Bioetika Haqqinda Melumat - Vikipedia

Bioetika Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Bioetika — biologiya və tibb elminin, səhiyyə praktikasının ən yeni nailiyyətlərinin yaratdığı müxtəlif əxlaqi problemlərin dərki, müzakirəsi və həlli ilə bağlı fənlərarası tədqiqatlar, açıq müzakirələr və siyasi qərarlar sahəsi.

Hippokrat II Artakserksin hədiyyələrindən imtina etdi

"Bioetika" terminini ilk dəfə 1970-ci ildə Amerika biokimyaçısı V.R.Potter (1911–2001) işlətmişdir. O, Bioetikanı yaxın perspektivdə insanın ləyaqətli həyat keyfiyyəti ilə təmin olunması naminə onun bioloji növ kimi sağ qalması vəzifəsinin həlli üçün bioloji elmlərini etika ilə birləşdirən elmi tədqiqatlar sahəsi olaraq müəyyənləşdirmişdir. Təxminən həmin vaxtda amerikalı həkim A.Hellegers (1926–79) Bioetikanın başqa şərhini vermişdir. O, Bioetikanı yüksək texnoloji təbabətin doğurduğu əxlaqi konfliktlərin dərki və həllinin yeni üsulu kimi təqdim etmişdir. Məhz A.Hellegers ona akademik status vermiş, onun bioloji və tibb elmlərində, siyasətdə və KİV-də qəbul edilməsinə kömək etmişdir. A.Hellegersin Bioetika anlamı zaman keçdikcə üstünlük qazandı. 1960-cı illərin sonu — 1970-ci illərin əvvəllərində ABŞ-da Bioetika problemləri ilə məşğul olan ilk mərkəzlər yaradıldı. Bioetika mövcudluğunun ilk onilliyində əsasən ABŞ-da inkişaf etdi, sonra tədricən Qərbi Avropa və dünyanın digər regionlarında kök saldı. 1992 ildə bioetiklərin hər iki ildən bir ümumdünya konqresini keçirən Beynəlxalq Assosiasiyası təşkil olundu. Bioetikanın çoxlu dövri nəşri var. Onlardan ən nüfuzluları: "Bioethics" (1987, Lankaster; 1992 ildən Bioetiklərin Beynəlxalq Assosiasiyasının orqanı), "The Hastings Center Report" (1971, Garrison; N.Y.), "Journal of Medical Ethics" (1975, L.). Lakin Bioetika bütövlükdə ciddi və ümumi qəbul olunmuş konseptual aparatı olan elmi fənn kimi deyil, bir qayda olaraq, sadə və birmənalı həlli olmayan etik və hüquqi problemlərin daim genişlənən və mürəkkəbləşən sahəsi kimi mövcuddur. Bioetikanın ən mühüm məqamlara görə bir-birindən prinsipcə fərqlənən çoxlu variasiyası mövcuddur. Bioetika öz başlanğıcını ən azı Hippokratdan götürən ənənəvi tibbi etikanın davamı sayıla bilər, lakin mühüm fərqlər vardır. Ənənəvi tibbi etika korporativ xarakter daşıyırdı və bundan çıxış edirdi ki, həkim və pasiyentin qarşılıqlı münasibətlərində həkim mənəvi cavabdehlik daşıyan agentdir. Bioetika üçün isə, əksinə, mənəvi əhəmiyyətli və həyat üçün vacib qərarlar qəbuletmədə həm həkim, həm də pasiyent iştirak edir, deməli, məsuliyyət yükü hər iki tərəf arasında bölüşdürülür. Bir çox hallarda pasiyent (sınanan) ilə həkimin (yaxud tədqiqatçının) qarşılıqlı münasibətlərinə üçüncü tərəf qismində etika komissiyası (komitə) da qoşulur.

