Azərbaycan kinematoqrafı Haqqinda Melumat - Vikipedia

Azərbaycan kinematoqrafı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Azərbaycan kinosu

(Azərbaycan kinematoqrafı səhifəsindən istiqamətləndirilmişdir)

Azərbaycan kinematoqrafiyasıAzərbaycanda istehsal olunan filmlərdən ibarətdir. Yarandığı gündən insanların dünyagörüşünü formalaşdıran, hər bir xalqın tarixini, milli adət-ənənəsini yaşadan, həyatın bütün sahələrinə nüfuz edən kino sənəti bəşəriyyətin ən böyük kəşfidir. Kino yeganə sənət növüdür ki, özündə mədəniyyətin bir neçə sahəsini birləşdirir. Kinonun bir üstünlüyü də əyaniliyindədir, inandırma gücünə və təsirə malik olmasındadır.

Azərbaycan kinematoqrafiyası
Buraxılış sayı
Cəm3,000+[1]

Tarixi redaktə

Səssiz dövr redaktə

Azərbaycan kinematoqrafının tarixi 1898-ci il avqustun 2-dən başlayır.[2] İlk filmlər fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika süjetləri ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi" və s.) və "İlişdin" bədii kinosüjetdən ibarət idi.[2][3]

 
Aleksandr Mişon tərəfindən çəkilən "Bibiheybətdə neft fontanı yanğını" filmindən kadr

1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, İrəvan şəhərlərində prokat kontorları yaradılmışdır.[2] 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyni adlı ilk Azərbaycan bədii filminin çəkilişinə başladı.[2] Filmi çəkmək ücün Sankt-Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi.[2] Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynamışdır.[2][4] 1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkildi.[2] 1919-cu ildə isə "Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə təntənə" adlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.[2]

1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) təsis olundu.[2] AFKİ ayrı-ayrı sahibkarların foto, kinoteatr və prokat kontorların milliləşdirilməsi və birləşdirilməsi tədbirlərini həyata keçirirdi. O zamanlar AFKİ-nin nəzdində Bakıda "Təyyarə", "Edison", "Milyon", "Ladya", "Mədənçi" və s.kinoteatrlar da var idi.[2] 1924-cü ildə AFKİ ikiseriyalı "Qız qalası əfsanəsi" adlı bədii filmi ekranlara çıxardı. Etnoqrafik cəhətdən maraqlı olan bu filmdə müəlliflər Şərq ekzotikasından qaça bilməmişdilər.[2]

Azərbaycanda milli rejissor və aktyor kadrları hazırlamaq üçün 1925-ci ildə Şamil Mahmudbəyovun təşəbbüsü ilə AFKİ-nin nəzdində studiya təşkil edildi.[2] Cəfər Cabbarlı, Mikayıl Mikayılov və başqaları burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək məqsədilə Bakıya Vsevolod Pudovkin, Nikolay Şengelaya, Mixail Çiaureli kimi məşhur kinorejissorları, eləcə də Aleksandr Qalperin, İvan Frolov, Dmitri Feldman, Leonid Kosmatov, Yevgeni Şneyder və başqa kinooperatorlar dəvət olunmuş, Cəfər Cabbarlı, Abbas Mirzə Şərifzadə və başqaları kino yaradıcılığı işinə cəlb edilmişdilər.

AFKİ sonralar "Azdövlətkino" (1926–1930), "Azərkino" (1930–1933), "Azfilm" (1933), "Azdövlətsənayesi" (1934), "Azərfilm" (1935–1940), "Bakı kinostudiyası" (1941–1959) kimi adlar daşımışdır, 1961-ci ildən C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası adlanır.[2]

Xurafat və cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı 1920-ci illərdə Azərbaycan kinosunun əsas mövzusu idi. "Bismillah", "Vulkan üzərində ev", "Hacı Qara" kimi kino əsərləri, eləcə də öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii və real şəkildə ifadə edən "Sevil" həmin dövrdə yaradılmış uğurlu filmlərdəndir.[2] XX əsrin 1920-ci illərində Bakıda yerli operatorlar və xarici kino şirkətlərinin nümayəndələri tərəfindən şəhərin həyatından, neft mədənlərindən bəhs edən kinoxronikalar və sənədli filmlər çəkilirdi.[2] 1920-ci ildə "Bakıda 9 qızıl Ordunun rəsmi keçidi" adlı ilk xronika kinojurnalı çəkilmişdir. Həmin il "Şərq xalqlarının birinci qurultayı" xronika filmi də yaradıldı. Sonrakı illərdə müəyyən hadisələrlə bağlı kinoreportajlar hazırlandı: "Sovet Azərbaycanının 3-cü ildönümü", "Suraxanı neft mədənlərində yanğın", "Nəriman Nərimanovun dəfni", "Frunzenin iştirakilə Qızıl Ordunun manevri" və s. sənədli filmlərlə yanaşı, elmi-kütləvi filmlərin də istehsalına başlanıldı.[2]

