Bəhruz Kəngərli Haqqinda Melumat - Vikipedia

Bəhruz Kəngərli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bəhruz Kəngərli

Bəhruz Kəngərli (tam adı: Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli; 10 (22) yanvar 1892, Naxçıvan[1]7 fevral 1922[1], Naxçıvan, Naxçıvan Sovet Sosialist Respublikası) — Azərbaycan rəngkarlıq sənətində ilk akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə novatorluğa yol açmış Azərbaycan rəssamı.[2]

Bəhruz bəy Kəngərli
Bəhruz (Şamil) Şirəlibəy oğlu Kəngərli
Doğum tarixi 10 (22) yanvar 1892
Doğum yeri
Vəfat tarixi 7 fevral 1922(1922-02-07)[1] (30 yaşında)
Vəfat yeri
Vəfat səbəbi Ciyər xəstəliyi
Dəfn yeri
Milliyyəti Azərbaycanlı
Vətəndaşlığı  Rusiya İmperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Fəaliyyəti rəssam
Janr portret
Stillər Realizm, impressionizm
Tanınmış işi Qaçqın xanım (1920)
Təsirlənib Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, Yakov Nikoladze, Oskar Şmerlinq
Təsir edib Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.[3]

Həyatı redaktə

Erkən illəri redaktə

 
Bəhruz Kəngərli

Bəhruz Kəngərli 1892-ci ilin yanvar ayının 22-də Naxçıvan şəhərində anadan olmuşdur.[4] Rəssamın doğma anası Əziz xanım Bəhruzun körpəliyində vəfat edib, bundan sonra atası Şirəli bəy Şirin xanımla evlənib.[5] Bu izdivacdan iki qızı — Tahirə və Mənsurə anadan olub.[5] 1910-cu illərdə Şirəli bəyin vəfatından sonra Şirin xanım rəssamın əmisi Qədir ağaya kəbin edilib.[5] Bu evlilikdən üç uşaq — Davud, Rüstəm və Gültac dünyaya gəlib.[5]

Atası Şirəli bəy gimnaziyada təhsil almış, fars və rus dillərini öyrənmiş, Şərq və Avropa ədəbiyyatı ilə tanış olmuş, qabaqcıl ziyalı kimi tanınmış, şəhər məhkəməsində tərcüməçi vəzifəsində işləmişdir.[6] O, oğlunu "Xeyriyyə" adlı yeni tipli şəhər məktəbində oxumağa qoymuşdu. Bəhruz Kəngərli atasının evə gətirdiyi kitab və şəkilli kitablardan faydalanır, kiçik yaşlarından rəsm çəkməyə maraq göstərir, şəkillərin surətini çıxarmaqla məşğul olur, rus dilini öyrənərək özünün bilik səviyyəsini artırmağa çalışır.[6] Kiçik ikən eşitmə qabiliyyətini itirən Bəhruz özünün xəyal aləminə qapılaraq bütün vaxtını şəkil çəkməyə sərf edir.[7]

 
Bəhruz Kəngərli və atası Şirəli bəy Kəngərli

Atasının abunəçi olduğu "Molla Nəsrəddin" jurnalını varaqlamaq Bəhruzun mənəvi aləminə qida verir.[8] O, jurnalda dərc olunan felyetonlarla, karikaturalarla tanış olur, məzəli şəkillərin üzünü çıxarmaqla rəsm çəkməyin sirlərini öyrənir.[8] Bu ilk vərdişlər Bəhruzun rəssamlıq sənətinə sevgisini gücləndirir. Bu məqsədlə Bəhruz Kəngərli 1910-cu ildə Tiflis rəssamlıq məktəbinə daxil olur və 5 il ərzində orada təhsil aldıqdan sonra 1915-ci ildə Naxçıvana qayıdır.[9]

