə etmişdir. Skeletin hər hansı bir uzadılma vəziyyətinə Albaniyanın bütpərəst abidələrində rast gəlinməsə də, Ön Asiyanın bütpərəst qəbir abidələrində belə uzadılma formaları izlənilmişdir.[35] Ataçay nekropolunun xarakterik xüsusiyyətləri ondan ibarətdir ki, qəbir avadanlığı olmayan qəbirlər kişilərə, avadanlığı olan qəbirlər qadınlara və bəzi uşaq qəbirlərinə aid idi. Ehtimal etmək olar ki, bu qəbirlərdə dəfn olunanalar ilkin xristianlar olmuşlar. Onlar qəbirlərə avadanlıq qoyma adətindən uzaqlaşsalar da, bu adət məişətdən tədricən çıxmışdır. Belə dəfn nekropoldakı qadın və bəzi uşaq qəbirlərində izlənilir.

Ataçay qəbirlərin quruluşu, izlənilən dəfn adəti və nekropoldan aşkar olunmuş əşyalara əsasən Ataçay nekropolu V-VIII əsrlərə aid edilmişdir.[36] Qəbirlərdə skeletlərin yaxşı qorunmaması səbəbindən antropoloji cəhətdən fikir yürütmək çətindir. Lakin nekropolun aid olduğu dövrü nəzərə alsaq, Ataçay nekropolunun albanlara məxsus olduğu qənaətinə gəlmək olar.

Albaniyanın xristian abidələrindən olan Kiş məbədində aparılan tədqiqatlar nəticəsində aşkar olunan torpaq, daş qutu və sərdabə tipli xristian qəbirləri son illərin tədqiq olunmuş qəbir abidələrindən sayılırdı.[37] 2010-cu ildə Xızı rayonu ərazisində Xızı arxeoloji ekspedisiyasının apardığı arxeoloji qazıntılar nəticəsində tədqiq edilmiş Ataçay nekroplunun erkən xristianlara aid olduğunu ehtimal etsək, nekropolun son illərdə xristian qəbir abidələrinin tədqiq olunmasında mühüm rol oynadığını deyə bilərik.