1925-ci ildə rejissor Abbas Mirzə Şərifzadə respublikanın mədəni və iqtisadi həyatından bəhs edən "Azərbaycana səyahət" filminin çəkilişini başa çatdırdı.[2] 1920-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat və mədəni həyatındakı nailiyyətləri ilə tanış edən "Azərbaycan ekranı" kinojurnalı (ildə 4–5 nömrə) buraxılmağa başlandı.[2] Bu illər Azərbaycan sənədli kinosunda Mikayıl Mikayılov, Aleksandr Makovski, Aleksandr Litvinov kimi istedadlı rejissorlar, Yakov Tolçan, İvan Tartakovski kimi operatorlar çalışırdılar.[2]

1930-cu illər redaktə

 
"Bakılılar" filminin posteri

1930-cu illərdə Azərbaycan kinematoqrafında Seyfulla Bədəlov, Vladimir Yeremeyev, Ələsgər Ələkbərov və başqaları fəaliyyətə başladılar.[2] Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, Azərbaycanda neft sənayesinin yeni texnika ilə təchiz və s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrun bədii nailiyyətlərindəndir.[2]

1930-cu illərin əvvələrində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə də tarixi-inqilabi mövzulu filmlər çəkilirdi: "Lətif", "İsmət", "Almaz" və "Yeni horizont", "Bakılılar", "Kəndlilər" və s.[2]

1935-ci ildə Azərfilmin Moskvanın Mejraypromfilm kinostudiyası ilə birgə yaratdığı "Mavi dənizin sahilində" bədii filmi ilə Azərbaycanda səsli kino əsərlərinin istehsalına başlanıldı.[5] Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları Lev Sverdlin, Nikolay Kryuçkov, Yelena Kuzmina və başqaları çəkilmişlər.[2] 1936–1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.[2] 1930-cu illərdə səsli kinonun yaranması ilə sənədli kinonun da yaradıcı imkanları genişləndi.[5] "Şöhrətli Azərbaycan" bir hissəli sənədli xronika kinoalmanaxında ilk dəfə olaraq diktor mətni oçerkin qəhrəmanlarının çıxışı ilə sinxron verilmişdir. 1939-cu ildən "Azərbaycan ekranı" kinojurnalı "Ordenli Azərbaycan" (ildə 36 nömrə) adı altında çıxmağa başladı, 1930-cu illərin səssiz filmlərindən tammetrajlı "Şərqə yol", "Azərbaycan incəsənəti" filmləri diqqətə layiqdir.[5]

1940-cı illər redaktə

 
"Arşın mal alan" filminin posteri

1940-cı ildə rejissorlar Mikayıl Mikayılov və Vladimir Yeremeyev Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 20 illiyi münasibətilə "İyirminci bahar" sənədli filmini yaratdılar.[5]

İkinci dünya müharibəsi illərində qəhrəman döyüşçülər Kamal QasımovBəxtiyar Kərimova həsr olunmuş "Vətən oğlu" və "Bəxtiyar" kinonovellaları, Mirzə Fətəli Axundovun həyat və fəaliyyətinə dair "Səbuhi", vahid süjet xətti ilə bağlı üç kinonovelladan ibarət "Bir ailə", müharibə dövründə dənizçilərin göstərdikləri igidliklərə həsr olunmuş "Sualtı qayıq T-9" bədii filmləri çəkilmişdir.[5]

