Cəlil Cavadov Haqqinda Melumat - Vikipedia

Cəlil Cavadov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Cəlil Məmmədəli oğlu Cavadov (1 avqust 1918, Fatmayı, Bakı qəzası6 fevral 1980, Bakı) — Azərbaycan-sovet sərkərdəsi, kontr-admiral (1968), AzərbaycanSSRİ-nin türk-müsəlman xalqlarının tarixində ilk admiral, Azərbaycan SSR Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyətinin (OADKYC) Respublika Komitəsinin sədri (1954–1971)[1], Azərbaycan SSR Ali Sovetinin 5-ci çağırış (1959–1963) deputatı.

Cəlil Cavadov
Kontr-admiral Cəlil Cavadov. 1968-ci il
Kontr-admiral Cəlil Cavadov. 1968-ci il
27 fevral 1954 – 7 fevral 1971
1959 – 1963
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fatmayı, Bakı qəzası, Azərbaycan Demokratik Respublikası
Vəfat tarixi (61 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı Azərbaycan AXC
SSRİ SSRİ
Təhsili
  • P.S.Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik məktəbi[d]
Fəaliyyəti hərbi qulluqçu
Atası Məmmədəli Cavadov
Anası Həmidə Cavadova
Həyat yoldaşı Gülsüm Bağırbəyova
Uşaqları Həmidə, Fəridə, Cəmilə, Azadə
Hərbi xidmət
Xidmət illəri 1937–1980
Mənsubiyyəti SSRİ SSRİ
Qoşun növü Dəniz donanması
Döyüşlər Böyük Vətən müharibəsi
Rütbəsi Kontr-admiral

Təltifləri SSRİ OADYKC Fəxri nişanı
"Qırmızı ulduz" ordeni — 1945 "Qırmızı ulduz" ordeni "Döyüş xidmətlərinə görə" medalı "Sevastopolun müdafiəsinə görə" medalı "Qafqazın müdafiəsinə görə" medalı — 1944 "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı — 1944 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı — 1945 "1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı — 1945 "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı — 1948 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 1965 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 "SSRİ Silahlı Qüvvələri veteranı" medalı — 1977 "Əmək veteranı" medalı — 1978 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 60 illiyi" yubiley medalı — 2005
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəlil Cavadov Böyük Vətən müharibəsi zamanı Qara dəniz, Şimal dənizi, Baltik dənizində, eləcə də Dunay çayında keçirilən hərbi əməliyyatlar zamanı desant çıxarılması və bir sıra şəhərlərin təxliyə olunmasında iştirak etmişdir. O, döyüşlərdə və OADYKC-da xidmətlərinə görə 2 dəfə "Qırmızı Ulduz" ordeni və bir sıra medallarla təltif olunmuşdur.

Erkən həyatı redaktə

 
Qara Dəniz Ali Hərbi-Dəniz Məktəbinin müdavimi Cəlil Cavadov, 1937

Cəlil Məmmədəli oğlu Cavadov 1918-ci il avqustun 1-də Abşeronun Fatmayı kəndində ziyalı ailəsində anadan olmuşdur. Bəzi məqalələrdə anadan olma ili 1916-cı il göstərilsə də, nikah haqqında şəhadətnamədə və xüsusən də partiya xasiyyətnamələrində (sovet dövründə vəzifəyə təqdimat yazılarkən xasiyyətnaməyə xüsusi diqqət yetirilirdi) 1918-ci il göstərilib. Atası Məmmədəli Cavadov (1882–1946), Fatmayı kəndinin sakini olub, tanınmış neft milyonçusu və xeyriyyəçi Musa Nağıyevin şirkətlərindən birində müdir işləyib, sovetlər dövründə neft sənayesində çalışıb. Anası, Həmidə Cavadova (1890–1929) Fatmayı kəndinin sakini, evdar qadın olub. Həmidə xanımın atası Fatmayı məscidinin axundu və məktəb nəzdindəki məktəbin müdiri Daşdəmir Rzayev idi.[2]

Təhsili redaktə

Cəlil Cavadov 1929-cu ildə Fatmayı kəndində məktəb bitirmiş, 1930–1935-ci illərdə Bakıda N.Nərimanov adına Sənaye Texnikumunun kimya fakültəsində oxumuşdur. Texnikumu bitirdikdən sonra "AzNeft" birliyinin Azqazkontorunda texnik-kimyaçı vəzifəsinə işə qəbul olunub. Burada bir il işlədikdən sonra, 1936-cı ildə D.İ.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutuna daxil olub.[1] 1937-ci ildə institutun 1-ci kursunu bitirəndən sonra komsomol göndərişinə əsasən Sevastopol şəhərindəki P.S.Naximov adına Qara Dəniz Ali Hərbi-Dənizçilik məktəbinə daxil olmuşdur. Cavadov məktəbin ilk müdavim qrupunda olub. Müdavimlər dəniz qırağındakı çadırlarda, qış vaxtında "Ocakov" köhnə paraxodunda yaşayırdılar. Dərslər açıq havada və natamam hazır olan tikililərdə keçirilidi. Dərslərdən sonra istirahət əvəzinə müdavimlər tikintidə çalışırdılar. Bütün dövlət imtahanlarını uğurla verən Cavadov "miçman" rütbəsinə layiq görüldü və 1941-ci il martın 18-də "vaxta komandiri" ixtisası ilə 6 aylıq təcrübə keçməyə göndərildi.[3] Təcrübə müddəti bitəndən sonra gənc miçmanlar məktəbə qayıtmalı və burada leytenant poqonları və diplomları almalı idilər.

