Bağlayıcı
Bağlayıcı ancaq sadə olur
Bağlayıcı — Azərbaycan dilinin qrammatikasında köməkçi nitq hissəsi. Cümlələr, abzaslar və sözlər arasında əlaqə yaradan köməkçi nitq hissəsinə bağlayıcı deyilir. Bağlayıcılar 2 yerə tabelilik və tabesizlik bağlayıcıları olaraq iki yerə bölünür.
Tabesizlik bağlayıcılarıRedaktə
Tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini bağlayır.
- Birləşdirmə bağlayıcıları: və, ilə,(-la²).Və,ilə bağlayıcıları vergüllə işlədilmir. Həsən və Akif kəndə gedəcəklər. Onun getməyi ilə qayıtmağı bir oldu.
- Qarşılaşdırma bağlayıcıları: amma, ancaq, lakin, halbuki,isə, fəqət. Mən danışırdım, o isə qulaq asmırdı. Məlik bunu bildi,amma özünü bilməməzliyə vurdu.
- Bölüşdürmə bağlayıcıları: ya, ya da, ya da ki,və ya, və yaxud, yaxud da, gah, gah da, gah da ki, istər,istərsə də. Gah danışır,gah gülür. İstər bəstəkar ol, istər rəssam ol.
- İştirak bağlayıcıları:həm, həm də, həm də ki, o cümlədən, o sıradan, nəinki, hətta, habelə, həmçinin, -da², eləcə. Meşələrdə ağcaqayın ağacları da əkmişdilər. Hamı, hətta Cahan xala da məclisə gəlmişdi.
- İnkarlıq bağlayıcıları: nə,nə də, nə də ki. Nə yardan doyur, nə əldən qoyur. İnkar bağlayıcıları feilləri bir-birinə bağlayanda -ma² inkar şəkilçisini, başqa nitq hissələrini bağlayarkən deyil,yox sözlərini əvəz edir. İnkarlıq bağlayıcılarının işləndiyi cümlədə xəbər, əsasən, təsdiqdə olur.
- Aydınlaşdırma bağlayıcıları: yəni,məsələn. Bunların bizə, yəni Alim oğullarına heç bir aidiyyəti yoxdur. Burada xeyli ziyalı, məsələn: H.Zərdabi, M.F.Axundzadə, N. Vəzirov cəmlənmişdi.
Tabelilik bağlayıcılarıRedaktə
Tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlənin tərəflərini əlaqələndirir.
Mənaca növləriRedaktə
- Aydınlaşdırma bağlayıcıları: ki,belə ki və s. Məs.: Evə gəlib çatmışdıq ki, işıqlar söndü. Hamı narazı idi belə ki, müdirlə dil tapa bilmirdilər.
- Səbəb bağlayıcıları: çünki,ona görə ki, buna görə də, ona görə də, onun üçün ki, ondan ötrü ki və s. Məs.: Oxumadım, çünki vaxtım yox idi. Ondan ötrü getdim ki, bunları gözləmirdim.
- Güzəşt bağlayıcıları: hərçənd, hərçənd ki və s. Məs.: Hərçənd dünyanı qadınlar idarə edirlər, lakin tarixçilər ancaq kişilərin adını bilirlər (H. Heyne).
- Şərt bağlayıcıları:əgər, hərgah, madam ki, indi ki, yoxsa, bir halda ki və s. Məs.: Əgər sinəmizlə cəbhə yarmasaq... Madam ki gəlmir, demək bizi saymır. Tez getməliyik, yoxsa gecikərik.
İlə köməkçi nitq hissəsiRedaktə
İlə sözü həm qoşma, həm də bağlayıcı kimi işlənə bilər. Onları bir-birindən fərqləndirmək üçün bunları bilmək lazımdır.
- İlə köməkçi sözü bağlayıcı kimi işləndikdə onu vergül işarəsi ilə, yaxud və bağlayıcısı ilə əvəz etmək olur; Məs.: Akif ilə Malik qonşudur — Akif, Malik qonşudur — Akif və Malik qonşudur.
- İlə köməkçi sözü qoşma kimi işlənərkən, qoşulduğu sözlərlə birlikdə bir suala cavab verir və bir cümlə üzvü olur; Məs.: Akif ilə (kim ilə?) gedirəm. Amma ilə köməkçi sözü bağlayıcı kimi işləndikdə bu xüsusiyyətə malik olmur.
Bağlayıcıların quruluşuRedaktə
Bağlayıcılar quruluşca sadə və mürəkkəb olur.
- Sadə bağlayıcılar bir tərkib hissədən ibarət olur: amma, yəni, məsələn, ilə, əgər, hərçənd, məgər və s.
- Mürəkkəb bağlayıcılar iki və ya üç müxtəlif nitq hissəsinə aid sözlərdən yaranır və bitişik yazılır: hərgah, halbuki, habelə, nəinki. Bəzən tərkibi bağlayıcılar da fərqləndirilir. Bu bağlayıcılar ayrı yazılan tərkib hissələrindən ibarət olur: yəni ki, belə ki, həm də və s.
Bağlayıcılarda vergülün işlənməsi qaydalarıRedaktə
- Və, ilə, isə bağlayıcıları vergüllə işlədilmir.
- Amma, ancaq, lakin, hətta, fəqət, halbuki, ona görə ki, ondan ötrü ki, həmçinin, habelə, o cümlədən, məsələn, yəni və s. bu kimi tək işlənən bağlayıcılarından əvvəl vergül qoyulur. Məs.: Mən istəyirdim, amma onlar razı qalmadılar. Mən gələnləri, yəni təzə tələbələri tanımırdım. Məhəmməd demədi, ona görə ki buna ehtiyac duymadı.
- Ki, belə ki bağlayıcılarından sonra vergül qoyulur. Məs.: Evə çatdırdım ki, Akif məni səslədi. O da bizə aydındır ki, əhali bunu bilməli idi.
- Təkrarlanan -da² bağlayıcısından sonra (sonuncusundan başqa) vergül qoyulur. Lakin -da² bağlayıcısı tək işləndikdə ondan əvvəl və sonra vergül qoyulmur. Lalə də, Gülnar da dərsə gəlmədi.
- Gah, həm, nə, ya, istər bağlayıcılarında birincidən başqa, qalanlarından əvvəl vergül qoyulur. Məs.: Gah yağış yağırdı, gah külək əsirdi. Nə yardan doyur, nə əldən qoyur..