Bioetikanın əsas problemləri redaktə

1) Həyatı effektiv saxlayan texnologiyaların meydana gəlməsi (məs., ağ ciyərin süni ventilyasiya aparatı) problem aşkar etdi: pasiyentin həyatını nə qədər uzatmaq lazımdır, xüsusən də əgər onun şüuru həmişəlik itibsə (bax Evtanaziya). Bu hal həkimlərlə xəstələr, yaxud onların qohumları arasında tez-tez münaqişə doğurur. Pasiyentin nümayəndələri məs., həkimlərin fikrincə faydasız həyatı saxlayan müalicənin davam etdirilməsini, yaxud əksinə pasiyentlər (onların nümayəndələri) canverənin ləyaqətinin alçaldılması kimi hesab etdikləri tibbi manipulyasiyanın dayandırılmasını tələb edə bilərlər. Belə hallar ölüm anının təyin edilməsi meyarlarına yenidən baxılmağı zəruri etdi. Süni saxlanıla bilən tənəffüsün və ya qan dövranının dayanması kimi ənənəvi ölüm meyarları ilə yanaşı indi beyin ölümü meyarının tətbiqinə başlanmışdır.

2) Transplantologiyanın yayılması və nailiyyətləri (bax Transplantasiya) ölümün təsdiq olunması probleminin digər tərəfini aşkar etdi. Orqanların köçürülməsi onların beyin ölümü təsdiq edilmiş donordan götürülməsini nəzərdə tutur; eyni zamanda ölümdən sonra nə qədər az vaxt keçərsə, transplantasiyanın müvəffəqiyyətlə keçmə ehtimalı da yüksək olur. Cəmiyyətdə qorxu yaranmağa başladı, ona görə ki, pasiyentin həyatının uzadılması donorun ölümünün tezləşdirilməsi hesabına təmin edilə bilərdi (yaxud ölümün tez-tələsik təsdiq edilməsi). Bu qorxuya cavab olaraq, qəbul edilmiş normaya görə, beyinin ölümü orqanların hazırlanması və köçürülməsi ilə məşğul olanlardan asılı olmayaraq, həkimlər briqadası tərəfindən mütləq təsdiq edilməlidir.

3) İnsanın süni reproduksiya olunması texnologiyasının inkişafı (1970-ci illərin ortalarından) daha bir mənəvi dilemma mənbəyi oldu. Belə texnologiyalarda çox vaxt insan embrionları ilə manipulyasiyalar aparılır və bu zaman embrionlar məhv olmağa məhkumdurlar.

4) Tədqiqat və terapevtik məqsədlə gövdə hüceyrələrindən, xüsusən də əsas embrional gövdə hüceyrələrindən istifadəetmə şiddətli mübahisələrin mövzusuna çevrilib. Bir tərəfdən, tədqiqatçıların nöqteyi-nəzərincə, embriondan götürülən belə hüceyrələrin tətbiqi, xüsusən rahat və perspektivlidir, digər tərəfdən, onların alınması üçün həyat qabiliyyətli insan embrionlarını tələf etmək lazım gəlir.

5) Bir çox bioetik problemlər gen mühəndisliyinin inkişafı (yalnız vaxt keçdikcə genlərdə çox zərərli təsirləri meydana çıxara bilən qüsurların olmasını müəyyənləşdirən gen diaqnostikası; orqanizmin genetik şərtlənmiş patologiyasının sağalmasına yönəlmiş genoterapiya; gen mühəndisliyi metodlarının tibbi məqsədlər üçün deyil, insanın "yaxşılaşdırılması" üçün tətbiq imkanları) ilə bağlıdır (məs., liberal yevgenika — bax Yevgenika). Geni modifikasiya edilmiş orqanizmlərin — virusların, bakteriyaların, bitkilərin və heyvanların yaradılması və ətraf mühitdə yayılması ilə əlaqədar mümkün olan risklər də müzakirə olunur. 1997 ildə ilk klonlaşdırılmış heyvanın — Dolli qoyunlarının meydana gəlməsi kəskin mübahisələrə, sonra siyasi və hüquqi sənədlərin qəbul edilməsinə səbəb oldu; bununla bağlı klonlaşdırma texnologiyasının insana mümkün tətbiqi tənzimləmə obyektinə çevrilir.