Hərbi fəaliyyəti redaktə

Dunay və Krım döyüşlərində iştirakı redaktə

 
Cəlil Cavadov 1941-ci ildə

Miçman C.Cavadov SSRİ-nin ən qərb donanması olan Dunay Hərbi Donanmasına (DHD) təyinat aldı. Cavadov 3 ay ərzində "Jeleznyakov" monitorun döyüş artilleriya hissə komandirinin dublyoru, sonra isə 1125 layihəli zirehli kater komandirinin dublyoru kimi xidmət etdi.[4]

1941-ci il iyunun 22-də Almaniyanın SSRİ-yə qəfil hücumu ilə II Dünya müharibəsinin "Sovet İttifaqının 1941-1945-ci illər Böyük Vətən müharibəsi" adlı yeni mərhələsi başladı. Müharibənin ilk gününü miçman Cavadov öz zirehli katerində döyüş postunda qarşıladı. 1941-ci il iyunun 22-də alman aviasiyasının dəstəyi ilə rumın qoşunları Reni, İzmail, Yeni Kiliya, Vilkov və DHD–nın İzmaildəki əsas bazasının bombardmanına başladı. İyunun 22–24-də DHD gəmiləri Dunayı minalayır, müdafiə olunan qoşunları atəşlə dəstəkləyərək Dunayın sağ sahilini atəşə tuturdular. C.Cavadovun zirehli kateri bu döyüşlərdə iştirak edirdi. 24 iyun 1941-ci ildə miçman C.Cavadova "leytenant" hərbi rütbəsi verildi.[s 1] İyunun 25-də Cavadov Satul-Nou burnuna desant çıxarılması, iyunun 26-da Kiliya-Veke (Köhnə Kiliya) şəhərinə desant çıxarılması və şəhərin tutulmasında iştirak etdi. Kiliya-Veke şəhərinə desant çıxarılması zamanı Cavadov xüsusi fərqləndi: ala qaranlıqda, qarşı tərəfin atəşi altında onların artilleriyasının atəşini korrektə edən müşahidə məntəqəsini məhv etdi.[5]

Cavadovun zirehli kateri DHD Kiliya gəmilər qrupu tərkibində döyüşlərdə iştirak edirdi. İyulun 22-də DHD gəmiləri Nikolayev limanında cəmləşdilər, lakin bir ay müddətində aramsız döyüşlər, eləcə də Dunaydan Qara dənizə keçid nəticəsində gəmi və katerlər zədəli idi. Zədələnmiş gəmiləri, o cümlədən Cavadovun zirehli katerini təmir etmək mümkün olmadı. "Boş" hərbi gəmilər yox idi və Cavadov yedək gəmisinə komandir təyin olunmasına razılıq verdi. "Qırmızı Ulduz" ordeni təqdim ediləndə Cavadovun təltif vərəqəsində yazılmışdır: "Yedək gəmisinin komandiri olaraq Dunayın ağzından əhalinin və dövlət əmlakının təxliyəsini həyata keçirirdi. Qarşı tərəfin aviasiyasının aramsız zərbələri altında Nikolayev yaxınlığında qarşı tərəfə atəş açan monitor gəmilərinə hərbi sursat çatdırırdı. Atəş və hava zərbələri nəticəsində yedək gəmisində bir neçə dəfə yanğın başlamış, lakin yoldaş Cavadovun bacarıqlı hərəkətləri və fərasəti nəticəsində hərbi sursat alovdan xilas edilmiş və verilən tapşırıqlar vaxtında yerinə yetirilmişdir".[6]

Avqustun 12-15-də Cəlil Cavadovun yedək gəmisi Nikolayevin təxliyə olunmasında iştirak etmişdir. Avqustun 15-dən yedək gəmisi Xerson limanında idi. Döyüşkən komandir qarşı tərəfin hərbi təyyarələrinin aramsız həmlələri, sualtı qayıqlarının hücumları altında səhra artilleriyası və hətta tankların atəşindən yayınaraq fövqəladə şəraitdə mərmi və patronlar daşıyırdı. Avqustun sonunda Cavadov Xerson şəhərinin təxliyə olunmasında iştirak etdi.[7]

DHD komandanının sərəncamında olan leytenant Cavadov 1941-ci ilin sentyabrında Dəniz briqadası tərkibində dəniz piyadaları bölüyünün komandiri təyin olundu. Burada o, Kinburn dili uğrunda qurudakı döyüşlərdə iştirak etdi. Bu döyüşlərdə leytenant Cavadov ayağından yaralandı və Sevastopola təxliyə olundu.

1941-ci il oktyabrın 19-da leytenant C.Cavadov "dəniz ovçusu" MO-4 katerinin komandir köməkçisi təyin olundu. Bort nömrəsi 120 olan bu kater Qara Dəniz Donanmasının Baş Bazası Hövzəsinin Mühafizəsi tərkibinə aid idi. Cəlil Cavadova yazılmış təltif vərəqində yazılmışdır: "MO-120 katerinin komandir köməkçisi olaraq qarşı tərəfin aviasiyası və sualtı qayıqlarının güclü həmlələri altında mühasirədə olan Sevastopola hərbi sursat və ərzaq daşıyan nəqliyyat gəmilərini müşayət edirdi".[8] Cavadovun MO-120 kateri Kerç – Feodosiya əməliyyatında (26 dekabr 1941 – 20 may 1942-ci il) desant çıxarılması və Sudak desant əməliyyatında (6 yanvar – 27 yanvar 1942-ci il) iştirak etmişdir. 1942-ci ilin iyulunda Sevastopolun müdafiəçilərinin təxliyəsi zamanı leytenant Cavadov öz gəmisindən aralı döyüş əmrlərini yerinə yetirməli olmuşdur. Məhz onun sayəsində Qara Dəniz Donanmasının 6 ədəd dalğıc gəmisi və 20-dən artıq dalğıcının qarşı tərəfin artıq ələ keçirdiyi şəhərdən çıxarmaq mümkün olmuşdur.[7]