İkinci dünya müharibəsi illərində Azərbaycan sənədli kinosunun bir qrup rejissorları və operatorları cəbhə xəttinə gedərək əsgələrin qəhrəmanlığını lentə çəkirdilər.[5] Həmin materiallar xüsusi buraxılışlar kimi əsgərlərə göstərilmək üçün müxtəlif cəbhələrə göndərildi.[5] Bu dövrdə Azərbaycan xalqının arxa cəbhədəki əməyini əks etdirən kinojurnallar, kinooçerklər də yaradıldı. "Vətən uğrunda", "Qayğı", "Məktuba cavab" və s. 1944-cü ildə Bakı kinostudiyası Moskva Sənədli Filmlər Studiyası ilə birgə Xəzər dənizçilərinin qəhrəmanlığından bəhs edən "Xəzərilər" tammetrajlı sənədli filmini çəkdi.[5]

1945-ci ildə Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 25 illiyi ilə əlaqədar rejissor Hüseyn Seyidzadə "Əbədi odlar diyarı" tammetrajlı sənədli filmini yaratdı.[5] Həmin ildə Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyası yenidən ekranlaşdırıldı.[5] Rejissorlar Rza TəhmasibNikolay Leşşenko milli koloriti və xalq yumorunu saxlamaqla parlaq realist kinokomediya yarada bilmişdilər.[5] Film SSRİ-də, eləcə də dünyanın bir çox ölkəsində uğurla nümayiş etdirilmişdir.[5] "Arşın mal alan" filminə görə rejissorlar Rza Təhmasib və Nikolay Leşşenko, bəstəkar Üzeyir Hacıbəyov, aktyorlardan Rəşid Behbudov, Leyla Bədirbəyli, Ələkbər Hüseynzadə, Münəvvər KələntərliLütfəli Abdullayev 1946-cı ildə SSRİ Dövlət mükafatına layiq görüldülər.[5]

Müharibədən sonrakı illərdə "Sovet Azərbaycanı" (ildə 36 nömrə; "Ordenli Azərbaycan" kinojurnalının yeni adı) ilə yanaşı "Gənc nəsil" (ildə 4 nömrə) kinojurnalının da buraxılışına başlandı.[5] 1945–50-ci illərdə sənədli kino sahəsində ssenaristlərin İmran Qasımov, Ədhəm Qulubəyov, rejissorlar Zeynəb Kazımova, Lətif Səfərov, operator Arif Nərimanbəyov, bəstəkarlar Qara Qarayev, Tofiq Quliyev və b. fəaliyyətə başladılar.[5] Cənubi Azərbaycan xalqının 1945–1946-cı illərdə azadlıq mübarizəsindən bəhs edən "Arazın o tayında" tammetrajlı filmi diqqəti cəlb edirdi.[5]

1950-ci illər redaktə

 
"O olmasın bu olsun" filminin posteri

1940-cı illərin sonu, 1950-ci illərin əvvəllərində Bakı kinostudiyasının əsas istiqaməti bədii-sənədli və publisistik filmlərin çəkilməsinə yönəldilmiş, bu dövrdə yalnız "Fətəli xan" və "Bakının işıqları" bədii filmləri çəkilmişdir.[5]

Azərbaycan kinosunun yeni inkişaf mərhələsi 1950-ci illərin ortalarından başlanır.[5] Bu dövrdə milli ssenarist, rejissor, operator, rəssam kadrları yetişir.[5] Onların çoxu Ümümittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil almışdılar.[5] Həmin illərdə bədii filmlərin çəkilişinin sayca çoxalması onların mövzu dairəsinin genişlənməsinə səbəb oldu.[5] Ekranda fəhlə və kolxozçuların, müxtəlif peşə sahiblərinin əməyi və həyatı öz əksini tapdı: "Qızmar günəş altında", "Qara daşlar", "Kölgələr sürünür", "Onun böyük ürəyi", "Onu bağışlamaq olarmı?", "Bizim küçə", "Böyük dayaq", "Telefonçu qız", "Ögey ana".[5]

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin 30 illiyi münasibətilə 1950-ci ildə "Sovet Azərbaycanı" rəngli tammetrajlı sənədli filmi yaradıldı.[5] Film 1951-ci ildə Kann kinofestivalı xüsusi mükafatına layiq görüldü.[5] Sonrakı illərdə müasirlik mövzusu xalqın məişəti, əmək nailiyyətləri sənədli kino ustalarının yaradıcılığında başlıca yer tutmuşdu: "S. M. Kirov adına körfəzdə", "Azərbaycan elmi", "Bizim Azərbaycan".[5]

