Dəlmə nekropolu Haqqinda Melumat - Vikipedia

Dəlmə nekropolu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Dəlmə nekropolu

Dəlmə nekropoluNaxçıvan Muxtar Respublikasının Ordubad rayonundakı Sabirkənd yaxınlığında, Yaycı arxının sağ sahilində, hündürlüyü 8-10 metr olan təpənin üzərində və qərb yamacında arxeoloji abidə.

Dəlmə nekropolu
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad rayonundakı Sabirkənd
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Dəlmə nekropolu (Azərbaycan)
Dəlmə nekropolu

Nekropolun yerləşdiyi təpə inzibati bölgüyə görə Culfa rayonunun Yaycı kəndinin ərazisindədir. Suyunu Gilançaydan alan Yaycı arxı burada dağın altından açılmış tuneldən keçir.[1]

Əraziyə verilən Dəlmə adı da buradan götürülmüşdür. Nekropoldan 700-750 metr qərbə tərəf, şərq, cənub və qərb tərəfləri sıldırım qayalıq olan dağın üzərində Dəlmə nekropolunun yaşayış yeri yerləşir.[1]

Nekropol 1983-cü ildə rəis Q.M.Aslanov olan Xarabagilan arxeoloji ekspedisiyası tərəfindən öyrənilmişdir. Ümumi sahəsi 616 m² olan qəbiristanlıqda cəmi 27 qəbir var idi ki, onlardan da 8-i uşaq qəbri idi. Qəbirlərin kameraları müxtəlif ölçülü daşlardan səliqə ilə işlənmişdir. Heç bir qəbirdə örtük daşları qalmamışdır. Dördbucaqlı planda olan qəbir kameralarının bir tərəfi nisbətən ensizdir. Qurbangahlar da qəbrə bu tərəfdən işlənmişdir. Qəbirlərin kameralarının ölçüləri müxtəlifdir (0,7-0,9 x 1,3 x 1,5 m). Qəbirlər çox da dərin deyildir (0,5 metrdən 1 metrə qədər). Dağın yamacında yerləşdiyindən yağış və qar suları qəbirlərin qərb tərəflərini dağıtmışdır.[1]

Dəlmə nekropolunda toxunulmamış qəbrə rast gəlinməmişdir. Dağılmış qəbirlərdən çox az material əldə olunmuşdur. Təpənin üstündə olan qəbirlər nisbətən salamat qalmışdır. Nekropoldan əldə edilən materiallar müxtəlif çeşidli keramika məmulatından, tunc, mis və dəmir əşyalardan və müxtəlif muncuqlardan ibarətdir. Keramika məmulatı içərisində ördək və kəklik fiqurunu imitasiya edən çaynik tipli qablar formaca bir-birinə oxşasalar da, hər birinin ayrıca orijinal xüsusiyyət ləri vardır. Metal məmulatına tuncdan xəncər, ox ucları, bilərzik, asma bəzək və qolbaqlar aiddir. Tunc xəncər tökmə üsulu ilə hazırlanmışdır. Dəstəyi boru formasında olub baş tərəfi üçbucaq kəsmələrlə şəbəkələnmişdir. Tiyəsinin hər iki üzündə üç cızma xətt vardır. Buna oxşar xəncərlər II Plovdağ və Kolanı nekropollarından tapılmışdır. Ox ucluqları iki qanadlı, sulqunlu olub, qanadların arası sulqunun davamı olaraq relyefik formadadır. Asma bəzəklər iki gözlü olub üçbucaq kəsmələrlə şəbəkələnmişdir. Dəlmə nekropolundan əldə edilmiş tapıntılar Xalıkeşan, Mərdangölü və Muncuqlutəpə nekropolları ilə çox oxşardır. Fincan, kubok və bu kimi süfrə qablarına, tunc xəncər və meandr naxışlı sırğalara analoji materiallara Kolanı nekropolu tapıntıları içərisində də rast gəlinir. Əldə edilən tapıntıların müqayisəli təhlili Dəlmə nekropolunu e.ə. I minilliyin əvvəllərinə aid etməyə imkan verir.[2]

İstinadlar redaktə

  1. 1 2 3 Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.77  (az.)
  2. Naxçıvan abidələri ensiklopediyası Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine. Naxçıvan: 2008, səh.78  (az.)

Həmçinin bax redaktə

Dəlmə qalası


Saytda 147 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024