Zaqafqaziyanın mühüm mədəni mərkəzi Tiflis şəhərində "İncəsənəti təşviq cəmiyyəti" nəzdində təşkil edilmiş rəssamlıq məktəbinin ilk azərbaycanlı məzunu Bəhruz Kəngərli orada özünün istedadının hərtərəfli inkişafı üçün əlverişli zəmin tapır.[6] Məktəbdə təhsil rus akademik təhsili sisteminə əsaslanırdı və şəhərin qabaqcıl rəsm müəllimləri tərəfindən aparılırdı. Gürcü rəssamları Qiqo Qabaşvili, Aleksandr Mrevleşvili, heykəltaraş Yakov Nikoladze, "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edən Oskar Şmerlinq kimi müəllimlər öz tələbələrinə peşəkar rəssamlıq prinsiplərini, Avropa mədəniyyətinin nailiyyətlərini aşılayırdılar.[6] Bəhruz Kəngərlinin tələbəlik illərində "Molla Nəsrəddin" jurnalının təsiri altında çəkdiyi rəsm və şarjları bunu aydın sübut edir.[6]

Bəhruz Kəngərlinin təhsil illərində çəkdiyi akademik rəsmlərinin nümunələri bizə gəlib çatmışdır.[6] Onun karandaş, kömür, sulu və yağlı boyalarla işlədiyi bir sıra rəsmləri, o cümlədən qədim YunanRoma incəsənətinin şah əsərlərindən "Apollonun başı", "Laokoon", Mikelancelonun "Qandallanmış qul" kimi büst və heykəllərin rəsmləri buna misal ola bilər.[6] Bunlar gənc rəssamın canlı naturadan işləyib sərbəst rəsm vərdişlərinə uğurla yiyələndiyini göstərir.[6] O, cansız gips heykəllərin surətini köçürməklə kifayətlənmir, eyni zamanda canlı naturadan Öz müəllimlərinin, tələbə yoldaşlarının portretlərini də çəkir, insanın zahiri görünüşünü, bənzəyişini, psixoloji cizgilərini real tərzdə canlandırmağa müvəffəq olur.[6]

Təhsil illərində Bəhruz Kəngərli yay tətillərini Gürcüstanın səfalı yaylaqlarında, Qara dəniz sahillərində, eləcə də doğma Naxçıvanda keçirir və görüb müşahidə etdiyi həyat lövhələrini, müasirlərinin surətlərini fırçaya alır, sevdiyi peşəsini yorulmadan təkmilləşdirməyə, rəsm qabiliyyətini cilalamağa çalışırdı.[10] Həmyerliləri arasında bacarıqlı rəssam kimi tanınan Kəngərli sənət həvəskarları tərəfindən müəyyən sifarişlər də verilirdi.[6] Hələ tələbə ikən 1914-cü ildə Naxçıvanda onun ilk fərdi sərgisi təşkil olunmuş, sənət həvəskarlarının diqqətini cəlb etmiş, mətbuat səhifələrində rəğbətlə işıqlandırılmışdır.[6] Şəhərin qabaqcıl ziyalıları sərgini yüksək qiymətləndirmiş, mətbuatda verilən məqalədə "Bəhruz bəy cənablarının bundan daha gözəl, bundan daha artıq rəsmlər yaratmağa nail olmasını" arzu etmişlər.[6]

Sərbəst yaradıcılıq fəaliyyəti redaktə

Təhsilini başa vurub Naxçıvana qayıtdıqdan sonra Bəhruz Kəngərli doğma şəhərinin mədəni həyatında faydalı rol oynamağa başlayır.[6] O, əsərlərini öz evində nümayiş etdirir, gənclərin bədii tərbiyəsi, estetik mədəniyyəti istiqamətində ilk təşəbbüslərə xüsusi əhəmiyyət verir, müasirlərin bədii tələblərini təsviri sənətə, xalq yaradıcılığının kütləvi növlərinə cəlb etməkdən xüsusi zövq alır, bu sahədə görülən işin bəhrəsindən təsəlli tapırdı.[6]

Akademik M. C. Cəfərovun xatirəsində Bəhruz Kəngərlinin 1919-cu ildə balaca bir otaqda nümayiş etdirdiyi sərgisi haqqında maraqlı məlumat verilir:

"  O, bir-bir əsərlərini göstərib həvəslə uşaqlara izahat verirdi və arabir gülümsəyib deyirdi: "Əl vurmaq olmaz, olmaz əl vurmaq". Mən həmişə üzü tutqun, qaşları çatılmış olan rəssamı birinci dəfə gülümsəyən gördüm.[6] " 

Uşaqlar, yeniyetmələr rəssamın sərgilərinə tamaşa edər, naturadan şəkil çəkərkən başına toplaşar, məharətinə heyran-heyran baxaraq zövq alardılar.[6] Belə əyani rəsm vərdişləri sənət həvəskarları üçün canlı ibrət və təcrübə məşğələlərinə çevrilirdi.[6] Təsadüfi deyildir ki, Naxçıvanda sonralar rəssam kimi tanınmış Hüseyn Əliyev, Adil Qazıyev, Şamil Qazıyev, Əyyub Hüseynov, Bağır Maratlı kimi gənclər Bəhruz Kəngərlini özlərinin ilk müəllimi sayır, yüksək qiymətləndirirdilər.[6]

 
Bəhruz Kəngərlinin 1920-ci ildə çəkdiyi Qaçqın xanım rəsmi.

Bəhruz Kəngərlinin sərbəst yaradıcılıq fəaliyyəti gərgin ictimai-siyasi təzadlı illərə, xüsusilə ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz və terror əməliyyatlarının baş verdiyi dövrə təsadüf etmişdir.[6] Rəssamın həmin mövzulara həsr etdiyi rəsmləri kəskin sənədli ittihamnamə vüsətinə malikdir.[6] Xüsusilə "Qaçqınlar" rəsm silsiləsi zamanın ictimai ziddiyyətlərini əks etdirən realist ümumiləşdirmə qüvvəsi ilə səciyyələnir.[4][6] "Qaçqın oğlan", "Qaçqın xanım", "Qaçqın uşaqlar", "Naxçıvan xərabələri" kimi rəsmlər ideya-bədii məzmununa görə həssas ürəkli, humanist rəssamın milli qırğına, ədavətə, ictimai ədalətsizliklərə qarşı etirazı kimi səslənir.[4][6]

Doğma vətənində məşəqqətli və ağır sınaq illərinin baş verməsinə baxmayaraq, Bəhruz Kəngərlinin yaradıcılıq fəallığı, əməksevərliyi daha da genişlənir, sənətkarlığı kamillik mərhələsinə çatır.[6] O, yorulmadan bədii axtarışlar aparır, rəngkarlığın portret, mənzərə, natürmort janrlarında psixoloji cizgiləri, mənəvi hiss və duyğuları ilə aşılanmış, lirik əhvali-ruhiyyəsi ilə seçilən rəsmlər, tablolar yaradır. Həyat varlığın realist mövqelərdən dərk edib canlandıran rəssam özünün estetik amalını aşkarlayıb deyirdi:

"  Mən gördüyüm bu qəribə aləmi rənglərlə təsvir edirəm. Ancaq yenə də o çəkdiyim şeyin eyni ola bilmir. Mən çalışıram elə rəsm çəkim ki, o həmin şeyin eyni ola bilsin.[6]
Bəhruz Kəngərli
" 

Kəngərli insanın, təbiətin gözəlliyini, boyaların ahəngliyini, hava-işıq effektlərinin təravətini tam və dolğun şəkildə ifadə edən realizm metoduna, xüsusilə impressionizm üslubuna meyil göstərirdi.[6] Rəssamın bir sıra mənzərələrində, o cümlədən günün müxtəlif çağlarında fırçaya alman "İlanlı dağ" mənzərələ rində impressionizm sənət cərəyanının əks-sədası aydın duyulur.[6]

