Cəlalilər hərəkatı Haqqinda Melumat - Vikipedia

Cəlalilər hərəkatı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəlalilər hərəkatı

Bu məqalə Cəlali üsyanları məqaləsinə çox yaxındır və hər ikisinin eyni başlıq altında birləşdirilməsi mümkündür.

Əhalinin vəziyyəti redaktə

XVI əsrin son rübündə Osmanlı-Səfəvi müharibəsinin gedişində Azərbaycanın əksər ərazilərinin işğal olunması nəticəsində Azərbaycan dövlətçiliyinin inkişafına ağır zərbə vuruldu, əhali fəlakətlə üzləşdi. İşğalın ilk mərhələsində Osmanlı hakim dairələri Səfəvi hakimiyyəti dövründə müəyyən olunmuş vergi məbləğləri və mükəlləfiyyətlərlə kifayətlənirdilər, lakin işğalın sonrakı mərhələsində onlar dövlət xəzinəsini zənginləşdirmək, şəxsən varlanmaq məqsədilə tədricən vergilərin məbləğini və mükəlləfiyyətlərin sayını artırırdılar. Osmanlı istilasının ağırlığını çəkmiş Azərbaycan əhalisi müstəqil siyasi inkişaf arzusu ilə mübarizəyə qalxırdı. Osmanlı hakimiyyəti dövründə Azərbaycanın iqtisadi vəziyyəti ağır idi. Əhali uzun müddət yaşadığı ata-baba yurdlarını tərk etmək məcburiyyətində qalırdı. Əhalinin yaşadığı yerlərdən getməsi Osmanlı zülmünə qarşı olan etirazın özünəməxsus formalarından birinə çevrilmişdi.

XVI əsrin sonlarına doğru Azərbaycanda yaranmış vəziyyətin şahidi olmuş tarixçi İskəndər bəy Münşi Osmanlı işğalı dövründə Təbrizdəki şəraiti belə təsvir edir: "Təbriz əhalisinin bir hissəsi şəhər işğal olunarkən qılıncdan keçirilmiş, digər bir qismi əsir kimi aparılmış, qalanları isə Əcəm İraqının şəhərlərinə qaçmışdılar". İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Osmanlı işğalı illərində "Təbriz şəhərində əhali qalmamışdı". "Abadlığına və əhalisinin sayına görə islam aləminin şəhərləri arasında tayı-bərabəri olmayan" Təbriz şəhərinin əhalisinin tamamilə köçməsi haqqında Osmanlı mənbələrində də məlumatlar vardır.

XVI əsrin sonlarında Osmanlı imperiyasının iqtisadi vəziyyəti xeyli ağırlaşmışdı. Çoxsaylı ordunun saxlanması dövlət ehtiyatlarının tükənməsinə, xeyli gənc işçi qüvvəsinin ictimai istehsaldan ayrılmasına, istehlakın və məsrəflərin artmasına səbəb olmuşdu. İqtisadi həyatdakı böhranın təzahürləri geniş əraziyə malik olan Osmanlı imperiyasının bütün vilayətlərində nəzərə çarpırdı. Ucqar vilayətlərdə, xüsusilə fəth olunmuş ölkələrdə iqtisadi böhranın nəticələri xüsusilə acınacaqlı idi. Osmanlı hakim dairələri həmin ərazilərdə başlıca diqqəti istehsalın təşkilinə deyil, zəbt olunmuş ərazilərin qarət edilməsinə yönəltmişdilər.