Cavadovu komandanlıq orden və medallara təqdim etmiş, lakin o, təltif nişanlarını müharibənin sonunda, bəzilərini isə müharibədən sonra almışdır. Cəlil Cavadovun ilk təltif nişanı "Döyüş xidmətlərinə görə" medalı idi. Cavadovun Sevastopol uğrunda döyüşlərdə göstərdiyi xidmətlər ikinci döyüş təltif nişanı — "Sevastopolun müdafiəsinə görə" medalı ilə qeyd olunmuşdur.[7]

Qafqaz hərbi əməliyyatlar teatrındakı döyüşlərdə iştirakı redaktə

Leytenant Cəlil Cavadov Tuapse hərbi-dəniz bazasında dislokasiya olunmuş 12-ci tral katerləri divizionu tərkibində tral kateri (KTŞ) komandiri təyin olundu. KTŞ-nin əsas məqsədi qarşı tərəfin minaları ilə mübarizə idi. Lakin Cavadovun kateri həmçinin mina sədd gəmisi, tüstü sədd gəmisi, hava müşayiəti, xəbərdarlığı və rabitəsi kateri və başqa məqsədlər üçün istifadə olunurdu. 1943-cü il fevralın 4-də Cavadovun kateri Cənubi Ozereykada desant çıxarılmasında iştirak etmişdir. Qarşı tərəfin atəşi altında desantı çıxardı, daha sonra od tutub yanan iki sovet katerinə yaxınlaşdı və onların heyətlərini xilas etdi. Qafqaz hərbi əməliyyatlar teatrında döyüş əməliyyatlarında fəal iştirakına görə leytenant Cəlil Cavadov "Qafqazın müdafiəsinə görə" medalına layiq görülmüşdür.[9]

Şimal Donanmasında döyüşlərdə iştirakı redaktə

 
Şimal Donanmasının "kiçik ovçu"su dərinlik bombaları ilə qarşı tərəfin sualtı qayığına hücum edir

1943-cü il fevralın 11-də Cavadov dinləyici qismində S.Kirov adına Sualtı Qayıqlar və Qayıqlar Əleyhinə Qırmızıbayraqlı Təlim Dəstəsi Nəzdində Ali Xüsusi Kurslarına göndərildi.[s 2] Kursları bitirdikdən sonra leytenant Cəlil Cavadov Şimal donanmasında "Kiçik ovçu" katerinin komandiri təyin olundu.[s 3] Bir neçə ay ərzində Cavadovun kateri Solovets yunqalar məktəbinin mühafizəsində iştirak etmişdir. 1943-cü ilin sonunda leytenant Cavadovun kateri Şimal Donanmasının Polyarnıy şəhərində bazası olan "kiçik ovçular" katerlər divizionunun tərkibinə daxil edildi. Divizionun katerləri qarşı tərəfin sualtı qayıqlarının axtarışını aparır, gəmiləri müşayiət edir, hava hücumlarından qoruyur, həmçinin qarşı tərəfin kommunikasiyalarında müxtəlif tapşırıqları yerinə yetirir, mina sədləri qoyur, desantlar çıxarırdılar. Komandanlıq "kiçik ovçu"ları mütləq desant vasitələri tərkibinə daxil edirdi, çünki onlar fyordların girişində atəşə tutulan zaman atəş sektorunu sürətlə keçib desant çıxarmaq iqtidarında idilər. "Kiçik ovçu"ların vacib tapşırıqlarından biri sovet sualtı qayıqların minalanmış ərazilərdən keçirmək idi. Barens dənizində belə keçidlərin biri zamanı Cavadovun kateri qarşı tərəfin keşikçi gəmisi ilə üz-üzə gəldi. Müqayisə olunmayan kiçik ölçüləri və atəş qüvvəsi olan Cavadovun kateri nəinki qarşı tərəfi qovmağa müvəffəq oldu, həm də sovet sualtı qayığını qarşılayıb limana keçirdi. Digər növbətçilik zamanı Cavadovun kateri minalanmış sahənin hüdudunda manevr edərək dərinlik bombaları ilə qarşı tərəfin sualtı qayığını qovdu, sonra isə sovet sualtı qayığını qarşıladı və limana keçirdi.[10]

1944-cü il Arktika naviqasiyasında Cavadovun kateri Kara dənizində döyüş əməliyyatlarında iştirak etdi. 16 mart 1944-cü ildə o, baş leytenant rütbəsinə layiq görüldü.[s 4] 1944-cü ilin yazında Cavadov Sovet İttifaqı Kommunist Partiyasına üzv qəbul olundu. 1944-cü il oktyabrında Cavadovun MO-4 kateri sovet donanmasının ən uğurlu desant əməliyyatlarından biri olan Liinaxamari desantında (1944-cü il, 12 oktyabr – 14 oktyabr) iştirak etdi.