O zaman maarif, mədəniyyət ocaqlarının təşəkkülü sahəsində ilk addımlar atan Naxçıvanın mədəni həyatına Bəhruz Kəngərlinin məhsuldar fəaliyyəti faydalı təsir göstərirdi.[6] Rəssam rəssamlıq sənətini təbliğ etmək üçün əhəmiyyətli yollar axtarır, "Naxçıvan yadigarı" adlı rəsm albomları hazırlayır, belə albomların yerli əhali arasında yayılmasına səy göstərir, sənətsevərlər arasmda maraqlı söhbətlər aparırdı.[6] Naxçıvanın tarixi-etnoqrafık abidələrini, milli tipajları, geyimləri, yerli mühitin əlamətdar atributlarını əks etdirən "Naxçıvan yadigarı" adlı olduqca maraqlı rəsm albomu hal-hazırda Azərbaycan Milli İncəsənət Muzeyində mühafizə edilir.[6]

Teatr sənətinin inkişafında rolu redaktə

Bəhruz Kəngərli Naxçıvanda teatr sənətinin inkişafı ilə əlaqədar tədbirlərin həyata keçirilməsində də yaxından iştirak etmişdir. Bəhruz Kəngərli 1912-ci ildə Naxçıvan teatrında Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" musiqili komediyasının bədii tərtibatını verərək, ilk dəfə teatr rəssamı kimi fəaliyyətə başlayır.[11] Rəssam 1912-ci ildən 1918-ci ilədək Naxçıvan teatrının səhnəsində Nəcəf bəy Vəzirovun "Pəhləvanani-zəmanə", "Hacı Qəmbər", "Müsibəti-Fəxrəddin", Əbdürrəhim bəy Haqverdiyevin "Ac həriflər" — ümumilikdə 40-dan çox tamaşaya irihəcmli pannolar çəkmiş, səhnə tərtibatı və geyim eskizləri vermişdir.[11] Rəssam milli xalq geyimlərinin misilsiz bilicisi idi.[11] O, bədii tərtibat verdiyi əsərlərin personajlarını səciyyələndirən, tarixi dürüstlüyü, milli koloriti, zəngin boyaları, naxışları, bəzəkləri ilə nəzəri cəlb edən çoxlu əlbəsə eskizləri yaratmışdır.[11]

1917-ci ildə Bəhruz Kəngərli Naxçıvan "Xeyriyyə" məktəbinin nəzdindəki "El güzgüsü" adlı teatr cəmiyyəti tərəfindən tamaşaya qoyulmuş Cəlil Məmmədquluzadənin "Ölülər" komediyasının səhnə tərtibatım, dekor və geyim eskizlərini icra etmişdi.[9] O, həmçinin 1918-ci ildə tamaşaya qoyulmuş "Ölülər", "Pəri Cadu", "Hacı Qara" kimi əsərlərin səhnə tərtibatım vermiş, bundan əlavə teatrın arxa səhnəsi üçün dağ mənzərəsini təsvir edən irihəcmli panno çəkmişdir ki, ondan müxtəlif tamaşalarda istifadə olunurdu.[12]

Azərbaycan SSR dövründə yaradıcılığı redaktə

1920-ci ilin yayında Naxçıvan bolşeviklərin Qızıl Ordusu tə rəfindən işğal olunur, Sovet hakimiyyəti qurulur, maarif və mədəniyyət sahəsində bir sıra tədbirlər həyata keçirilir.[6] Yeni ictimai mühitdə Bəhruz Kəngərli özünün yaradıcılıq fəaliyyətini genişləndirməyə imkan tapır.[6] Müasirlərinin xatirələrində göstərildiyi kimi, 1920–1921-ci illərdə Bəhruz Kəngərli özünün bir sıra dolğun, bədii cəhətdən kamil əsərlərini yaratmışdır.[6] Bunlardan Birinci dünya müharibəsində iştirak edən azərbaycanlı döyüşçülərin rəmzi obrazını — "Qızıl Əsgər" surətini xüsusilə qeyd etmək lazımdır.[6]