Cəlalilər hərəkatı redaktə

XVI əsrin sonlarında Osmanlı hakim dairələri ağır iqtisadi vəziyyətə düşmüş Azərbaycandan ordunun və inzibati aparatın saxlanması üçün zəruri olan vəsaiti əldə edə bilmirdilər. Uzun müddət ərzində məvaciblə təmin olunmayan Osmanlı arasında da narazılıq yaranmışdı. Kütləvi narazılıq, aclıq, soyğunçuluq, dəhşətli dağıntılar və iqtisadi tənəzzül Azərbaycanda osmanlılara qarşı yeni mübarizə dalğasına səbəb oldu. Bu mübarizə tarixə Cəlalilər hərəkatı adı altında daxil olmuşdur. Bu hərəkat adını 1518–1519-cu illərdə Tokatda üsyan başçısı olmuş Şeyx Cəlaldan almışdır. Sonralar Osmanlı imperiyasının müxtəlif vilayətlərində genişlənən kəndli hərəkatları Osmanlı tarixlərində "cəlali fitrəti" adı altında yad edilmişdir.1590-cı il Osmanlı-Səfəvi sülh müqaviləsinə əsasən Osmanlı imperiyası tərkibinə qatılmış Azərbaycan torpaqlarında işğalçı hakimiyyət orqanlarına qarşı üsyanlar Cəlalilər hərəkatı adı ilə məşhur olmuşdur. Ə.Ə.Rəhmaninin qeyd etdiyi kimi, XVI əsrin sonu — XVII əsrin əvvəllərində Şərqi Anadoluda baş verən Cəlalilər hərəkatı uzun müddət tarixi ədəbiyyatda "Türkiyə" amili kimi qeyd olunmuş, onun digər ölkələrdə yayılmadığı göstərilmişdir. Bu hərəkatın Azərbaycana və qonşu ölkələrə yayılması ilk dəfə İ.P.Petruşevski tərəfindən qeyd edilmişdir.

 
Cəlalilər hərəkatı

Şərqi Anadoluda Cəlalilər hərəkatı Türkiyə tarixçisi M.Ağdağ tərəfindən tədqiq olunmuşdur. Qara Yazıcı- Dəli Həsənin başçılığı altında üsyan isə A.Tveritinova tərəfindən araşdırılmışdır.

1591-ci ildə Təbriz əhalisinin üsyanı Cəlalilər hərəkatının növbəti təzahürü idi. Bu üsyanda şəhərdə yerləşdirilmiş Osmanlı qarnizonunun bir hissəsi də iştirak edirdi. Osmanlı əsgərlərinin bu üsyanın fəal iştirakçısı kimi çıxış etməsi onların uzun müddət ərzində məvacib almaması ilə əlaqədar idi. Osmanlı əsgərlərinin təbrizlilərin üsyanına qoşulması onların Azərbaycandakı hökmranlığı üçün böyük təhlükə törədirdi. Üsyançılar öncə cəbhəxananı ələ keçirdilər, lakin üsyan rəhbərləri aydın məqsəd və qətiyyət nümayiş etdirmədilər. Təbriz hakimi Cəfər paşa bundan istifadə edərək üsyanı amansızcasına yatırdı.

Təbriz üsyanının məğlubiyyəti Azərbaycanda Cəlalilər hərəkatının hələ sonu demək deyildi. İsgəndər bəy Münşi Osmanlı-Səfəvi müharibələrinin növbəti mərhələsi (1603–1607) ərəfəsində Səfəvi dövləti ilə həmsərhəd Osmanlı ərazisində Cəlalilər hərəkatının genişlənməsini Şah I Abbasın Azərbaycanı, Cənubi Qafqazı azad etmək məqsədilə hərbi yürüşə çıxmaq qərarı ilə əlaqələndirir. Onun fikrincə, Osmanlı dövlətinə qarşı müharibəyə başlamaq qərarına gələn Şah I Abbas belə hesab edirdi ki, "irsən bizim müqəddəs nəslimizə məxsus olan Azərbaycan və Şirvan ölkələrini sayca az olan və öz padşahına qarşı mübarizə aparan cəlalilərin hakimiyyəti altında saxlamaq, həmin ölkələrin fəth olunması üçün yaranmış əlverişli məqamı əldən vermək ağıllı şəxslərə xas olmayan hərəkətdir".

Səfəvi qoşunlarının Azərbaycana və qonşu ölkələrə müdaxiləsi Cəlalilər hərəkatının zəifləməsinə səbəb olmadı. Əksinə, Şah I Abbasın həyata keçirdiyi siyasət, xüsusilə böyük əhali kütləsinin vətəndən zorla köçürülməsi Cəlalilər hərəkatının genişlənməsi üçün əlverişli şərait yaratdı. Arakel Təbrizlinin verdiyi məlumata görə, Cəlalilər hərəkatı "İstanbuldan İrəvana, Bağdaddan Dəmirqapıyadək olan torpaqları" əhatə etmişdi.