Baş leytenant Cəlil Cavadovun Şimal Donanmasındakı döyüşlərdə iştirak etməsi 1944-cü il dekabrın 5-də "Sovet Zapolyaryesinin müdafiəsinə görə" medalı ilə qeyd olundu (medal 1945-ci il martın 7-də təqdim olunub).

Dunaydakı döyüşlər və Dunayın minalardan təmizlənməsində iştirakı redaktə

 
Cəlil Cavadovun komandiri olduğu BK-221 zirehli kater. 1945-ci il

1945-ci il martın sonunda Cavadov yenidən yaradılmış Dunay Hərbi Donamasına təyinat aldı. 4 aprel 1945-ci ildə Cəlil Cavadov BK-221 zirehli katerin komandiri təyin olundu.[s 5] Cavadovun zirehli kateri DHD-ın 1-ci zirehli katerlər briqadası 3-cü divizionu 4-cü dəstəsinə daxil idi.

1945-ci il aprelin əvvəlinə Cavadov Slovakiyanın Komarno şəhərinin azad edilməsində iştirak etdi. Komarno tutulduqdan sonra DHD gəmiləri Dunayla yuxarı qalxaraq öz artilleriyasının atəşi və keçidlərin təmin edilməsi ilə Bratislavaya doğru hücum edən qoşunlara kömək göstərirdilər. Cəlil Cavadov Bratislava uğrunda döyüşlərdə iştirak etdi. Vyana şəhəri yaxınlığında Cavadov xüsusilə fərqlənmişdir. Belə ki, gecələrin birində o, katerlə eni 500 m olan çayda 20 km məsafə keçmiş, qarşı tərəfin əlində olan iki sahil arasında, partladılmış körpü qalıqları yanından ötmüş və təhlükəsiz yerdə kəşfiyyatçılar qrupunu çıxarmışdı. Geri qayıdanda kater qarşı tərəfin çarpazlaşan atəşinə məruz qalmış, matrosların yarıdan çoxu sıradan çıxmış, katerdə yanğın başlamışdır. Lakin kateri hündür sıldırımlı sahil altında gizlədərək heyət alovu söndürməyə nail olmuşdur. Daha sonra kater manevr edərək atəş zonasından çıxmış və sovet mövqelərinə çatmışdı. Səhəri gün Cavadovun tapdığı yolu və onun çıxardığı kəşfiyyatçıların məlumatlarını istifadə edən donanmanın gəmiləri Vyanaya doğru hərəkət etdilər. Vyana uğrunda döyüşlərdə dönüş 1945-ci il aprelin 11-də baş verdi. Həmin gün katerlər qrupu şəhərdə yeganə salamat qalmış körpüyə desant çıxardı və bununla da qarşı tərəfin qüvvələrini parçaladı. Cavadovun zirehli kateri desantın atəş dəstəyi qrupuna daxil olaraq qarşı tərəfin mövqelərini atəşə tuturdu. Aprelin 14-nə keçən gecə Vyana azad edildi. Hücumu davam etdirərək sovet qoşunları Avstriya paytaxtından şimala geri çəkilməyə çalışan alman qoşunlarını mühasirəyə alıb darmadağın etdi, Dunayın sol sahilində olan qarşı tərəfin güclü müqavimət məntəqələri Korneyburq və Floridsdorf şəhərlərini tutdu. Reydlərin birində Cavadov sahil kollarında pusquda dayanan alman gözətçi gəmisini məhv etdi.[11]

Vyana əməliyyatı bitəndən sonra DHD qarşısında yeni tapşırıq qoyuldu: Dunay farvatertini Curcadan Vyanaya qədər olan məsafədə minalardan təmizləmək. Burada təxminən 3300 mina var idi, yəni bir kilometrə orta hesabla 1,6 mina düşürdü. Minalardan təmizləmək üçün təkcə tral gəmiləri deyil, zirehli kater və minaatan katerləri ayrılmışdır. Onların minalarla mübarizə aparmaq üçün heç bir qurğuları yox idi, lakin güclü mühərrikləri tral barjalarını dartmağa imkan verirdi. 1945-ci il mayın 26-da Tilnedə partladılmış körpünün altından keçən zaman güclü axın olan yerdə mina ilə toqquşmadan yayınarkən Cavadovun kateri sahilə atıldı. Komandirin çevik hərəkətləri sayəsində heyət təxliyə olundu. Su axını kateri çevirərək batırdı. Zirehli kater qaldırıldı və təmirə göndərildi. Yoxlama göstərdi ki, baş verən hadisədə komandirin səhvi yox idi və o, təmirdən sonra sıraya qayıdan gəminin komandiri vəzifəsinə təyin edildi.[12]

1945-ci il oktyabrın 25-də almanlarla müharibə cəbhəsində komandanlığın döyüş tapşırıqlarının yerinə yetirilməsində fərqləndiyinə görə görə Cəlil Cavadov "Qırmızı Ulduz" ordeni ilə təltif olundu.[s 6][3] SSRİ Ali Soveti Rəyasət Heyətinin 1945-ci il 9 may tarixli Sərəncamına əsasən Cəlil Cavadov "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif olundu. Bu dövrdə Cavadovun ikinci "Qırmızı Ulduz" ordeni ilə təltif olunması barəsində təqdimat yazıldı, lakin təqdimat, ehtimal olunur ki, o zaman itirildi və orden ona yalnız 1953-cü ildə verildi. Dunayın minalardan təmizlənməsindəki fəaliyyəti təltiflə nəticələndi. 1945-ci il iyunun 6-da Cavadov "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif olundu.