"Bakı və bakılılar", "Azərbaycan mədəniyyətinin baharı", "150 il. Mirzə Fətəli Axundov" və digər sovet kinosu sənətinin görkəmli nümayəndələrindən sayılan "Xəzər neftçiləri haqqında dastan və "Dənizi fəth edənlər" filmlərini, rejissor Roman Karmen Bakı kinostudiyasında çəkmişdir.[5] Həmin filmlərdə dəniz neftçilərinin fədakar əməyi və həyatı əks olunmuşdur. Bu filmlərə görə rejissor Roman Karmen, operatorlar Cavanşir MəmmədovSergey Medınski Lenin mükafatına layiq görülmüşlər.[5]

Bakı kinostudiyasında müxtəlif mövzularda filmlər yaradılmışdır.[5] 1957-ci ildə çəkilmiş "Bir məhəlləli iki oğlan" filmi Şərq ölkələrindən birində xalqın azadlıq və demokratiya uğrunda mübarizəsindən bəhs edir. Partizan Mehdi Hüseynzadəyə həsr edilmiş "Uzaq sahillərdə" filmi isə Azərbaycanın, eləcə də keçmiş sovet kinosunun nailiyyətlərindəndir. Dinamik, gərgin hadisələr, dəqiqliklə verilmiş xarakterlər, operator və rejissor işinin yüksək səviyyəsi filmə geniş şöhrət qazandırmışdır.[5]

1960-cı illər redaktə

 
"Koroğlu" filminin posteri

1960-cı illərin əvvələrindən Azərbaycanda rəngli filmlərin çəkilişi genişləndirildi.[5] "Koroğlu" bədii filmi Azərbaycan genişekranlı rəngli kinosunun ilk nümunəsidir.[5] "Səhər" filmi Bakıda 1905–1907-ci illər inqilabı hadisələrindən söhbət açır.[5] "Mahnı belə yaranır" filmi Dağıstanın xalq şairi Süleyman Stalskiyə həsr edilmişdir. "Məhəbbət dastanı" "Leyli və Məcnun" mövzuları əsasında çəkilmişdir.[5]

"Arşın mal alan" filmindən etibarən Azərbaycan kinosunda musiqili komediya janrına meyl güclənmişdi.[5] "Görüş", "O olmasın, bu olsun", "Romeo mənim qonşumdur", "Əhməd haradadır?", "Ulduz", "Arşın mal alan", "Qayınana" və s. filmlərdə bu ənənə davam etdirilmişdir.[5]

XX əsrin 1960–70-ci illəri kinematoqrafiyaya gənclərin böyük bir qrupunun gəlməsi ilə əlamətdar olmuşdur.[5] Onların orta və yaşlı nəslə mənsub xadimlərlə əməkdaşlığı Azərbaycan kinosunun peşəkar səviyyəsinin yüksəlməsinə, milli özünəməxsusluq, ideya dərinliyi ilə fərqlənən filmlərin meydana gəlməsinə səbəb olmuşdur. Məsələn, "Bir cənub şəhərində" filminin mərkəzində yeniliklə köhnəliyin mübarizəsi, insanın köhnəlmiş adətlərin əsarətindən xilas olması prosesi durur.[5] 1966-cı ildə Azərbaycanfilmdə rəssam və rejissor-multiplikator kursları açılmışdır.[5] 1969-cu ildə Azərbaycanfilmdə yaradılmış multiplikasiya sexində Alla Axundovanın Azərbaycan xalq nağılları əsasında yazdığı ssenari üzrə birhissəli rəngli "Cırtdan" cizgi filmi çəkilmişdir.[5]

Azərbaycan bədii televiziya filmlərindən "Ad günü" xüsusilə fərqlənir.[5] "Dantenin yubileyi", "Təkcə adanı özünlə apara bilməzsən", "Ötən ilin son gecəsi" və digər bədii filmlər də Azərbaycan Televiziyasının istehsalıdır. "Üzeyir ömrü" televiziya filmi geniş arxiv materialları əsasında yaradılmışdır.[5]