Şərqi Anadoluda və Azərbaycanda genişlənən Cəlalilər hərəkatı mürəkkəb hadisə idi. Bu hərəkatda həmin tarixi dövrün müxtəlif ictimai təbəqələrindən çıxmış şəxslər iştirak edirdilər. Səfəvi-Osmanlı müharibəsində Səfəvi ordusunun osmanlılara qarşı hərbi əməliyyatları gedişində xarabazarlığa çevrilmiş ərazilərdə hər bir istehsal fəaliyyəti qadağan edilirdi. Arakel Təbrizli yazır ki, "bu səbəbdən torpaq sahibləri və əkinçilər qorxu və dəhşətlə öz yerlərini tərk edir, qalalarda, qəsrlərdə, mağaralarda möhkəmlənir, əkinçiliklə məşğul ola bilmirdilər".

Arakel Təbrizlinin verdiyi məlumatdan aydın olur ki, Səfəvi-Osmanlı müharibəsinin gedişində Osmanlı və Səfəvi ordularının yürüşlərindən sonra Cənubi Qafqazda Cəlalilər hərəkatı daha da fəallaşırdı. Bu hərəkata qarət olunmuş ərazilərdə yaşayan yerli kəndlilər və şəhər yoxsulları yaxından iştirak edirdilər. Onlar yerli feodallara və varlılara hücum edərək onların əmlakını müsadirə edirdilər.

Arakel Təbrizlinin verdiyi məlumata görə, Şərqi Anadoluda və Azərbaycanda Qarayazıcı Dəli Həsənin, Kosa Səfərin, Canpolad oğlu Əli paşanın, Tanrı tanımaz, Göyəbaxan Çılpağın, Qara Səidin, Kəsəkəsin, İncəxanın, Ağacan Pirinin, Manoğlunun, Yolasığmazın, Dəli Nəsibin, Gizir oğlu Mustafa bəyin, Əhməd paşanın, Koroğlunun rəhbərliyi altında Cəlali dəstələri fəaliyyət göstərmişdi.

Arakel Təbrizli baş vermiş hərəkata kilsə-feodal mövqeyindən yanaşır, həmin hərəkatın tezliklə yatırılmasını arzulayırdı, lakin hərəkata düşmən mövqeyində durmuş salnaməçi cəlalilərin "əsilzadə, hər şeyə qalib döyüşçü, əyilməz cəngavər olduqlarını" etiraf edirdi. Arakel Təbrizli Cəlalilər hərəkatını sırf islam hadisəsi kimi təqdim etməyə can atmış, onun xristianlar, o cümlədən ermənilər əleyhinə yönəldiyini sübut etməyə çalışmışdır, lakin tarixi faktlar erməni müəllifinin bu fikrini təkzib edir.

Arakel Təbrizlinin verdiyi məlumata görə, Azərbaycanın İrəvan bölgəsində Cəlalilər hərəkatına Məhəmməd Kənakerli rəhbərlik etmişdi. Qırxbulaq yaxınlığında Topal Osman paşanın dəstəsi ilə toqquşmadan sonra Məhəmməd Kənakerli bölgəni tərk etməyə məcbur olmuşdu. Topal Osman paşanın rəhbərliyi altında cəlalilər Qərbi kəndini özünə mərkəz seçərək qışı orada keçirmişdi. Kiçik qruplara ayrılan Topal Osman paşanın dəstəsi bir ilə yaxın Arazın hər iki sahilində fəaliyyət göstərmişdi. Arakel Təbrizlinin verdiyi məlumata görə, İrəvan bölgəsində Əbdürrəhman Müsəllimin rəhbərliyi altında digər cəlali dəstəsi də fəaliyyət göstərmişdir.