1921-ci il fevralın 15-də Naxçıvan İnqilab Komitəsinin təşəbbüsü ilə Bəhruz Kəngərlini 500-ə yaxın rəsmlərindən ibarət sərgi nümayiş etdirilmiş, bəzi əsərlərin əhaliyə satılması nəticəsində əldə olunan vəsaitin müəyyən hissəsi rəssamın arzusu ilə şəhərdəki uşaq evinə bağışlanmışdır.[9]

Ölümü redaktə

Bəhruz Kəngərlinin tərcümeyi-halı göstərir ki, bədəncə zəif, mülayim təbiətli, yumşaq xasiyyətli, çalışqan və işgüzar ziyalı qısa həyatı boyu maddi çətinliklərə, mənəvi məhrumiyyətlərə məruz qalmış, rəsmi dövlət idarələrindən, imkanlı şəxslərdən lazımi qayğı və yardım görməmiş, mədəni cəhətdən geri qalmış adam və cahil insanların laqeyd münasibətinin şahidi olmuşdur. O, 1922-ci ildə fevralın 7-də 30 yaşında ciyər xəstəliyindən vəfat etmişdir.[3][6]

Portretçilik məharəti redaktə

 
Bəhruz Kəngərli iş zamanı

Bəhruz Kəngərlinin yaradıcılığında aparıcı yer tutan portret əsərlərində müasirlərinin real və canlı obrazları əksini tapmışdır.[8] Rəssam portret janrının tələblərinə hələ təhsil illərində xüsusi diqqətlə yanaşmış, insan surətini təhlil etmək vərdişlərinə xüsusi tələbkarlıqla yiyələnmişdir.[6]

Təhsil illərində və yaradıcılığının ilk mərhələsində Bəhruz Kəngərli portret janrına müstəsna əhəmiyyət vermişdir, ilk qaralama rəsmlərindən, rəssamlıq məktəbində çəkdiyi sinif işlərindən, klassik heykəllərin surətlərindən tutmuş, təmasda olduğu yaxın adamların, tanışların, müəllimlərin surətlərinə kimi, onun erkən əsərlərinin böyük hissəsi portret janrına aid olmuşdur.[6] Əsərlərinin xronoloji siyahısını nəzərdən keçirdikdə aydın olur ki, rəssam 1911–15-ci illərdə portret əsərlərinə xüsusi əhəmiyyət vermişdir.[6] İlk növbədə onun "Avtoportretini" nəzərdən keçirmək maraqlıdır. O, həmin rəsmində özünü tamaşaçılara nəzərlərində müşahidəkarlığa malik, xəyala dalmış, düşüncəli, yaradıcı şəxsiyyət kimi təqdim edir.[6] O, məktəbli libasında masa arxasında oturmuş tərzdə, düşüncələr əsnasında təsvir olunmuşdur.[6] Uzun qara saçları ilə əhatə olunmuş enli sifəti, qalın qaşları, qabağa zillənmiş parlaq gözləri xəyalpərvər gəncin daxili aləmi, nüfuzedici şəxsiyyəti haqqında canlı təsəvvür yaradır. Portret onun yaradıcı ziyalı qrupuna mənsub olduğunu aşkara çıxarır.[6]

Rəssamlıq məktəblərində təhsil prosesində hərəkətsiz gips heykəlləri köçürüb insan bədəninin anatomik quruluşunu, formasını işıq-kölgə təzadları vasitəsilə canlandırmaq mühüm tələblərdəndir. Naturanı qavramaq vərdişlərini asanlaşdıran bu üsul rəssamın görmə qabiliyyətini tənzimləyir, rəsm çəkmək məharətini nizama salır.[6] Bəhruz Kəngərlinin həmin qayda ilə antik heykəllərdən çəkdiyi "Apollonun başı", "Laokoon", "Qandallanmış qul" rəsmlərində portret əlamətləri, forma kamilliyi həlledici rol oynayır.[6] Bu cəhət onun canlı insan surətlərini birbaşa naturadan işlədiyi bir sıra əsərlərinə, o cümlədən "Qoca kişi portreti"nə də aiddir.[6]