İstinadlar redaktə

  1. Погребальный обряд населения Дагестана албано-сарматского времени (III в.до н.э. – IV в. н.э.). Ростов-на-Дону. 2008. səh. 52-55.
  2. Albaniyanın qəbir abidələri. (IV-X əsrlər). Bakı. 2009. səh. 38-42.
  3. 3,0 3,1 Археологические раскопки на раннем средневековом памятнике Гурсанпель (Кусарский р-н) и Салмантепе (Кубинский р-н) // Сб. АЭИА 1976 г. Bakı. 1979. səh. 24-26.
  4. Раскопки раннесредневекового поселения Шоранпел // АО 1977 г. Москва. 1978. səh. 500.
  5. . О раннесредневековом могильнике у сел. Эных Кубинского р-на // АИА. Ифлж. 1965. səh. 175-179.
  6. Quliyev H.A, Bəxtiyarov A.S. Azərbaycanda qədim dini ayinlər və onların məişətdə qalıqları. Bakı. 1968. səh. 30.
  7. Абибуллаев О.А. Энеолит и бронза на территории Нахичеванской АССР. Баку. 1982. səh. 39.
  8. Османов.Ф.Л. Работы Ахсу-Исмаиллинской экспедиции.// Археологические открытия 1983 года. Москва. 1985. səh. 491-492.
  9. Бакушев М.А. Погребальный обряд населения Дагестана албано-сарматского времени (III в.до н.э. – IV в. н.э.). Ростов-на-Дону. 2008. səh. 124-125.
  10. Казиев С.М.,Асланов Г.М. О двух кувшинных погребениях. МКА. II. Баку. 1951. səh. 208.
  11. Гаджиев М.С. Между Европой и Азией. Махачкала, 1997,ст-16–17
  12. 12,0 12,1 12,2 12,3 12,4 Халилов Дж.А. Материальная культура Кавказской Албании. Баку. 1985. səh. 151-152.
  13. Керимов В, Стурфиел Б. Киш. История, архитектура, археология. Баку. 2003. səh. 95.
  14. 14,0 14,1 14,2 14,3 14,4 Xəlilov M.C. Albaniyanın qəbir abidələri.(IV-X əsrlər). Bakı. 2009. səh. 26.
  15. Ибрагимов Ф.А. Ремесло металлообработки в средневековых городах Азербайджана (IX – XIII вв.). Баку. 1984. səh. 45-46.
  16. Казиев С.М. Альбом кувшинных погребений. Баку. 1960. səh. 14.
  17. Пикуль М.И. Хабаданский могильник. МАД,II. Махачкала. 1961. səh. 135-166.
  18. 18,0 18,1 Qazıyev S.M. Qəbələ ərazisinin qədim dəfn mərasimləri haqqında //AMM. VI. Bakı. 1965. səh. 237-238.
  19. Каланкатуйский Мойсей. История агван Мойсея Каганкатваци, писателя X века/ перевод с армян. К.Патканова. СПб.: типография Императорской Академии наук, 1861,ст-376
  20. Мамедова Ф. Кавказская Албания и албаны. Баку, 2005,ст-523–540-799
  21. Мамедова Ф.Дж. Политическая история и историческая география Кавказской Албании. Баку, 1986,ст-116
  22. История народов Северного Кавказа с древнейших времен до конца XVIII в. М, 1986,ст-114
  23. Xəlilov M.C. Albaniyanın xristian abidələri (IV–X əsrlər),Bakı,2011,səh-189
  24. Vahidov R.M. Mingəçevir III–VIII əsrlərdə (arxeoloji qazıntı materialları əsasında). Bakı, 1961,səh-167–182
  25. Xəlilov M.C. Albaniyanın xristian abidələri (IV–X əsrlər),Bakı,2011.
  26. Qazıyev S.M. Qəbələ şəhərinin tarixi arxeoloji tədqiqi // AMM, V c., Bakı, 1964,səh-7–67
  27. Карахмедова А.А. Исследования монастыря Катук-Лякит Кахского района 1982 г.// АЭИА (1982 г.), Баку, 1990,ст-36–39
  28. Карахмедова А.А. Краткий отчет об археологических раскопках монастыря Катук-Лякит Кахского района 1981 г.//АЭИА (1980–1981 гг.), Баку, 1986,ст-77–79
  29. Карахмедова А.А. Христианские памятники Кавказской Албании (Алазанская долина). Баку. 1986. səh. 16.
  30. 30,0 30,1 Геюшев Р.Б. Христианство в Кавказской Албании. Баку. 1984. səh. 109-110.
  31. Геюшев Р.Б., Халилов М.Дж. Каменные изваяния раннесредневековой Албании. Баку. 1986. səh. 18-24.
  32. Народы Дагестана. М., 2002,ст-66
  33. Казанский М.М. Могилы алано-сарматских вождей IV в. в Понтийских степях. Симферополь. 1994. səh. 238-239.
  34. Скрипкин А.С.. Изд. Нижнее Поволжье в первые века нашей эры. Саратов: Саратовского Университета. 1984. səh. 33-34.
  35. Xəlilov M.C. Albaniyanın xristian abidələri (IV-X əsrlər). Bakı. 2011. səh. 203-204.
  36. Babayev T.D, Əsədov.V.A. Ataçay nekropolunun daş qutu qəbirlərindən tapılmış bəzək əşyaları. Dövlət və din. Bakı. 2011,5 (25) sentyabr-oktyabr. səh. 100.
  37. Керимов В, Стурфиел Б. Киш. История, архитектура, археология. Баку. 2003. səh. 144-152.

Mənbə redaktə

  • Azərbaycan Arxeologiyası və Etnoqrafiyası; Təranə Babayeva, "Ataçay nekropolu";Bakı, "Nafta-Press" nəşriyyatı,2014,səh,146–155.

П:   Arxeologiya portalı


Saytda 48 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023