Cənubi Qafqazda Səfəvi-Osmanlı hərbi əməliyyatlarının gedişində Cəlalilər hərəkatının arealı daha da genişlənmişdi. Osmanlıların Cənubi Qafqazdakı hakimiyyəti möhkəmləndikcə cəlalilər mübarizə meydanından sıxışdırılmış və xalq kütlələrinin azadlıq hərəkatı yeni formalar almışdı. Osmanlı ordusunun məğlub etdiyi cəlalilərin bir qismi Səfəvi hökmdarı Şah I Abbasın himayəsinə sığınmışdı. 1608-ci ildə Ərzurum ətrafında 20 minlik Osmanlı qoşununa qarşı son döyüşdən sonra cəlalilər qızılbaşlar ölkəsinə pənah gətirmiş, Çuxursəd hakimi Əmirgünə xan Qacar onların Azərbaycanda yerləşməsinə razılıq vermişdi. Səfəvi şahı cəsur və cəngavər cəlalilərin böyük dəstəsindən hə tabe olmaq istəməyən kürd feodallarına, həm də Osmanlı dövlətinə qarşı istifadə etmək istəyirdi, lakin o, cəlalilərdən qorxurdu. İsgəndər bəy Münşi şahın cəlalilərə ehtiyatlı, ikili münasibətini əsərinin bir neçə yerində aydın şəkildə qeyd etmişdir. O, cəlaliləri "özbaşına və hərəkətlərində ardıcıl olmayan" şəxslər kimi təqdim edir. "Böyük vəzir" Hatəm bəy Ordubadi şahın göstərişi ilə Təbrizdə olan cəlaliləri siyahıya aldı. İsgəndər bəy Münşi qeyd edir ki, bu zaman Təbrizdə 1380 nəfər cəlali vardı və onlar daim mərkəzi hakimiyyətin nəzarəti altında saxlanılırdılar. Səfəvi sarayı Azərbaycanda yenicə məskunlaşmış Şərqi Anadolu cəlalilərinin yerli cəlalilərlə birləşməsindən qorxurdu, lakin Anadolu cəlalilərinin öz daxilində vahid fikir və əməl birliyi yox idi. İsgəndər bəy Münşinin verdiyi məlumata görə, Türkiyədən İrəvan bölgəsinə gələn cəlalilər ilk gündən bir-biri ilə rəqabət aparan üç dəstəyə ayrılmışdı. Ərzurum yaxınlığında İbrahim paşaya məğlub olan Qələndər oğlu Məhəmməd paşa Şah I Abbasın himayəsinə qəbul edilmişdi. Səfəvi sarayı Anadolu cəlalilərinin qüvvələrini Həsən Ustaclının rəhbərliyi altında Səfəvi ordusu ilə birləşdirərək Marağa istiqamətində yürüş edərək Kürdüstana yiyələnmək, Türkiyə ərazisi ilə Diyarbəkirə kimi irəliləyərək Çuxursəd hakimi Əmirgünə xan Qacarın dəstəsi ilə cəbhəni birləşdirmək fikrində idi. Hadisələrin gedişi göstərir ki, iki ilədək Şah I Abbasa xidmət edən Anadolu cəlaliləri hökmdarın münasibətindən narazı qalmışdılar. Osmanlı hakim dairələrinin təbliğatı, üsyançıların bağışlanması haqqındakı vədlər, vətənə qayıtmaq çağırışları da öz nəticəsini verdi. 1610-cu ilin ortalarına doğru 500 nəfərlik dəstə istisna olunmaqla bütün Anadolu cəlaliləri Osmanlı imperiyasına qayıtdılar. Qara SəidinHacı Məhəmmədin rəhbərliyi altında cəlalilər Şah I Abbasa sədaqətli qalaraq Ali Divanın şəxsi xidmətçiləri sırasına daxil olundular.

Cəlalilər hərəkatına başçılıq edən rəhbərlər arasında Koroğlu xüsusilə seçilirdi. Koroğlu şəxsiyyəti və onunla əlaqədar hadisələr Azərbaycan folklorunda özünün geniş əksini tapmışdır. Tarixi ədəbiyyatda Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən P.H.Boratav olmuşdur. O, Türkiyə Cümhuriyyəti Başbakanlıq Osmanlı Arxivində saxlanılan Mühimmə dəftərlərindən istifadə edərək Köroğlu ilə bağlı 4 sənəd aşkara çıxarmışdır. Sovet tarixşünaslığında Koroğlunun tarixi şəxsiyyət olduğunu ilk dəfə qeyd edən İ.P.Petruşevski olmuşdur. Arakel Təbrizli Koroğlu barədə yazır ki, "bu o Koroğludur ki, hazırda aşıqlar tərəfindən oxunan çoxlu nəğmələr bəstələmişdir".