Xəzərdə xidməti redaktə

 
II dərəcəli kapitan Cəlil Cavadov, 1956-ci il

1946-cı ilin sonunda Cavadov Xəzər Dəniz Donanmasına "kiçik ovçu"lar divizionu artillerist vəzifəsinə keçirildi. Baş leytenant Cəlil Cavadov 1947-ci il aprelin 18-də desant gəmiləri 1-ci əlahiddə artilleristi təyin olundu.[s 7] 1947-ci ilin oktyabrın 10-da ona kapitan-leytenant rütbəsi verildi.[s 8] SSRİ Ali Soveti Rəyasət Heyətinin 1948-ci il 22 fevral sərəncamı ilə kapitan-leytenant "Sovet Ordu və Donanmasının 30 illiyi" yubiley medalı ilə təltif edildi.

14 fevral 1949-cu ildə kapitan-leytenant Cəlil Cavadov xidmətini davam etdirmək üçün SSRİ Donanmaya Könüllü Yardım Cəmiyyətinə ezam olundu.[s 9][1] 16 yanvar 1958-ci ildə Müdafiə, Aviasiya və Kimyəvi qurulucuğa yardım (OSOAVİAXİM) Cəmiyyəti ləğv olundu və onun əsasında üç müstəqil könüllü cəmiyyət təşkil olundu: Orduya Yardım Könüllü Cəmiyyəti (Dosarm), Donanmaya Yardım Könüllü Cəmiyyəti (Dosflot), Aviasiyaya Yardım Könüllü Cəmiyyəti (Dosav).[s 10] SSRİ Dosflot Cəmiyyəti hərbi-dəniz işinin təbliğatı, üzvlər və əhali arasında dəniz biliklərinin yayılması, SSRİ hərbi-dəniz qüvvəlləri ehtiyatına daxil olan mükəlləfiyyətlilərin hazırlanması və ixtisasların təkmilləşdirilməsi, hərbi-dəniz idmanı və dəniz modelçiliyinin inkişafı məqsədilə təşkil olunmuşdur. 24 fevral 1949-cu ildə Cavadov Azərbaycan SSR Dosflot cəmiyyəti respublika komitəsi sədr müavini təyin olundu.[s 11]

SSRİ Nazirlər Şurası 1951-ci il avqustun 20-də Dosarm və Dosflotu vahid cəmiyyət çərçivəsində — Ordu, Aviasiya və Donanmaya Yardım Ümumittifaq Cəmiyyətinə birləşdirmək qərarına gəldi.[13] 31 oktyabr 1951-ci ildə Cəlil Cavadov Bakı hərbi-dəniz klubunun baş komandir-təlimatçısı, 1951-ci il noyabrın 1-də OADYKC-in Hərbi-Dəniz tədris təşkilatının təlim bölməsinin rəisi təyin olundu.[s 12]

6 noyabr 1951-ci ildə Cəlil Cavadova 3-cü dərəcəli kapitan rütbəsi verildi.[s 13] Hərbi-dəniz işinin təbliğatına və gənc kadrların hazırlanmasına Cavadov bütün qüvvələri səfərbər etdi. Cavadov 19 fevral 1953-cü ildə Azərbaycan SSR OADYKC Bakı vilayət komitəsinin sədri,[s 14] mayın 31-də isə Azərbaycan SSR OADYKC respublika komitəsinin müavini seçildi.[s 15][14]

Azərbaycan OADYKC rəhbərliyində 1954-cü il fevralın 27-də Azərbaycan SSR OADYKC Birinci Respublika konfransı Cəlil Cavadovu Azərbaycan SSR OADYKC respublika komitəsinin sədri seçdi.[s 16][15]

1956-cı ilin martında Cəlil Cavadov 2-ci dərəcəli kapitan hərbi rütbəsinə,[s 17] 1961-ci ildə Cəlil Cavadov 1-ci dərəcəli kapitan hərbi rütbəsinə layiq görüldü.[s 18]


1959-cu ildə Cəlil Cavadov 5-ci çağırış Xilə seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. 1959–1963-cü illərdə Cavadov Azərbaycan Kommunist partiyası XX, XXI, XXII, XXIII, XXIV qurultaylarının deputatı seçilmişdir. XXIV qurultayda o, Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü seçilmişdir. Cavadov 1959-1963-cü illərdə Azərbaycan KP Mərkəzi Komitəsi üzvlüyünə namizəd, 1962-1971-ci illərdə SSRİ OADYKC Rəyasət Heyətinin üzvü, 1967-ci ildə Ümumittifaq OADYKC VI qurultayında Ümumittifaq OADYKC MK üzvü seçildi.

1968-ci il fevralın 19-da Cəlil Cavadov kontr-admiral hərbi rütbəsinə layiq görüldü.[s 19] Cəlil Cavadov kontr-admiral rütbəsinə layiq görülən təkcə ilk azərbaycanlı deyil, həm də SSRİ müsəlman xalqlarının ilk nümayəndəsi idi.[a][16]

Rəhbərlik etdiyi qurumun struktur və fəaliyyətini təkmilləşdirməyə çalışan Cavadov SSRİ OADYKC nümayəndə heyətinin tərkibində rəsmi xarici ezamiyyətlərdə iştirak etmişdi: 1968-ci ilin sentyabrında Bolqarıstana və 1969-cu ilin noyabrında Macarıstana səfərlər xüsusilə fərqlənmişdir.