1960-cı illər sənədli kinosunda Oqtay Mirqasımov, Yalçın Əfəndiyev, Ruslan Şahmalıyev, Teymur Bəkirzadə, Nicat Bəkirzadə kimi gənclər fəaliyyətə başladılar.[5] Oqtay Mirqasımovun "Dəniz", "Qobustan", "Bu, həqiqətin səsidir. Bəstəkar Qara Qarayev", "Bəstəkar Qara Qarayev. Opus-78" filmlərində 1960-cı illərin ikinci yarısında sənədli kinonun üslubundakı müəyyən dəyişikliklər (diktor mətninin olmaması, poetik əfval-ruhiyyə, dəqiq montaj) özünü göstərir.[5] Həmin filmlərə görə, 1967-ci ildə Oqtay Mirqasımov Azərbaycan Lenin Komsomolu mükafatına layiq görülmüşdür.[5] Bundan əlavə, "Səməd Vurğun" filminin rejisssoru Yalçın Əfəndiyevə, ssenari müəllifi İsmayıl Şıxlıya, operator Z. Məmmədova, Cəfər Cabbarlının xatirəsinə həsr olunmuş "Solmaz bir bahar kimi" filminin rejissoru Cahangir Zeynallı Azərbaycan Lenin Komsomolu mükafatı verilmişdir.[5]

1970-ci illər redaktə

1970-ci illərin bəzi filmlərində, İkinci dünya müharibəsi mövzusu əksini tapmışdır: "Bizim Cəbiş müəllim", "Bakıda küləklər əsir", "Tütək səsi" və "Şərikli çörək" filmində müharibənin son aylarında Bakının həyatı xüsusi səmimiliklə təsvir olunur.[5] Həmin dövrün filmlərində, həm də mənəvi-əxlaqi problemlər, müasir həyata müxtəlif baxışlar, insan xarakterlərinin təhlili, gənc nəslin formalaşması və s. mövzular başlıca yer tutur: "Uşaqlığın son gecəsi", "Gün keçdi", "Ən vacib müsahibə", "Var olun, qızlar…", "Həyat bizi sınayır", "Xoşbəxtlik qayğıları" və s. filmləri göstəmək olar.[5]

1970-ci ildən Azərbaycanfilm kinostudiyasında "Mozalan" satirik kinojurnalının istehsalına başlanılmışdır.[6] Kinojurnalda cəmiyyətin antipodları, gündəlik həyatda və təsərrüfatda rast gəlinən qüsur və nöqsanlar tənqid atəşinə tutulur.[6]

1970–80-ci illərdə tarixi-inqilabi janrda bir sıra maraqlı, orijinal filmlər çəkilmişdir.[5] Mosfilm kinostudiyası ilə birgə yaradılmış Nəriman Nərimanovun fəaliyyətindən bəhs edən "Ulduzlar sönmür" filmi bu baxımdan diqqətəlayiqdir.[5] Səməd Vurğunun "Komsomol poeması"nın motivləri üzrə çəkilmiş "Yeddi oğul istərəm…" filmi 1920-ci illərin komsomolçularına həsr olunmuşdur.[5] Yüksək ideyalılıq, vətəndaşlıq motivləri ilə kinematoqrafiyanın ifadə vasitələrinin uyarlığı, gözəl aktyor oyunu bu filmin mühüm məziyyətlərindəndir.[5] "Səmt küləyi" filmi Azərbaycan kinosunun tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə birgə yaradılmış ilk əsərdir, "Axırıncı aşırım", "Qatır Məmməd" filmlərində sovet hakimiyyətinin ilk illərində Azərbaycan kəndində gedən sinfi mübarizədən bəhs olunur.[5] "Sevinc buxtası", "Atları yəhərləyin", "İşarəni dənizdən gözləyin" filmləri də tarixi mövzulardadır.[5]

"Nəsimi" filmində feodal dünyasının haqsızlıqlarına qarşı çıxan şairin həyatı və o dövrün sosial və əxlaqi problemləri əksini tapmışdır.[5] "Dədə Qorqud" filmi poetikliyi ilə fərqlənir.[5] "Babək" filmində IX əsr sərkərdə Babəkin başçılığı ilə Xilafətə qarşı xalqın mübarizəsi təsvir edilmişdir. "Nizami" filmində Nizami Gəncəvinin, "Qəm pəncərəsi" filmində isə Cəlil Məmmədquluzadənin obrazı canlandırılmışdır.[5]