6) Son 30–40 ildə Bioetikanın insan, yaxud heyvanın iştirakı ilə aparılan biotibbi tədqiqatların etik və hüquqi tənzimləmə bölməsi ən çox inkişaf edib. Belə tədqiqatların aparılmasına cəlb olunmuş tərəflərin maraqları (plüralist cəmiyyətlərdə isə həm də dəyərlər) heç də həmişə və hər şeydə üst-üstə düşmür. Bu uyğunsuzluq adətən tərəflərin pis istəkləri ilə deyil, tədqiqatçı və yoxlanan arasında obyektiv mövcud olan maraqların toqquşması nəticəsində baş verir: birinci üçün yeni elmi biliklərin alınması, ikinci üçün isə sağlamlığın yaxşılaşdırılması, yaxud qorunması vacibdir. Sınaqdan keçirilənlərin müdafiəsi üçün tədqiqat layihəsinin etik ekspertizası mexanizmi işlənib hazırlanmışdır. Biotibbi tədqiqatın aparılması üçün verilmiş hər bir sifariş belə ekspertizadan mütləq qaydada keçməlidir. Onu statusu tədqiqatın aparılacağı idarənin müdiriyyətindən, tədqiqatçıların özündən və tədqiqat layihəsini maliyyələşdirənlərdən asılı olmayan ekspertizaya zəmanət verən etik komitə aparır. Bu mexanizmi aparıcı biotibbi jurnalların əksəriyyəti etik ekspertizadan keçməmiş tədqiqatlar haqqında məqalələri qəbul etməməsi siyasəti tamamlayır. Sınaqdan keçənlərin sağlamlıq, hüquq və ləyaqətini müdafiə edən digər mexanizm onların məlumatlandırıldıqdan sonra razılıq verməsidir. İstənilən tədqiqat sınaqdan keçəndən yalnız səlahiyyətli, könüllü, dərk edilmiş və açıq-aydın ifadə edilmiş razılıq alındıqdan sonra yerinə yetirilə bilər. Məlumatlandırılmış razılıq norması yalnız tədqiqatlar məqsədi ilə deyil, həm də terapevtik məqsədlərlə də yerinə yetirilən istənilən tibbi müdaxilə zamanı tətbiq olunur. Bu normadan bütün kənaraçıxmalar (pasiyentin, yaxud sınaqdan keçənin özünün deyil, onun qeyri-səlahiyyətli nümayəndəsinin razılığı; fövqəladə şəraitdə razılıq olmadan müdaxilə və s.) həm də etik və hüquqi cəhətdən nizamlanır.

7) 21 əsrdə cəmiyyətin sağlamlığı Bioetikanın əsas istiqamətlərindən birinə çevrilir. Bu mövzu səhiyyə ehtiyatlarının milli və beynəlxalq səviyyədə ədalətlə paylanması, dərman preparatları və elementar tibbi yardımın ilk növbədə inkişaf edən ölkələrdə əlçatanlığının təmin olunması kimi problemləri əhatə edir.