11 aprel 1970-ci ildə döyüş və siyasi hazırlıqda əla göstəricilər, qoşunların idarə olunması və onların döyüş hazırlığının saxlanması, həmçinin çoxşaxəli ictimai fəaliyyətə görə SSRİ Ali Soveti Rəyasət Heyəti adından kontr-admirala "Hərbi şücaətə görə" medalı təqdim olundu.[s 20]

1971-ci il fevralın 7-də səhhətinə görə kontr-admiral Cəlil Cavadov Azərbaycan OADYKC sədri vəzifəsindən istefaya çıxdı. 31 dekabr 1971-ci ildə xidmətlərinə görə kontr-admirala təşəkkür elan olundu və o, "Admiral C.M.Cavadova Silahlı Qüvvələrdə qüsursuz xidmətə görə SSRİ müdafiə Nazirliyindən. 1971" yazısı olan adlı saatla təltif olundu.[s 21][17]

Kontr-admiral Cəlil Cavadov 1980-ci il fevralın 6-da vəfat etdi. Ona Zabitlər Evində vida mərasimi keçirildi, fəxri qarovul bölüyü keçdi və məzar üzərində yaylım atəşi açıldı.

Hərbi rütbələri redaktə

Cəlil Cavadovun poqonları

Təltifləri redaktə

Döyüş

OADYKC-da xidmətə görə

Ailəsi redaktə

1948-ci il iyulun 19-da Cəlil Cavadov 1929-cu il təvəllüdlü Gülsüm Azad qızı Bağırbəyova ilə evləndi. Onun atası Bağırbəyov Azad Ələkbər oğlu 1888-ci ildə Şuşada anadan olub. Bağırbəyovlar nəsli təkcə Azərbaycanda deyil, ondan kənarda da tanınırdı. Belə ki, Zülfüqar Mirzəələkbər oğlu Bağırbəyov çar ordusunda zabit olub, 33-cü Şərqi Sibir atıcı alayının podporuçiki kimi 1904-cü ildə Port Artur müharibəsində fərqlənmiş və yaralanmışdır. Onun haqqında Çar Rusiyasında geniş yayılmış "Niva" jurnalında məqalə də dərc olunmuşdu. Azad Bağırbəyov sənədlərdə Bağırov soyadı ilə Abşeron kəndlərindən birinə köçmüş, Bakıda işə düzələrək mənşəyini "fəhlə" kimi göstərirdi. O, 1943-cü ildə vəfat etmiş və uşaqları (böyük qızı Gülsüm, kiçik qızı Bahar) onun həyat yoldaşı Məxmər tərbiyələndirmişdir.[18]

Cəlil Cavadovun övladları:

  • Həmidə (1950-ci il təvəllüdlü, musiqi müəllimi)
  • Fəridə (1953-cü il təvəllüdlü, mayor)
  • Cəmilə (1963-cü il təvəllüdlü, musiqi elmləri doktoru, professor)
  • Azadə (1964-cü il təvəllüdlü, dövlət qulluqçusu).

Xatirəsi redaktə

 
Cəlil Cavadov yaşadığı evin qarşısındakı xatirə lövhəsi

10 fevral 1992-ci ildə Bakı şəhərində Azərbaycan Rəssamlar İttifaqı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin vəsaiti hesabına "ilk azərbaycanlı kontr-admiral Cəlil Cavadovun yaşadığı Nərimanov prospektindəki 55 nömrəli evə xatirə lövhəsinin vurulması" tövsiyə olunmuşdur.[s 22] Qərar 1997-ci ildə icra olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Cavadovun yaşadığı ev üzərində (Zərifə Əliyeva küçəsi, 24) xatirə lövhəsi vurulub.[19]

9 fevral 1993-cü ildə Azərbaycan OADYKC Bakı Nümunəvi Dəniz Məktəbinə kontr-admiral Cəlil Məmmədəli oğlu Cavadovun adı verilmişdir.[s 23] 1995-ci il mayın 9-da kontr-admiral Cəlil Cavadovun adı Xəzər Donanması Veteranları Fəxri kitabına salınıb.

2018-ci ildə Cəlil Cavadovun 100 illik yubileyi münasibətilə onun döyüş və xidməti yoluna həsr olunmuş və Müdafiə Nazirliyi tərəfindən çap edilmiş "Admiral Cavadov. Həyatı və döyüş yolu" kitabı yayımlanmış,[20] CBC kanalı tərəfindən "Donanmanın əfsanəsi" (rus. Легенда флота) adlı film çəkilmişdir.[21] 19 dekabrda isə Milli Azərbaycan Tarixi Muzeyində admiralın yubileyi qeyd olunub.[22]

Qeydlər redaktə

  1. Kontr-admiral adına layiq görülən SSRİ türk-müsəlman xalqlarının ikinci nümayəndəsi eyni vaxtda iki nəfər hesab olunur — 1971-ci ildə bu yüksək ada layiq görülmüş Həmid Həbib oğlu Qasımbəyov və Qazan tatarı Mars Camaloviç İskəndərov. Səhvən ilk kontr-admiral hesab olunan Qazan tatarı İsxaq İbhimoviç İlyasbəyov əslində 1917-ci ildə "donanma general-mayoru" rütbəsinə layiq görülmüşdür.
  2. Birinci orden 1947-ci ildə, ikinci isə 1953-cü ildə təqdim olunub
  3. Medal 1945-ci ilin sonunda təqdim olunub
  4. Medal 1945-ci il martın 7-də təqdim olunub
  5. Medal 1946-ci il yanvarın 18-də təqdim olunub
  6. Medal 1946-ci il iyunun 20-də təqdim olunub
  7. Medal 1948-ci il avqustun 25-də təqdim olunub
  8. "SSRİ OADKYC-nin fəxri nişanı" SSRİ OADKYC-nin ən ali təltif nişanı idi və onunla kütləvi müdafiə, təlim, idman işinin inkişafı və maddi-texniki bazanın möhkəmləndirilməsindəki böyük xidmətlərə görə OADKYC təşkilatları, fəalları və ştat işçiləri təltif olunurdu.
  9. 1 2 Medal ailəyə təqdim olunub

