Azərbaycan Qəzeti (1945-1946) Haqqinda Melumat - Vikipedia

Azərbaycan Qəzeti (1945-1946) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan (qəzet, İran)

Təbrizdə Azərbaycan Milli Hökuməti tərəfindən çıxarılan qəzet (1945–1946)
(Azərbaycan Qəzeti (1945-1946) səhifəsindən istiqamətləndirilmişdir)

"Azərbaycan" qəzeti (az-əbcəd. آذربایجان‎) — 1945–1946-cı illərdə cənubi azərbaycanlıların milli-demokratik hərəkatına rəhbərlik etmiş, 3 may 1945-ci ildə Təbriz şəhərində təsis edilmiş Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsinin rəsmi orqanıdır. "Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli-demokratik hərəkatı nəticəsində 12 dekabr 1945-ci il tarixində yaradılmış Azərbaycan Milli Hökumətinin ictimai, iqtisadi, siyasi və mədəni sahələr üzrə həyata keçirdiyi islahatları, Azərbaycan cəmiyyətinin demokratik əsaslar üzərində qurulub möhkəmləndirilməsi sahəsində fəaliyyətini, bütün İran miqyasında demokratik hüquqlar uğrunda mübarizəsini əks etdirmişdir.[1]

Azərbaycan
آذربایجان
Sahibi آذربایجان میللی حکومتی
Yaranma tarixi 5 sentyabr 1945
Siyasi mənsubiyyət kommunizm
Dil Azərbaycan dili
Nəşrini dayandırıb 11 dekabr 1946
Baş ofis
Ölkə
  •  Pəhləvilər İranı[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və yaranma səbəbləri redaktə

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin rəsmi mətbu orqanı kimi "Azərbaycan" qəzetinin ilk sayı 5 sentyabr 1945-ci il tarixində çap edilərək xalq arasında yayılmış və 12 dekabr 1946-cı il Azərbaycanda milli-demokratik hərəkatın süqutunadək 370 sayı dərc edilmişdir. Qəzetin sonuncu sayı 11 dekabr 1946-cı ildə nəşr edilmişdir.[2][3]

"Azərbaycan" qəzeti öz səhifələrində firqənin şüarlarını, günün siyasi məsələlərini sadə ana dilində izah edir və kütlələri milli azadlıq uğrunda mübarizədə əlbir olmağa çağırırdı. Azərbaycan xalqının tarixini və mədəniyyətini, istək və arzuları uğrunda mübarizə apardığı müqəddəs məqsədini, İran hakimiyyətinin ölkəni uçuruma aparmasını, fəlakət və bədbəxtliklərin səbəblərini, İran xalqlarının demokratiya və azadlıq tələblərini "Azərbaycan" qəzetinin hər bir sayında çox aydın bir şəkildə təqdim etmişdir.[1]

1945-1946- cı illər cənubi azərbaycanlıların 21 Azər milli-demokratik hərəkatlarının şah rejimi və ona himayədarlıq edən xarici imperialist qüvvələrin köməyi və sovetlərin xəyanəti nəticəsində məğlubiyyətə uğradılmasından bir gün öncə də "Azərbaycan" qəzeti xalqı özünün əldə etdiyi milli-demokratik hüquq və azadlıqlarını qoruyub saxlamaq üçün mübarizəyə səsləyirdi.

"Azərbaycan" qəzeti son sayında Azərbaycan xalqına belə bir müraciətlə yazır:

"  Əziz həmvətənlər! Vətənimiz və azadlığımız tarixi dövrlər keçirir. Şiddətli, ağır, gərgin, lakin şərəf və iftixar dolu bir mübarizə başlanmışdır. Bu münasibətlə Firqə və Həmkarlar İttifaqı sizə, yəni fədailərə, xalq qoşunlarına, qəhrəman əfsərlərə , igid fədai başçılarına, rəşid kargər və yorulmaq bilməyən kəndlilərə, gözüaçıq rövşənfikirlərə, bir sözlə bütün xalqa müraciət edib, hümmət və fədakarlıqlarınızı daha mətin qədəm, daha möhkəm iradə ilə saxlamağı tövsiyə edir və sizin mərdanəliyinizə ürəkdən inandığını, sizin hümmət və qəhrəmanlığınıza dayandığını açıq surətdə dünyaya elan edir. Mübarizə şiddətli, qanlı, ağır olsa da, aldığımız nəticə böyük və iffətlidir.

Əziz həmvətənlər! İndi hər kəs, hər bir azərbaycanlı, arvad və kişi, qız və oğlan öz gücünü, öz varlığını cəbhəyə məsrəf etməlidir. Hər kəs əlindən nə gəlirsə, azadlıq yolunda məsrəf etməkdən çəkinməməlidir. Qoy bu tarixi vəzifəni şərəflə əncam verək, qoy gələcək nəslimiz səadətlə yaşadığı zaman bizim adımız, bizim qəhrəmanlığımız azadlıq ilə iftixar etsin, qoy dünya bizi tanıdığı kimi yaşamaq haqqına layiq bir xalq olduğumuzu anlasın. İndi bu yolda qurbanlıqlar veririk və bu yol bizi zəfər və qalibiyyətə yetirəcəkdir.