Bioetikanın nəzəri konsepsiyaları redaktə

Amerika filosofu T.Biçampın (d.1939) və ilahiyyatçısı C. Çildresin (d.1940) təklif etdikləri sxem geniş yayılmışdır. Bu sxem dörd prinsip və həmin prinsiplərlə əsaslandırılan bir sıra qaydalardan ibarətdir. Qaydalar öz növbəsində konkret şəraitdə qərar və hərəkətlərin mənəvi əsaslandırılmasına xidmət edir. Bunlara xüsusilə məlumatlandırılmış razılıq konsepsiyasına əsaslanan pasiyentin muxtariyyətinə hörmət prinsipi; tibbi müdaxilə zamanı pasiyentə vurulan zərərin minimuma endirilməsini tələb edən, Hippokratdan başlayan "zərər verməmə" prinsipi; pasiyentin vəziyyətini yaxşılaşdırmaq üçün həkimi pozitiv addımlar atmaq borcunu vurğulayan "fayda ver" prinsipi; səhiyyə sistemində həm həmişə məhdud ehtiyatların ədalətli paylanmasını, həm də pasiyentlərə ədalətli və bərabər münasibətin vacibliyini göstərən ədalət prinsipi daxildir. Beynəlxalq təşkilatlar və bioetik problemlərin hüquqi tənzimlənməsi. YUNESKO-da Bioetika üzrə beynəlxalq və dövlətlərarası iki komitə fəaliyyət göstərir. Bu mövzu ilə Avropa Şurasında Bioetika üzrə rəhbər Komitə məşğul olur. Ümumdünya Səhiyyə Təşkilatı çərçivələrində də Bioetika üzrə işçi qrup mövcuddur. Bioetika sahəsində etik və hüquqi tənzimləmə Beynəlxalq normativ sənədlər əsasında yerinə yetirilir. Onlardan ən mühümləri: İnsan Genomu və İnsan Hüquqları haqqında Ümumi Bəyannamə (YUNESKO, 1997); Bioetika və İnsan Hüqüqları haqqında Ümumi Bəyannamə (YUNESKO, 2005); İnsanın Klonlaşdırılması haqqında Bəyannamə (BMT, 2005); biologiya və tibbin nailiyyətlərinin tətbiqi ilə əlaqədar insan ləyaqəti və hüququnun müdafiəsi haqqında hüquqi öhdəçilik verən Konvensiya: İnsan Hüquqları və Biotibb haqqında Konvensiya (Avropa Şurası, 1997) və ona insanın klonlaşdırılmasının, transplantologiyanın, biotibbi tədqiqatların qadağalarına aid əlavə protokollar. Ümumdünya Tibb Assosiasiyalarının "İnsanların tədqiqat subyekti kimi iştirakı ilə aparılan tibbi tədqiqatların etik prinsipləri"adlı Helsinki Bəyannaməsi (1964; 2000-ci ilin redaktəsində) yüksək beynəlxalq nüfuza malikdir. Dünyanın bir çox ölkəsində qanunverici, ya da icra hakimiyyəti orqanlarında kifayət qədər nüfuzlu milli etik komitələr, yaxud komissiyalar fəaliyyət göstərir. Onlar Bioetikanın daha kəskin və aktual problemləri üzrə müxtəlif sosial, dini, etnik, həddi-buluğa çatmış və əhalinin digər qruplarının maraqlarının toqquşduğu səbəblərə dair siyasi qərarlar hazırlayırlar. 1999-cu ildə YUNESKO-nun tövsiyəsi ilə AMEA-nın nəzdində Bioetika, Elmi Biliklər və Texnologiyaların Etikası üzrə Milli Komitə yaradılmışdır (sədri akad. C.Ə. Əliyev). Milli Komitənin tərkibinə biologiya, təbabət, ekologiya, fəlsəfə və hüquq sahələrində çalışan aparıcı alimlər, səhiyyə, k.t., ekologiya və təbii ehtiyatlar üzrə mütəxəssislər daxildir. Milli Komitə bioloji, tibbi və peşə bölmələrindən, eləcə də ölkənin ali təhsil ocaqlarında, elmi tədqiqat in-tlarında fəaliyyət göstərən 30 komissiyadan ibarətdir.

Ədəbiyyat redaktə

  • Rothman D.J.Strangers at the bedside: a history of how law and bioethics transformed medical decision making. N. Y., 1991;
  • Biogtika: problemı i perspektivı. M., 1992;
  • Encyclopedia of bioethics. N.Y., 1995. Vol. 1–5; Engelhardt H. T.(Jr.) The foundations of bioethics. 2nd ed. N. Y., 1996;
  • Biomediüinskaə gtika M., 1997–2002. Vıp. 1–3;
  • Biogtika: prinüipı, pravila, problemı. M., 1998;
  • Basic ethical principles in European bioethics and biolaw. Barcelona, 2000. Pt. 1–2; Sqreçça G., Tambone V. Biogtika. M., 2001;
  • BeauchampT.L., Childress J.F. Principles of biomedical ethics. 5th ed. N.Y., 2001;
  • Potter V.R. Biogtika. Most v buduhee. K., 2002;
  • Brek İ. Svəhennıy dar jizni. M.,2004.

Saytda 150 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024