İstinadlar redaktə

  1. 1 2 3 AME, 2014. səh. 195–196
  2. Əhmədov, 2018. səh. 8–9
  3. 1 2 "Джавадов Джалил Мамедали оглы" (rus). САВАШ – Военно-исторический сайт. 7 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2019.
  4. Ахмедов, 2018. səh. 48
  5. Əhmədov, 2018. səh. 31–35
  6. Əhmədov, 2018. səh. 42–43
  7. 1 2 3 Ахмедов, 2018. səh. 49
  8. Əhmədov, 2018. səh. 52
  9. Ахмедов, 2018. səh. 49–50
  10. Əhmədov, 2018. səh. 74–88
  11. Əhmədov, 2018. səh. 100–104
  12. Əhmədov, 2018. səh. 105–109
  13. Ахмедов, 2018. səh. 52
  14. Əhmədov, 2018. səh. 130–135
  15. Ахмедов, 2018. səh. 53
  16. Əhmədov, 2018. səh. 176
  17. Əhmədov, 2018. səh. 185–186
  18. Əhmədov, 2018. səh. 120–122
  19. Ахмедов, 2018. səh. 54–55
  20. ""Admiral Cavadov: həyatı və döyüş yolu" adlı kitab işıq üzü görüb" (az.). Azərbaycan Milli Elmlər Akademiyası. 6 dekabr 2018. 8 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2019.
  21. "Admiral Cəlil Cavadovun 100 illiyi təntənəli şəkildə qeyd olunacaq" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 17 dekabr 2018. 7 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  22. "Muzeydə admiral Cəlil Cavadovun 100 illiyi qeyd olunub" (az.). Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. 19 dekabr 2018. 8 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 noyabr 2019.

Sənədlər redaktə

  1. SSRİ Hərbi-Dəniz Donanması (HDD) Xalq Komissarının 0962 saylı, 1941-ci il 24 iyun tarixli əmri
  2. SSRİ Hərbi-Dəniz Donanması Xalq Komissarının 0241 saylı əmri
  3. SSRİ HDD Xalq Komissarının 4 avqust 1943-cü il tarixli 0400 saylı əmri
  4. SSRİ HDD Xalq Komissarının 16 mart 1944-cü il tarixli, 0199 saylı əmri
  5. SSRİ HDD Xalq Komissarının 4 aprel 1945-ci il tarixli, 0650 saylı əmri
  6. 1-ci Kerç-Vyana Qırmızıbayraqlı çay gəmiləri briqadası üzrə 25 oktyabr tarixli, 017 saylı əmri
  7. SSRİ Hərbi-Dəniz Qüvvələri Baş Komandanının 18 aprel 1947-ci il tarixli, 0129 saylı əmri
  8. SSRİ HDD Baş Komandanın 1947-ci il 10 oktyabr tarixli, 01192 saylı əmri
  9. SSRİ HDD Baş komandanının 14 fevral 1949-cu il tarixli, 0204 saylı əmri
  10. SSRİ Nazirlər Kabinetinin 16 yanvar 1958-ci il tarixli qətnaməsi
  11. SSRİ Dosflot üzrə 1949-cu il 24 fevral tarixli, 3/c saylı əmr
  12. OADYKC-nın 31 oktyabr 1951-ci il, 055/ok saylı əmri
  13. SSRİ Hərbi-Dəniz Nazirinin 6 noyabr 1951-ci il tarixli, 04234 saylı əmri
  14. SSRİ OADYKC-ın 19 fevral 1953-cü il tarixli, 069/ok saylı əmri
  15. SSRİ OADYKC-ın 31 may 1953-cü il tarixli, 0163/ok saylı əmri
  16. Konfrans qərarı № 0102/ok
  17. SSRİ HDD Baş komandanın 1956-cı il 24 mart tarixli, 0897 saylı əmri
  18. SSRİ Müdafiə Nazirinin 29 sentyabr 1961-ci il tarixli, 01596 saylı əmri
  19. SSRİ Nazirlər Şurasının 110 saylı sərəncamı
  20. SSRİ Müdafiə Naziri Sovet İttifaqı Marşalı A.Qreçkonun 1970-ci il 11 aprel tarixli, 49 saylı əmri
  21. SSRİ Müdafiə Nazirinin 31 dekabr 1971 tarixli əmri
  22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 1992-ci il tarixli, 74 saylı qərarı
  23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 1993-cü il tarixli, 73 saylı qərarı