Yadelli işğalçılara, feodal zülmünə qarşı barışmaz mövqeyi və mübarizliyi xalq kütlələrində Koroğluya sonsuz hörmət və sevgi qazandırmışdı. Real tarixi şəxsiyyət olan Koroğlu ədalətli xalq müdriki, yenilməz qəhrəman, mahir aşıq kimi xalqın sevimlisinə çevrilmişdi. Xalqın qəhrəmanlıq və ədalətli hakim idealları Koroğlu obrazında əksini tapmışdır.

Türkiyə tarixçisi Faruq Sümer Başbakanlıq Osmanlı Arxivində Mühimmə Dəftərlərində Koroğlu ilə bağlı saxlanılan 8 ədəd sənədi 1987-ci ildə nəşr etdirərək onun fəaliyyəti haqqında tarixi gerçəklikləri aşkara çıxardı. 1580-ci il 25 oktyabr tarixli sənəddə Koroğlunun Bolu sancağına bağlı Gerede mahalının Sayık kəndindən olduğu bildirilir. Koroğlunun evlər basıb iki kişini yaraladığı və bir oğlanı apardığı xəbər verilir, onun ələ keçirilməsi üçün dəfələrlə təşəbbüs göstərilsə də, bir nəticə vermədi bildirilirdi. F. Sümerin fikrincə, 1578-ci ildə Səfəvi dövlətinə qarşı başlanılan müharibə davam etdiyi üçün Koroğlunun bundan faydalanaraq hərəkətə keçdiyi, əsgərlərin əksəriyyəti müharibəyə cəlb olunduğu üçün onun ələ keçirilməsi uğursuz olmuşdu.

1581-ci il 11 aprel tarixli ikinci sənəd Anadolu bəylərbəyinə yazılmışdır. Bu sənəddə Kıbrus qazısının məktub göndərib eyni mahalda Çakal oğlu Mustafa ilə Gerede mahalında Rövşən adlı şəxsin ətrafına 15–20 nəfər kişi toplayaraq "evlər basdığını, adamları qətl etdiyini, Gerede, Kıbrus, Bəybazarı və Yörük mahallarındakı pis əməllərini getdikcə artırdıqları", xalqın qorxudan şikayət etmədikləri bildirilir, Kıbrus mahalından Qızılcuk oğlu Məhəmməd, onun oğlu Mustafa, Əbdürrəhman, Həmzə, Gerede mahalından Doğançı Kamal, Yaralı oğlu Mustafa onların yaxın silahdaşı olub cəlali olduqları bildirilirdi. Kıbrus qazısı bu cəlalilərin ortadan qaldırılması üçün hərbi qüvvə göndərilməsini xahiş edirdi. Bu sənəddə Koroğlu Rövşən adı ilə təqdim olunur ki, dastanda da belədir.

