Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi Haqqinda Melumat - Vikipedia

Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan Xalq Cümhuriyyətində arxiv işi

Arxiv işi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət və hökumət orqanlarının sənədlərin saxlanması məqsədilə gördükləri tədbirlər.

Yaradılması redaktə

Çarizm dövründə Şimali Azərbaycanda vahid arxiv sistemi yox idi. Çar hökumətinin süqutu və 1917-18 illərdə baş verən mürəkkəb hadisələr dövlət və hökumət idarələrinin, sahibkarlara məxsus fabrik, zavod və digər müəssisələrin sənəd və materiallarının toplanması və saxlanması işini çətinləşdirmişdi. Bu vəziyyət Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin nəzərindən yayınmadı. Dövlət nəzarəti idarəsi 1918 il noyabrın 3-də Azərbaycan dövləti ərazisindəki, demək olar, bütün dövlət təşkilatlarının kargüzarlıq və qeydiyyat işinin müharibə və inqilabi şəraitlə əlaqədar olaraq bərbad vəziyyətə düşdüyünü və əsaslı surətdə qaydaya salınmalı olduğunu bildirdi. Azərbaycan Hökuməti çətin şəraitdə fəaliyyət göstərməsinə baxmayaraq, bu məsələyə xüsusi diqqət yetirirdi. Hökumətin Tiflisdə yaradılması, bir müddət orada fəaliyyətdən sonra Gəncəyə köçürülməsi, nəhayət, Bakıda fəaliyyətə başlaması formalaşmaqda olan dövlət hakimiyyəti orqanlarının kargüzarlıq sənədlərinin mühafizəsində çətinlik yaradırdı. Lakin bu sahəyə qayğı işin təşkilinə müsbət təsir göstərirdi. 1918 ilin oktyabrında sığorta cəmiyyəti idarələrindən biri binasını dəyişərkən keçmiş hərbi-sənaye kompleksinin atılmış arxiv sənədləri aşkar edilmişdi. Onların siyahısı dərhal tutulmuş, pərakəndə sənədlər yığılıb rəflərə qoyulmuş, bir hissəsi bağlanıb ayrıca otağa yerləşdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi haqqında Əsasnamədə də arxiv işinə böyük əhəmiyyət verilirdi. Həmin Əsasnaməyə görə, Xarici İşlər Nazirliyi dəftərxanası tərkibində arxiv yaradılırdı. Burada Azərbaycanda baş verən mühüm hadisələrə aid aktlar və sənədlər, habelə qaytanlanan kitablar və nazirliyin bütün şöbələrinin sənədləri mühafizə edilirdi. Arxivariusa Cənubi Qafqaza, başlıca olaraq, Azərbaycana aid aktları, sənədləri və digər kağızları toplayıb sistemləşdirmək tapşırıldı. Beləliklə, kargüzarlıq xidmətinə və arxivə vahid sistem kimi baxılırdı. Sənədlər kompleksi bu və ya digər qərarların qəbul edilməsində mühüm rol oynamalı idi. Qəza təşkilatlarında və yerlərdə də kargüzarlıq yüksək səviyyədə aparılırdı. Cavad qəzası polis idarəsində tərtib edilmiş işin titul vərəqi və sərlövhəsi diqqəti cəlb edir. Burada idarənin tam adı səliqə ilə yazılmış, kargüzarlıq nömrəsi qoyulmuş, işin dəqiq sərlövhəsi, sənədlərin ilk və son tarixləri göstərilmişdir. Məruzə və məktublarda dərkənar, qeydiyyat ştampları, sənədlərin daxil və xaric olma nömrələri, tarix və s. qoyulmuşdur. Tərtib edilmiş sənədlərin hamısında kargüzarların imzası zəruri idi. Sənədlərin tərtibində xüsusi blankdan geniş istifadə olunurdu. Onlar tərtib üsuluna və keyfiyyətinə görə yüksək tələblərə cavab verirdi. Azərbaycanda dövlət arxivləri yalnız Aprel işğalından (1920) sonra yaradılmışdır. 1920 il dekabrın 13-də Azərbaycan İnqilab Komitəsi '"Azərbaycan SSR-də arxiv işinin mərkəzləşdirilməsi və Respublika Xalq Maarifi Komissarlığı yanında Mərkəzi Dövlət Arxivinin təşkili haqqında" dekret verdi. Bu dekretlə Azərbaycanda arxiv işinin mərkəzləşdirilməsinin əsası qoyuldu. [1]

Həmçinin bax redaktə

İstinad redaktə

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, I cild, "Lider nəşriyyat", Bakı-2004, səh. 125

Saytda 258 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024