BMT Baş Assambleyasının 60/285 saylı qətnaməsi Haqqinda Melumat - Vikipedia

BMT Baş Assambleyasının 60/285 saylı qətnaməsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

BMT Baş Assambleyasının 60/285 saylı qətnaməsi

7 sentyabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 60-cı sessiyasının 98-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 60/285 saylı qətna

BMT Baş Məclisinin 60/285 saylı qətnaməsi — 7 sentyabr 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qurumun 60-cı sessiyasının 98-ci plenar iclasında qəbul edilmiş "Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət" adlı 60/285 saylı qətnamə. Sənəddə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində baş verən, ətraf mühitə geniş ziyan vuran yanğınlardan ciddi narahatlıq ifadə olunur.[1] 60/285 saylı qətnamə BMT tərəfindən Qarabağ münaqişəsi ilə əlaqədar qəbul edilmiş sənədlərin altıncısı, BMT Baş Məclisi tərəfindən qəbul edilmiş sənədlərin isə ikincisidir. Sənəddə BMT səviyyəsində daha əvvəl qəbul edilmiş qətnamələrə heç bir xatırlatma edilmir. Qətnamə səsvermə keçirilmədən konsensusla qəbul olunmuşdur.[2]

Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi
60/285 saylı qətnamə
Tarixi 7 sentyabr 2006
Sessiya № 60
Kod A/RES/60/285
Mövzu Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyət
Nəticə Səsvermə keçirilmədən konsensusla qəbul edilmişdir
Sənəd

Zəmin redaktə

1980-ci illərin sonlarında Ermənistanla Azərbaycan arasında başlanmış silahlı münaqişə bir milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi, həmçinin Dağlıq Qarabağ və onun ətrafındakı yeddi rayonun erməni silahlı qüvvələri tərəfindən işğalı ilə nəticələnir. Nəhayət, Rusiyanın vasitəçiliyi ilə 1994-cü il mayında cəbhədə atəşkəsə nail olunur.[3]

Cəbhə boyu zaman-zaman baş verən silahlı toqquşmalar həm də ətraf mühitə vurulan zərərlə müşayiət edilirdi. Belə ki, Azərbaycan mətbuatının yaydığı məlumata görə, təkcə 2001-2006-cı illərdə işğal olunmuş 5 rayonda 23 yanğın hadisəsi törədilmişdi.[4]

2006-cı ilin yayında isə işğal olunmuş ərazilərin şərq hissəsində ermənilər tərəfindən ilk dəfə kütləvi yanğınlar törədilir.[5] Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məlumatına əsasən, 2006-cı ildən başlayaraq mütəmadi olaraq törədilən bu yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaq məhv edilmişdi.[6] Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuata açıqlamasında ekoloji fəlakəti aradan qaldırmaq məqsədilə hökumətin yanğına görə məsuliyyət daşıyan erməni tərəfinin də iştirakı ilə beynəlxalq tədbirlər görmək istədiyini bildirir.[7] Azərbaycan hökuməti ATƏT-dən rəsmi şəkildə ətraf mühitə dəymiş ziyanı qiymətləndirmək üçün faktaraşdırıcı missiya göndərməyi xahiş edir.[2] Ardınca Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev həmin ilin sentyabrında BMT Baş Məclisindəki çıxışı zamanı iyunun əvvəlində işğal altındakı AğdamXocavənd rayonlarında 130 km²-dən çox ərazidə Azərbaycanın güclü yanğınlar qeydə aldığı barədə məlumatı çatdırır.[2] Onun sözlərinə görə, iyul ayında Füzuli, CəbrayılTərtər rayonlarına da yayılan yanğınlar sentyabrda artıq 600 km²-dən çox əraziyə zərər vurmuşdu.[2]

BMT Baş Məclisinin 60-cı sessiyasının 98-ci plenar iclasında ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin adından çıxış edən ABŞ nümayəndəsi Alehandro D. Volf(en) "həm təbii, həm də texnogen xarakterli yanğınların regionda tez-tez baş verdiyini" və hazırkı genişmiqyaslı yanğınların beynəlxalq narahatlığa səbəb olmaq ehtimalı barədə yalnız təhqiqat aparıldıqdan sonra fikir söyləyə biləcəklərini qeyd edir.[2] Missiya məsələsində Azərbaycanla razılığa gədiklərini, Minsk qrupu çərçivəsində artıq qərar qəbul olunduğunu vurğulayan Ermənistanın BMT-dəki daimi nümayəndəsi Armen Martirosyan isə bu məsələnin BMT gündəliyinə çıxarılmasının onlar üçün "sürpriz" olduğunu bildirir.[2] Nəticə olaraq, Ermənistan qətnaməni dəstəkləsə də, onun başlığı ilə razılaşmadığını və bu səbəbdən konsensusa yanaşmadığını ifadə edir.

Qətnamənin mətni redaktə

Qətnamə 5 bənddən ibarətdir. I bənddə zərər çəkmiş ərazilərdə yanğınların söndürülməsi və onların zərərli nəticələrinin aradan qaldırılması məqsədilə təcili ekoloji tədbirlərin görülməli olduğu vurğulanır. II bənddə birgə əməkdaşlığı alqışladığını və bunu qarşılıqlı etimadın möhkəmləndirilməsi tədbiri kimi qiymətləndirdiyini qeyd edən BMT "tərəflər" ifadəsindən istifadə edir və buna heç bir açıqlıq gətirmir. Bununla belə, "tərəflər" adı altında AzərbaycanErmənistanın nəzərdə tutulduğu güman edilir.