1970-ci illərdə "Fitnə", "Tülkü Həccə gedir", "Cırtdanın yeni sərgüzəştləri", "Çaqqal oğlu çaqqal" və s. cizgi filmlər yaradılmışdır.[5] 1972-ci ildən Azərbaycan televiziyasında da cizgi filmlərinin istehsalına başlanmışdır. Rejissor Vaqif Behbudovun "İlham", "Göyçək Fatma" və "Möcüzələr adası" cizgi filmləri Ümumittifaq televiziya filmləri festivalında mükafata layiq görülmüşdür.[5] Həmin dövrdə Azərbaycanfilm kinostudiyası səsli (ağ-qara, rəngli), genişekranlı, panoram və genişformatlı filmlərdə səsin stereofonik yazılışını təmin edən yeni kino avadanlığı ilə təchiz olunmuşdur.[5]

Həmin dövrdə Azərbaycanfilm kinostudiyasında ildə təqribən 7 bədii film, 20 sənədli və elmi-kütləvi film istehsal olunurdu.[5] 7-ci və 21-ci Ümumittifaq kinofestivalları(1974, 1988), kino həvəskarlarının 40-cı beynəlxalq festivalı (UNİKA-78) Bakıda keçirilmişdir.[5]

1980-ci illər redaktə

 
"Yaramaz" filminin posteri

1970-ci illərin sonralarında və 1980-ci illərdə Azərbaycan kinosunda mənəvi-əxlaqi problemlərə diqqət daha da artmışdır.[5] Ssenariçi Rüstəm İbrahimbəyovla rejissor Rasim Ocaqovun filmlərində mürəkkəb psixoloji vəziyyətlər, əsl insan ləyaqəti ilə əlaqədar müşahidələr, xudbinlik, sərtlik, mərhəmətsizliyə qarşı etiraz kimi mövzulara meyl güclüdür: "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Ölsəm… bağışla". Həmin mövzular "De ki, məni sevirsən", "Bizi bağışlayın", "Gümüşü furqon", "Şeytan göz qabağında", "İşgüzar səfər", "Bağ mövsümü", "İlıq dənizdə buz parçası", "Gümüşgöl əfsanəsi", "Burulğan", "Təxribat" filmlərində yeni cəhətlərdən açılmışdır.[5] "Yaramaz" filmində xarakter deformasiyası müasir bədii ifadə vasitələri, satirik boyalarla təsvir edilmişdir. Film Azərbaycanda və xaricdə böyük maraq doğurmuşdur.[5]

1980-ci illərdə Azərbaycan kinematoqrafında uşaq filmlərinin istehsalına da mühüm əhəmiyyət verilir: "Bir qalanın sirri", "Sehrli xalat", "Qərib cinlər diyarında", "Mən mahnı qoşuram", "Əzablı yollarla", "Musiqi müəllimi", "Gəmi saatının sirri".[5] 1989-cu ildə ilk fantastik Azərbaycan bədii filmi olan "Əlaqə" yaradılmışdır.[5]

Həmin dövrdə maraqlı elmi-kütləvi kino nümunələri yaradılmışdır: "Naxışların yaddaşı", "Qızıl balıq", "Hardasan, yaşıl sahilim", "Eskulap piyaləsinin sirri", "Dirçəlmə", "Torpaq borcu" və s. Azərbaycan sənədli kinosunda aktual mövzuların seçilməsi və araşdırılması üçün yeni yollar axtarılır, çəkiliş metodunun, montajın, səsləndirilmənin əlavə imkanları təcrübədə sınanılır.[5] Bu baxımdan rejissor Teymur Bəkirzadənin "Dissonans", "Abşeron qalaları", Zaur Məhərrəmovun "Baharla birgə", "Köç", Cahangir Zeynallının "Səfillər", "İntizar", Rauf Nağıyevin "Ölü zona" filmləri diqqətəlayiqdir.[5]

1990-cı illər redaktə

1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi, cəmiyyət qarşında keyfiyyətcə yeni məqsəd və vəzifələr qoymuşdur.[7] Azərbaycanda milli ideologiyanın və cəmiyyətin yeni inkişaf modellərinin qurulması və digər bu kimi sosial problemlər humanitar elmlərin öncül tədqiqat istiqamətlərinə çevrilmişdir.[7] Bu dövrdə Azərbaycan kinematoqrafında çəkilən filmlərin sayı əvvəlki illərə nisbətən az olmuşdur.[7] Bununla belə, Azərbaycan kinematoqrafçıları böyük əhəmiyyətli, həyati mövzulara müraciət edərək, estetik tələblərə cavab verə biləcək filmlər çəkmişlər: "Yarasa", "Özgə vaxt", "Fransız", ""Yapon" və yaponiyalı" və s.[7]