Mühimmə dəftərlərindəki 3 iyun 1581, 29 noyabr 1581 və 29 yanvar 1582-ci il tarixli sənədlərdə Koroğlu Rövşənin və Kıbrus mahalından olan silahdaşı Çakal oğlu Qara Mustafanın hələ ələ keçmədikləri, beş-altı mahalı qorxu içərisində saxladıqları, yaratdıqları qorxu nəticəsində heç kimin şikayət etməyə cürət etmədiyi bildirilirdi. Mühimmə dəftərindəki 20 iyul 1583 və 16 avqust 1584-cü il tarixli sənədlərdən aydın olur ki, Koroğlu dörd ildən çox Bolu bölgəsində fəaliyyət göstərmişdi . F. Sümerin fikrincə, Osmanlı ordusu Səfəvilərlə müharibəyə cəlb olunduğu üçün Koroğlunun fəaliyyəti üçün geniş imkanlar açılmışdı. Bununla yanaşı, Koroğlunun yaratmış olduğu qorxu nəticəsində bəylər və qazılar ondan şikayət etməyə cürət etməmişdilər, lakin bütün bunlara baxmayaraq, o, müxtəlif istiqamətdən sıxışdırıldığı üçün fəaliyyət göstərdiyi bölgəni tərk etmək məcburiyyətində qalmışdı. F. Sümerin qənaətinə görə, Koroğlu bu zaman Çənlibelə (Çamlıbelə) gəlmişdi. Çənlibel dastanda adı xatırlanan Bolu ətrafında deyil, Sivas-Tokat karvan yolu üzərindədir. Çənlibel Koroğlunun əsas istinadgahı olmuşdu. Şərqi Anadoluda və Azərbaycanın qərb bölgəsində Çənlibel adlı qalalar vardır. XIX əsrə aid mənbələrdə Çənlibel qalasının adı çəkilir. A. A. Bakıxanov Xoy hakimi Cəfərqulu xan Dünbulinin bir müddət Naxçıvan yaxınlığındakı "Koroğlu Çənlibelində" yaşadığını göstərmişdir. Koroğlu Tokatdan keçən karvanlardan "yol bacı" almışdı. Dastanda onun karvanbaşı ilə deyişməsi də bunu təsdiq edir. Koroğlu Çənlibeldə də sıxışdırıldığı zaman Azərbaycana gedərək Şah Abbasın xidmətinə girmişdi. Bunu dövrün mənbələri də təsdiq edir. 1602-ci ildə cəlali Qara Yazıcını məğlub etdikdən sonra qışı keçirmək üçün Tokatda qalan vəzir Sokolluzadə Həsən paşa cəlali Qara Yazıcının qardaşı Dəli Həsən tərəfindən mühasirəyə alınmış və atılan tüfəng atəşi nəticəsində öldürülmüşdü.

XVII əsrin əvvəllərində Şah I Abbas dövründə yazılmış tarixi mənbənin verdiyi məlumata görə, "Həzrəti şah Abbas Naxçıvanı Osmanlılardan geri aldığı zaman (1603) Koroğlu Osmanlı sultanının xidmətinə girən və Pasində oturan Sədlu tayfa başçısı Əliqulu bəyi, oğlunu və anasını ələ keçirərək Şaha göndərdi". Cəlalədin Münəccim Yəzdi "Tarix-i Abbasi" əsərində yazır: "Bu xanədanın çörəyi və duzu ilə özünün və atalarının sümüklərini bəsləmiş olan Sədlu tayfa başçısı Əliqulu bəy nankorluq edərək Osmanlıların xidmətinə girərək çaşnigir (süfrəçibaşı) vəzifəsini əldə etmişdi. Koroğlu Pasin ətrafında onu, oğlunu və anasını tutub şahın hüzuruna göndərmişdi". Bu bir daha sübut edir ki, Koroğlu Səfəvi şahının xidmətinə girmişdir, lakin digər cəlali rəhbərləri kimi Koroğlunun da Səfəvi şahı ilə münasibətləri son nəticədə kəskinləşmişdi. Səfəvi-Osmanlı müharibəsinin başa çatması, Azərbaycan torpaqlarının Osmanlı işğalından azad edilməsindən sonra Koroğlu və dəlilərinin fəaliyyəti Şah I Abbası narahat etmişdi. Şərqi Anadolu və Azərbaycan rəvayətlərində dastan qəhrəmanımızın aqibəti barədə deyilir: "Səfəvi hökmdarı Şah Abbas Koroğlunun igidliyindən xəbər tutaraq ondan komandanları arasında yer almasını istəyir. Ancaq Koroğlu "şahlar insan dəyərini bilməzlər" söyləyərək şahın təklifini qəbul etmir. Səfəvi hökmdarı təklifinin mənfi qarşılanmasına qəzəblənərək Koroğlunun başını gətirənə "sərdarlıq" verəcəyini elan etdirir. Şah Abbasın bu qərarından xəbərdar olmayan Koroğlu yaşlandığını anlamış, buna görə Şaha hörmətini çatdırdıqdan sonra Məkkə ziyarətinə getməyə qərar verir. O, dəlilərini çağıraraq qərarını onlara bildirir, Eyvazı yerinə xələf təyin edir. Dəliləri Qazlı gölə kimi gələrək onu yola salırlar. Onlardan ayrılmadan öncə Koroğlu üzünü Çənlibelə çevirərək dağlara xitabən bir misra oxuyaraq həyatında ilk dəfə ağlamışdı. Sonra Şahın hüzuruna yollanan Koroğlu yolda İlyas və Bəhram xana rast gəlir. Onlar şahın gözündən düşərək vəzifədən uzaqlaşdırılmışdılar. Buna görə də, şahın diqqətini cəlb etmək üçün Koroğlunu öldürməyə qərar verdilər. Onlar öncə Qıratı öldürürlər. Koroğlu bu iki adamın hücumu qarşısında Qıratsız heç nə edə bilməyəcəyini bilərək boynunu vurmaları üçün onlara uzadır. Onlar Koroğlunun başını Şaha aparırlar. Şah Abbas qəhrəmanın başına baxan zaman ətəyinə bir damcı qan damır. Buna görə o, "bu məsum qanıdır, siz onu igidcəsinə öldürmədiniz" deyir və Çənlibeldən gətirtdiyi üç "dəli"nin sözlərindən həqiqəti öyrənir. Dəlilər və onu sevən insanlar Koroğlunun ölümünə ağlayırlar. Şah Abbas İlyas və Bəhram xanı İsfahan xalqına parçalatdırır və Eyvazın Çənlibeldəki hakimiyyətini təsdiq edir".