Sakit nəzərlərində ahıllara məxsus təmkinli ifadə oxunan bu təsvir milli tipajın konkret əlamətlərinə görə gürcü xalqına mənsubdur.[6] Yağlı boyalarla işlənmiş həmin portretdə olduğu kimi, Kəngərlinin müəllimi Oskar Şmerlinqin karandaşla çəkilmiş profil portreti avropalılara məxsus milli cizgiləri ilə səciyyələnir.[6][13] Kəngərlinin sinif yoldaşı gürcü rəssamı Lado Qudiaşvilinin portreti fərdi cizgilərinə görə canlı və təbiidir.[13]

Kəngərlinin kiçik ölçüdə çəkilmiş portretlərinin əksəriyyəti sulu boya ilə icra olunmuşdur. Canlı müşahidələrin izi ilə fırçaya alınmış həmin rəsmlər sadə və sərbəst kompozisiyasına görə çox vaxt etüd səviyyəsindədir.[6] Hiss olunur ki, sevimli peşəsindən ayrılmaq bilməyən rəssam hər yerdə diqqətini cəlb edən şəxsləri ani və ötəri rəsmlərində canlandırmağı xoşlayırmış.[6] Bunların böyük hissəsi 1911–13-cü illərdə sulu boya, karandaş, kömür və qara tuşla işlənmiş albomda toplanmışdır.[6] "Kişi portreti", "Qadın portreti" adları altında təkrar-təkrar işlənən belə rəsmlər milli tipajın rəngarəngliyini müşahidə etmək niyyəti ilə yaranırdı.[6]

Kəngərlinin müasirləri, Naxçıvanın ziyalıları ona özlərinin portretlərini çəkməyə sifariş verərdilər.[6] O, naturadan portret çəkməklə yanaşı bəzən qazanc məqsədilə fotodan portretləri böyütməklə də məşğul olardı.[6] Rəssamın əmisi oğlu Hüseyn ağa Kəngərlinskinin, babası Murtuz ağanın, əmisi Rzanın, müəllim Mirzə Məhəmməd Zamanbəyovun, Əsədağa Sultanovun portretləri bu qəbildəndir.[6]

Bu kimi xatirə mahiyyətli portretlərdən fərqli olaraq, rəssam əsl yaradıcılıq ruhu ilə səciyyələnən, məzmunca rəngarəng uşaq və qadın portretləri silsiləsini fırçaya almışdır.[8] Əksəriyyəti 1918–21-ci illərdə çəkilən bu portretlər dərin ideya məzmunu, ictimai və psixoloji vüsəti ilə nəzəri cəlb edir. Rəssamın məşhur "Qaçqınlar" (1918–20) portret silsiləsi tarixi sənədliliyi və bədii kamilliyi baxımından Azərbaycan rəngkarlığı tarixində müstəsna hadisə kimi qiymətləndirilməlidir.[7] Adətən sakit və xəlvəti həyat sürüb siyasətdən kənarda qalan rəssam, xalqın taleyinə, kəskin ictimai ziddiyyətlərə, milli ədavət və qırğınlara özünün vətəndaşlıq münasibətini nümayiş etdirərək irtica və erməni təcavüzü ilə bağlı faciəli hadisələrin canlı və əyani salnaməsini yaratmışdır.[9] Milli qırğın nəticəsində doğma yurdundan didərgin düşmüş yoxsul və köməksiz uşaqların, qadınların faciəsi humanist sənətkarın diqqətini cəlb edir, günahsız qurbanların əzab və iztirablarını əks etdirən surətlər yaratmağa sövq edirdi.[9] Müasirlərinin xatirələrindən məlum olduğu kimi, Bəhruz aclığa, ehtiyaca, maddi məhrumiyyətlərə məruz qalan qaçqınlara öz yardım əlini uzatmağa çalışarmış. Kimsəsiz uşaqları evinə dəvət edər, onlara yemək, paltar, ayaqqabı verər, həmçinin şəkillərini çəkərdi.[8] Bu yolla qaçqınların qəlb aləmini, onların çöhrələrinə qonmuş qəmgin psixoloji çalarları daha canlı müşahidə etməyə nail olardı.[8]