Qətnamənin III bəndindən məlum olur ki, ATƏT-in ətraf mühitin mühafizəsi üzrə tədbirlərə hazırlıq üzrə atılan addım kimi yanğınların ətraf mühitə qısa və uzunmüddətli təsirini qiymətləndirmək üçün regiona missiya təşkil etməsi gözlənilir. Bu məqsədlə, BMT quruma daxil olan təşkilatlarını və proqramlarını, xüsusən də Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramını ATƏT-i bütün lazımi yardım və ekspertiza, o cümlədən lakin bunlarla məhdudlaşmadan, digər tədbirlərin icrası üçün zəruri olan vasitələrlə təmin etməyə çağırır. Nəhayət, sonuncu bənddə ATƏT-in fəaliyyətdə olan sədrindən 2007-ci il aprelin 30-dək Baş Assambleyanın üzvü olan dövlətlərə bu məsələ ilə bağlı hesabat təqdim etmək xahiş olunur.

Sonrakı hadisələr redaktə

ATƏT-in rəhbərliyi ilə keçirilən, yerli, o cümlədən BMT-nin Ətraf Mühit Proqramı, Avropa Komissiyası, Avropa İttifaqı Şurası, Avropa Şurası kimi təşkilatlardan ekspertlərin iştirakı ilə baş tutan 10 günlük missiyanın ardından qurumun nümayəndəsi yanğınların geniş ərazilərə yayıldığını və əhəmiyyətli zərər vurduğunu bildirir.[8] Lakin missiya yanğınlar başa çatdıqdan sonra əraziyə yollanmışdı.[9] Daha sonra BMT Baş Məclisinin 12 yanvar 2007-ci ildə keçirilən 61-ci sessiyasında qətnamədə qeyd olunduğu üzrə faktaraşdırıcı missiya hesabatı təqdim edir.[10] Hesabatda işğal altındakı ərazilərdə faunanın zərərə məruz qalması faktı təsdiqlənsə də, buna görə hansı dövlətin məsuliyyət daşımalı olduğu müəyyən edilmir.[11] Profilaktik və preventiv tədbirlərin görülməsi ilə bağlı tövsiyələr verməklə kifayətlənən missiya həm də belə qənaətə gəlmişdi ki, 60/285 saylı qətnamədə tələb olunan ekoloji tədbirlərin görülməsi regional əməkdaşlıq üçün imkan yarada və nəticədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verə bilər.[12]

BMT Baş Məclisi isə 14 mart 2008-ci ildə 62/243 saylı qətnaməni qəbul edərkən ATƏT missiyasının hesabatını nəzərə alır,[13] həmçinin yeni qətnamədə 60/285 saylı qətnaməyə xatırlatma edir.[14]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. United Nations General Assembly. "A/RES/60/285" (PDF). undocs.org. United Nations. 2006. 2022-08-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 noyabr 2022.
  2. 1 2 3 4 5 6 "General Assembly decides to continue consideration of Secretary-General's report on preventing armed conflict, at upcoming sessions". press.un.org (ingilis). United Nations Department of Public Information. 7 September 2006. 29 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2022.
  3. Samir Isayev. "The Riddle of Karabakh's Status". bakuresearchinstitute.org (ingilis). Baku Research Institute. 03 mart 2021. 04 avqust 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 noyabr 2022.
  4. "İşğal olunmuş ərazilərimizin təbii-iqtisadi potensialı və onun müasir vəziyyəti müzakirə olunub" (az.). modern.az. 16 iyun 2010. 29 noyabr 2022 tarixində arxivləşdirilib.
  5. "Ermənilər Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji terror törətməkdə davam edirlər" (az.). AzərTAc. 23 avqust 2010. 29 noyabr 2022 tarixində arxivləşdirilib.
  6. Ekologiya və Təbii Sərvətlər Nazirliyi. "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dəymiş ziyan" (PDF) (az.). 12 oktyabr 2022 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 29 noyabr 2022.
  7. "Azərbaycan və Ermənistan xarici işlər nazirləri sentyabrda görüşə bilər" (az.). amerikaninsesi.org. 23 avqust 2006. 19 oktyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  8. "More co-operation needed to avoid fires in Nagorno-Karabakh region, OSCE-led expert mission finds". osce.org (ingilis). OSCE Secretariat. 13 October 2006. 16 may 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  9. Giray Saynur Bozkurt. Background to the Hostilities between Armenia and Azerbaijan: From the Prague Process to the Madrid Principles // Blue Black Sea: New Dimensions of History, Security, Strategy, Energy and Economy (ingilis). Cambridge Scholars Publishing. 2013. səh. 115. ISBN 1-4438-4244-3.
  10. "Letter from the Permanent Representative of Belgium to the United Nations addressed to the Secretary-General" (ingilis). 12 January 2007. 1 dekabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 noyabr 2022.
  11. Longobardo, Marco. Animals in Occupied Territory // Peters, Anne; Hemptinne, Jérôme de; Kolb, Robert (redaktorlar ). Animals in the International Law of Armed Conflict (ingilis). Cambridge University Press. 2022. səh. 231. ISBN 9781009057301.
  12. United Nations Environment Programme. Knowledge for change // Unep Annual Report 2006 (ingilis). səh. 19. ISBN 978-92-807-2801-9.
  13. United Nations General Assembly. "A/61/696". undocs.org. United Nations. 2007. 20 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.
  14. United Nations General Assembly. "A/RES/62/243". undocs.org. United Nations. 2008. 09 oktyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2022.

Saytda 131 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024