Koroğlu dastanı redaktə

 
Xalq Qəhrəmanı Koroğlu

Koroğlu öldükdən sonra dastan qəhrəmanına çevrilmiş və bunda da başlıca rolu aşıqlar, saz şairləri oynamışlar. XVII əsrin ortalarında o artıq bir dastan qəhrəmanı idi. F. Sümer yazır ki, mən Koroğlunun dastanlarda yazıldığı kimi saz şairi olduğuna inanır və bilavasitə Bolu bəyi, dağlar, Qırat və Eyvaz ilə bağlı mahnıların onun tərəfindən söyləndiyini qəbul edirəm. Mənaları təsirli, həyəcan verici olan bu mahnıları bəstələyən və oxuyan bir insan şübhəsiz cani ruhlu ola bilməz. Müharibə dövründə olsa da, bütün təbəəsini bir anda hərəkətə keçirməyi bacaran mükəmməl bir təşkilata sahib olan dövlətin hökumət mərkəzinə yaxın ərazilərdə fəaliyyət göstərməsi onun cəsur olmaqla yanaşı, tədbirli bir insan olduğunu göstərir. Çətinliklərə çarə tapması, təhlükələrdən xilas olması dastan qəhrəmanı olmasında mühüm amil olmuşdur. Koroğlunun ağıllı olduğu qədər mərd ruhlu bir insan olduğunu, silahdaşlarına qarşı şəfqətli hərəkət etdiyini söyləmək olar. Həm igid döyüşçü, mahir sərkərdə, həm də istedadlı aşıq olan Koroğlu şəxsi xoşbəxtlik deyil, xalq səadəti uğrunda mübarizə apardığı üçün xalqın yaddaşında dastan qəhrəmanına çevrilmişdir.