1990-ı illərdə Azərbaycanfilm kinostudiyası öz aparıcı rolunu saxlamaqda idi və bu ərəfədə Azərbaycan xalqının dərdini və düşdüyü faciəni ağrı ilə, vətən sevgisi ilə, bədii formada açan vətənpərvərlik ruhunda çəkilmiş Ceyhun Mirzəyevin "Fəryad", Ənvər Əblucun "Ağ atlı oğlan", Gülbəniz Əzimzadənin "Ümid" filmləri tamaşaçının rəğbətini qazanmışdır.[8]

1996-cı ildə Hüseyn Mehdiyevin "Özgə vaxt" filmi, I Beynəlxalq Madrid Kinofestivalında "Ən yaxşı rejissor" və "Ən yaxşı gənc aktrisa" nominasiyaların qalibi olur və "Qızıl Sibilla" və "Gümüş Sibilla" mükafatlarına layiq görülür.[8] Bu film 30-dan artıq ölkədə festivallarda nümayiş olunur.[8] 1998-ci ildə isə Yavər Rzayevin "Sarı Gəlin" filmi Karlovo Varıda keçirilən Beynəlxalq Kinofestivalda Amerikanın təsis etdiyi "Azadlıq" mükafatını və Rusiyanın "Kinoşok" Festivalında "Ən yaxşı ssenari" nominasiyasının qalibi olur.[8]

2000-ci illər redaktə

2005-ci ildə rejissor Oqtay Mirqasımovun "Ovsunçu" filmi Kazanda keçirilən "Qızıl minbər" Birinci Beynəlxalq İslam Kino Festivalında ən yüksək mükafata "Qran-pri"-yə layiq görülüb.[8] Eldar Quliyevin "Girov" filmi isə 2005-ci ildə İsveçdə Geteborq Ekzayl Film Festivalında, 2006-cı ildə Misirdə Qahirə Beynəlxalq Kino Festivalında, 2007-ci ildə Çexiyada "Karlova Varı" Beynəlxalq Kino Festivalında və 2008-ci ildə Polşanın VarşavaKrakov şəhərlərində nümayiş etdirilmiş və mükafatlara layiq görülmüşdür.[8]

2007-ci ilin fevralın 23-də, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında" sərəncam imzalamışdır.[9]

2010-cu illər redaktə

 
"Azərbaycan Kinosu Afişalarda" adlı sərgi

2013-cü ildə Bakıda Mədəniyyət və Turizm Nazirliyinin teatr, musiqi, təsviri sənət və kino sahəsində təsis etdiyi "Zirvə" mükafatının 6-cı təqdimetmə mərasimində "Dolu" filmin yaradıcı heyətinə "Zirvə" mükafatı verilib.[10] 2014-cü ildə Elçin Musaoğlunun "Nabat" filmi 63-cü Mannheym-Heydelberq Beynəlxalq Film Festivalında 3 mükafata layiq görülüb.[11]

2015-ci ildə "Yaddaş" Sənədli Filmlər Studiyası tərəfindən "Azərbaycanın Milli Qəhrəmanları" silsiləsindən III hissə – 15 sənədli film təhvil verilib.[12] "Axınla aşağı" bədii filmi aprel-may aylarında ABŞ-nin Los-Anceles şəhərində keçirilən "SEEfest" festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatınıqazanıb.[12]

Azərbaycanda kino günü redaktə

2 avqust Azərbaycan Kinosu Günüdür. 1898-ci il avqustun 2-də, Parisdə Lümyer qardaşlarının ilk kino nümayişini təşkil etməsindən (1895) üç il sonra Bakıda fotoqraf və kinooperator Aleksandr Mişon çəkdiyi bir neçə kinosüjeti ("Bibiheybətdə neft fontanı yanğını", "Qafqaz rəqsi" və s.) nümayiş etdirib.

Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust "Azərbaycan Kinosu Günü" – ölkəmizdə kino işçilərinin peşə bayramı elan olunub.

Azərbaycan kinosu dünya kinosunun tarixi ilə bərabər yaranaraq paralel şəkildə böyük inkişaf yolu keçib. 1923-cü ildə respublikamızda dövlət kinostudiyası təşkil edilib, 20-ci illərdə səssiz filmlər çəkilib. 1936-cı ildə ilk səsli, 1950-ci illərdə isə rəngli filmlər istehsal edilib. Sonrakı illər Azərbaycan kinosunun tarixində zəngin səhifələr dövrü olub, bu gün də sevə-sevə izlədiyimiz, ekran əsərləri yaranıb.