"Qaçqınlar" silsiləsinə daxil olan əsərlər arasında "Canfəda kəndindən qaçqın oğlan", "Əfşar kəndindən qaçqın qız Gümsün", "Qaçqın xanım", "Qaçqın oğlan" kimi portretlər xüsusilə yadda qalır.[14] Onların qəmgin və ümidsiz sifətlərində səfillik, kimsəsizlik, qorxu və işgəncə nişanələri oxunur.[6] Çöhrələri solğun, geyimləri cırılmış, taleyi acı bu zavallı insanlar qəm dəryasına batıb rəhm, əlac, qurtuluş sorağında kömək gözləyirlər.[14]

"Canfəda kəndindən qaçqın oğlan" portretindəki xoş sifətli, səmimi gəncin daxili duyğuları, psixoloji hissləri insana məhəbbət, mənəvi saflıq fəlsəfəsinin ifadəsidir.[6] Başını azacıq sağ çiyninə əyib nüfuzedici nəzərlərini tamaşaçıya dikmiş bu gəncin surəti Bəhruz Kəngərli humanizminin canlı təcəssümüdür.[6]

Kəngərli bir qayda olaraq öz personaj larim canlı naturaya əsaslanıb fırçaya alar, həyat həqiqətini rəsm əsəri üçün başlıca meyar hesab edərdi.[6] Bunu kiçik yaşlı körpə uşaqlara, yeniyetmə oğlan və qızlara həsr olunan bir sıra portretlərdə daha aydın görmək mümkündür.[6] Uşaqları gah oyaq, gah yatmış vəziyyətdə, müxtəlif poza və hərəkətlərdə təsvir edən portret və etüdlər göstərir ki, rəssam öz kiçik qəhrəmanlarının sadəlövhlüyünü, məsum və səmimi duyğularını, psixoloji həyəcanlarını, yaş xüsusiyyətlərini, milli əlamətləri diqqətlə öyrənməyə çalışmışdır. Misal olaraq "Rəssamın qardaşının portreti"ni göstərmək olar.[6] Uşağın həyat dolu sakit sifəti, iri qara gözləri olduqca mənalı və ifadəlidir. Eyni psixoloji əhvali-ruhiyyə "Yatmış uşaq" mövzusunda çəkilmiş bir neçə portret üçün də səciyyəvidir.[6]

Bəhruz Kəngərlinin portret əsərlərinin başlıca məziyyəti ondadır ki, onlar bədii forma cəhətdən şərti, təxmini, miniatürü stilizə yolu ilə deyil, peşəkar dəzgah rəssamlığına xas olan real və canlı həcmliyə, işıq-kölgə və rəng münasibətlərinə əsasən fırçaya çimmişdir.[6] Azərbaycan rəngkarlıq sənətində o, ilkin akademik rəsm üslubunda işləyərək realist əsərləri ilə yeniliyə, novatorluğa yol açmış fırça ustasıdır.[6]

İrsi redaktə

Azərbaycan Milli İncəsənət Muzeyinin təşəbbüsü ilə 1947-ci ildə Bakıda, 1957-ci ildə Moskvada Bəhruz Kəngərlinin fərdi yaradıcılıq sərgiləri keçirilmişdir.[6] Hal-hazırda Bəhruz Kəngərlinin əsərləri Azərbaycan Milli İncəsənət Muzeyindən başqa Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində saxlanılır.[6] Naxçıvan şəhərində adına küçə var.[15]

 
Bəhruz Kəngərli muzeyi

2001-ci ilin mayında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə rəssamın anadan olmasının 110 illiyi münasibətilə Naxçıvan Rəssamlar Birliyinin sərgi salonuna Bəhruz Kəngərlinin adı verilmişdir.[7]

2002-ci ilin iyun ayında Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev Naxçıvan şəhərində Bəhruz Kəngərlinin xatirəsinə yaradılmış muzeyin açılış mərasimində iştirak etmiş və geniş nitq söyləmişdir.[12][16] O, Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək "Onun əsərləri Azərbaycan dövlətinin milli sərvətidir" demişdir.[6][12]

 
2012-ci ildə Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunan poçt markası

2012-ci ildə Bəhruz Kəngərlinin 120 illiyinə poçt markası həsr olunmuşdur.