Koroğlunun silahdaşları redaktə

Koroğlunun yaxın silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər və Tanrıtanımaz tarixi qaynaqlarda cəlalilərin geniş şöhrətə malik rəhbərləri arasında yad edilir. Giziroğlu Mustafa bəy dastanda Koroğlunun ən yaxın silahdaşı kimi təqdim olunur. Arakel Təbrizli müstəqil surətdə fəaliyyət göstərən cəlali dəstələrinin 25 rəhbəri arasında Koroğludan sonra onun adını ehtiramla yad edir. F. Sümerin Mühimmə dəftərindən onunla bağlı əldə etdiyi 4 sənəd onun tarixi şəxsiyyət olduğunu bir daha təsdiq edir. Giziroğlu Mustafa bəylə bağlı arxiv sənədləri 1588–1591-ci illərdə onun fəaliyyətinə aydınlıq gətirir. 1588-ci il 25 may tarixli ilk sənəd Ərəbgir sancaqbəyi Ömərə ünvanlanmış hökmdə sancaqbəyi, alay bəyləri və sipahilər səfərə getdikləri üçün Giziroğlu Mustafa bəyin ətrafına topladığı 250 nəfərlik dəstə ilə Diyarbəkr, Ərzurum, Sivas, Hələb və Maraş yollarından keçən karvanları qarət etdiyi, bölgədə üç-dörd ildir fəaliyyət göstərdiyi üçün onun cəzalandırılması tələb edilirdi. Sənəddə Giziroğlu Mustafa bəyin 3–4 ildir fəaliyyət göstərdiyinin qeyd edilməsi onun 1584-cü ildən fəaliyyətdə olduğunu söyləməyə imkan verir. F. Sümer yazır ki, Ömər bəy əmr edilən işi bacarmadığı üçün 1588-ci il sentyabrın 22-də Sivas bəylərbəyinə göndərilən hökmdə Giziroğlu Mustafa bəyin öz fəaliyyətini durmadan genişləndirdiyi xəbər verilməklə yanaşı, onun mütləq ələ keçirilməsi üçün lazımi tədbir görülməsi tələb olunurdu. 1589-cu il 27 yanvar tarixli sənəddə Giziroğlu Mustafa bəyin on nəfər silahdaşı ilə ələ keçirildiyi və İstanbula sultanın sarayına göndərilməsi əmr edilir. 1591-ci il 6 dekabr tarixli növbəti sənəddə Giziroğlu Mustafa bəyin həyatına son qoyulduğunun bildirilməsi göstərir ki, o, İstanbula gətirildiyi zaman edam edilmişdir.

Koroğlunun yaxın silahdaşları arasında Dəli Həsən önəmli yer tutur. Onun tarixi şəxsiyyət olduğunu dövrün arxiv sənədləri və digər qaynaqları təsdiq edir. Qardaşı Qara Yazıcının əməlini davam etdirən Dəli Həsən 1602-ci ilin fevralında Şərqi Anadoluda Cəlalilər hərəkatına rəhbərlik etməyə başlayır. Dəli Həsən qardaşının qisasını almaq üçün Sokolluzadə Həsən paşa üzərinə yürüş etdi. Tokat yaxınlığında cəlalilərə məğlub olan Həsən Paşa Tokat qalasına sığındı. O, Dəli Həsənin adamları tərəfindən öldürüldü. Diyarbəkr bəylərbəyi Xosrov paşa vəzir təyin edilərək cəlalilər üzərinə göndərildi. Tokata göndərilən Hafiz Əhməd paşa da Dəli Həsənlə bacarmadı, lakin Dəli Həsən 1603-cü ilin iyulunda Osmanlı sultanının tərəfinə keçərək Bosniya bəylərbəyi təyin olundu. O, sərdar Lələ Mehmed paşanın qüvvələri ilə birləşmək üçün on min nəfər cəlaliləri ilə Mcarıstana hərəkət etdi. Mustafa Ağdağ yazır ki, Peçt yaxınlığında Avstriyalılarla döyüşdə Dəli Həsənin Anadolunun başına bəla olan 6 min silahdaşı öldürüldü. Dəli Həsən Bosniya bəylərbəyi olarkən xalqla yola getmədiyi üçün sultanın əmri ilə edam edildi.

Koroğlunun yaxın silahdaşlarından biri də Kosa Səfər olmuşdu. Onun tarix şəxsiyyət olduğunu İsgəndər bəy Münşi də təsdiq edir. Onun məlumatından aydın olur ki, öncə Cəlalilər hərəkatında iştirak edən, sonralar Ərzurum hakimi olan Kosa Səfər Osmanlı ordusunun Azərbaycana yürüşündə iştirak etmiş, osmanlıların 1605-ci il noyabrın 7-də Sufiyan yaxınlığındakı ağır məğlubiyyətindən sonra əsir alınmış vBeləliklə, Koroğlunun və yaxın silahdaşları olan Giziroğlu Mustafa bəy, Dəli Həsən, Kosa Səfər və mənbələrdə adı çəkilən, ancaq dastanda yad edilməyən digər cəlalilər tarixi şəxsiyyətlər olmuş, Azərbaycanda və qonşu ölkələrdə baş verən tarixi hadisələrdə yaxından iştirak etmişdilər


Saytda 91 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024