Ədəbiyyat redaktə

Azərbaycan dilində redaktə

  • Əhmədov, Səbuhi. Admiral Cəlil Cavadov: həyatı və döyüş yolu. Bakı. 2018. 212 səh. ISBN 978-9952-37-076-8.
  • Cavadov Cəlil Məmmədəli oğlu // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 195–196. ISBN 978-9952-441-10-9.
  • Ҹавадов Ҹәлил Мәммәдәли оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 391.
  • Cəlil Məmmədəli oğlu Cavadov // "Bakının səsi" qəzeti. 20–26 aprel 1997.
  • Əliyev Z. Onun mənəvi haqqı, bizim vətəndaşlıq borcumuz // "Səhər" qəzeti. 13 iyul 1991.
  • Nəzirli Ş. Qəhrəmanların sorağında // "Bakı" qəzeti. 7 aprel 1987.
  • Təranə. Susqun ömrün qaynar xatirələri // "Kaspi" qəzeti. 13–14 fevral 2001.
  • Yasinzadə Ə. Kontr-admiral Cavadov // "Yurddaş" qəzeti. 13 iyun 1991.
  • Həsənov A. Admiral doğma kəndində // "Abşeron" qəzeti. 26 aprel 1975.
  • Qritçenko A. Mərd və mətanətli adam // "Azərbaycan ordusu" qəzeti. 9 avqust 1996.

Rus dilində redaktə

  • Ахмедов, Сабухи. "Первый адмирал Азербайджана" (PDF). İRS — Международный Азербайджанский журнал (rus). No. 5 (95). Баку. 2018. səh. 48–55. ISSN 1992-4828. 2022-01-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-18.
  • Б.С.Бирюзов. Советский солдат на балканах (rus). Москва. 1963.
  • Военный путь Советского Военно-Морского флота (rus). Москва. 1974.
  • "Быть полезными Родине". Радио (№4). 1964.
  • В борьбе против нацизма мы были вместе. Каталог выставки (rus). Москва: Центральный Музей Великой Отечественной войны 1941-1945 гг. 2015.
  • "Великая Отечественная. День за Днём". Морской сборник (№8). 1994.
  • Володин, А.Н.; Мерлай, Н.М. Медали СССР (rus). Санкт-Петербург. 1997.
  • Вьюненко, Н.П.; Мординов, Р.Н. Военные флотилии в Великой Отечественной войне (rus). Москва. 1957.
  • Генералы Азербайджана (rus). Баку: Музей истории Азербайджана. 2005.
  • Головко, А.Г. Вместе с флотом (rus). Москва. 1984.
  • Гритченко А. Через всю войну // "Xəzərin keşiyində" qəzeti. 29 yanvar; 5, 12, 19, 26 fevral; 5, 12 mart 1994.
  • Ермаш, Л.Л.; Бирюк, В.С. Малые охотники типа МО-IV (rus). Москва. 1999.
  • Иванов В.Б. "ЧВВМУ им. П.С.Нахимова. История. Люди. События. Энциклопедическое издание". ivb.com.ua (rus). 7 noyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 noyabr 2019.
  • "Имени героя. Бакинский радиоклуб имени Ази Асланова". Радио (№1). 1985.
  • Кирин, И.Д. Черноморский флот в битве за Кавказ (rus). Москва. 1958.
  • Козлов, И.А.; Шломин, В.С. Краснознаменный Северный флот (rus). Москва. 1983.
  • Колесников, Г.А.; Рожков, А.М. Ордена и медали СССР (rus). Минск. 1986.
  • Комал, Ф.Б. "Военные кадры накануне войны". Военно-исторический журнал (№2). 1990.
  • Бережный, С.С. Корабли и суда ВМФ СССР 1925-1945. Справочник (rus). Москва. 1988.
  • Краснознаменная Каспийская флотилия: Знаменательные даты, события, документы, цифры, факты: Пособие для пропагандистов и агитаторов (rus). Баку. Под руков. А.А. Гритченко. 1990.
  • Краткий очерк истории боев и деятельности 6-го Краснознамённого Керченского дивизиона морских охотников Черноморского флота в период Великой Отечественной войны 1941-1945 гг (rus). Одесса. 1989.
  • Кузнецов, Н.Г. Курсом к победе (rus). Москва. 1975.
  • Кузнецов, Н.Г. На флотах боевая тревога (rus). Москва. 1971.
  • Локтионов, И.И. Дунайская флотилия в Великой Отечественной войне (1941-1945 гг.) (rus). Москва. 1962.
  • ужество старших – пример молодым (rus). Баку. 1974.
  • Неменко, А.В. Черноморский флот в годы войны. 1941-1945 (rus). Москва. 2015.
  • "Неуловимый монитор". Моделист-конструктор (№3). 1985.
  • Огарков, Н.В. Керченско-Венская бригада речных кораблей // Советская Военная Энциклопедия (rus). Т.IV. Москва. 1977. səh. 144–145.
  • Плехов, И.М.; Хратов, С.П. "Речные танки идут в бой". Катера и яхты (rus) (№4 (98)). 1982.
  • Самедов А. Первый адмирал Азербайджана // газета "Гюнай". 13 июля 2002.
  • Свет для потомков // газета "Вышка". 27 февраля 1985.
  • Северный флот // Великая Отечественная война 1941-1945. Энциклопедия (rus). Москва. Под ред. М.Козлова. 1985.
  • Синенко, В.И. Операция "Килия-Веке" (rus). Москва. 1975.
  • Фокеев, К.Ф. Десант в Линахамари (rus). Москва. 1968.
  • Скляров Ю. Его моральное право, наш гражданский долг // газета "Каспиец". 15 августа 1991.
  • Широковад, А. Поход на Вену (rus). Москва. 2005.
  • Школа юнг // Великая Отечественная война 1941-1945. Энциклопедия (rus). Москва. Под ред. М.Козлова. 1985.

Xarici keçidlər redaktə


Saytda 58 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024