 
Bəhruz Kəngərlinin abidəsi. Naxçıvan şəhəri.

2016-cı ildə mayın 25-də Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib və rəssamın abidəsi ucaldılıb.[17]

Rəsm əsərləri redaktə

Bəhruz Kəngərlinin 2000-ə yaxın mövzu və janr etibarilə müxtəlif və rəngarəng əsərlərindən ibarət bədii irsi geniş ictimaiyyətin nəzər-diqqətini cəlb etmiş, ardıcıl olaraq toplanıb sərgi və muzey ekspozisiyalarının bəzəyinə çevrilmişdir.[3][18]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 Кенгерли Бехруз Ширалибек оглы // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  2. "Founder of realistic easel painting in Azerbaijan turns 125". www.today.az. 2017-10-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  3. 3,0 3,1 3,2 "Bəhruz Kəngərli - 120. Kəngərli nəslinin rəssam oğlu". www.xalqqazeti.com. 2017-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  4. 4,0 4,1 4,2 "Vətənə bağlı ömür". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-19.
  5. 5,0 5,1 5,2 5,3 "30 yaşında ömrünü başa vurmuş ustad sənətkar". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  6. 6,00 6,01 6,02 6,03 6,04 6,05 6,06 6,07 6,08 6,09 6,10 6,11 6,12 6,13 6,14 6,15 6,16 6,17 6,18 6,19 6,20 6,21 6,22 6,23 6,24 6,25 6,26 6,27 6,28 6,29 6,30 6,31 6,32 6,33 6,34 6,35 6,36 6,37 6,38 6,39 6,40 6,41 6,42 6,43 6,44 6,45 6,46 6,47 6,48 6,49 6,50 6,51 6,52 6,53 6,54 6,55 6,56 6,57 6,58 6,59 6,60 6,61 6,62 6,63 Bəhruz Kəngərli. Bakı: Çaşıoğlu. 2005. (#accessdate_missing_url)
  7. 7,0 7,1 7,2 "Kəngərli Bəhruz Şirəli bəy oğlu". portal.azertag.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  8. 8,0 8,1 8,2 8,3 8,4 8,5 Aliyev, Ziyadkhan. "Bahruz Kangarli: Azerbaijan's Most Prolific Painter". www.azer.com. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  9. 9,0 9,1 9,2 9,3 9,4 "Azərbaycan realist rəssamlığının atası - Bəhruz Kəngərli". www.baki-xeber.com. 2018-01-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  10. "Rəssamlığın Bəhruz Kəngərli zirvəsi". news.milli.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  11. 11,0 11,1 11,2 11,3 "İlk peşəkar teatr rəssamlarımız". medeniyyet.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  12. 12,0 12,1 12,2 "Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsi – Bəhruz Kəngərli". serqqapisi.az. 2014-11-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  13. 13,0 13,1 "Bəhruz Kəngərlinin 120 illiyinə həsr olunmuş sərgi". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  14. 14,0 14,1 "Azərbaycan rəssamının tablosundakı məchul qadın - Bir əsərin tarixçəsi". kulis.lent.az. İstifadə tarixi: 19 sentyabr 2017.[ölü keçid]
  15. Bağırov Adil Nəsib oğlu. Naxçıvanın urbanonimləri. Bakı, ADPU-nun nəşri, 2014, s. 65
  16. "Naxçıvanda Bəhruz Kəngərli Muzeyinin binası istifadəyə verilmişdir". www.anl.az. 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  17. "Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib". azpress.az. 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 sentyabr 2017.
  18. Auzias, Dominique. Azerbaïdjan 2015 Petit Futé. Petit Futé. 192. (#redundant_parameters)

Xarici keçidlər redaktə


Saytda 39 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023