Festivallar redaktə

Ad İl Şəhər Növ Qeydlər Vebsayt
"Şərq-Qərb" Beynəlxalq Bakı kinofestivalı 1996– Bakı Beynəlxalq
Audiovizual Festivalı Bakı Beynəlxalq Gənc kinematoqrafçıların video filmləri
"START" Gənclərin Beynəlxalq Film Festivalı 2005–2012 Bakı Beynəlxalq
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı 2013– Bakı Beynəlxalq Festivalın məqsədi turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verməkdir.[13] Rəsmi saytı Arxivləşdirilib 2018-08-03 at the Wayback Machine
DokuBaku Beynəlxalq Sənədli Film Festivalı Bakı Beynəlxalq, Sənədli Rəsmi saytı Arxivləşdirilib 2018-09-02 at the Wayback Machine

Seçilmiş filmlər redaktə

Klassik filmlər (1898–1991) redaktə

Müasir dövr filmləri (1991-cari) redaktə

Uşaq filmləri redaktə

Qısa filmlər redaktə

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. ""Bu günədək Azərbaycanda 3 mindən artıq film istehsal olunub"". www.bizimyol.info. www.bizimyol.info. 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  2. 2,00 2,01 2,02 2,03 2,04 2,05 2,06 2,07 2,08 2,09 2,10 2,11 2,12 2,13 2,14 2,15 2,16 2,17 2,18 2,19 2,20 2,21 2,22 2,23 "AZƏRBAYCANDA KİNO SƏNƏTİNİN YARANMA TARİXİ. SƏSSİZ DÖVR (1920-1935)". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  3. "Azerbaijan marks National Cinema Day". news.az. news.az. 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  4. "Aydın Kazımzadə: "Azərbaycan kinosunun tarixi üç dəfə dəyişib."". 1905.az. 1905.az. 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  5. 5,00 5,01 5,02 5,03 5,04 5,05 5,06 5,07 5,08 5,09 5,10 5,11 5,12 5,13 5,14 5,15 5,16 5,17 5,18 5,19 5,20 5,21 5,22 5,23 5,24 5,25 5,26 5,27 5,28 5,29 5,30 5,31 5,32 5,33 5,34 5,35 5,36 5,37 5,38 5,39 5,40 5,41 5,42 5,43 5,44 5,45 5,46 5,47 5,48 5,49 5,50 5,51 5,52 5,53 5,54 5,55 5,56 5,57 5,58 5,59 5,60 5,61 5,62 5,63 5,64 5,65 5,66 5,67 "AZƏRBAYCAN KİNOSU 1935-1988-Cİ İLLƏRDƏ. SƏSLİ DÖVR". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  6. 6,0 6,1 "AT THE TOP OF HIS GAME YASHAR NURI – ACTOR, DIRECTOR, NATIONAL TREASURE". www.visions.az. www.visions.az. 2019-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  7. 7,0 7,1 7,2 7,3 "AZƏRBAYCAN KİNOSU MÜSTƏQİLLİK DÖVRÜNDƏ". www.azerbaijan.az. www.azerbaijan.az. 2018-07-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 ""Azərbaycanfilm"in qısa tarixi". www.azerbaijanfilm.az. www.azerbaijanfilm.az. 2018-10-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  9. "Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında sərəncam imzalanıb". www.azadliq.org. www.azadliq.org. 2021-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  10. ""Dolu" filmi mükafata layiq görüldü". www.aznews.az. www.aznews.az. Archived from the original on 2023-06-29. İstifadə tarixi: 3 sentyabr 2016.
  11. ""Nabat" filmi 3 beynəlxalq mükafat aldı". news.lent.az. news.lent.az. 2018-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  12. 12,0 12,1 "Bu gün Azərbaycan Kinosu Günüdür". virtualaz.org. virtualaz.org. 2018-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.
  13. "I Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək". www.azadliq.org. www.azadliq.org. 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2016.

Ədəbiyyat redaktə

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.
  • Aydın Dadaşov, "Müasir Azərbaycan Kinosu", Bakı: TEAS Press Nəşriyyat evi, 2017, ISBN 9789952513837, 276 səhifə

Xarici keçidlər redaktə


Saytda 59 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023