"Azərbaycan Fəhlə və Zəhmətkeşlər İttifaqı" Mərkəzi Şurasının sədri Məhəmməd Biriya və Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin sədri Seyid Cəfər Pişəvəri

" 

"Azərbaycan" qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynamışdır.[1]

Yazarlar redaktə

Azərbaycan qəzeti 1945-ci ildən başlayaraq Təbriz şəhərində gündəlik nəşr olunurdu.[4] Onun səhifələrində Güney Azərbaycanın tanınmış şairləri Əli Fitrət, Mehdi Etimad, M.C.Çavuşi ilə yanaşı, Hüseyn Səhhaf, Yəhya Şeyda, Fəxrəddin Məhzun, Hüseyn Cavan kimi şairlərin poetik nümunələri tez-tez dərc olunurdu. Qəzetin nəşrinin ilk aylarından başlayaraq onun səhifələrində dərc olunan M.Tahirin "Azərbaycan ədəbiyyat tarixində Möcüz", M.Naxçivaninin "Mirzə Məhəmmədəli Tərbiyət", Novruzun "Şeyx Məhəmməd Xiyabani" (silsilə məqalələr) və s. bu kimi yazılarda ədəbi və tarixi simalar hörmətlə anılır, onların vətən və xalq qarşısında xidmətləri dəyərləndirilirdi.

"Azərbaycan" qəzetlərində folklorun toplanıb öyrənilməsi, yayılması işi də geniş yayılmışdı. Uzun illər ana dilində təhsildən, mətbuatdan, kitab oxumaqdan məhrum olan azərbaycanlılar bəlkə də yalnız folklorun hesabına öz milli varlıqlarını qoruyub saxlaya bilmişdilər. Doğma dildə yazıb- oxuya bilməyən cənubi azərbaycanlıların el nəğmələri, atalar sözləri, bayatıları, nağılları, dastanları dildən-dilə, eldən-elə dolaşırdı. "Azərbaycan" qəzetində Məhəmmədəli Fərzanənin (o, qəzetdə M.Ə.Qövsi təxəllüsü ilə çıxış edirdi) "Azərbaycanın milli dastanları" başlıqlı silsilə yazıları dərc olunurdu. Qeyd edək ki, bu qəzetdə bayatıların ilk nümunələri və "Dədə Qorqud" dastanları M.Fərzanənin təşəbbüsü və iştirakı ilə toplanıb nəşr olunurdu.

"Azərbaycan" qəzetində müntəzəm olaraq xalqın tarixindən, onun qəhrəmanlıq səhifələrindən, klassik ədəbi irsindən nümunələr, çağdaş şairlərin əsərlərindən parçalar verilirdi. "Qəzet səhifələrində ilk şeirləri görünən Əli Fitrət, Hilal Nasiri, Mir Mehdi Etimad və başqalarının təşəbbüsləri nəticəsində ana dilində yazanların sayı artır, mətbuat aləminə yeni qüvvələr gəlirdi".

"Azərbaycan" qəzeti ən yaxşı yazıçı və jurnalistləri öz ətrafında birləşdirə bilmişdi. Bunlardan Firudin İbrahimi, M.Turabi, H.Xoşginabi, İsmayıl Şəms, Q.Qəhrəmanzadə, Abbas Pənahi, Əhməd Musəvi və s. göstərmək olar. Firqənin sədri S.C.Pişəvəri "Azərbaycan" qəzetinin və ana dilində nəşr olunan mətbuatın təşkilatçısı olmuşdur. "Azərbaycan" qəzetində ən möhkəm və məzmunlu, dolğun məqalələr Pişəvərinin qələmi ilə yazılmışdır. O, "Azərbaycan" qəzetinə yaxından rəhbərlik etmişdi.[2]

S.C.Pişəvəri Azərbaycan xalqının milli-azadlıq hərəkatının ən mühüm problemləri, gündəlik siyasi-ideoloji məsələləri barədə qəzetdə məqalələr yazır, kütləvi yığıncaqlarda iştirak edir və bunlar mətbuat vasitəsilə yayılırdı. Mətbuatın və nəşriyyatın ana dilində, geniş miqyasda yayılması, ilk dəfə olaraq kəndlərə yol tapması, kənd və şəhər zəhmətkeşlərinə onların keçmişi və gələcəyi, gündəlik təsərrüfat işləri haqqında məhz ana dilində məlumat verməsi çox mühüm hadisə idi. Bu cəhətdən "Azərbaycan" qəzetinin xidməti çox böyükdür.[2]

İstinadlar redaktə

  1. 1 2 3 Səməd Bayramzadə “Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946- cı illər, Təbriz), I Hissə Arxivləşdirilib 2023-04-22 at the Wayback Machine, Bakı, “Elm və təhsil” nəşriyyatı, 2017, 292 səh. ISBN: 9789952833508
  2. 1 2 3 Pərvanə Məmmədli - Cənubi Azərbaycan mətbuat tarixi (XIX-XX- XXI yüzilliklər). Bakı, “Elm”, 2009, 230 s. 119. s. ISBN: 9789952453065 http://lankaran.cls.az/front/files/libraries/2113/books/601338025.pdf[ölü keçid]
  3. Solmaz Rüstəmova – Tohidi - "Azərbaycan dövri mətbuatı." 1875-1990. Biblioqrafiya. Bakı, Azərnəşr, 1993, 258 səh ISBN: 5552013611
  4. Cəmil Həsənli - "Güney Azərbaycan: Tehran - Bakı - Moskva arasında (1939 - 1945) " Bakı 1998. s.254 http://elibrary.bsu.az/kitablar/914.pdf Arxivləşdirilib 2018-06-13 at the Wayback Machine

Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024